05:59 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əzəmətli Kəlbəcər qüdrətli Xilaskarı ilə görüşdü

ANA SƏHİFƏ / SİYASƏT
01:06 19.08.2021

 

“...Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq...”

 

Nə qürurlu, fəxarətli, coşqulu, təntənəli anlara şahidlik etdik,  İlahi!!!

Gözlərimiz önündə dağ-dağa qovuşdu, zirvələr qoşalaşdı...

Əzəmətli Kəlbəcər qüdrətli Xilaskarı ilə görüşdü...

  Çaylar, şəlalələr, bulaqlar çağlamaqlarına, meşələr pıçıldaşmalarına, quşlar avazlarına bir anlıq ara verib bu möcüzənin tamaşasına durdular. Fəxarətdən buludların gözlərindən sevinc göz yaşları süzüldü, ucsuz-bucaqsız çəmənlərdə jalələrə dönüb Günəşin üzünə gülümsədilər...

Al-əlvan kəpənəklər, zəhmətkeş arılar çiçəkdən-çiçəyə müjdə daşıdılar, zirvələrin başına dolanan məğrur qartalların zəfər qiyyəsi dağlarda, daşlarda qələbə nərəsinə çevrilib dünyanı lərzəyə gətirdi...

Qüdrətdən var olan ecazkar Kəlbəcər bütün cah-cəlalı ilə Qarabağ zəfərinin baş qəhrəmanı İlham Əliyevin pişvazına çıxdı...

 

Kəlbəcər səbirsizliklə Xilaskarının yolunu gözləyirdi...

 

Düz bir qərinə idi ki, Kəlbəcər dağları dumandan başına hördüyü qəm çalmasını açmırdı. Kədər, ələm alnında qırışa, ürəyində ağır bir yaraya çevrilmişdi. Düz bir qərinə idi ki, Kəlbəcərin gözü yol çəkir, doğma elinin həniri, nəfəsi üçün burnunun ucu göynəyirdi. Həsrətini Murovla, Dəlidağla, Qoşqarla bölüşür, əsən yellərdən, coşan rüzgarlardan didərgin elini soraqlayırdı...

Bu illər ərzində Kəlbəcərin gözlərində qan yaşa çevrilərək axan şəlalələri, çayları, bulaqları qurumuşdu. Günəş şüası girməyə cəsarət etməyən qalın meşələri saralıb-solmuş, ucsuz-bucaqsız çəmənləri bomboz bozarmışdı...

Zər təbiətli Kəlbəcər elə tar-mar olmuş, elə sınıq düşmüş, elə taqətdən düşmüşdü ki, daha qəm yükünü çəkməyə güc-qüvvəsi də qalmamışdı...

Kəlbəcər haray çəkirdi, ah-naləsi ərşə dirənmişdi...

Amma bütün bu çətin sınaqlardan sonra  sanki Kəlbəcərin üzünə gün doğmuşdu. Qəfildən açılan bir atəş səsi kədərdən yorğun düşən qədim yurdu diksindirmiş,  gözlərinə işıq, dizlərinə qüvvət gətirmişdi. Qəhrəman Azərbaycan oğulları bir ağızdan “Yaralı yurdum, imdadına yetdik!” söyləmişdilər...

Elə bil bir andaca hansısa sehrli qüvvə bu təbiət incisinin yaralarına məlhəm çəkmiş, ağrı-acısı sovrulub getmişdi...

Azadlığının xoşbəxtliyi, doğma elinə qovuşacağının bəxtəvərliyi ürəyini dağa döndərmişdi. 

İndi isə Kəlbəcər səbirsizliklə Xilaskarının yolunu gözləyirdi...

 

Qalib sərkərdə bizi Murovdan salamladı

 

Və o gün Ali Baş Komandan İlham Əliyev, qalib sərkərdə olaraq zirvədən, Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr edərkən və qürurla yolunun Kəlbəcərə olduğunu söyləyib bütün kəlbəcərliləri təbrik edərkən, sevincdən, fərəhdən göylərdə qanad açdıq...

Müzəffər sərkərdəmiz İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə çiyin-çiyinə bu dəfə yolunu Kəlbəcərdən, Laçından salmışdı.

Əl açıb göylərə Tanrıya şükürlər etdik, bizə bu əlçatmaz xoşbəxtliyi yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlıq duaları etdik...

Neçə illər idi ki, vətən nisgilini, yurd özləmini bağrımıza basıb yaşamağa çalışırdıq. Zorla qovulduğumuz doğma od-ocağımıza, ana torpağımıza həsrət qalmışdıq. Könlümüzə Vətən düşəndə, burnumuzun ucu Kəlbəcər üçün göynəyəndə ağrı-acıdan sinəmizdən qopan ahlar ərşə dirənirdi...

Yalnız röyalar idi ümid, pənah ünvanımız, əlimiz çatmayan, ünümüz yetməyən Kəlbəcərə yuxularda qovuşa bilirdik. Yalnız o zaman xoşbəxt olurduq. Amma bu yuxulardan oyanmaq, real gerçəkliyə qayıtmaq, hər şeyin bir andaca izsiz-tozsuz yoxa çıxmasının yaratdığı kədər, qüssə, qəzəb qarışıq hissləri keçirmək isə bir başqa işgəncə olurdu...

Amma budur, bütün bu əzablara, iztirablara son qoyulmuşdu və biz artıq Vətən, Kəlbəcər özləmini ürəyimizdən silmişdik. Və 30 illik zaman müddətinin əvvəlində olduğu kimi, indi Kəlbəcər qonaq-qarasını qarşılamağa hazırlaşırdı. Murovun zirvəsindən, Ömər aşırımından Kəlbəcəri salamlayan tarixindəki ən əziz qonağı İlham Əliyevi mehman etmək üçün səbirsizlənirdi...

 

Zirvəyə qartal yaraşır

 

Bəli, bu o Ömər aşırımı idi ki, düz 28 il əvvəl başıaçıq, ayaqyalın, çovğunlu-qarlı, şaxtalı bir havada Kəlbəcər eli onu aşaraq Gəncəyə pənah gətirmişdi. 1993-cü ilin o məşum aprel günündə Murov bir tufan, bir fırtına qoparmışdı ki, elə bil qiyamət günü idi. Sanki Murov hər vəchlə Kəlbəcər elinin Kəlbəcərdən uzaq düşməsinin qarşısını almaq istəyirdi...

Neçə-neçə kəlbəcərli o şaxtada, qarda donmuş, canını Murovun həmin dolanbac yollarında tapşırmışdı...

İllərlə o cansız bədənlərə Murov məzar olmuş, narahat, didərgin ruhlara layla çalmışdı...

Kəlbəcərli məcburi köçkünlərin yurd həsrətini də elə Murov ovutmuşdu. Elə ki, Kəlbəcər düşürdü ürəklərinə, üz tuturdular Murova sarı. Heybətli Murova, onun zirvələrinə, dolama yollarına baxır, Kəlbəcərdən əsən mehi sinədolusu ciyərlərinə çəkir, bir az da olsa Kəlbəcər özləmlərinin üzərinə su çilənirdi. O da təsadüfi deyildi ki, məcburi köçkünlük illərində vəfat edən bütün kəlbəcərlilərin bu dünyadakı son diləyi də, üzü Murova sarı basdırılmaları barədə vəsiyyətləri olurdu...

Murov ürəyimizdə, könlümüzdə əbədi taxt quran, dəlicəsinə, İlahi eşqlə sevdiyimiz Kəlbəcərlə aramızdakı bağ idi...

İndi isə bizə Kəlbəcəri bəxş edən qüdrətli sərkərdəmiz İlham Əliyevi Murovun zirvəsində görmək qəlbimizdə təsvirəgəlməz hissləri coşdurmuş, sevincdən hönkür-hönkür ağlamışdıq...

Bu, dünyanın xoşbəxtliyi idi...

 

Müzəffər sərkərdənin “Kəlbəcər bizimdir!” haqq nidası ürəyimizdəki paramparça Vətən eşqini sağaltdı

 

Kəlbəcərdən sonrakı yaşantımız tamamilə rəngsiz, boz olmuşdu. Bu sadəcə bütün məcburi köçkünlərin yaşadığı  aclıq, yoxluq, maddi çətinliklərlə bağlı deyildi.

Bu, illər ərzində çəkdiyimiz mənəvi məhrumiyyətlərlə bağlıydı...

Heç zaman Kəlbəcərin yoxluğunu qəbul etmir, bu fikirlə barışmırdıq. Harada olurduqsa, hayana gedirdiksə, kəlbəcərliyəm deyirdik, qürur duyurduq bu adı səsləndirməkdən, bu adı eşitməkdən...

Kəlbəcər bizim üçün, sadəcə, ev tikib, yuva qurduğumuz yaşayış yeri anlamına gəlmirdi, İlahinin Yer üzündə təkrarsız yaratdığı ecazkar cənnət guşəsi canlanırdı hafizəmizdə...

O da var ki, Kəlbəcərə olan məhəbbətimiz yalnız onun füsunkar təbiətinin olmasına görə deyil. Kəlbəcər cadarlanmış torpaq, çopur qara daş parçası da olsaydı, fərq etməzdi, elə bizim üçün dünyanın ən dilbər guşəsi sayılacaqdı...

Bu da bir reallıqdır ki, biz Kəlbəcərsiz, Kəlbəcər də bizsiz bütöv yox, yarımçıqdır...

Ali Baş Komandan bizə bu bütövlüyümüzü ərməğan etdi...

2020-ci ilin 27 sentyabrı kəlbəcərlilərin diriliş, 25 noyabrı isə Kəlbəcərin qurtuluş gününə çevirdi...

Müzəffər sərkərdə İlham Əliyevin “Qarabağ Azərbaycandır!”, “Kəlbəcər bizimdir!” haqq nidası ürəyimizdəki paramparça Vətən eşqini sağaltdı...

 

Kəlbəcərlilərə xoşbəxtliyi Baş Qəhrəmanımız İlham Əliyev bəxş etdi

 

O gün biz hamımız Ali Baş Komandanla addım-addım müqəddəs yurdumuzu gəzdik, hər daşı, cığırı, ürəyimizə, qəlbimizə hopan Kəlbəcərə gözüdolusu, fəxarətlə baxdıq.

Başı qarlı dağlarına çıxdıq, geniş meşələrində gəzdik, ucsuz çəmənliklərində azadə dolaşdıq...

Təbiət xəzinəsi Kəlbəcərimizlə fəxarət duyduq.

O da gözümüzdən qaçmadı ki, düşmən nə qədər çalışsa da dağ vüqarlı yurduma dov gələ bilməyib. Kafir düşmənin acığına, yenə də əvvəlki kimi bulaqları da, çayları da, şəlalələri də çağlayır, meşələrində quşları zümzümə edir, çəmənlərində güllər-çiçəklər min bir rəngə çalır.

Çünki Tanrının qüdrətindən var olan Kəlbəcərə murdar xislətli erməni heç nə edə bilməz və edə bilməyib...

Sadəcə, gücü ona çatıb ki, insan əli ilə tikilən binaları sökərək kərpiclərini daşıyıb və cənab Prezidentimizin də vurğuladığı kimi, özünə daxma tikib...

Tezliklə mənfurların sökdüyü doğma od-ocağımız əvvəlkindən də gözəl tikiləcək, qurulacaq və öz sahiblərinin ixtiyarına veriləcək.

İndi doğma yurdumda həyat qaynayır, heyvandarlıqla, arıçılıqla məşğul olan təsərrüfatlarımız Kəlbəcərdədir.

Və bütün Kəlbəcər eli də səbirsizliklə böyük qayıdışa hazırlaşır...

O da yaxındır ki, illər əvvəl ağlaya-ağlaya Murovdan üzü Gəncəyə çıxan köç karvanı gülə-gülə elə yenə də Murovla öz yurduna, Kəlbəcərinə dönəcək...

Bəli, illər sonra ilk dəfə, sinədolusu, qürurla, bütün dünyaya hayqırırıq ki, “Biz kəlbəcərlilər xoşbəxtik” və bu xoşbəxtliyi bizə Baş Qəhrəmanımız İlham Əliyev bəxş edib...

İlham Əliyev bütün kəlbəcərlilərin ürəyində bir kəlbəcərli kimi şah taxt qurub, biz onu kəlbəcərlimiz sanırıq. Elə avqustun 16-da Xilaskarımızın Kəlbəcərə səfərini də doğma yurdla Oğulun görüşü, qovuşması kimi dəyərləndirdik...

Xoş gəldin doğma yurduna, Xilaskarımız, Ali Baş Komandanımız!!!

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM