03 Noyabr 2011 07:11
418
İQTİSADİYYAT
A- A+

Gəncədə konfrans keçirilib

 

İqtisadi İnkişaf Nazirliyi və Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) təşkilatçılığı ilə Gəncədə "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və davamlı inkişafı (Türkiyə-Azərbaycan təcrübə mübadiləsi)" mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, elmi-tədris müəssisələrinin məsul şəxsləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Konfransda çıxış edən İİN-in İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, sahibkarlıq fəaliyyəti genişlənib, regionlarda yeni iş yerləri və müəssisələr yaradılıb. V.Vəliyev kənd təsərrüfatında ekoloji təmiz məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixrac imkanlarının daha da genişləndirilməsi, Azərbaycanın zəngin təbii ehtiyatlarından səmərəli istifadə etməklə ölkədə ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün əlverişli şəraitin olduğunu bildirib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev, İİN-in şöbə müdirləri Zaur Qasımov, Sahib Məmmədov və Bəxtiyar Alışov çıxış edərək hazırda regionların investisiya potensialının artdığını, sahibkarlığın inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin genişləndiyini, dövlət proqramlarının uğurla icra olunduğunu, regionlarda infrastruktur, sosial-mədəni, istehsal və emal obyektlərinin yaradıldığını, ekoloji məhsul istehsalında sahibkarlığın rolunun yüksəldiyini diqqətə çatdırıblar.

TİKA-nın nümayəndəsi Sibel Güneyi isə Azərbaycan-Türkiyə əlaqələrinin ikitərəfli əməkdaşlığa nümunə olduğunu vurğulayıb, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. S.Güneyi iki ölkə sahibkarları arasında mövcud əlaqələr barədə məlumat verib, işgüzar əməkdaşlığın genişlənməsində özəl sektorun rolunu xüsusilə qeyd edərək diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə üçün qeyri-neft məhsullarının ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolunun formalaşdırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov ekoloji təmiz kənd təsərrüfatının qeyri-neft ixracının artırılmasında, həmçinin regional sahibkarlığın inkişafında mühüm rolundan danışıb, bu sahədə ixtisaslı kadrların hazırlığı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanması texnologiyalarının işlənməsi və istehsalata tətbiqi, istehsalçılara elmi-praktiki köməkliyin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusi önəm kəsb edir.

Tədbirdə çıxış edən türkiyəli mütəxəssislər "Ekoloji təmiz kənd təsərrüfatında beynəlxalq sertifikasiya kriteriyaları", "Dünyada və Türkiyədə ekoloji təmiz kənd təsərrüfatına verilən dövlət dəstəyi", "Ekoloji təmiz kənd təsərrüfatında elmi tədqiqatlar və kadr hazırlığı", "Ekoloji təmiz kənd təsərrüfatının regionların və sahibkarlığın inkişafında rolu", "Kənd təsərrüfatında proqram fəaliyyəti və büdcələndirmə", "Ekoloji təmiz kənd təsərrüfatında marketinq və ixrac" mövzularında məruzələrlə çıxış edərək bu sahədəki təcrübələrindən danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video