12 Avqust 2012 01:08
550
Oxucu məktubları
A- A+

Fəxrimiz, vüqarımız qalalar

 

Hörmətli redaksiya!

Eşitmişəm ki, orta əsrlərdə Goranboy rayonu ərazisində Şətəl adlı şəhər-qala mövcud olub. Bu barədə məlumat verməyinizi xahiş edirəm.

 

Sevda Abbasova,

Gəncə şəhəri

 

Qədim Goran torpağı qala və kurqanlarla zəngindir. Qala kimi tanınan Şətəl şəhəri rayonun Rəhimli kəndinin cənub-şərq hissəsində, Gəncə-Bərdə yolunun üstündə yerləşir. Bütövlükdə ərazisi 40 hektardan çoxdur.

Şəhər nə vaxt və necə yaranıb? Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında göstərilir ki, Harun hökmdarının oğlu Şəddad Gəncə yaxınlığında Şətəl adlı qala tikdirib. Orta əsr müəlliflərindən Gəncəli Kirokos "Tarix" adlı əsərində yazır ki, "Katalikos Viros xəzər knyazı Cəbi xanın oğlu Şatının şərəfinə altı şəhər tikdirib. Onlardan biri Şatardır". Ərəb coğrafiyaşünası Yaqut əl-Həməvi ölkələrin coğrafi lüğətində şəhərin yerini-yurdunu dəqiqləşdirir: "Şatar Arran əyalətlərindən birində - Bərdə ilə Gəncə arasında qaladır".

Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə, Şətəl həmin toponimin dialektlərimizdə işlənən indiki variantıdır. Şadlıq, xoş əhval-ruhiyyə, şən ovqat yaradan, şirinlik mənasını daşıyır. Bəzi məxəzlərdə Şütur çayının kənarında yerləşdiyinə görə  Şütur qalası kimi də göstərilir. Arxeoloq Arif Məmmədovun tədqiqatlarından aydın olur ki, Şətəl qalası üçüncü, beşinci yüzilliklərdə kiçik yaşayış məntəqəsi kimi mövcud olmuş, sonralar xeyli böyüyərək XIII yüzillikdə özünün intibah dövrünü yaşamışdır.

Akademik Z.Bünyadovun "Azərbaycan Atabəyləri dövləti" kitabında Atabəylərin xəzinələrinin saxlandığı qalalar sırasında öz alınmazlığı ilə fərqlənən Şütur qalasının da adı çəkilir.

Ətrafda yerləşən yaşayış məntəqələri şəhərin möhkəmliyindən, əhatə dairəsinin genişliyindən xəbər verir. Onların içərisində Borsunlu kəndindəki 1-ci Kərpicli yaşayış yeri xüsusilə fərqlənir. Arxeoloji tədqiqatlar nəticəsində burada böyük dulusçuluq emalatxanalarının, kərpic istehsal edən kürəxanaların mövcudluğu müəyyən edilmişdir.

Şətəl şəhərinin strateji mövqeyindən xəbər verən bir faktı da xatırlatmaq istəyirik. 1231-ci il Gəncə üsyanı zamanı Xarəzmşah Cəlaləddin öz katibi ən-Nəsəvini usta Bəndərlə danışıqlar üçün Şütur (Şətəl) şəhərinə göndərmişdi.

Bir sözlə, Şətəl qalasının açılmamış sirləri çoxdur. Onun tədqiqi Azərbaycanın qədim yurd yerlərinin neçə-neçə səhifəsinə işıq salar.

 

Əhməd İSAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video