19:33 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistanda seçkiöncəsi gərginlik artır

ANA SƏHİFƏ / SİYASƏT
00:12 11.04.2021

 

Qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ermənistanda gərginliyin artması müşahidə edilir. Belə ki, müxalifət hakimiyyətə qarşı etiraz aksiyalarını daha da intensivləşdirmək istəyir.

İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərinin yaxınları isə yenidən ayağa qalxıblar. Onların bu günlərdə Müdafiə Nazirliyinin binası qarşısında keçirdikləri aksiyadan müxaliflər öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Lakin ötən ayların reallığı göstərir ki, müxalifətin Paşinyanı devirmək üçün imkanları yoxdur.  Elə bu səbəbdən də müxalifət ölkə xaricində dəstək axtarır. Maraqlıdır ki, Paşinyan da bu məqsədlə xaricə daha çox üz tutmağa başlayıb. Onların son dövrlərdə Rusiya ilə artan təmasları bunun təsdiqi hesab edilə bilər. Həm hakimiyyət, həm müxalifət indi daha çox Rusiyanın, buradakı erməni diasporunun dəstəyini almağa çalışır.

Paşinyanın Rusiyaya son səfəri də ekspertlərin fikrincə, daha çox buna hesablanıb. Rus hərbi ekspert İqor Korotçenko  deyir ki, Yerevan və buradakı siyasi qüvvələr, o cümlədən də Paşinyan Kremldən çox asılıdır: “Təsadüfi deyil ki, Paşinyan Kremldəki danışıqlarda özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır. Ondan soruşmaq istərdim: “İşləməyə çalışmısınız?”

Ekspert ermənilərin işləmək istəklərinin olmadığını da bildirib: “Boş-bekarlar kütləsi Yerevanda dolaşır, mitinqlər keçirir, işləmək istəmirlər. Rusiya isə onlara subsidiya, güzəştli kreditlər verməlidir, silah tədarük etməlidir, onların təhlükəsizliyini təmin etməlidir. Bəlkə, onlara sadəcə rus general-qubernatoru lazımdır?”

Amma Rusiyanı daha çox maraqlandıran Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanatların müddəalarının icrasıdır. Təsadüfi deyil ki, Paşinyanla görüş zamanı Putin Azərbaycan, Rusiya, Ermənistan liderlərinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının həyata keçirilməsinin gedişinə xüsusi toxunub. Putin Ermənistanın inkişafı üçün bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq.

Ermənistanın Respublika Partiyası sədrinin müavini Armen Aşotyan isə bildirir ki, Nikol Paşinyan artıq ölkəni təmsil edə bilmir. O, Paşinyanın Putin qarşısında özünü daha çox itirməsinin də bunun sübutu olduğunu qeyd edir: “Moskva görüşü ilə bağlı videoda aydın görünür ki, Nikol Paşinyan strateji müttəfiqlə münasibətlər çərçivəsində hərbi-texniki və ümumiyyətlə, ikitərəfli hərbi formatın dəqiq adlarını xatırlamır, bilmir və hətta təsəvvür etmir. İclasın ilk kadrlarından bir daha aydın olur ki, bütün erməni xalqının adına utanc gətirən bu cahil və səliqəsiz avara hələ də Ermənistanı və erməni xalqını təmsil edir. Özünün

4 dəqiqə 37 saniyəlik giriş nitqində bu cılız 10 dəfə şparqalkasına baxmağı bacardı. Tam 10 dəfə”.

Sabiq prezident  Robert Koçaryan da ölkə xaricində dəstək axtarır. Tanınmış rusiyalı politoloq Aleksey Fenenko bildirir ki,  Koçaryanın Ermənistan daxilində dəstəyi yoxdur: “Robert Koçaryan nə olursa-olsun, artıq siyasətdən getmiş sayılır. Adətən ayrıldıqdan sonra qayıtmaq son dərəcə çətin olur. Üstəlik, Robert Koçaryan müxalifətin digər lideri Vazgen Manukyandan daha mülayimdir. Erməni radikalları isə hakimiyyətdə aqressiv siyasətçi istəyirlər. Koçaryanın problemi onun radikallar üçün həddindən artıq mülayim, qərblilər üçün ruspərəst, ruspərəst seçicilər üçün isə çox qərbpərəst sayılmasıdır. Bu, onun əsas problemidir. Onun Ermənistanda heç bir elektoral dəstəyi yoxdur. Biz bir fiquru da unuduruq, halbuki o siyasi ssenaridə çox vacibdir. Söhbət Ermənistan prezidenti Armen Sarkisyandan gedir. O,  Nikol Paşinyana qarşı oyuna başlayarsa, nəticə Ermənistanın hazırkı baş naziri üçün çox əlverişli olmaya bilər. Vazgen Manukyanın elektoratına gəldikdə, bu, küçə və aqressiv şəhər marginalıdır. Onlar müharibənin nə olduğunu yaxşı anlamırlar, amma böyük məmnuniyyətlə “Müharibə tələb edirik!”, - deyə qışqırmağa hazırdırlar. Manukyan da məhz onlara oynayır. Ermənistan siyasətinin xüsusiyyətləri ilə bağlı vacib bir məqam da əlavə etmək istərdim. “Qarabağ klanı”nın tam dağılması və parçalanması baş verdi. Əvvəllər bu klan əhəmiyyətli bir qüvvə idi, ancaq keçən payız hadisələrindən sonra onun kiçik qruplara parçalandığını görürük. “Qarabağlılar” heç bir konsolidasiya edilmiş namizəd irəli sürə bilmirlər və bu, Paşinyanın xeyrinədir”.

Bu vəziyyətdə hesab edilir ki, kənar müdaxilə olmasa, Ermənistanda yenidən Paşinyan hakimiyyət başında qalacaq. Amma onun da erməni xalqının tələblərini yerinə yetirməsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması olduqca mühümdür.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM