14 Oktyabr 2021 22:35
857
PARLAMENT
A- A+

Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyası Azərbaycanla əməkdaşlıqda maraqlıdır

 

Oktyabrın 14-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və qrupun üzvləri Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının nümayəndələri ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Soltan Məmmədov Azərbaycanın 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində azad etməsindən bir il keçdiyini diqqətə çatdırıb. O, bu ərəfədə Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyası üzvlərinin Azərbaycana səfərinin vacibliyini qeyd edib.

Azərbaycan-Fransa əlaqələrinin mövcud vəziyyətindən söz açan S.Məmmədov, bu münasibətlərin gələcək inkişafı üçün konstruktiv ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyətindən danışıb.

Bölgədə yaranan yeni imkanlara toxunan S.Məmmədov azad edilmiş ərazilərdə Azərbaycanın apardığı quruculuq və bərpa işlərinə mane olan mina sahələri və onların təmizlənməsi problemindən bəhs edib. Bildirilib ki, son məlumata görə, Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində müharibə bitəndən indiyədək Azərbaycanın 150 hərbi və mülki şəxsi yaralanıb və ya həlak olub.

Vurğulanıb ki, əgər Ermənistan bütün mina xəritələrini Azərbaycana təqdim etsə, on minlərlə vətəndaşımızın həyatı və sağlamlığı təhlükədən xilas olar, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesi sürətlənər.

Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının prezidenti Jerar Şenel təmsil etdiyi komissiya haqqında, minalar və partlamamış döyüş sursatları problemi ilə bağlı Fransanın təcrübəsi barədə məlumat verib, bu sahədə Azərbaycanla əməkdaşlıq niyyətlərini açıqlayıb.

Görüşdə Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamal Cəfərov, Fransa Milli Assambleyasının üzvü Fabien Qutfarb, Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının baş katibi İv Marek və Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxış ediblər.

Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr, eləcə də minadan zərərçəkənlərə yardımın istiqamətləri barədə danışılıb.

Tədbirdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nigar Arpadarai, Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı Elen Sebatun və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video