24 Iyul 2021 01:23
927
SİYASƏT
A- A+

Ermənistanın təxribatları “Dəmir Yumruğ”u yenidən hərəkətə gətirə bilər

 

Sülh sazişi bağlamaqdan yayınan məğlub ölkənin yeni avantüraları  onu tam tənəzzülə uğradacaq

 

Mənasız xəyallar girdabında çapalanan Ermənistan yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmaq istəmir.

İşğal siyasəti yeritməsinə baxmayaraq, Ermənistana indiyədək humanist yanaşma nümayiş etdirən Azərbaycan münasibətlərin normallaşması üçün səylər göstərməkdə davam etsə də, bu ölkə vəziyyəti gərginləşdirməkdə israrlıdır. Bölgədəki sülh üçün hər zaman təhdid olan Ermənistan yenə də boynuna götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq təxribatlar törətməklə məşğuldur.

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də işğaldan azad olunmuş Şuşa ətrafında ardıcıl təxribatlar törədən ermənilər vəziyyəti qəsdən gərginləşdirmək istəyir. Bununla yanaşı, rəsmi Ermənistan Azərbaycanın sülh sazişinin bağlanılması çağırışına da reaksiya vermir.

İyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdə çıxış edən Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olsaq da, onlar tərəfindən buna rəsmi reaksiya verilmir: “Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib”. Bu fikirləri ilə dövlətimizin başçısı sazişin imzalanmamasının növbəti böyük səhv ola biləcəyini Ermənistanın nəzərinə çatdırdı.

 

İtirən Ermənistan olacaq

 

Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərovun fikrincə, Ermənistan sülh sazişini gecikdirsə də, ondan imtina edə bilməz. Çünki 44 günlük müharibə nəticəsində Azərbaycan  tarixi torpaqlarına sahib duraraq onu düşmən işğalından azad etdi və 10 noyabrda Bəyanat imzalandı.

Deputatın qənaətinə görə, Ermənistan sülh sazişindən imtina edərsə, itirən o olacaq. Bu halda iqtisadiyyatı bərbad vəziyyətdə olan, ordusuz qalan Ermənistan üçün qorxulu vəziyyətin yaranacağı qaçılmazdır: “Prezident İlham Əliyev  Ermənistanla hər an sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir. Bu şərtlə ki, Ermənistandakı revanşist düşüncələr aradan qaldırılsın, iki xalq və iki dövlət arasında səmimi münasibətlər yaransın. Bu sülh sazişindən təkcə Azərbaycan və Ermənistan deyil, qonşu dövlətlər  -İran, Türkiyə, Gürcüstan, Rusiya da bəhrələnsin”.

Anar İsgəndərov hesab edir ki, Ermənistan bu sazişdən imtina edirsə, onda bu dövlətlərin də maraqları təmin olunmur. Bu maraqların təmin olunması, regionda sülhün, əmin-amanlığın yaradılması üçün sazişin imzalanmasına böyük ehtiyac var. Sülh sazişi imzalanmadan bölgənin ümumi inkişafından danışmaq mümkün deyil.

Deputat bugünkü Ermənistan ərazisinin Azərbaycanın tarixi torpaqları olmasının bütün dünyaya  bəlli olduğunu da xüsusi vurğulayır: “Tarix sübut edir ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıb. Eramızın 4-cü əsrindən sonra Ermənistan deyilən dövlət tarixdə olmayıb. Bu dövlətin növbəti yaranışı 1918-ci il mayın 28-nə təsadüf edir. Bir gün sonra isə Azərbaycanın Milli Şurası İrəvanın Ermənistana verilməsi ilə bağlı qərar qəbul edib. Bu məcburiyyətdən olan qərar idi. Ermənilər o zaman da özlərinin iç üzünü göstərdilər. Bir tərəfdən özlərini guya Azərbaycanla dostluq münasibətləri yaradacaq kimi apardılar, digər tərəfdən isə Azərbaycan torpaqlarına qarşı iddialar irəli sürdülər. Bunun nəticəsi olaraq, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Qarabağda və digər ərazilərdə azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirdilər”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev “Zəngəzur dəhlizi” ifadəsini işlədərkən bir daha dünyaya bəyan etdi ki, bugünkü Ermənistan deyilən dövlət Azərbaycan torpaqlarında yaranıb. Bunu bilmək üçün çox da uzağa getmədən görmək olar ki, əvvəlcə Azərbaycan torpaqlarrında erməni vilayəti, sonra İrəvan quberniyası, daha sonra Ararat Respublikası yaradılıb. Bu ərazidəki toponimlərin hamısının türk mənşəli olması da bu torpaqların tarixi torpaqlarımız olduğunu sübut edir.

