14:15 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fəaliyyəti maraqla qarşılanan elm ocağı
ANA SƏHİFƏ / TƏHSIL
01:01 31.01.2012

 

BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti beynəlxalq elmi meyarlara əsaslanır

 

Azərbaycanın öncül ali təhsil ocağı kimi 90 ildən artıq müddətdə milli kadr hazırlığı prosesinə sanballı töhfələr vermiş Bakı Dövlət Universiteti (BDU) dəqiq elmlər sahəsində qazandığı nailiyyətlərlə də nüfuzunu qoruyur. Mövcud olduğu dövr ərzində yüz minlərlə insanın taleyində mühüm rol oynamış, ayrı-ayrı dövlət qurumları üçün layiqli mütəxəssislər hazırlamış BDU-nun tətbiqi riyaziyyat sahəsində formalaşdırdığı elmi məktəb hazırda dünyada maraqla qarşılanır. Bu uğurların qazanılmasında universitetin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun işini xüsusi vurğulamaq lazımdır. 

Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu 1992-ci ilin fevralında yaradılmışdır. Bu elm ocağı Bakı Dövlət Universitetinin struktur təşkilatı olub, müasir informasiya texnologiyalarından istifadə etməklə tətbiqi riyaziyyatın ən vacib problemlərinin həllində sözünü deyir. Diferensial tənliklərlə təsvir olunan mürəkkəb sistemlərdə idarəetmə məsələləri, qeyri-xətti tənliklərlə təsvir olunan texnoloji, iqtisadi proseslərin modelləşdirilməsi, fizika, geofizika, texnika və elmin digər sahələrinə tərs məsələlərin tətbiqi və onların həlli üçün effektiv ədədi həll alqoritmlərinin, proqram təminatlarının yaradılması institutun başlıca elmi istiqamətləri sırasındadır. Hazırda burada "Obrazların tanınması və informasiyaların işlənməsi", "Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər", "İqtisadi sistemlərin riyazi modelləşdirilməsi", "Tərs məsələlər və qeyri-xətti tənliklər", "Məlumat hesablama sistemləri", habelə "Sistemli analizin riyazi məsələləri" şöbələri fəaliyyət göstərir. İnstitutun direktoru, AMEA-nın həqiqi üzvü, professor Fikrət Əliyevin rəhbərliyi ilə müasir tipli elmi-tədqiqat müəssisəsinin formalaşması istiqamətində xeyli işlər görülmüşdür. Fizika-riyaziyyat elmləri doktorları Həsənbəy Arazov, Ağaddin Niftiyev, Yusif Qasımov, fizika-riyaziyyat elmləri namizədləri Mütəllim Mütəllimov, Nəvazi İsmayılov və başqa alimlər burada uğurlu elmi axtarışlar aparırlar.

Ümumiyyətlə, hər bir ölkədə elmi-tədqiqatlar o vaxt rentabelli sayılır ki, onun iqtisadiyyatın müxtəlif sahələrində real tətbiq imkanları olsun. Bu baxımdan hazırda Azərbaycanın müasir inkişaf xüsusiyyətlərinin, o cümlədən milli inkişaf modelinin konkret elmi prinsiplər əsasında tədqiqi xüsusi əhəmiyyət kəsb edir. İqtisadi sahədə keçid dövrünün başa çatması elmlə iqtisadiyyatın qarşılıqlı təsir mexanizmləri əsasında qırılmaz vəhdətinin təmin edilməsini, innovativ biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasını, müxtəlif elm sahələrinin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsini, idarəetmədə elmi proqnozlardan məqsədyönlü istifadəni obyektiv zərurətə çevirir.

