17 Sentyabr 2011 07:09
498
SİYASƏT
A- A+

Fransanın paytaxtında Azərbaycana həsr olunmuş sərgi və incəsənət ustalarının konserti böyük maraq doğurmuşdur

 

Birinci xanım Mehriban Əliyeva tədbirlərdə iştirak etmişdir

 

Sentyabrın 15-də Parisin 7-ci rayonunun meriyasının binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycana həsr olunmuş sərgi açılmış, ölkəmizin incəsənət ustaları maraqlı və geniş konsert proqramı ilə çıxış etmişlər.

Fransada səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirlərdə iştirak etmişdir.

Mehriban xanım Əliyevanı Parisin 7-ci rayonunun meri Rəşidə Dati qarşıladı.

Budəfəki sərgi Azərbaycanın rəmzlərindən biri olan Qız qalasına həsr edilmişdir. Ekspozisiyada 2010-cu və 2011-ci illərdə Bakıda keçirilən "Qız qalası" Beynəlxalq incəsənət festivallarında nümayiş etdirilən əsərlər yer almışdır. Sərgidə 18 rəssamın əsəri təqdim olunmuşdur. Bu əsərlərin hamısını bir ideya birləşdirir: dünyanın mədəni irsini qorumaq.

Parisdə ölkəmizin bugünkü inkişafını, tarixini və mədəniyyətini əks etdirən fotosərgi də təşkil olunmuşdur. Bu fotoşəkillərlə tanış olan hər bir kəs aydın görür ki, qədim Azərbaycan, onun paytaxtı Bakı və ölkəmizin bütün regionları sürətlə inkişaf edir, gözəlləşir, müasirləşir.

Sərgidə Azərbaycanın milli musiqi alətləri də maraqla qarşılanmışdır. Hər bir musiqi alətinin tarixi haqqında fransız dilində ətraflı məlumat verilmişdir. Bu alətlərin sərgidəki nümayişi onların məhz Azərbaycan xalqına mənsubluğunu bir daha sübut edir. Bu nümayiş həm də Azərbaycan musiqi alətlərinin dünyada təbliği  baxımından da çox önəmlidir.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan "Azərbaycan" nəşrinin fransız dilində versiyasının təqdimatı da keçirilmişdir. Nəşrə daxil edilən 1000-dən çox fotoşəkil ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələrimiz haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır, Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm edir.

Heç şübhəsiz ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgilər Azərbaycanı, onun tarixi, mədəniyyəti və incəsənətini  nəinki fransızlara, eləcə də bütün avropalılara daha yaxından tanıtmaq baxımından olduqca əhəmiyyətlidir.

Sərgi sentyabrın 23-dək davam edəcəkdir.

Sonra Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər. Azərbaycan musiqisi dinləyiciləri heyran qoymuşdur.

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından tədbir iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

Mərasimdə çıxış edən Parisin 7-ci rayonunun meri Rəşidə Dati Azərbaycanın birinci xanımını Parisdə görməkdən şad olduğunu bildirərək, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səhiyyə, təhsil, elm sahələrində bir çox layihələr həyata keçirdiyini vurğuladı. Rəşidə Dati gələcəkdə Bakıda fransız məktəbinin yaradılmasında Mehriban xanım Əliyevanın rolunun böyük olduğunu qeyd etdi. Bildirdi ki, gələcəkdə bir çox birgə layihələrin reallaşdırılması nəzərdə tutulmuşdur.

Parisin 7-ci rayonunun meri onu da diqqətə çatdırdı ki,  Azərbaycanın birinci xanımı ölkəmizin xaricdə daha da tanıdılmasında böyük işlər görür. Azərbaycan-Fransa dostluq əlaqələrindən danışan Rəşidə Dati ölkələrimiz arasında iqtisadi əlaqələrə də toxundu. O, Azərbaycanın zəngin enerji ehtiyatlarına malik ölkə olduğunu da qeyd etdi. Bu gün Parisdə Azərbaycan incəsənət ustalarının konsertinin böyük maraq doğurduğunu bildirən Rəşidə Dati bu tədbirin Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdiyinin bariz nümunəsi olduğunu vurğuladı.

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxış etdi.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı

 

- Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz dostlar! 

İlk növbədə, mən sizi səmimi qəlbdən salamlayıram və bu gün, bu axşam bizimlə olduğunuza görə dərin minnətdarlığımı bildirirəm. Bugünkü tədbir Heydər Əliyev Fondu ilə Paris şəhərinin 7-ci rayonunun meriyasının birgə səyləri nəticəsində həyata keçirilir. Mən 7-ci rayonun meri xanım Rəşidə Datiyə bu dəstəyə, əməkdaşlığa,  həmçinin mənim fəaliyyətim haqqında dediyi sözlərə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu əməkdaşlığın davamı olaraq sabah Parisdə "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Bu gün Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır və Azərbaycan Avropanın neft və qazla təmin olunmasında öz rolunu oynamağa hazırdır.

