30 Noyabr 2011 01:11
404
SİYASƏT
A- A+

Gənclər müasir dünyanın üzləşdiyi ekoloji problemlərə diqqəti cəlb edirlər

 

Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə bu məsələlərə toxunulmuşdur

 

Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi istiqamətində fəaliyyəti son illər daha da genişlənmişdir. Fondun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən də Azərbaycanı daha geniş təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illərdə Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarını açan Fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycan gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva Fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir.

Son illərdə Leyla Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin və incəsənətinin təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirir. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində atılan addımlar da bu baxımdan təqdirəlayiqdir. Qısa müddətdə Leyla Əliyeva Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirmiş, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində addımlar atmışdır.

2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan "Bakı" jurnalı da Azərbaycanın və onun paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Rusiya oxucuları bu nəşr vasitəsilə respublikamız barədə daha dolğun məlumatları əldə edə bilirlər. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyeva azərbaycanlı gəncləri Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa çağırmışdır. Bu ilin noyabr ayının 17-də isə "Bakı" jurnalının ingilis dilində ilk nəşrinin təqdimatı mərasimi keçirilmişdir. Jurnalın ingilis dilində nəşr edilməsinin məqsədi Azərbaycanı dünyaya daha geniş coğrafiyada tanıtmaqdır.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına start verilməsi də Fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata kecirilir. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və kampaniya çərçivəsində dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində soyqırımının 20-ci ildönümü ilə əlaqədar gələn il də silsilə tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir. Kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə faiciə ilə bağlı sənədli filmin təqdim olunması və 50-dək xarici ölkədə kütləvi aksiyaların keçirilməsi planlaşdırılır.

Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən "Azərbaycan əcnəbilərin gözü ilə" fotosərgisinin keçirilməsi də əlamətdar hadisələrdən biri kimi diqqəti cəlb edir. Qeyd edək ki, BMT-nin İnkişaf Proqramının izlədiyi insan inkişafı göstəricilərinə görə, son beş ildə Azərbaycan 169 ölkə arasında ən böyük irəliləyişə nail olmuşdur. Keçmiş sovet ölkələri arasında isə Azərbaycan son 10 ildə ən yüksək insan inkişaf tempini nümayiş etdirmişdir.  Leyla xanım Əliyeva yeni bir təşəbbüsün - gənclərin qlobal ətraf mühit kampaniyasının başlandığını elan etmişdir. Bu, İDEA - "Ətraf Mühit Sahəsində Tədbirlər Haqqında Beynəlxalq Dialoq" adlanır. Bu kampaniya ətraf mühitin qorunmasını vacib hesab edən dünyanın bir çox ölkələrində minlərlə gənci səfərbər edəcəkdir. Kampaniyanın əsas məqsədi gəncləri bir araya gətirərək onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir. Eyni zamanda 2011-2012-ci illərdə Heydər Əliyev Fondu BMT-nin Azərbaycan nümayəndəliyi ilə ətraf mühitə dair müxtəlif layihələr üzərində sıx işləyəcəkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bu günlərdə BMT-nin sertifikatı və xüsusi vəsiqə təqdim olunmuşdur. Dünyanın ən mötəbər beynəlxalq təşkilatının sertifikatı Leyla xanım Əliyevaya dünyada ekoloji problemlərin, iqlim dəyişikliyinin, kataklizmlərin, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı onun irəli sürdüyü ideyalara və təşəbbüslərə görə verilmişdir.

Bu il noyabrın 22-23-də Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə "İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş adamları Şəbəkəsi"nin (İƏT GİAŞ) təsis qurultayı keçirilmişdir. Tədbirdə İƏT-in üzvü olan ölkələri təmsil edən gənc iş adamları, eləcə də bu təşkilatın üzvü olmayan dövlətlərdə yaşayan gənc innovatorlar da daxil olmaqla, 150-dək nümayəndə iştirak etmişdir.

Qurultayda İslam Əməkdaşlıq Təşkilatı ölkələri Gənc İş Adamları Şəbəkəsinin təsis edilməsi ilə əlaqədar imzalanma mərasimi keçirilmişdir. Gənc İş Adamları Şəbəkəsinin yaradılması mühüm əhəmiyyətli hadisədir. Şəbəkə İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla onların arasında biznes sahəsində məlumat və təcrübə mübadiləsinin, qlobal səviyyədə innovativ ideyaların dəstəklənməsinin həyata keçirilməsinə imkan yaradacaqdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva bildirmişdir: "Gənc İş Adamları Şəbəkəsi İƏT-in üzvü olan ölkələrdə gənc sahibkarlıq fəaliyyətində yeni imkanlar açacaqdır. Bundan başqa, bizim şəbəkə davamlı, dayanıqlı inkişaf üçün bir platforma olmalıdır. Bütün cəmiyyətlərdə təbii resursların istifadə olunması, enerji mənbələrinin işlənilməsi məsələləri də nəzərə alınmalıdır. Bununla yanaşı, ətraf mühitin qorunması məsələləri də nəzərdən keçirilməlidir. Dünyanın bütün bu çağırışlarında, məsələlərin həll olunmasında bizim ölkələrin - İƏT-nin üzvü olan ölkələrin gənc sahibkarlarının da öz rolu olmalıdır".

Qəbələdə bu günlərdə Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təşkilatçılığı ilə "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə gənc ekoloqların beynəlxalq düşərgəsi keçirilmişdir. Düşərgənin keçirilməsində məqsəd regionda və dünyada inkişaf etməkdə olan müxtəlif ekoloji qruplar və hərəkatlar arasında əməkdaşlıq və təşkilatlanma vasitəsilə işgüzar əlaqələrin qurulmasına töhfə vermək, gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, onların öz icmalarında rolunu gücləndirmək və ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün gəncləri səfir olmağa təşviq etməkdir.

Dünyanın 35 ölkəsindən 100-dən çox gənc ekoloqun iştirak etdiyi düşərgənin iclaslarında "Yeni və yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolu", "Ətraf mühit üzrə əməkdaşlıq ücün perspektivlər -  şəbəkə və ictimaiyyətə dəstək layihələri", "Yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi" mövzularında müzakirələr aparılmışdır.

Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə gənc ekoloqların  Qəbələ Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə gənclər dünyanın bütün ölkələrində yaşayan insanları və liderləri təhlükəsiz gələcək naminə aşağıdakı prinsipləri qəbul etməyə çağırırlar: yaranan problemə görə hər kəsin fərdi məsuliyyəti öz üzərinə götürməsi; gələcəkdə təhlükəsiz, daha az karbon olan dünyada yaşamaq hüququna  hörmət edilməsi; daha çox qarşılıqlı anlaşmanın tələb edilməsi; gənclərin səsinin eşidilməsi; şəxsi öhdəlik. Müasir dünyanın üzləşdiyi ekoloji problemlərə diqqət yetirilməsi olduqca vacib məsələ hesab edilməlidir.

Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün əsas prioritetlərindən biri də Bakı ətrafındakı ərazilərə ağac əkməkdir. Kampaniya "Cavan ruh üçün cavan ağac" devizi altında aparılır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cı il ölkəmizdə "Ekologiya ili" elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən dövlət başçısının bu təklifi Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə çərçivəsində çox əhəmiyyətli aksiya olmuşdur. 2010-cu ildə ölkəmizdə 14 milyon ədəd ağac əkilmiş, çoxlu parklar salınmışdır.

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu kampaniya ətraf mühitin qorunmasını vacib hesab edən dünyanın bir çox ölkələrində minlərlə gənci səfərbər edəcəkdir.

 

E.HACIALIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video