30 Sentyabr 2021 22:42
616
CƏMİYYƏT
A- A+

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı beynəlxalq ictimaiyyətə altı dildə bəyanat ünvanlanıb  

 

Sentyabrın 30-da “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə beynəlxalq ictimaiyyətə Azərbaycan, rus, ingilis, fransız, ərəb və alman dillərində bəyanat səsləndirilib.

AZƏRTAc xəbər verir ki, mətbuat konfransında “Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində çoxlu sayda Azərbaycan vətəndaşının əsir və girov götürüldüyünü, itkin düşdüyünü vurğulayıb. Qeyd edib ki, 3890 nəfər Azərbaycan vətəndaşının taleyindən bu günə qədər xəbər yoxdur. Ermənistanın siyasi rəhbərliyi bununla bağlı beynəlxalq konvensiyaların tələblərinə açıq-aşkar məhəl qoymur. Təəssüf ki, müvafiq beynəlxalq təşkilatlar da bu fakta lazımi səviyyədə diqqət ayırmır.

İcraçı direktor tədbirin məqsədinin Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi uğurlu beynəlxalq siyasətə vətəndaş cəmiyyətinin dəstəyinin ifadə edilməsi olduğunu vurğulayıb: “Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülən, itkin düşən, işgəncələrə məruz qalan vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərdə beynəlxalq insan hüquqları təşkilatlarını, digər qurumları ədalətli mövqe nümayiş etdirməyə, dünya ictimaiyyətini bəşəri həmrəyliyə səsləyirik”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxış edərək bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ilə başlatdığı müharibədən bu günədək 719-u mülki şəxs olmaqla 3890 vətəndaşımız itkin düşüb. Xocalı şəhərinin 196 sakini, o cümlədən 36 uşaq, 20 qoca, 65 qadın barədə indiyədək heç bir məlumat yoxdur. Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatları gizlədir, bu məsələdə əməkdaşlıq etmək istəmir.

“Ermənistan tərəfi Cenevrə Konvensiyasının, eləcə də iştirakçısı olduğu beynəlxalq sazişlərin tələblərinə zidd olaraq, İkinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfər Azərbaycan hərbçisinin taleyi ilə bağlı bu günə qədər məlumat verməkdən yayınır. Rusiyanın vasitəçiliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə son bir ildə tərəflər arasında dəfələrlə hərbi əsirlərin dəyişdirilməsi baş tutsa da, həmin yeddi hərbçinin taleyi ilə bağlı cavab ala bilməmişik”.

Çıxışlardan sonra əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi, onların doğmalarının yanına qaytarılması işində həssaslıq göstərilməsi ilə bağlı altı dildə hazırlanan və beynəlxalq təşkilatlara ünvanlanan bəyanat oxunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video