28 Aprel 2012 12:04
306
Mədəniyyət
A- A+

«Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn qonaqlara yüksək səviyyədə nəqliyyat xidmətləri göstəriləcəkdir

 

Paytaxtın nəqliyyat infrastrukturu may ayında keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində ölkəmizə gələcək qonaqların qarşılanması və onların nəqliyyat vasitələri ilə təmin edilməsi üçün hazırdır.

Nəqliyyat Nazirliyindən AzərTAc-a bildirmişlər ki, yol-nəqliyyat kompleksinə daxil olan qurumların qarşısına qoyulan konkret vəzifələr və görülən işlər Bakıya gələcək qonaqların rahatlığının təmin edilməsinə yönəlmişdir. Görülən tədbirlərə avtomobil yollarının vəziyyəti, yol nişanlarının qoyulması, müvafiq istiqamətlər üzrə xüsusi marşrut sxemlərinin işlənib hazırlanması, Bakıya gələn rəsmi qonaqların və turistlərin avtobus və taksilərlə daşınması ilə bağlı hərəkət sxemləri, xüsusi taksi dayanacaqlarının yaradılması, sərnişin daşımalarının tənzimlənməsi məqsədilə dispetçer məntəqələrinin təşkili məsələləri də daxildir.

Paytaxtımızın ev sahibliyi edəcəyi Avropanın ən böyük mahnı müsabiqəsi ilə əlaqədar sərnişinlərə yüksək səviyyədə xidmət göstərilməsi üçün artıq lazımi tədbirlər görülmüşdür. "Eurovision-2012" ərəfəsində 130-a yaxın müasir mikroavtobus, eləcə də digər minik maşınları müsabiqə iştirakçılarının və qonaqların xidmətində olacaqdır. Paytaxtımıza gələn qonaqların qarşılanması üçün əvvəlcədən müəyyən olunmuş plana əsasən, marşrutlar seçilmişdir. Eyni zamanda, "Azadlıq" meydanından qonaqların yerləşdiyi otelləri əhatə etməklə avtobus marşrutları da müəyyənləşdirilmişdir.

Avtobus sürücüləri hazırlıq kursuna cəlb olunmuş və bu proses artıq yekunlaşmaqdadır. Görülən işlərə bütün otellərdən marşrutlar üzrə və yanaşma yollarının təmiri, yol işarələri ilə təchizi də daxildir. Avtobus marşrutları üzrə daşımaların tənzimlənməsi üçün Heydər Əliyev Beynəlxalq Aeroportu və "Baku Crystal Hall"da hərəsində 1 yerdə, "Azadlıq" meydanında isə 2 yerdə olmaqla, 4 dispetçer məntəqəsinin də təşkili nəzərdə tutulur.

Azərbaycan dəmir yolları da paytaxtımızda qonaq olacaq sərnişinlərə yüksək xidmət göstərilməsi üçün öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır. Mahnı müsabiqəsi müddətində dəmir yolu vağzalında sərnişinlərə operativ xidmət göstərilməsi məqsədilə taksi və avtobus dayanacaqları fəaliyyət göstərəcəkdir. Eyni zamanda, beynəlxalq marşrutda hərəkət edən sərnişin qatarı heyətləri tərəfindən əcnəbi qonaqlara sərhəd-keçid məntəqələrində prosedur qaydalarının  izah  edilməsi məqsədilə məlumat bürosu operatorları, diktorlar, zal növbətçiləri, bilet kassirləri, rəsmi nümayəndələr zalının növbətçiləri  və beynəlxalq marşrutda hərəkət edən sərnişin qatarlarının vaqon bələdçiləri və qatar rəisləri üçün xarici dil kursları keçirilir.

Həmçinin Bakı və Sumqayıt sərnişin stansiyalarında, Gəncə vağzalında səsli məlumatlar Azərbaycan, rus və  ingilis dillərində səsləndiriləcəkdir. Tədbir müddətində Bakı-Tbilisi-Bakı turist qatarının istifadəyə verilməsi də nəzərdə tutulur. Gəncə şəhərində yerləşdirilmiş əcnəbi qonaqların tədbir günlərində, istəklərinə uyğun olaraq, "Ekspress" turist qatarları ilə Bakı şəhərinə gətirilməsi də təşkil olunacaqdır. 

Artıq tədbir müddətində dəmir yolu vağzalında və avtovağzallarda əcnəbi qonaqların qarşılanması, onlara zəruri kömək göstərilməsi və müvafiq məlumatın verilməsi üçün Turizm İnformasiya Mərkəzi yaradılmışdır.

"Eurovision - 2012" mahnı müsabiqəsində paytaxta gələn qonaqlara yüksək taksi xidmətinin göstərilməsi üçün "Bakı Taksi" şirkəti də hazırlıqları tamamlamaq üzrədir. Bakı şəhərində mövcud 65 taksi dayanacağından qonaqların qaldıqları otellərə yaxın 22 dayanacaqda "London taksiləri" ilə xidmətin təşkili nəzərdə tutulur. Hazırda şirkət paytaxtda fəaliyyət göstərən bənövşəyi "London taksiləri"nin "Eurovision-2012" mahnı müsabiqəsinin loqosu ilə bəzədilməsini həyata keçirir. Bəzədilmiş "London taksiləri" paytaxtımızın avtomobil yolları ilə yanaşı, Bakının görünüşünə də əlavə rəng qatır.

Şirkətdən bildirmişlər ki, əgər ehtiyac yaranarsa, qonaqlara xidmət göstərəcək taksilərin sayı artırıla da bilər. Mahnı müsabiqəsi iştirakçılarına xidmət göstərəcək taksilərdə gediş haqqının plastik kartlarla ödənilməsinin tətbiqinə də başlanılmış və post-terminallar quraşdırılmışdır. Həmçinin taksilər naviqatorlarla da təchiz olunmaqdadır. Artıq bu istiqamətdə də son işlər görülür, sürücülər cihazdan istifadə barədə təlimatlandırılırlar. Eyni zamanda, sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün taksilərdə printerli taksometrlərin quraşdırılması da həyata keçirilir.

Sürücülərin sərnişinlərlə davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə  taksi sürücüləri tibbi müayinədən və xüsusi psixoloji testlərdən də keçmişlər. Onlara xüsusi tərtib edilmiş proqram üzrə təlim verilmiş, etik qayda və normalar, şəhər küçələrinin tanınması, yol hərəkəti qaydaları, avtomobilə dair texniki və digər zəruri bilgilər tədris olunmuşdur. İngilis dili kurslarına cəlb edilən taksi sürücülərinin xüsusi geyim formaları ilə təmin edilmələri də diqqət mərkəzindədir. Artıq geyim formaları sifariş verilmişdir və mayın 5-də sürücülərə paylanılması nəzərdə tutulur.

Hazırda Azərbaycanda 1000 ədəd "London taksisi", 500 ədəd digər şirkətlərə aid taksi avtomobilləri vardır. Bu isə paytaxtımıza gələcək qonaqları taksi xidməti ilə tam təmin etmək üçün kifayət qədərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video