05 Oktyabr 2021 00:31
299
Mədəniyyət
A- A+

Gəncədə Ümumrespublika “Xəmsə” Festivalının bağlanış mərasimi keçirilib

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” çərçivəsində keçirilən Ümumrespublika “Xəmsə” Festivalının Gəncə şəhərində final mərhələsi və bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, günün birinci yarısında festival iştirakçıları Gəncədə Nizami Gəncəvinin məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət ediblər. Sonra Gəncə Şəhidlər xiyabanında şəhidlərimizin xatirəsi anılıb.

Ümumrespublika “Xəmsə” Festivalının 9 regional turunda finala vəsiqə qazanan 16 komanda Gəncə Şəhər Heydər Əliyev Mərkəzində final mərhələsi üzrə qrup və yarımfinal oyunlarında birincilik uğrunda mübarizə aparıb. Final oyununun nəticələrinə əsasən Səbail komandası birinci, Gəncə komandası ikinci və Ucar komandası üçüncü yerin sahibi olub.

Heydər Əliyev Park Kompleksində Ulu Öndərin abidəsi önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri var. Bu şəhər, eyni zamanda, Azərbaycan ədəbi xəzinəsinə misilsiz töhfələr vermiş Nizami Gəncəvinin vətənidir. Həmçinin Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı olub.

44 günlük Vətən müharibəsindən də danışan T.Budaqov bildirib ki, Ermənistanın Gəncədə mülki sakinləri hədəf alan raket hücumları şəhər sakinlərini qorxutmadı, onlar böyük dəyanət və Vətənə sevgi nümunəsi göstərdilər.

2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan olunduğunu xatırladan T.Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyası tərəfindən bütün bölgələrdə Nizami irsinin öyrənilməsi, onun dünya mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələrlə bağlı “Xəmsə” festivalı keçirilib. Bu gün isə Gəncədə festivalın yekunu təşkil olunub.

Ağacəkmə kampaniyasından sonra festivalın bağlanış mərhələsi keçirilib.

Festivalın bağlanış mərasimi Vətən müharibəsi şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatları Naqif Həmzəyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, YAP Gənclər Birliyinin üzvləri və şəhər icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov festivalda qalib gələn gəncləri təbrik edərək Gəncə şəhərinin tariximizdə müstəsna yerə malik olduğunu bildirib.

“Nizami yaradıcılığı Azərbaycan klassik ədəbi-mədəni irsində xüsusi yerə malikdir. Ümummilli Lider Heydər Əliyev Nizami irsinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Hələ 1979-cu ildə Ulu Öndərin təşəbbüsü ilə Nizami Gəncəvi irsinin öyrənilməsi, onun əsərlərinin çap etdirilməsi və tədqiqi haqqında qərar imzalanmışdır. 1981-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Nizami Gəncəvinin 840 illik yubileyi İttifaq səviyyəsində təntənəli şəkildə qeyd olunmuş, Nizami irsinin tədqiqi və əsərlərinin bütün dünyada təbliği, yenidən qiymətləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin sərəncamına əsasən 10 il bundan öncə Nizami Gəncəvinin 870 illiyi də ölkəmizdə təntənəli şəkildə qeyd olunub. Bu il isə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Bu festivalda iştirak edən hər bir gənc Azərbaycanın gələcəyi, Azərbaycanın bundan sonrakı inkişafı üçün öz bilik və bacarığını əsirgəməyəcək bir vətəndaşdır”, - deyə T.Budaqov qeyd edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək deyib ki, Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu çərçivədə Gəncə şəhəri də müxtəlif layihələrə evsahibliyi edir. Sevindirici haldır ki, gənclər keçirilən tədbirlərə böyük maraq göstərirlər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qalib gəncləri və iştirakçıları təbrik edərək gələcək həyatlarında uğurlar arzulayıb.

Partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, layihənin məqsədi Azərbaycan gəncliyinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək olmaqdır.

Festivalda qalib gəlmiş komandaların üzvləri kubok, diplom və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli sərəncamına əsasən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunub. “Nizami Gəncəvi ili” çərçivəsində ölkəmizdə keçirilən tədbirlərdən biri də YAP Gənclər Birliyi tərəfindən təşkil edilən Ümumrespublika “Xəmsə” Festivalıdır. Layihə Azərbaycanda ilk dəfə açıq havada keçirilən intellektual festivaldır. Festivalda ümumilikdə 84 şəhər və rayondan 420 gənc iştirak edib. Komandaların tərkibi Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video