18 Noyabr 2011 03:11
993
Milli Məclis
A- A+

Gələn il dövlət büdcəsinin gəlirləri 21 milyard dollara yaxın olacaq

 

Noyabrın 17-də Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Regional məsələlər, Mədəniyyət və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının 2012-ci dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə edildi.

İclası aparan Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev dedi ki, büdcə layihəsinin müzakirəsi hər bir ölkədə mühüm ictimai hadisə sayılır. Çünki bu elə bir qanun layihəsidir ki, onun qəbul edilməsindən ölkənin inkişafı və digər mühüm məsələlər əhəmiyyətli dərəcədə asılıdır. 2012-ci il üçün respublikamızın dövlət büdcəsi layihəsinə münasibət bildirən komitə sədrinin sözlərinə görə, sənəd yüksək səviyyədə hazırlanıb və elmi cəhətdən əsaslandırılıb. Gələn ilin dövlət büdcəsinin göstəriciləri və hədəfləri genişmiqyaslıdır və ölkəmizin davamlı inkişafına xidmət edəcək. Ötən illərdə olduğu kimi gələn ildə də büdcənin sosialyönümlülüyü və investisiya tutumluluğu saxlanacaq. Layihənin dünyada baş verən proseslərin düzgün qiymətləndirilməsi əsasında hazırlandığını deyən Şəmsəddin Hacıyev əlavə etdi ki, risklərin səviyyəsi də minimuma endirilib. Bütün xərclərin ünvanlı olması isə layihənin tam şəffaflığından xəbər verir. Bütövlükdə, hökumətin qarşıya qoyduğu vəzifə və hədəflər nəzərə alınmaqla 2012-ci ilin dövlət büdcəsinin layihəsi çox optimaldır.

İclasda iştirak edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirdi ki, respublikamızın 2012-ci il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ölkəmizin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2011-ci ilin ötən 9 ayı ərzində  iqtisadiyyatın inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilib. Eyni zamanda, 2011-ci ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi və onun dəqiqləşdirilməsi, həmçinin 2010-cu ilin dövlət büdcəsinin icrasının Milli Məclisdə müzakirəsi zamanı deputatların, Hesablama Palatasının irəli sürdükləri təklif və tövsiyələr öyrənilmiş və onların əksəriyyəti gələn ilin dövlət büdcəsi layihəsində nəzərə alınıb. Ən əsası, 2012-ci ilin dövlət və icmal büdcə layihələri hazırlanarkən Prezident İlham Əliyevin dövlətimizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq sosial məsələlərin həllinə, əhalinin yaşayış və məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsinə, regionların və sahibkarlığın inkişafına, digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib, tələb olunan məbləğdə vəsait nəzərdə tutulub. Dövlət büdcəsi gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti 80 ABŞ dolları səviyyəsində qəbul edilib. Gələn ilin dövlət büdcəsinin tərtibi zamanı cari ilin 9 ayında dövlət büdcəsinin icra vəziyyəti təhlil olunub.

Maliyyə naziri qeyd etdi ki, 2012-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7 faiz (882,2 milyon manat) çox nəzərdə tutulur. Gələn il Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 310 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə

1 milyard 200 milyon manat gəlir nəzərdə tutulur. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferi 9 milyard 905 milyon manat, sair daxilolmalar isə 21,4 milyon manat təşkil edəcək.

Gələn il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 39,1 faizi həcmində nəzərdə tutulur. Mütləq ifadədə 2012-ci ildə dövlət büdcəsinin xərcləri 16 milyard 984 milyon manat proqnozlaşdırılır. Büdcə xərclərinin 51,8 faizi cari xərclərə, 46,1 faizi əsaslı xərclərə, 2,1 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2012-ci il dövlət büdcəsi xərclərində mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 16,6 faiz, təhsil xərcləri 12,6 faiz, sosial müdafiə və sosial təminat xərcləri 10,5 faiz, mənzil-kommunal təsərrüfatı xərcləri 8,6 faiz, elm xərcləri 7 faiz, səhiyyə xərcləri 5,7 faiz, müdafiə xərcləri 1,2 faiz artımla proqnozlaşdırılır. Layihəyə əsasən, sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 27,8 faiz olmaqla 2011-ci illə müqayisədə 0,9 faiz artmışdır. Mütləq ifadədə bu xərclər

4 milyard 713 milyon manata çatacaq. Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi kursa müvafiq olaraq, 2011-ci ildə əməkhaqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdün artımının təmin edilməsi və cari ilin sonuna gözlənilən artımın tətbiqi hesabına 2012-ci ilin dövlət büdcəsində 800 milyon manat vəsait nəzərdə tutulur. Təhsil dairəsinə uyğun olaraq bu addımlar ilk növbədə, pensiya təminatı sistemində aparılan islahatlara və 2010-cu ilin yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tətbiq edilməsinə, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlardan, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əməkhaqlarının artımının davamlı maliyyələşməsinə imkan verəcək. 2012-ci ildə ünvanlı dövlət sosial yardımının təmin olunması üçün istifadə edilən ehtiyac meyarının həddinin artımı nəzərdə tutulur.

2012-ci ildə dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 4 milyard 325 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, 2011-ci ildən 421 milyon manat çoxdur.

2012-ci il dövlət büdcəsində dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərcləri üçün 362 milyon manat, diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması xərcləri üçün 54 milyon manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı üçün 47 milyon manat vəsait nəzərdə tutulur. Ölkəmizdə və xaricdə gözlənilən çoxsaylı beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə 77 milyon manat vəsait yönəldiləcək.

2012-ci il dövlət büdcəsinin kəsiri 548 milyon manat və ya ümumi daxili məhsulun 1,3 faizi həcmində nəzərdə tutulur.

Maliyyə naziri Samir Şərifov onu da bildirdi ki, Azərbaycan Respublikasının 2012-ci il icmal büdcəsinin gəlirləri 18 milyard 220 milyon manat, xərcləri isə 20 milyard 26 milyon manat nəzərdə tutulur. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olaraq 305 milyon manat proqnozlaşdırılır. İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2011-ci ilə nisbətən 289 milyon manat artımla proqnozlaşdırılaraq 2 milyard 454 milyon manat təşkil edəcək.

2012-ci ildə Dövlət Neft Fondunun büdcəsinin xərcləri 10 milyard 483 milyon manat olacaq. Bu, 2011-ci ildən 630,1 milyon manat çoxdur. Dövlət Neft Fondunun xərclərinin 9 milyard 905 milyon manatını dövlət büdcəsinə transfer təşkil edəcək. Gələn il fondun xərclərindən digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşməsinə 578 milyon manat vəsait yönəldiləcək.

Müzakirələr zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, ölkəmizdə həyata keçirilən düzgün maliyyə siyasəti nəticəsində növbəti ilin dövlət büdcəsinin layihəsi peşəkarlıqla hazırlanıb və müzakirəyə çıxarılıb. Layihə ilə tanışlıq onu göstərir ki, hökumət növbəti ildə qarşıya qoyulan vəzifələri uğurla icra edəcək. Büdcədəki rəqəmlərin yüksəlməsi insanların rifahına xidmət edir. Əli Hüseynli birinci instansiya məhkəməsinin aparatının işçilərinin əməkhaqlarının qaldırılması təklifi ilə çıxış etdi.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, 2012-ci ilin büdcəsi əhalinin rifah halının yaxşılaşmasına və ölkəmizin inkişafının davamlı olmasına xidmət edəcək. Təkliflərlə çıxış edən Arif Rəhimzadə kənd təsərrüfatına dövlət dəstəyinin davam etdirilməsini, o cümlədən bələdiyyələrə ayrılması nəzərdə tutulan 3,5 milyon manatın artırılmasını məqsədəuyğun saydı. Komitə sədri rayonlarda yerləşən meliorasiya obyektlərinə də diqqətlə yanaşılmasının vacibliyini vurğuladı.

"Dövlət büdcəsində beynəlxalq əlaqələrin, tədbirlərin maliyyələşdirilməsi ilə bağlı ildən-ilə artımlar var" - deyən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov respublikamızın diplomatik nümayəndəliklərə, ölkəmizlə bağlı xarici ölkələrdə keçirilən tədbirlərə ayrılan xərcin artırılmasını təqdir etdi. Qeyd etdi ki, bütün bunlar xarici fəaliyyətlə bağlı yüksək nəticələrə gətirib çıxarır. Komitə sədri onu da bildirdi ki, bu gün Azərbaycanın beynəlxalq təşkilatlara zərrə qədər də borcu yoxdur.

Milli Məclisin İnsan hüquqları kom

itəsinin sədri Rəbiyyət Aslanova dedi ki, bu gün Azərbaycan əldə etdiyi bütün uğurlara görə dünyada aparıcı dövlətlərdən birinə çevrilib. Bu, bütün dünyada ekspertlərin etiraf etdiyi gerçəklikdir. Ölkəmizdə vətəndaşların hüquqlarının təmin olunması üçün çox mühüm addımlar atılır. Rəbiyyət Aslanovanın sözlərinə görə, hər bir ölkənin qüdrəti həm də onun milli intellektual elitası ilə bağlıdır. Dövlətin intellektual elitadan gözləntisi olduğu kimi, intellektual elitanın da dövlətdən gözləntisi var. Bu gözlənti elmə, təhsilə həmin alimlərin yaşayışının təmin olunması üçün vacib olan maddi təminatın ödənilməsindən ibarətdir. Rəbiyyət Aslanova bu baxımdan həm Azərbaycan Milli Elmlər Akademiyası, həm təhsil sistemində çalışan alimlərin əməkhaqlarına diqqətlə yanaşılmasını zəruri saydı.

Rəbiyyət Aslanova təmsil etdiyi Balakən rayonu ilə bağlı bəzi məsələlərə də toxundu. Balakən rayonunda uşaq bağçalarının və kitabxanaların vəziyyətinin həddən artıq acınacaqlı olduğunu deyən komitə sədri bu məsələlərə diqqət yetirilməsinin vacibliyini qeyd etdi.

İclasda iştirak edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bildirdi ki, ölkəmizdə sosial-iqtisadi sahədə dinamik inkişaf göz qabağındadır. İnsan hüquqlarının təmin olunması istiqamətində böyük uğurlar var. Bu uğurları daha da inkişaf etdirmək üçün isə maliyyə təminatı  xüsusi rol oynayır. Elmira Süleymanova Ombudsman təsisatının maliyyə təminatı ilə bağlı məsələləri diqqətə çatdırdı.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qanun layihəsinə münasibət bildirdi. Onun sözlərinə görə, mədəniyyət və incəsənətin inkişafı ilə bağlı büdcədən maliyyə vəsaitlərinin davamlı olaraq ayrılması və ildən-ilə artırılması bu sahələrin maliyyə təminatını təmin edir. Nizami Cəfərov onu da qeyd etdi ki, incəsənət sahəsində prodüserlik institutunun inkişaf etməməsi bu istiqamətdə maliyyənin optimal xərclənməsinə mane olur.

Büdcə layihəsini yüksək qiymətləndirən deputat Abel Məhərrəmov xərclərin bölünməsinin ədalətli olduğunu dedi. Eyni zamanda bildirdi ki, alimlərin, müəllimlərin sosial vəziyyəti hər zaman aktual olmalıdır. Hər addımda axtarmaq lazımdır ki, alimlərin, intellektual səviyyəni formalaşdıran insanların sosial, maddi təminatı və elmi, maddi-texniki baza möhkəmləndirilsin.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirdi ki, 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan məsələlər hərtərəfli və ölçülüb-biçilmiş şəkildə hazırlanıb. Ölkəmizin əldə etdiyi uğurlar və növbəti il üçün iqtisadi inkişafının əsasları da burada öz əksini tapıb. Bütün bunlar dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatların nəticəsidir. Bəxtiyar Əliyev texniki peşə təhsilinə ayrılan vəsaitin artırılmasını təklif etdi. Eyni zamanda maliyyə sanksiyalarının sərtləşdirilməsini məqsədəuyğun saydı.

Deputatlardan Gövhər Baxşəliyeva, Qüdrət Həsənquliyev, Yevda Abramov, Asim Mollazadə, Fəzail İbrahimli, Çingiz Qənizadə, Fəzail Ağamalı, Gülçöhrə Məmmədova, Ceyhun Osmanlı, Rasim Musabəyov, Qənirə Paşayeva, Astan Şahverdiyev və Sevinc Fətəliyeva 2012-ci ilin dövlət büdcəsi ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər.

İclasda iştirak edən Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi ki, 2012-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 16 milyard manatdan çox proqnozlaşdırılması respublikamızın inkişafının əsas göstəricisidir. Səslənən təkliflərin bir çoxunu, müsbət mövqeləri dəstəklədiyini deyən Bahar Muradovanın sözlərinə görə, bütün bunlar Azərbaycanda iqtisadi və maliyyə sahəsində həyata keçirilən siyasətin uğurlu nəticələrinə hesablanmış fikirlərdir. Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsəd hər bir fərdin yüksək maddi rifahının, azad ölkənin vətəndaşı kimi yaşayışının təmin olunmasıdır. Bu gün biz buna iri addımlarla gedirik və bundan qürur duyuruq.

Maliyyə naziri Samir Şərifov müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirdi. Yekunda Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Rəşad CƏFƏRLİ,

Ağaəli Məmmədov (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video