04 Oktyabr 2011 01:10
491
Təhsil
A- A+

Əsər kimindir - professor Elşad Abdullayevin, yoxsa professor Gi Brebanın?

 

Son vaxtlar Azərbaycan mətbuatında ən çox adı hallanan Elşad Abdullayevi müxalifət qəzetləri, xüsusilə "Azadlıq" az qala, əsl azadlıq mübarizi, haqq-ədalət carçısı kimi qələmə verməyə çalışır, onun Fransadan göndərdiyi və başdan-başa şər, böhtan xarakterli sayıqlamalarına öz səhifələrində geniş yer verirlər. 30 ilin hüquq professoru, tanınmış alim kimi qələmə verilən Elşad Abdullayev əslində kimdir? Bu sualın cavabını onun rektor olduğu keçmiş Azərbaycan Beynəlxalq Universitetinin indi didərgin düşmüş tələbələrindən və onların valideynlərindən soruşmaq daha yaxşı olardı. Onlar yaxşı bilirlər ki, E.Abdullayev, əslində, oğru və fırıldaqçıdır. Yüzlərlə valideyni aldadıb böyük məbləğdə pul alaraq onların övladlarını bu ali məktəbə qəbul etmiş, həmin gəncləri, əslində, hər şeydən avara edərək bir neçə il vaxtının itirilməsinə, axırda da diplom verilmədən çölə atılmasına səbəb olmuş dəllaldır.

Bəs Elşad Abdullayevin tanınmış hüquq professoru kimi təqdim edilməsinə nə ad vermək olar? Doğrudanmı, o, alimdir, professordur? Axı alim heç olmasa müəyyən bir tədqiqat aparmalı, elmi əsər yazmalı və onun yazdıqlarından kimsə bəhrələnməlidir. Bu "görkəmli alim"in indiyədək respublikada çap olunmuş kitablarına ötəri nəzər salmaq bəs edir ki, onun alim yox, əsl elm oğrusu - plagiator olduğu dərhal üzə çıxsın.

Respublika mətbuatında Elşad Abdullayevin heç bir elmi dəyəri olmayan, başdan-başa köçürmə və məddahlıq üslubunda yazılmış cəfəng əsərləri haqqında əvvəllər də müxtəlif tənqidi məqalə və resenziyalar dərc olunmuşdur. Bunun üçün E.Abdullayevin hələ 2003-cü ildə "Ozan" nəşriyyatında çapdan çıxmış "Dövlət quruculuğu" adlı kitabı haqqında "Azərbaycan" qəzetinin həmin il fevralın 27-də dərc olunmuş "Dövlət quruculuğu nədir?" adlı tənqidi qeydləri oxumaq kifayətdir.

E.Abdullayevin bilavasitə doktorluq işi sayılan monoqrafiyasını oxuyanda isə insanı, sözün həqiqi mənasında, dəhşət bürüyür. Onun 1997-ci və 1998-ci illərdə "Qanun" nəşriyyatında tədris vəsaiti kimi çap olunmuş "Müqayisəli inzibati hüquq (Fransanın inzibati hüququ)" və dərslik kimi buraxılmış "Müqayisəli inzibati hüquq. II hissə" kitabları əsl plagiat, yəni  elmi oğurluq nümunəsi sayıla bilər. Maraqlıdır ki, bu dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 sentyabr 1998-ci il tarixli əmri ilə 612 nömrəli qriflə, Azərbaycan Beynəlxalq Universitetinin 2 iyul 1998-ci il tarixli 6 saylı qərarı ilə çap edilmişdir.

Ali məktəblərin bakalavr və magistratura pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulan bu dərslik ilk baxışda yaxşı təşəbbüs və Azərbaycan dilində hüquq ədəbiyyatının yaradılmasına töhfə kimi qiymətləndirilə bilərdi. Ancaq həmin kitablarla yaxından tanış olduqda bunun Azərbaycan elminə və təhsilinə utancdan başqa bir şey gətirmədiyi açıq-aydın görünür. Müasir dövrdə internet vasitəsilə dünyanın hər yerində çap olunan elmi ədəbiyyatı axtarıb tapmaq qətiyyən çətinlik törətmir. Bütün dünya kitabxanalarında saxlanan kitabların elektron versiyalarını tapıb oxumaq tələbələr və oxucular üçün asan bir işdir və respublikada yaradılmış müasir rabitə texnologiyaları buna tam imkan yaradır.

Elşad Abdullayevin hər iki əsərinin köçürmə olduğunu sübut etmək üçün çox uzağa getmək lazım gəlmir. Bunun üçün Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Y.A.Tixomirovun 1998-ci ildə nəşr olunmuş "Kurs administrativnoqo prava i proüessa" adlı kitabına  və hüquq elmləri doktoru professor A.N.Kozırinin ümumi redaktəsi ilə hazırlanmış və 1996-cı ildə Moskvanın "SPARK" nəşriyyatı tərəfindən çap edilmiş "Administrativnoe  pravo zarubejnıx stran"  dərsliyinə nəzər salmaq kifayətdir.