Anar İsgəndərov deyir ki, Azərbaycan tarixçiləri də bugünkü Ermənistan torpaqlarının Azərbaycan torpaqları olduğunu faktlarla sübut ediblər: “Azərbaycan hər an öz tarixi torpaqlarına sahib olmağa hazırdır və bunun uğrunda mübarizə aparır. Ermənistan yenidən revanşist düşüncələrə üstünlük versə, faşist düşüncəsindən əl çəkməsə, yenidən öz havadarlarına üz tutsa, dövlət başçısının dediyi kimi, budəfəki “dəmir yumruq” daha ağır olacaq”.

 

Zəngəzur, Göyçə və İrəvanın geri qaytarılması gündəmə gələ bilər

 

Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlının fikrincə, Ermənistanın sülh sazişini bağlamaqdan imtina etməsi Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımaması anlamına gəlir. Bu o deməkdir ki, Ermənistan Azərbaycan ilə mehriban qonşular kimi sülh şəraitində, dinc yanaşı yaşamaqdan imtina edir. Belə bir xəttin yekunu isə Ermənistan üçün fəlakətdən başqa bir şey olmayacaq:  “Yeni müharibə qurama Ermənistan dövlətinin dünyanın siyasi xəritəsindən silinməsinə  gətirib çıxara bilər. 44 günlük müharibənin nəticəsi ermənilərə dərs olmalıdır.  Ermənistan Azərbaycanın dünya birliyi tərəfindən qəbul edilmiş ərazi bütövlüyünü və sərhədlərini tanımalıdır. Əks təqdirdə özünü dünya birliyinə də qarşı qoymuş olur. Ermənilər unutmamalıdırlar ki, onlar Cənubu Qafqazda aborigen deyil, gəlmədirlər və indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvanı da Azərbaycan onlar üçün  paytaxt olaraq verib”.

Musa Qasımlı hesab edir ki,  Ermənistanın hər hansı avantürist hərəkəti tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı, İrəvanın geri qaytarılması məsələsini gündəliyə gətirə bilər: “Bu məsələdə tarixi ədalət Azərbaycanın tərəfindədir. Tarixi ədaləti bərpa etmək üçün hüquqi, siyasi və digər mexanizmlər işə salına bilər. Ermənistan ağlını başına yığmasa, heç bir gələcəyi olmayacaq”.

 

Ermənistanın manevr imkanı yoxdur

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyir ki, Ermənistanın sülh sazişindən imtina etməsi hər şeydən əvvəl onun iddialarından əl çəkmədiyini göstərir.

Deputat bu fikirdədir ki, Ermənistan təcavüzkar dövlətdir və kənar siyasi dairələrin əlində Cənubi Qafqaz regionunda qarşıdurmalar, münaqişə ocaqları yaratmaq üçün bir alətdir. Bu, həm də onun göstəricisidir ki, Ermənistan müstəqil deyil, təkbaşna qərar verə bilmir. Əks təqdirdə, o, yaranmış vəziyyətin özü üçün də çıxış yolu olduğunu dərk edərdi: “44 günlük müharibənin ilk günlərindən ağır məğlubiyyətə uğrayan Ermənistan nəhayət görməli idi ki, həyata keçirdiyi təxribatların, işğalçılıq siyasətinin ən ağır zərbələri məhz onun özünə dəyib. Müstəqilliyi dövründə heç bir uğura imza ata bilməyən təcavüzkar Ermənistan, heç normal, müstəqil dövlət kimi də formalaşa bilməyib. Bu ölkədə demoqrafik sahədə də geriləmə müşahidə olundu. Qonşulara qarşı tarixən irəli sürdüyü əsassız iddialar ermənilər üçün böyük itki ilə nəticələnib. Təkcə 44 günlük müharibədə Azərbaycanın əks-hücum əməliyyatları nəticəsində təcavüzkar Ermənistan ordusu on min nəfərə qədər itki verdi. Azsaylı ermənilərin demoqrafik göstəricilərində bu, özünü aydın göstərəcək. Bütün bunlar bir daha sübut edir ki, ermənilərin yeganə çıxış yolu qonşularla dinc yanaşı yaşamağı öyrənmələridir”.

Elşad Mirbəşiroğlu əlavə edir ki, bunu dərk etməyən Ermənistan yenə təxribatlarını davam etdirir. Bunun nəticəsi isə onun üçün ağır ola bilər. Ermənistan sülh sazişini imzalamaqdan yayınmaqla, vəziyyətinin az da olsa düzələcəyinə ümid edir. Bu ümidi ona həm də Fransa başda olmaqla, bəzi Qərb dairələri verirlər. Əslində, bu dairələr ermənilərin vasitəsilə regionda gərginliyi saxlamaqla, orada öz mövcudluqlarını təmin etməyə çalışırlar, eyni zamanda, Ermənistanı növbəti təxribatlara sövq edirlər: ağır məğlubiyyətə uğramış Ermənistan sülh sazişini hansı şərtlər altında imzalayacağını da yaxşı bilir. Bu məğlubiyyətin daha ciddi şəkildə rəsmiləşdirilməsi təbii ki, iqtidar üçün olduqca çətindir. Ona görə də Ermənistan hakim dairələri Azərbaycanla mübarizə apardıqları görüntüsünü yaratmağa çalışırlar. Bununla gələcək ictimai qınağı az da olsa, neytrallaşdırmaq ümidindədirlər. Ən azından Paşinyan ağır siyasi depresiyadan sonra sülh müqaviləsini tez bir zamanda imzalamaqdan yayınmağa çalışacaq. Sadəcə olaraq, çalışacaq, amma heç bir nəticə əldə etməyəcək. Çünki Azərbaycan öz güc mövqeyini elə qətiyyətlə formalaşdırıb ki, proseslər yalnız ölkəmizin istəyinə və maraqlarına uyğun şəkildə cərəyan edəcək”.

Elşad Mirbəşiroğlunun qənaətinə görə, Ermənistan rəhbərliyinin heç bir manevr imkanı mövcud deyil. Digər tərəfdən də, Ermənistanın təxribatları həm də Rusiyaya qarşı yönəlib. Çünki Rusiya da regionda sülhyaratma missiyasını həyata keçirir. Ermənistanın təxribatları isə Rusiyanın bu istiqamətdə imicinə ciddi şəkildə zərbə vurur.

Politoloq hesab edir ki, bu, rəsmi Moskvanın da ciddi diqqət ayırması vacib olan məsələdir. Suverenliyimizin bütün ərazilərimiz boyunca dönməz şəkildə təmin olunması strategiyası uğurla həyata keçirilməkdədir. Təbii ki, bu, Ermənistanın daha da küncə sıxılmasını şərtləndirir. Belə olan halda çıxılmaz vəziyyətdə qalan Ermənistan müqavimət imitasiyası ilə məşğul olur. Lakin istənilən halda Ermənistan öz vəziyyətini daha da ağırlaşdırır: “Azərbaycanın tarixi ərazilərində kənar dəstək hesabına özlərinə dövlət qurmuş ermənilər bundan sonra normal şərtlər daxilində mövcud olmaq istəyirlərsə, Azərbaycana olan ərazi iddialarından əl çəkməlidirlər. Onlar artıq bir dəfə Azərbaycan torpaqlarında özlərinə dövlət yaradıblar. Prezident İlham Əliyevin dediyi kimi, biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Zəngəzur, Göyçə mahalı, İrəvan bizim tarixi torpaqlarımızdır. Bu torpaqları biz unutmuruq və ermənilərə də buna xatırlatmaqda fayda var”.

 

İlham Əliyevin qətiyyətli fikirləri Azərbaycanın  gücünün göstəricisidir

 

Ermənistan regionda yaranan yeni reallıqları qəbul etmək istəmir. Buna görə də ona ərazi iddialarının əsassız olduğunun, Azərbaycanın tarixi ədaləti bərpa edərək öz torpaqlarını işğaldan azad etdiyini, Ermənistan dövlətinin tarixi torpaqlarımızda yaradıldığının dəfələrlə xatırladılmasına ehtiyac var.

Şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı  Prezident İlham Əliyev bir daha Ermənistana mesaj göndərdi: “Bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

Prezident yenidən Ermənistana bu tarixi həqiqətləri xatırladaraq onların bu dövlətin hansı torpaqların hesabına qurduqlarını nəzərə çatdırdı, azərbaycanlıların öz tarixi torpaqlarına qayıdacağı mesajını verdi.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin  müdiri, tarix üzrə fəlsəfə doktoru, Elnur Kəlbizadə deyir ki, Prezident İlham Əliyevin Zəngəzurun, İrəvanın, Göyçənin tarixi Azərbaycan torpaqları olması ilə bağlı fikirlərini açıq şəkildə ifadə etməsi, ilk növbədə, Azərbaycan dövlətinin gücünü göstərir.

Onun sözlərinə görə, əgər Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə iddialarından hələ də əl çəkmirsə, bu mövzulardan manipulyasiya vasitəsi kimi istifadə edirsə, Azərbaycan tərəfi niyə tarixi həqiqətləri deməsin?!

Politoloq Azərbaycanın artıq regionun geosiyasi aktorlarından birinə çevrildiyini, yürütdüyü siyasətlə, əməli fəaliyyətlə ədalətsiz konfiqurasiyanı dəyişdirdiyini söyləyir. O, əlavə edir ki, iqtisadi və siyasi baxımdan sıradan bir region dövləti olmaq, ya da sadəcə Cənubi Qafqazın lider dövləti olmaqla, regional proseslərin həllinə təsir göstərən geosiyasi aktora çevrilmək fərqli məsələlərdir. Çünki indiyə qədər formalaşmış bir konfiqurasiya vardı, hər kəsin rolu bəlli idi. İndi isə Azərbaycan dövləti yürütdüyü siyasətlə, əməli fəaliyyətlə bu konfiqurasiyanı, həm də ədalətsiz konfiqurasiyanı dəyişdirir. Bu məqamda təbii ki, digər geosiyasi aktorlar birbaşa yolla təsirlər, dolayı yolla təzyiqlər göstərməyə, hansısa məsələlərdə manipulyasiyalar etməyə çalışacaqlar: “Bu, bizim əzmimizi azaltmamalıdır. Əksinə, millət olaraq bizi  daha da ruhlandırmalıdır. Çünki sıradan, formal müstəqil olan ölkələrə qarşı heç zaman belə təsirlər olmur. Cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaratması tarixi yaddaşımızın bərpası üçün çox əhəmiyyətli məsələlərdir. Prezident İlham Əliyev zamanın gərdişini və ermənilərin pis vərdişini geriyə çevirdi. Qarabağ məsələsində tarixi ədaləti bərpa etdi. Tarixdə ilk dəfə olaraq biz hansısa məsələni mübahisə predmetinə çeviririk. Həm də ermənilərdən fərqli olaraq biz özgə torpağından deyil, tarixən bizim olan ata-baba yurdlarımızdan danışırıq”.

Elnur Kəlbizadə bildirir ki, Zəngəzurun tarixi taleyi hər zaman Azərbaycan ərazisində yaranmış dövlət və imperiyalarla birbaşa bağlı olub. Zəngəzur adlanan tarixi coğrafi məkan bir vaxtlar Eldənizlərin, Ağqoyunluların, Qaraqoyunluların, Səfəvilərin, Əfşarların idarəsində olub. XVIII əsrin ortalarında bölgənin qərb hissəsinin böyük bir qismi Naxçıvan xanlığının, şərq hissəsi isə Qarabağ xanlığının tərkib hissəsi idi. Mənbələrdə bu bölgəyə aid əksini tapmış toponimlərin böyük əksəriyyəti türk dilindədir. Hətta ermənilərin Qafqaza köçürülməsindən sonra, XIX əsrin 80-90-cı illərində belə, bölgənin azərbaycanlı - müsəlman-türk əhalisi əksəriyyəti təşkil edib. Cümhuriyyət dövründə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsinin tarixi bəllidir: “Sənədlərdə yazılanları bu gün erməniləri himayə edənlər də çox gözəl bilirlər. Bu baxımdan cənab Prezident tarixi torpaqlarımızdan bəhs edərkən, azərbaycanlıların o torpaqlara qayıtmasından danışarkən həm tarixə, həm də Ermənistanın imzaladığı üçtərəfli Bəyanata - hüquqa əsaslanır. Əgər sənəddə qaçqınların öz torpaqlarına qayıtması əksini tapıbsa, deməli, həm də XX əsrin 80-90-cı illərində öz dədə-baba torpaqlarından didərgin salınmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin də hüquqları bərpa olunmalıdır”.

Təbii ki, Ermənistan yenə də atacağı addımların hansı nəticələr verəcəyini düşünməyərək yeni “nələr”sə əldə etməyə çalışır. Bir necə ay əvvəl baş verən Vətən müharibəsinin acı nəticəsindən dərs almayan Ermənistan hələ də böyük xülyalar içindədir. Lakin Ermənistan unudur ki, onların “məğlubedilməzlik” mifini darmadağın edən Azərbaycan hər bir vəziyyətə, hətta müharibəyə belə  hazırdır və o,  bu müharibədən zəfər bayrağını dalğalandırmaqla qalib kimi çıxacaq.

Bu dəfə Ermənistana güzəşt olacaqmı?!  Bax bunu artıq Ermənistan düşünməlidir. Və dərk etməlidir ki, daha da acınacaqlı duruma düşməməkdən ötrü onun Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa yolu yoxdur. O, sülh sazişinin bağlanılması təklifini qəbul etməlidir, əks halda, bunun nəticələrinə də hazır olmalıdır.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video