Əziz dostlar, Azərbaycan bu gün Cənubi Qafqaz bölgəsində aparıcı dövlətdir. Ölkəmiz yüksək sürətlə inkişaf edir və bu inkişaf bütün sahələrdə hiss olunur. İqtisadi artım sürətinə görə Azərbaycan bir neçə ildir ki, dünyanın ən qabaqcıl ölkələrindən biridir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Regionda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşır.

Təbii ehtiyatlarımız, neft və qaz kəmərlərimiz, qeyri-neft sektorunun yüksəlişi, yeni irimiqyaslı infrastruktur layihələri inkişafımızı təmin edir. Neft sektorunun gəlirləri sosial problemlərin həllinə də yönəldilir. 2003-cü ildən bəri ölkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə düşüb. 

Bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir. 1991-ci ildən ölkəmiz dünya birliyinə, demokratiya və aşkarlıq məkanına inteqrasiya etməyə başlayıb. Bu seçimi edərkən biz tarixi ənənələrimizə əsaslanmışdıq. Hələ 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik parlament respublikası olmuşdur.

Həmin dövrdə - XX əsrin əvvəllərində o zaman üçün çox mütərəqqi, qabaqcıl olan ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan qadınları səsvermə hüququ qazanmışdır, müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdır, ölkədə çoxlu partiyanı və milli azlıqları təmsil edən parlament fəaliyyətə başlamışdır. Şərqin ilk opera və baleti yazılmışdır. Baxmayaraq ki, Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi, bu ənənələr Azərbaycanın müasir tarixində də öz təsirini göstərir.

Müstəqilliyimizin ilk illərindən Azərbaycan və Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri qurulub. Həm dövlət, həm qeyri-dövlət qurumları arasında, biznes sektorunda işgüzar əlaqələr yaradılıb. Fransanın irimiqyaslı şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Bu yaxınlarda "Total" və "Gas de France" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda yeni qaz yatağı aşkar edib. Bu, həm Azərbaycanın enerji potensialını gücləndirəcək, həm də Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir. 

Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Fransa artıq 20 ilə yaxındır ki, Minsk qrupu çərçivəsində öz səylərini göstərir. Əfsuslar olsun ki, münaqişə hələ ki, öz həllini tapmayıb, Azərbaycan torpaqları işğal altındadır, ölkədə qaçqınlar və məcburi köçkünlər mövcuddur. Ümidvarıq ki, bu münaqişə yaxın gələcəkdə beynəlxalq hüquq normalarına əsasən öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bütün insanlar doğma yurdlarına qayıdacaqlar. Bu, həm Azərbaycanda, həm də bütövlükdə regionda sülhü və təhlükəsizliyi gücləndirəcəkdir. 

Ölkələrimiz arasında təhsil və mədəniyyət sahələrində çox uğurlu əməkdaşlıq qurulub. Ölkəmizdə mütəmadi şəkildə Frankofoniya günləri keçirilir. Bu il paytaxtımızda fransız məktəbinin inşasına başlanılacaqdır. Gələn il Azərbaycanın paytaxtında - Bakıda Fransanın incəsənətini əks etdirən "Le plaisir de France" sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur. Fransanın paytaxtında və digər şəhərlərində Azərbaycanın mədəniyyətini təqdim etmək üçün müxtəlif konsertlər, sərgilər və festivallar keçirilir. Bu yaxınlarda Parisin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaqdır.

Biz hamımız yaxşı bilirik ki, mədəniyyət xalqların ünsiyyət, anlaşma quruluşunda müstəsna rol oynayır. Mədəniyyət insanları dini və milli mənsubiyyətindən asılı olmayaraq bir araya gətirir, birləşdirir. Bu isə bizim bugünkü mürəkkəb dünyamızda ən vacib amillərdən biridir. Mən ümidvaram ki, bugünkü axşam da həmin amillərə xidmət edir.

Biz azərbaycanlılar öz mədəniyyətimizlə, qədim tariximizlə fəxr edirik. Eyni zamanda, dünya mədəni irsinə çox böyük hörmətlə yanaşırıq. Fransa dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Fransanın incəsənəti, ədəbiyyatı, musiqisi, rəssamlıq məktəbi, tarixi və memarlıq abidələri əsrlər boyu yüksək mədəniyyətin, humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzi olub. Bu ümumbəşəri dəyərlər əbədidir. Fikrimcə, hər bir cəmiyyət ilk növbədə, bu dəyərlər əsasında qurulub yaşamalıdır.

Əziz dostlar, sonda mən ölkəmizlə daha yaxından tanış olmaq üçün sizin hamınızı Azərbaycana dəvət edirəm.

Mən sizə və sizin yaxınlarınıza uğurlar, xoşbəxtlik və məhəbbət arzulayıram. Diqqətinizə görə çox sağ olun.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video