E.Abdullayev bəlkə də rəhbərlik etdiyi universitetin həqiqətən "beynəlxalq" olduğunu sübut etmək üçün 442 səhifəlik kitabının 295 səhifəsini xarici dövlətlərin inzibati hüququna həsr etmiş, özünü bu sahədə bütün dünya təcrübəsini bilən alim kimi göstərməyə çalışmışdır. Ancaq yenə də A.M.Kozırinin redaktorluğu ilə çıxan "Administrativnoe  pravo zarubejnıx stran"  kitabını tam və ya cüzi dəyişikliklərlə tərcümə edərək özünün elmi işi kimi qələmə verməkdən utanmamışdır. Ümumiyyətlə, 442 səhifəlik dissertasiyanın 357 səhifəsi, yəni 80,8 faizi rus dilindəki bu iki mənbədən köçürülmüşdür.

Maraqlı bir cəhət də diqqəti cəlb edir. Kitabın sonunda verilən ədəbiyyatda 76 kitabın, jurnal və qəzet məqaləsinin siyahısında həmin müəlliflərin əsərlərinin adı çəkilmir, siyahıda göstərilən materialların kimə məxsus olduğu bilinmir. Kitabın mətnində isə saysız-hesabsız xarici müəllifin xarici dillərdə nəşr olunmuş əsərlərinə istinad edilir və bu əsərlərin adı onların köçürüldüyü mənbələrdə olduğu kimi verilir. Belə çıxır ki, Elşad Abdullayev dünyanın bütün dillərini bilən poliqlot imiş, hətta çin dilini də bilirmiş. Xarici dillər bir yana, bizim tanınmış hüquq professoru heç olmasa əvvəlcə Azərbaycan dilində düzgün yazmağı öyrənsəydi, onda bəlkə yazıq tələbələr onun "tərcümələrindən" az da olsa bir şey öyrənə bilərdilər.

Elşad Abdullayevin ən çox istifadə etdiyi, daha doğrusu, olduğu kimi köçürdüyü kitab isə 1998-ci ildə Moskvanın "Proqress" nəşriyyatı tərəfindən hüquq elmləri namizədi D.İ.Vasilyev və V.D.Karpoviçin rus dilinə tərcümə edilmiş, hüquq elmləri doktoru S.V.Bobotovun redaktorluğu və giriş sözü ilə çap olunmuş görkəmli fransız alimi professor Gi Brebanın "Franüuzskoe administrativnoe pravo" kitabıdır. Əgər E.Abdullayev həmin əsəri əvvəlcə rus dilindən tərcümə edərək öz kitabı kimi təqdim edəndə heç olmasa mötərizədə "Fransanın inzibati hüququ" sözlərini əlavə etmişdisə, sonrakı nəşrdə bunu da lazım bilməmiş və hüquq elmində uzun illər böyük tədqiqatlar aparmış, dünya miqyasında tanınan nəzəriyyəçi alim Gi Brebanın əsərini öz adına çıxmışdır. Bu kitabın rus dilində nəşrinin Azərbaycan dilinə çox bərbad şəkildə tərcümə olunması həm tərcüməçilərin, həm də kitaba rəy verənlərin səriştəsizliyinin bariz nümunəsidir. Anlaşılmaz söz və ifadələrin bolluğu, eyni hüquq termininin bir neçə variantda və formada verilməsi, çox vaxt isə rus dilində olduğu kimi saxlanılması, son dərəcə dolaşıq və qəliz cümlələr kitabın ən adi nəşriyyat tələblərinə belə, cavab vermədiyini sübut edir. 

Bu nəşrləri bir-biri ilə müqayisə edərkən Elşad Abdullayevin hüquqşünas olmağına belə şübhə yaranır. Axı, başqasının malını oğurlamağın cinayət olduğunu bilmək üçün hüquq professoru olmaq lazım deyil, bunu hər bir şüurlu insan başa düşür və düşməlidir. Adını professor qoyub bütün dünyada tanınmış alimin əsərini həyasızcasına özününkü  kimi qələmə vermək alimə yaraşarmı? Beləsini alim adlandırmaq sadəcə, acı gülüş doğurur.

Yenə də suallar bir-birinin ardınca düzülür: Elşad Abdullayevin utanmadan öz adından çap etdirdiyi bu kitabları məgər ona rəy verən insanlar oxumayıblarmı? Bu doktorluq dissertasiyasını təsdiq edən elmi şuralarda, Ali Attestasiya Komissiyasında onu heç olmasa, vərəqləyən olubmu? Onların dünya hüquq elmindən az da olsa məlumatları olubmu? Bu sahədə hər hansı bir xarici ədəbiyyatın olduğunu güman ediblərmi? Bax, əsl narahatlıq doğuran məsələlər bunlardır. Belə bərbad şəkildə tərcümə olunmuş və əcaib, dolaşıq formada yazılmış əsərin orijinal kimi qələmə verilməsi əvəzinə həmin kitabı elə birbaşa fransız dilindən tərcümə edərək Azərbaycan oxucusuna, bakalavr və magistratura pilləsində oxuyan tələbələrə təqdim etmək olmazdımı?

Görəsən, Fransada Elşad Abdullayevin fransız alimindən necə oğurluq etdiyini bilirlərmi? Bilsəydilər, müəllif hüquqları haqqında beynəlxalq hüquq normalarına uyğun hərəkət edər, 3 il əvvəl - 2008-ci ildə dünyasını dəyişmiş böyük hüquqşünas alim Gi Brebanın əsərlərini oğurladığına görə ondan məhkəmə qarşısında cavab tələb edərdilər. Yəqin ki, onda Elşad Abdullayevin necə alim-hüquqşünas olduğu üzə çıxar və o öz sayıqlamalarına son qoyardı.

 

R.CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video