Prezident İlham Əliyev 2011-ci il aprelin 21-də AMEA-da alimlərlə görüşü zamanı bu məsələ üzərində xüsusi dayanmış, elmi tədqiqatların gələcək istiqamətləri ilə bağlı tövsiyələrini açıqlamışdır: "Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə bilavasitə bağlı olmalıdır. Bu gün biz böyük neft-kimya kompleksinin tikilməsi üzərində işləyirik. Neft-kimya sahəsində böyük perspektivlər vardır. Nəzərə alsaq ki, ölkəmizdə bu istiqamətdə bütün dövrlərdə çox güclü elmi məktəb olmuşdur, bu, iqtisadi gücümüzü artıracaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Hesab edirəm ki, bu gün alimlərimiz öz işlərini bu sahə üzrə müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə aparmalıdırlar. Azərbaycan hökumətinə müvafiq göstərişlər verilmişdir ki, bu sahəyə biz Azərbaycan elmini də cəlb edək".

Təqdirəlayiq haldır ki, dövlət başçısının elm müəssisələri qarşısında müəyyənləşdirdiyi vəzifələr BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda da ciddiliklə yerinə yetirilir. İnstitutda aparılan elmi  tədqiqat işləri respublika sənayesində və iqtisadiyyatında tətbiq edilməklə, müsbət nəticələrini göstərir. Bir çox fiziki proseslərin, iqtisadi və idarəetmə sistemlərinin tədqiqi zamanı meydana çıxan riyazi modellərin əsasını təşkil edən qeyri-xətti tənliklər, idarəetmə sistemləri bu institutda yeni effektiv üsullarla araşdırılır. Təklif olunan həll üsulları fundamental xarakter daşıyaraq dünya elmi tərəfindən qəbul edilir. Bunu institutda alınan elmi nəticələrin dünyanın müxtəlif ölkələrində çap edilən yüksək reytinqli jurnallarda dərc olunması və bu işlərə olan istinadların sayının müsbət dinamikası sübut edir.

Qaz-lift üsulu ilə neftçıxarmada rəqəmsal proqram idarəedici və proqram trayektoriyasının (optimal rejimlər) qurulması alqoritmi, bu məsələlər üçün optimallaşdırma və sabitləşdirmə məsələlərinin həlli üsulu, neft quyularında ştanqlı nasos qurğularının neyron şəbəkəsi ilə diaqnostikası kimi elmi tədqiqat işləri respublikanın neft sənayesinin daha da inkişafı ücün nəzərdə tutulmuşdur. İnstitutun perspektiv planı fundamental və tətbiqi xarakterli tədqiqatların dünya səviyyəsinə uyğunlaşdırılmasından, innovativ riyazi iqtisadi modellərin hazırlanmasında yaxından iştirak etməkdən ibarətdir. Hər bir elm müəssisəsi üçün hazırda vacib məsələlərdən biri də beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə müasir innovasiyaların mənimsənilməsi və  tətbiqidir. Bu reallığı nəzərə alan institut rəhbərliyi beynəlxalq elmi və elmi-texniki əməkdaşlığa xüsusi diqqət yetirir. Son bir neçə ildə institutda müasir informasiya texnologiyalarının tətbiqi bu elm ocağına həmin istiqamətləri daha da inkişaf etdirməyə imkan yaratmışdır. Dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilən  beynəlxalq səviyyəli jurnalın çapı və nəşri, qrantların alınması, habelə alimlərin əsərlərinin dünyanın nüfuzlu elmi jurnallarında işıq üzü görməsi Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi potensialının gerçək səviyyəsi barədə dolğun təsəvvür yaradır. Ümumilikdə, institut əməkdaşlarının xarici elmi dərgilərdə 292, daxildə 547 məqaləsi, xaricdə 482, daxildə isə 292 tezisi, eləcə də 10-dan artıq monoqrafiyası çap olunmuşdur.

Bu istiqamətdə institutun mühüm uğurlarından biri də "Applied and Computational Mathematics" (ACM) beynəlxalq jurnalının fəaliyyəti ilə bağlıdır. Məlumat üçün bildirək ki, bu jurnalı 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Bakı Dövlət Universiteti təsis etmişdir. Elmi nəşrin fəxri redaktoru  ABŞ-ın İllinois Universitetinin professoru Tamer Başar, baş redaktorları - akademik Əli Abbasov, Ukrayna MEA-nın Mexanika İnstitutunun professoru Vladimir Larin və Tətbiqi Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyevdir.

