19 May 2012 12:05
347
Mədəniyyət
A- A+

«Eurovision» yarışmasının iştirakçıları «Baku Crystal Hall»da ikinci məşqlərini davam etdirirlər

 

"Baku Crystal Hall"ın səhnəsi "Eurovision-2012" yarışmasının iştirakçıları üçün doğma bir məkana çevrilməkdədir. Artıq təmsilçilərin başladıqları ilk məşqlər arxada qalmış və onlar hazırda inamla ikinci məşqlərini keçirirlər.

AzərTAc xəbər verir ki, mayın 17-də "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalının 18 iştirakçısı "Baku Crystal Hall"un səhnəsində ikinci məşqinə başlamışdır.

Həmin gün "Baku Crystal Hall"da məşq edəcək 13 ölkə arasından ilk olaraq səhnəyə Monteneqro təmsilçisi Rambo Amadeus çıxaraq qeyri-adi şou nümayiş etdirmişdir. Bakıda çox gözəl vaxt keçirən monteneqrolu müğənni ikinci məşqinə yarımfinal mərasimində iştirak edəcəyi libası ilə çıxmışdır. Səhnə quruluşunu libası və davranışı ilə tamamlamağa çalışan Rambo Amadeus ifa zamanı qol saatını çıxararaq səhnəyə atmışdır. Səhnədəki rəqqasələr isə özünəməxsus xoreoqrafiyaları ilə diqqəti cəlb etmişdir. Onlar təqdim etdikləri şou ilə sanki mahnının sözlərini tamaşaçıya çatdırmağa çalışmışlar.

"Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu deyən monteneqrolu müğənni xalqımızın qonaqpərvərliyini xüsusi vurğulamışdır. O demişdir: "Artıq üç gündür ki, Bakıdayam. Deməliyəm ki, Bakı gördüyüm ən gözəl və təmiz şəhərlərdən biridir. Burada binaların arxitekturası və şəhərin işıqlandırılması məni valeh etdi. Bakı sakinlərinin gülərüz, mehriban və səmimi olmaları şəhərə gələn qonaqlarda müsbət enerji yaradır".

Monteneqro təmsilçisinin nümayiş etdirdiyi qeyri-adi şoudan sonra "Baku Crystall Hall"un səhnəsinə İslandiyadan olan iştirakçılar Qreta Salome & Yonsi çıxmışlar. Yarışmada ölkələrini "Never Forget" mahnısı ilə təmsil edən təmsilçilər ilk məşqdə olduğu kimi, bu dəfə də çox böyük enerji ilə oxumuşlar. Onlar ikinci məşq zamanı ifalarında kiçik dəyişikliklər də etmiş, səhnəyə müsabiqədə çıxış edəcəkləri geyimdə çıxmışlar. Mahnıları ilə hər kəsi ruhlandırmaq arzusunda olan ifaçılar elə ilk məşqlərindən də buna nail ola bilmişlər. İkinci məşqdə təqdim etdikləri performanslarını isə geyimləri ilə tamamlamışlar.

Yunanıstan təmsilçisi Eleftheria çox parlaq və tünd mavi rəngli səhnə tərtibatı ilə seçilmişdir. Yarışmada ölkəsini "Aphrodisiac" mahnısı ilə təmsil edəcək müğənni səhnədə vokal imkanları ilə yanaşı, maraqlı performans da nümayiş etdirmişdir. Eleftherianın ifası güclü səs, mükəmməl səhnə şousu və möhtəşəm rəqs elementləri ilə müşayiət olunmuşdur.

Müsabiqədə nümayiş etdirdiyimiz şou çox gözəl, sevimli və cəlbedicidir, - deyən Eleftheria Eleftheriou bu yarışmada da ölkəsinin qalib olması üçün əlindən gələni edəcəyinə söz vermişdir. Eleftheria Eleftheriounun yunan dilində ifa etdiyi mahnını jurnalistlər alqışlarla qarşılamışlar.

Latviyanı "Beautiful song" mahnısı ilə təmsil edəcək Anmari də öz geyimi ilə diqqəti cəlb etmişdir. Birinci məşqdən o qədər də fərqlənməyən bir ifa nümayiş etdirən xanım müğənni "Baku Crystall Hall"un səhnəsini daha çox rəngli işıq tərtibatı ilə bəzəməyə çalışmışdır.

"Azərbaycan xalqının mehribanlığı bizə bu müsabiqədə ruh yüksəkliyi verir",- deyən Anmari musiqi sahəsinə gəldiyi üçün anasına borclu olduğunu vurğulamışdır. Azərbaycanın bir çox bölgələrinə səyahət edən latviyalı ifaçı ən çox sevdiyi yerin Qəbələ olduğunu vurğulamışdır.

 "Eurovision" mahnı müsabiqəsində qalibiyyət deyil, iştirak əsasdır". Bu fikirlər isə Albaniya təmsilçisi Rona Nişliuya məxsusdur.

Müsabiqədə ifa edəcəyi mahnı barədə məlumat verən Albaniya təmsilçisi ifasının bir şəxsin həyat təcrübəsindən bəhs etdiyini diqqətə çatdırmışdır. O demişdir: "Mahnımın alban dilində olması ifaya orijinallıq qatır".

Yarışmada iştirak edən müğənni Bakı səhnəsində ölkəsini tək təmsil etməsinin səbəbini tək olduğu zaman hisslərini, düşüncələrini tamaşaçılara çatdırmaqda çətinlik çəkməməsi ilə izah etmişdir.

""Eurovision-2012" mahnı müsabiqəsində iştirak edən hər bir təmsilçi özünü qalib hesab edə bilər". Bu sözləri "Baku Crystal Hall"da ikinci məşqindən sonra Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanonun iştirakı ilə keçirdikləri mətbuat konfransında bu ölkəni təmsil edən "Mandinga" qrupunun üzvləri demişlər.

Diplomat qrupun məşq zamanı səhnədə sərgilədiyi performansı yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, bu şou onda xoş təəssürat yaratmışdır. Qrupun əsas vokalisti Elenanın çox ahəngdar səsə malik olduğunu deyən səfir "Mandinga"nın müsabiqədə qələbə qazanacağına ümidvar olduğunu bildirmişdir.

Müsabiqədə Rumıniya nümayəndə heyətinin rəhbəri Dan Manoliu qonaqpərvərliyə və səmimi qarşılanmaya görə xalqımıza minnətdarlığını bildirmişdir. "Baku Crystal Hall"un digər səhnələrdən mükəmməlliyi ilə seçildiyini deyən Dan Manoliu qeyd etmişdir ki, Azərbaycanda pərəstişkarları olan qrupun müsabiqədə iştirak etməyinin əsas məqsədi ilk beşlikdə yer tutmaqdır.

Konfransda doğum günü qeyd olunan qrupun əsas vokalisti Elena "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir.

İsveçrənin "Sinplus" qrupu Bakı səhnəsindəki ikinci məşqində fərqli performans və səhnə quruluşu təqdim etməyə çalışmışdır. Maraqlı və fərqli çıxışları ilə yadda qalan İsveçrə təmsilçiləri artıq özlərinə çoxsaylı pərəstişkarlar toplamışlar.

Qrupun yaradıcıları italyan əsilli İvan və Qabriel qardaşlarıdır. "Sinplus" qrupunun 57-ci "Eurovision" mahnı müsabiqəsində ifa edəcəyi "Unbreakable" mahnısı onların yeni "Disimformation" albomuna da daxildir.  "Sinplus" qrupunun üzvləri "Eurovision" müsabiqəsi ilə bağlı o qədər də geniş məlumata malik olmadıqlarını, amma burada olduqları müddətdə bu müsabiqənin nə qədər önəmli, yeni ünsiyyət qurmaq, əlaqələr yaratmaq və yaxşı dostlar tapmaq baxımından dəyərli olduğunu demişlər.

Belçikalı müğənninin Bakı səhnəsindəki ikinci çıxışı da ilk məşqdə olduğu kimi, maraqlı performansla yadda qalmışdır. "Eurovision"un ən gənc təmsilçisi olan Laura van den Bruel səhnədə "country pop" üslubunda "Would you" mahnısını ifa etmişdir. 16 yaşlı müğənninin ifası həm ritm, həm də səhnə tərtibatı ilə fərqlənmişdir. Çəpəki formada düzülmüş düyməli, qısa ağ paltarda səhnəyə çıxan ifaçı saçlarına da ağ güllər düzmüşdür. Onu müşayiət edən vokal ifaçıları isə səhnənin qaranlıq fonunda o qədər də diqqəti cəlb etməmişlər.

Belçika təmsilçisinin səhnə tərtibatı isə daha maraqlıdır. Çünki o, yarışmanın yarımfinalında ürək formasında çiçəklərlə bəzədilmiş bir səhnədə çıxış edəcəkdir.

 Anaya həsr olunan mahnı ilə səhnəyə çıxan Finlandiya təmsilçisi Pernilla Karlssonun səhnə performansında bir qədər dəyişiklik edilmişdir. İlk məşqdən fərqli olaraq qızılı, parlaq rəngləri ilə tamaşaçıların diqqətini cəlb edən səhnə qırmızı işıqlarla bəzədilmişdir. Yaşıl libaslı təmsilçi ilə birgə səhnədəki violonçel ifaçısının libası da ona uyğunlaşdırılmışdır. İyirmi iki yaşlı müğənni Finlandiyanın həndbol üzrə yığma komandasının üzvüdür. O mətbuata açıqlamasında bildirmişdir ki, idman və musiqi onun həyatında mühüm yer tutur. Səhnədə özünü çox xoşbəxt hiss etdiyini deyən təmsilçi mahnısının İsveç dilində olduğunu diqqətə çatdırmışdır. Yarımfinalda geyinəcəyi libasın sirr olaraq qalmasını istəyən müğənni ona dəstək olan bütün pərəstişkarlarına təşəkkürünü bildirmişdir.

Bakı səhnəsinə çıxan növbəti təmsilçi İsrail nümayəndəsi olmuşdur. "Eurovision-2012"də "İzabo" qrupu ilə təmsil olunan İsrailin yarışmada təqdim edəcəyi "Time" mahnısının səhnə tərtibatı və geyimi də diqqəti çəkmişdir. Mahnının çəkilişlərində bəzi dəyişikliklər edilmişdir. Pop və oriyental tərzdəki mahnı ingilis və ivrit dillərində səslənir. "İzabo" qrupunun üzvləri Bakı ilə bağlı təəssüratlarını heç bir zaman unutmayacaqlarını söyləmişlər.

Ölkəmizlə bağlı təəssüratlarını bölüşən qrupun üzvləri bildirmişlər ki, Bakıya gəldikləri andan bu günədək yalnız gülərüz insanlarla qarşılaşmışlar.

San Marinonun "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Valentina Monetta səhnəyə mavi geyimdə və noutbukla çıxmışdır. Onu əhatə edən 5 rəqqasın müşayiəti və mavi işıq effektləri ilə müşayiət olunan səhnə tərtibatı digər iştirakçılarda olduğu kimi, tamaşaçıda xoş təəssürat yaratmışdır. Ən maraqlısı isə odur ki, mahnının tərtibatında, səhnənin arxa fonunda iri monitorda müğənninin minlərlə fanatının şəkilləri nümayiş etdirilmişdir.

Bakıda keçirilən caz festivallarına qatılmaq arzusunda olduğunu söyləyən Valentina Monetta  "Baku Crystal Hall"dakı ikinci məşqinin daha uğurlu keçdiyini bildirmişdir. Valentina Monetta "Eurovision-2012" mahnı müsabiqəsində ifa etdiyi mahnının əvvəlki adının reklam xarakteri daşıdığı üçün dəyişdirildiyini diqqətə çatdırmışdır.

Səhnədə fərqli bir performans göstərən müğənni xüsusi əl hərəkətlərinin onun üçün kommunikasiya rəmzi olduğunu demişdir. San Marino təmsilçisi qeyd etmişdir ki, mahnılarında caz janrının çalarlarından istifadə etməsi onun bu janra olan istəyinin bariz nümunəsidir.

Kipr təmsilçisi İvi Adamou isə səhnə geyimi ilə bütün yarışma iştirakçılarından fərqlənmişdir. Onun hərəkətli və oynaq ritmli mahnısı, təqdim etdiyi performansı ilə zövqləri oxşamışdır.

 Müğənninin səhnədə nümayiş etdirdiyi enerji təqdim etdiyi mahnı ilə bir-birini tamamlamışdır. Tez-tez dəyişən işıq effektləri isə Kipr təmsilçisinin ifasına rəng qatmışdır.

Azərbaycan paytaxtının çox gözəl şəhər olduğunu deyən müğənni "Baku Crystal Hall"un möhtəşəmliyini vurğulamışdır.

İvi Adamou "Eurovision-2012" mahnı müsabiqəsində qələbə çalacağı halda bu uğuru dəniz kənarında qeyd edəcəyini söyləmişdir.

Danimarkanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Soluna Samay Bakı səhnəsinə günün son ifaçısı olaraq çıxmışdır. Müğənni birincidə olduğu kimi, ikinci məşqdə də eyni performans təqdim etmişdir. Fərqli cəhət ondan ibarət olmuşdur ki, Soluna Samayın səhnə tərtibatı qırmızı rəngdə deyil, tünd rəngli effektlərlə yadda qalmışdır. Danimarkalı təmsilçi səhnə arxasındakı qrafik quruluşda da fərqlilik nümayiş etdirmişdir.

Müğənni jurnalistlərin qarşısına isə özünəməxsus tərzdə çıxmışdır. O, konfransda gitarası və onu müşayiət edən 5 vokalçısı ilə məşqlərdə ifa edəcəyi mahnını yenidən səsləndirmişdir.

Mayın 18-də isə "Baku Crystal Hall"un səhnəsinə ikinci məşqlərini keçirmək üçün Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya, Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna və Bolqarıstan təmsilçiləri çıxmışlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video