15 May 2012 02:05
390
Mədəniyyət
A- A+

«Eurovision-2012» mahnı müsabiqəsinin rəsmi proqramı Bakı şousuna hazırlığın daha bir uğurlu göstəricilərindəndir

 

Son iyirmi ildə ictimai-siyasi, sosial-mədəni həyatın bir çox sahələrində beynəlxalq miqyaslı layihələrə uğurla imza atmış ölkəmiz bu il daha bir mötəbər yarışmaya - 57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edir. Keçən il Azərbaycanın 56-cı "Eurovision" mahnı müsabiqəsində böyük qələbəsindən dərhal sonra ölkə miqyasında bu möhtəşəm tədbirə hazırlıq istiqamətində böyük işlər həyata keçirilməkdədir.

Bu da bir faktdır ki, əldə olunan nəticələr "Eurovision" mahnı müsabiqəsinin rəhbərliyi, Avropa Yayımları Birliyi (EBU) və ümumiyyətlə, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Şouların keçiriləcəyi "Baku Crystal Hall", burada KİV-lər üçün təşkil edilmiş Mətbuat Mərkəzi, müsabiqənin "EuroClub", "EuroVillage" məkanları, yarışmanın rəsmi Fanklubunun fəaliyyəti möhtəşəm tədbirin yüksək səviyyədə keçiriləcəyini söyləməyə əsas verir.

Nəhayət, Avropa Yayımları Birliyinin müəllif hüququ və Azərbaycanın "Eurovision" üzrə milli yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə dərc olunmuş "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi proqramında bu möhtəşəm tədbirin iştirakçılarının və qonaqlarının yarışmanın keçiriləcəyi məkanla, şounun incəlikləri ilə tanış olmaları baxımından ən dəyərli məlumatlar yer almışdır.

Azərbaycan və ingilis dillərində olan bu proqram ənənəvi tərtibat və Bakı şousunun özəlliyindən qaynaqlanan əlavələri əhatə edir. 

Üz qabığında şounun "Öz məşəlini alovlandır!" şüarı və loqosunun əks olunduğu yüksək səviyyədə, nəfis tərtib olunmuş proqram Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışma iştirakçıları və qonaqlarına təbriki ilə açılır.

"Eurovision" mahnı müsabiqəsinin iştirakçılarını və qonaqlarını ürəkdən salamlayan ölkənin birinci xanımı yarışmanın musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırmışdır.

Bildirmişdir ki, bu dəfə mötəbər müsabiqənin Bakıda keçirilməsi ilə əlaqədar dünya musiqisevərlərinin diqqəti müsəlman Şərqində ilk opera və baletin, UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş muğamın, ürəkləri riqqətə gətirən "Qarabağ" şikəstəsi kimi möcüzəli musiqinin beşiyi olan Azərbaycana yönəlmişdir. Xalqımız dünya mədəniyyəti incilərini özündə Şərq və Qərb motivlərini, müasir ritm və qədim nəğmələri ahəngdar şəkildə birləşdirən milli musiqi əsərləri ilə daim zənginləşdirmiş, dünya musiqi mədəniyyətinin inkişafına öz töhfəsini vermişdir.

"Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri qeyd etmişdir ki, ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olmuşdur. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış və yaşamağa davam edirlər. "Eurovision" mahnı müsabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tamaşaçıları, milliyyətindən, dinindən və siyasi baxışından asılı olmayaraq, Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcəkdir.

Azərbaycanın birinci xanımı bildirmişdir ki, "Eurovision" mahnı müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan və xalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır.

Rəsmi proqramda həmçinin "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sandın təbriki də dərc olunmuşdur. Təbrikdə bildirilir ki, 2011-ci ildə Düsseldorfda Eldar nə Nigarın ifalarında "Running Scared" mahnısı Avropa izləyicilərinin və peşəkar münsiflər heyətinin ürəklərini fəth etmişdir. 

Yan Ola Sandın müraciətində bütün Avropa üçün Azərbaycanı, bu yerin xalqının mədəniyyətini tanımaq, qonaqpərvərliyinin şahidi olmaq imkanının yarandığı qeyd edilmişdir.

"Eurovision" mahnı müsabiqəsinin rəhbəri vurğulamışdır ki, harada keçirilməyindən asılı olmayaraq, nəhəng yarışmanın cəmi bir il müddətində ərsəyə gəlməsi böyük səy tələb edir. Təşkilatçı-yayımçı İctimai Televiziya Avropa Yayımları Birliyi və müxtəlif yerli, eləcə də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq nəticəsində üç heyrətamiz şoudan ibarət yaddaqalacaq bir müsabiqə hazırlamışdır.

Yan Ola Sand "Eurovision-2012" mahnı müsabiqəsinin işçi qrupuna, tərəfdaşlara və sponsorlara, həmçinin yarışmaya qatılan ifaçılara, nümayəndə heyətlərinə, könüllülərə, jurnalistlərə, fanatlara və televiziya tamaşaçılarına dərin minnətdarlığını bildirmiş, şouda təmsil olunacaq 42 ölkənin bütün təmsilçilərinə uğurlar arzulamışdır.

Proqramda yer almış "Bakıya xoş gəlmisiniz!" (Welcome to Baku!) müraciətli fotoşəkil Xəzər dənizinin sahilində yerləşən paytaxtımızın füsunkar gözəlliyini, Şərq və Qərb motivli memarlıq incilərini, dünyanın meqapolisləri ilə bir sırada duran şəhərimizin müasir durumunu əks etdirir. Fotoşəkildəki görüntü Şərq ilə Qərbin qovuşduğu yerdə, ana təbiətin ən gözəl guşələrindən birində yerləşən Bakının bu möhtəşəm tədbirə və ümumiyyətlə, ölkəmizə gələn hər bir iştirakçının və tamaşaçının yüksək qonaqpərvərliklə qarşılanacağına hazır olduğunu bir daha təsdiqləyir.

Qədim qala divarlarının, Hökumət Evinin və "Eurovision-2012" mahnı müsabiqəsinin işçi qrupunun qərargahı yerləşən Bakı Biznes Mərkəzinin şəkilləri ilə müşayiət olunan "Bakı" məqaləsi şəhərin qədimliyi, UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edilmiş abidələri, mühüm tarixi hadisələri, iqtisadi, mədəni əlaqələri, burada formalaşmış tolerant cəmiyyət haqqında maraqlı məlumatlarla zəngindir. Həmçinin şəhərin müasir durumuna dair məsələləri də əhatə edən məqalədə paytaxtımızın İstanbul, İzmir (Türkiyə), Neapol (İtaliya), Bəsrə (İraq), Ciddə (Səudiyyə Ərəbistanı), Yohannesburq (CAR), Moskva (Rusiya), ümumilikdə 20 şəhərlə "qardaşlaşmış şəhər" statusuna malik olduğu diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, "Eurovision-2012" bugünkü Azərbaycanın, onun döyünən ürəyi Bakının əsrlərdən gələn ənənələrə sadiqliyini nümayiş etdirmək, xalqımızın bəşəri dəyərlərə, o cümlədən başqa xalqların mədəniyyətinə hörmət və ehtiramını bir daha təsdiq etmək üçün gözəl bir vasitəyə çevriləcəkdir. Bakıya gələn hər bir kəs vətəninə dönərkən qəlbində qədim "Odlar Yurdu"nun qonaqpərvər sakinlərinin hərarətindən bir qığılcım payı götürəcək və buranı heç zaman unutmayacaqdır.

İctimai Televiziya adından qonaqları salamlayan "Eurovision-2012" mahnı müsabiqəsinin baş prodüseri Adil Kərimli hazırlıq işlərində əməkdaşlığa görə hər kəsə dərin minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, ilk dəfə 2008-ci ildə İctimai Televiziyanın bu möhtəşəm müsabiqədə iştirakı zamanı yarışmanın bir neçə il sonra ölkəmizin paytaxtında keçiriləcəyi təsəvvürə belə gəlməzdi. Nəzərə çatdırılmışdır ki, ötən il Düsseldorf qələbəsindən sonra bu müsabiqədə qalib gəlmək arzumuz ən gözəl "Eurovision" mahnı müsabiqəsi keçirmək arzusu ilə nəticələnmiş və biz artıq "Light Your Fire!" şüarı altında bu məqsədə doğru gedirik.

Proqramda yer almış "Şou" adlı məqalə Bakı şousunun təşkilinin özəlliyinə dair məlumatları əhatə edir. Bildirilir ki, "Baku Crystal Hall"da işıqlandırma, işıq-diod və video-kamera sistemi ən müasir standartlara cavab verən son nəsil texnologiyalar əsasında quraşdırılmışdır. Səhnədə "elektron pəncərələr" formasında yerləşdirilmiş 1300 kvadratmetrdən artıq sahəsi olan işıq-diod ekranlar vasitəsilə Düsseldorf şousundan daha böyük ərazini əhatə etməklə 42 ölkə təmsilçisinin səhnədəki çıxışına uyğun maraqlı görüntülər yayımlanacaqdır. Buradakı dizaynda arenanın səhnə və podiumları 3D formatında təqdim olunacaq və Bakının heyrətamiz gecə mənzərəsi məşhur musiqi şousunun səhnəsində ekranlara gətiriləcəkdir.

Məqalədə "Green Room"un pərdə arxasında deyil, tamaşaçıların əyləşdiyi zalda olması kimi özəlliyi, həmçinin mahnı müsabiqəsi tarixində ifaçıları və fanları  bir-birinə yaxınlaşdıracaq digər cəhətlər də qeyd olunmuşdur. Həmçinin maraqlananlar burada şou çəkilişlərindəki yeniliklər və canlı yayımda istifadə olunacaq avadanlıq və texnoloji vasitələrlə daha yaxından tanış ola bilərlər.

Vurğulanmışdır ki, "Baku Crystal Hall" tamamilə yeni və həm də istifadəyə verildikdən sonra ilk dəfə belə bir şounun keçiriləcəyi arena olduğuna görə burada çalışan komandanın üzərindəki məsuliyyət də digərlərindən fərqlənir.

Proqramda yer almış "Qələbəyə aparan yol" və "Düsseldorfdan Bakıya" adlı yazılarda 2006-cı ildən - Azərbaycanda bu möhtəşəm mahnı müsabiqəsinin yayımlanmasından 2011-ci ildə Eldar və Nigarın uğuruna qədər bütün mərhələlər öz əksini tapmışdır. Həmçinin "Eurovision-2011"in final nəticələri bir daha diqqətə çatdırılmışdır.

Şounun aparıcıları Nərgiz, Eldar, Leyla da özlərinin iştirakları ilə bağlı fikirlərini bölüşürlər.

Birinci, ikinci yarımfinalların, böyük finalın iştirakçılarının hər birinə, onların ifa edəcəkləri mahnılara dair geniş yer ayrılmış və müvafiq şəkillərlə müşayiət olunan proqramda üç möhtəşəm şounun nəticələrinin və digər qeydlərin, təsnifatın aparılmasına dair boş səhifələr də ayrılmışdır.

Burada həmçinin "Eurovision" mahnı müsabiqəsinin tarixini, qalibləri, yaddaqalan maraqlı faktlarla da tanış olmaq mümkündür. Sonda verilmiş müxtəlif şirkətlərin loqolarının təsviri Bakı şousunun əsas, rəsmi və  milli tərəfdaşlarını bir daha diqqətə çatdırır.

Beləliklə, geniş məzmunlu proqram istər "Eurovision" mahnı müsabiqəsi, istərsə də Bakı şousuna dair ən dəyərli məlumatları özündə əhatə etmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video