Jurnalın redaksiya heyətində dünyanın 14 ölkəsindən 24 tanınmış alim təmsil olunur. Bu sırada Azərbaycandan başqa, ABŞ, Ukrayna, Türkiyə, Fransa, İngiltərə, Rusiya, Bolqarıstan, Almaniya, Avstraliya, İsveç, Belarus, İtaliya və Pakistanın alimləri də var. Bütün məqalələr "Math.Reviews", "Zentrablatt", "Scopus" kimi tanınmış elmi informasiya sistemlərində referat olunur, "Elleter", "NA Digest" elmi saytlarında anons edilir. Indiyə qədər jurnalın  10 cilddə 22 nömrəsi çap olunmuşdur.

"Applied and Computational Mathematics" beynəlxalq jurnalı Azərbaycanın elm tarixində ilk jurnal olaraq 2008-ci ildə "Thomson Reuter Agency" təşkilatının genişləndirilmiş siyahısında yer almışdır. Baş ofisi ABŞ-da yerləşən bu təşkilat yarım əsr bundan əvvəl yaradılmışdır və bütün dünya alimlərini, elmi mərkəzləri, universitetləri ən yüksək səviyyəli məlumat bazası ilə təmin etmək məqsədi daşımışdır. Təşkilat bütün dünyada çap olunan elmi jurnalları, bu jurnallarda çıxan məqalələri istinad meyarı ilə qiymətləndirərək onların təsir əmsalı (Impact Factor) cədvəlini tərtib edir. Aparılan məqsədyönlü işlərin nəticəsi olaraq "Thomson Reuter Agency"nin 2010-cu ildə elan olunmuş hesabatında jurnalın 0.633-ə bərabər təsir əmsalı (Impact Factor) olduğu elan edilmişdir. Bu qürurverici hadisə Azərbaycan elmi ictimaiyyətinin, xüsusən də Bakı Dövlət Universitetinin kollektivinin sevincinə səbəb olmuşdur. Təşkilatın 2011-ci il üçün hesabatına əsasən, jurnalın təsir əmsalı artaraq 0.857 olmuşdur. Bu əmsal nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox Avropa ölkələrində uyğun profildə dərc olunan jurnalların təsir əmsalından çoxdur. Ümumilikdə, jurnalın beynəlxalq səviyyəyə çıxması, dünyanın ən müxtəlif ölkələrinin alimlərinin məqalələrinin çapı üçün Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna müraciət etmələri Azərbaycan elminə verilən dəyər kimi qiymətləndirilməlidir.

Türk Dünyası Riyaziyyat Cəmiyyəti üçüncü konqresdə özünün (Almatı, Qazaxıstan) "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat" jurnalının təsisi haqqında qərar qəbul etmişdi. Bu jurnalın nəşrinin konkret olaraq Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna həvalə edilməsi də elm ocağının yüksək potensialından xəbər verir. Jurnalın il ərzində iki nömrəsi çapdan çıxır. İnstitutun təşkilatçılığı ilə keçirilən konfranslar da dünya alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. 2005-2008-ci illərdə "İdarəetmə və optimizasiyasının sənaye tədbirləri" mövzusunda Bakıda təşkil olunan beynəlxalq konfransların işində dünyanın ən nüfuzlu elmi mərkəzlərinin aparıcı elm xadimləri iştirak etmişlər.

2011-ci ildə eyniadlı konfrans Türkiyənin Bilkənd Universitetində keçirilmiş, 2013-cü ildə isə belə bir tədbirin Bolqarıstanda təşkili nəzərdə tutulmuşdur. 2014-cü ildə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV konqresinin keçirilməsi qərara alınmışdır. Həmin dövrə qədər isə TDRC-nin baş ofisinin bu institutda yerləşməsi elm ocağının yüksək reytinqə malik olmasına əyani bir misaldır.

Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu beynəlxalq əlaqələrin genişləndirilməsi tədbirləri nəticəsində dünyanın müxtəlif ölkələrinin elm və təhsil müəssisələri ilə də səmərəli əməkdaşlıq münasibətləri qura bilmişdir. Bu sıraya Calmers Texnologiyalar Universitetini, ABŞ-ın Illinois Universitetini, Ukrayna Elmlər Akademiyasının Mexanika İnstitutunu, Rusiya Elmlər Akademiyasının Mexanikanın Problemləri İnstitutunu, Fransanın Nant Universitetini, Avstraliyanın Ballarat Universitetini və s. göstərmək olar. İnstitut bu mötəbər elm və təhsil ocaqları ilə birlikdə müxtəlif simpoziumlar, elmi konfranslar təşkil edir, birgə elmi layihələr həyata keçirir.

Tətbiqi Riyaziyyat ETİ-nin Nant Universiteti ilə elmi əlaqələri xüsusi qeyd edilməlidir. Fransa Xarici İşlər Nazirliyinin ayırdığı xüsusi qrant çərçivəsində bu universitetin əməkdaşları ilə birgə tədqiqat işləri aparılmış, qarşılıqlı səfərlər təşkil olunmuş, Fansada alınmış nəticələrə həsr olunmuş 2 beynəlxalq konfrans keçirilmişdir. Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və AMEA arasında həyata keçirilən PICS elmi layihəsi bu institut tərəfindən koordinasiya olunur.

İnstitut Azərbaycanda tətbiqi riyaziyyat elminin əsas mərkəzlərindən biri sayılır. Odlar Yurdu Universitetinin, Kooperasiya Universitetinin, BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin və başqa təhsil ocaqlarının  tələbələri ildə iki dəfə burada təcrübə keçirlər. Onların aldıqları nəzəri biliklər institutda aparılan tədqiqat və müqavilə hesablı işlərlə əlaqələndirilir.

Elm ocağı yarandığı gündən mütəmadi olaraq seminarlar keçirir. Həftədə bir dəfə təşkil edilən bu seminarlarda  institutun əməkdaşlarının və  ölkəmizin müxtəlif təhsil müəssisələrini təmsil edən alimlərin aldığı yeni nəticələr müzakirə olunur. Bundan başqa, seminarlarda respublikamıza gələn əcnəbi alimlər, o cümlədən İllinois Universitetinin professoru T.Başar (ABŞ), Nant Universitetinin professoru A.Nachaoui (Nant, Fransa), Ukrayna MEA-nın Mexanika İnstitutunun professoru V.Larin (Kiyev, Ukrayna), Rusiya MEA-nın akademiki F.L.Çernousko (Moskva, Rusiya), Moskva Dövlət Universitetinin professoru S.Hüseynzadə (Moskva, Rusiya), Boloniya Universitetinin professoru V.Kastelli (İtaliya) və başqa xarici elm və təhsil ocaqlarının alimləri maraqlı məruzələr edirlər. Bundan başqa, seminarların işində institut əməkdaşlarının dissertasiya işləri də müzakirə olunur.

İnstitut müxtəlif beynəlxalq elmi mərkəzlərin qrant proqramlarında da yaxından iştirak edir. Elm ocağının alimləri tərəfindən "Soros" Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun qrantı əsasında "İngilis-Rus-Azərbaycanca. Müasir İnformatika Terminoloji" xüsusi lüğəti hazırlanmışdır. NATO-nun elm qurumunun elan etdiyi müsabiqədə də institutun əməkdaşlarının təqdim etdikləri işlər bəyənilmişdir. Təşkilatın "Ayrılmayan sərhəd şərtli xətti kvadratik optimal idarəetmə məsələlərinin həlli alqoritmləri" adlı qrantı NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Türkiyə, Ukrayna, Azərbaycan alimləri tərəfindən birgə yerinə yetirilmişdir. Nəticədə azərbaycanlı alimlərə müvafiq qrantlar ayrılmış və layihə müvəffəqiyyətlə icra olunmuşdur. Bundan başqa, institut əməkdaşları Fransa Xarici İşlər Nazirliyi, TWAS, İCTP, BDU, AEİF kimi təşkilatların qrant layihələrinin  qalibi olmuşlar. Bu layihələr çərçivəsində aktual nəzəri və tətbiqi problemlər araşdırılmış, alınmış nəticələr  yüksək reytinqli  jurnallarda dərc edilmişdir.

İnstitut respublikanın sənaye və iqtisadiyyatının inkişafı üçün ARDNŞ-lə birgə 8 təsərrüfat hesablı müqavilə yerinə yetirmişdir. Bu layihələr sırasında quyuların ştanqlı nasos qurğularının mövcud nəzarət və diaqnostika üsullarının çatışmazlıqlarının aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni riyazi üsulların işlənib hazırlanması, Neft Daşları NQCİ-də qaz istehsalı proseslərinin fond enerji, istehsal tutumu ehtiyatlarının  qarşılıqlı asılılıq dinamikasının iqtisadi-riyazi qiymətləndirilməsinin işlənməsi, neft-qazçıxarmada istehsal ehtiyatlarından səmərəli istifadə edilməsinin riyazi modelləşdirilməsi, nasos ştanqları birpilləli olan dərinlik nasosu qurğularının nəzarət və diaqnostikasının riyazi üsullar əsasında işlənib hazırlanması və tətbiqi, "Günəşli" yatağının məhsullarının yığım-nəql sisteminin tədqiqi, optimal iş rejiminin müəyyənləşdirilməsi, fontan üsulu ilə istismar olunan quyuların mənimsənilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə səmərəli təkliflərin işlənməsi layihələrini xüsusi qeyd etmək olar.

Ötən illərdə Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda 23 namizədlik, 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. İnstitut müdafiəyə təqdim olunmuş 20 dissertasiyaya aparıcı təşkilat kimi  rəy vermişdir. Hazırda elm ocağında 10-a qədər doktorant, 10-dan artıq dissertant və aspirant öz dissertasiya işləri üzərində çalışır. Bunların xeyli hissəsi  Azərbaycanın sənaye və iqtisadiyyatının inkişafı üçün nəzərdə tutulmuş mövzulardır. Qeyd etmək lazımdır ki, burada respublikanın başqa elm və təhsil ocaqları üçün tətbiqi riyaziyyatın müxtəlif  sahələri üzrə kadrlar da hazırlanır.

İnstitut gələcəkdə də tətbiqi riyaziyyatın aktual və müasir problemlərinin həlli istiqamətlərində elmi araşdırmalarını davam etdirmək əzmindədir. Mürəkkəb dinamiki proseslərin riyazi modelləşdirilməsi, optimallaşdırma məsələlərinin effektiv həll üsullarının və hesablama alqoritmlərinin, müxtəlif prosesləri təsvir edən xətti və qeyri-xətti tənliklər üçün qoyulmuş düz və tərs məsələlərin həlli metodlarının hazırlanması institutun gələcək planlarına daxildir. Bu məsələlərin həllində institut alimləri müasir elmi nəzəriyyələrdən, o cümlədən qeyri-səlis məntiq, neyron şəbəkələri, paralel alqoritmlər, simvol hesablamalar və s. bu kimi müasir texnologiyalardan istifadəni nəzərdə tuturlar.   

Ümumilikdə, 20 illik yubileyi ərəfəsində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun modern iş üslubu, yeniliklərə meyilliyi və əldə etdiyi nəticələr Azərbaycanda dəqiq elmlərin hazırkı durumu və perspektivləri ilə bağlı bəzi pessimist yanaşmaları tamamilə alt-üst edir. BDU-nun aparıcı elmi mərkəzi müasir dünya tətbiqi elmlərinin yeniliklərini mənimsəməklə yanaşı, Azərbaycanda bu sahədə sanballı məktəbin formalaşdığını əyani surətdə nümayiş etdirir.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM