11 Yanvar 2012 12:01
354
SİYASƏT
A- A+

Ermənistanda demoqrafik böhran genişlənir

 

Ölkədə yaranan ağır durum cəmiyyətdə siyasi apatiyaya da yol açır

 

Ermənistan cəmiyyəti üçün əsas xarakterik xüsusiyyətlərdən birinə çevrilən demoqrafiya problemi artıq özünün fəlakət həddinə çatır. Erməni sosioloqlar isə diqqəti ona yönəldirlər ki, ölkədə qalan əhalinin də ilk fürsətdə Ermənistanı tərk etməyə hazırlaşması vəziyyətin kritik həddi keçməsinin real təzahürüdür. Aparılan sosioloji sorğular da ölkənin gələcəyi baxımından müsbət heç nə vəd etmir. Digər tərəfdən belə sorğular bir daha təsdiq edir ki, Ermənistanda əhalinin böyük əksəriyyəti öz gələcəyini bu ölkədə görmür.

Amerikanın "Gallup" Tədqiqat İnstitutunun apardığı son sosioloji sorğudan belə aydın olur ki, Ermənistan əhalisinin 30 faizi ölkəni tərk etmək istəyir. Bundan başqa, diqqət ona çəkilir ki, ölkədə doğum sayı da kəskin azalıb. Belə ki, əgər 20 il əvvəl ölkədə 80 min uşaq doğulurdusa, indi bu rəqəm 40 minə enib.

Əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşmasının səbəblərindən biri də pul gəlirlərinin aşağı düşməsi ilə bağlıdır. Tədqiqatlar göstərir ki, əvvəllər Rusiya, ABŞ və digər ölkələrə köçənlər qohumlarına pul göndərirdilərsə, indi bu yardımlar xeyli azalıb. Ermənistan Sosioloji Assosiasiyasının sədri Gevorq Paqosyanın da erməni gəncləri arasında keçirilmiş sorğunun nəticələri barədə verdiyi məlumat vəziyyətin həqiqətən də böhran həddini keçdiyini göstərir. Sorğu 15-25 yaşları olan gənclər arasında keçirilib və bütün Ermənistanı əhatə edir. Gevorq Paqosyan gənclərin 25,9 faizinin ailə qurmaq niyyətində olmadığını, 45,1 faizinin isə ailə qurmaq istəsə də, uşaqlarının olmasını istəmədiyini, ya da yalnız bir övlad istədiyini diqqətə çatdırıb. Sorğuların nəticələrinə əsasən, gənclərin 37,4 faizi ölkəni tərk etmək niyyətindədir. G.Paqosyan qeyd edib ki, onlar Ermənistanda öz gələcəklərini görmədiklərinə görə xarici dövlətlərə üz tuturlar. İşsizlik və yaxud aşağı əməkhaqqı erməni gənclərinin ölkəni tərk etməsini stimullaşdıran əsas faktorlardan biri kimi çıxış edir. Problemi daha da kəskinləşdirən əsas cəhətlərdən biri isə odur ki, xarici dövlətdə yaşayan hər bir erməni gənci qohumlarının və dostlarının da orada məskunlaşmasına kömək göstərir. Bu isə Ermənistanın daha sürətlə boşalmasına yol açır.

Tədqiqatlar göstərir ki,  Ermənistan formal xarakterli müstəqilliyini əldə etdikdən sonra keçən 20 ildə ölkədən ən azı 1,5 milyondan artıq vətəndaş xaricə köçüb. Elə bu səbəbdən də sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda demoqrafiya məsələsi ölkənin bir nömrəli probleminə çevrilib. Yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Ermənistan hökuməti bütün bu narahatlıqları rədd etsə də, cəmiyyət və ayrı-ayrı qurumlar mövcud durumdan ciddi təşviş keçirirlər.

Miqrasiyanın geniş vüsət almasına təsir göstərən və ən əsas amillərdən biri kimi dəyərləndirilən işsizlik problemi də dərinləşməkdə davam edir. Rəsmi məlumatlara görə, Ermənistanda işsizlik faizi aşağı göstərilsə də, müstəqil ekspertlər, beynəlxalq qurumlar bunun reallıqdan çox uzaq olduğunu bəyan edirlər. Qeyd edilir ki, işsizlik müavinətləri çox aşağı olduğundan, əksər işsizlər qeydiyyatdan keçmirlər. Hesab olunur ki, Ermənistanda qalan əməkqabiliyyətli insanların yarıya qədəri işsizdir. Sözügedən kontekstdə erməni mediası belə bir maraqlı məqama da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir. O da vurğulanır ki, ölkəni tərk edən fəal işçi qüvvələrinin sayı yüz minlərlədir və onların iqtisadi fəaliyyətinin Ermənistana heç bir aidiyyəti yoxdur.

"Daşnaksütyun" partiyasının təmsilçisi Ruzan Arakelyan isə miqrasiya probleminin siyasi çalarlarının olduğunu diqqətə çatdırır. Onun sözlərinə görə, bu gün ölkə vətəndaşlarının  bütün siyasi qüvvələrə və seçkilərə total etimadsızlığı mövcuddur: "Ermənistandakı situasiya miqrasiyaya səbəb olan və nəticədə demoqrafik problemlər yaradan acınacaqlı sosial-iqtisadi vəziyyət və işsizliyin yüksək səviyyəsi ilə daha da şiddətlənib. Ermənistanda demoqrafiya problemi o qədər ciddidir ki, artıq milli təhlükəsizlik məsələsinə çevrilib". O, cari ilin mayında keçiriləcək parlament seçkilərində gözlənildiyindən də az sayda insanın iştirak edəcəyinin proqnozlaşdırıldığını bildirib, bunu isə həm miqrasiya səbəbindən əhalinin azalması, həm də seçkilərə heç bir inamın qalmaması ilə izah edib.

Xatırladaq  ki, Ermənistanda əhalinin siyahıyaalınması prosesi davam etməkdədir. Ümid edilir ki, müstəqilliyin əldə edilməsindən bəri ikinci dəfə aparılan siyahıyaalınma nəticəsində hazırda mübahisəli olan əhalinin sayı məsələsinə aydınlıq gətiriləcək. Bu məsələ xüsusilə də seçkilər əsnasında ziddiyyətlər yaradır. Müxalifət iqtidarı ölkədə yaşamayan və seçkilərdə iştirak etməmiş vətəndaşların seçki siyahılarına alınmasında və "ölü canlar" hesabına iqtidar namizədinin lehinə səs verənlərin sayının süni şəkildə artırılmasında günahlandırır. Lakin əhalinin həqiqi sayı 2012-ci ilin may ayında nəzərdə tutulan parlament seçkilərindən sonra məlum olacaq.

Ermənistan Regional Araşdırmalar Mərkəzinin sədri Riçard Kirakosyan bildirir ki, əhalinin siyahıyaalınmasına baxmayaraq, hakimiyyət yenə də ölkədə olmayan şəxslər və inzibati resurslar hesabına seçkiləri saxtalaşdıracaq: "Elə bu saxtarkalıqlar hesabına yenə hakim Respublikaçılar Partiyası parlament seçkilərində qələbə çalacaq, mandatını uzadacaq və "legitimliyini" genişləndirəcək. Bu həm də siyasi apatiyanın nəticəsidir. Ermənistanda siyasi apatiya şəxsi problemlərlə əlaqədardır. Burada insanlar dəyişikliyin asta tempindən gileylidirlər.  Onlar demokratiyanın çatışmazlığından narazıdırlar.  Ermənistanda insanların gəlirləri arasında böyük fərqlər var ki, bu da çoxlarını qəzəbləndirir və iyrəndirir.  Ermənistanda siyasət seçkili yox, təyinatlıdır.  Sadə erməninin seçimi çox deyil.  Amma indi universitetlərdən yeni nəsillər çıxmaqdadır.  Onlar artıq yetkinlik həddinə çatırlar.  Onlar valideynləri kimi siyasəti olduğu kimi qəbul etmək fikrində deyillər.  2008-ci il seçkilərində baş qaldıran zorakılıqlardan sonra çoxu artıq geriyə yol görmür. Lakin hakimiyyət repressiv metodlar hesabına da yeni nəsli, belə demək mümkünsə, məhv edir".

Riçard Kirakosyan vurğulayır ki, bu səbəbdən də Ermənistanın əhalisi sürətlə azalır, ölkə nəhəng demoqrafik problemlərlə üzləşir: "Bu, həqiqətən də böyük problemdir.  Ermənistanın təhlükəsizliyinə ən böyük təhdidlərdən biri miqrasiyadır.  1990-cı illərdə bizdə beyin axını baş verdi.  Ən qabiliyyətli, ən bacarıqlı adamlar Ermənistanı tərk etdilər.  Kim ölkədən çıxa bilirdisə, çıxırdı.  Etirazçılar küçələrə yox, xaricə axışırdılar.  Ölkədən kənara miqrasiya həm də iqtisadi imkansızlıqla bağlıdır. Təəssüf ki, bu gün də proses davam edir və əsas etibarilə gənclər xaricə üz tuturlar".

Bununla yanaşı, politoloq hesab edir ki, il ərzində istər hakimiyyət eşalonunda, istərsə də müxalifətdə siyasi qüvvələr və partiyalar arasında proqram xarakterli mübarizə olmaması özünü qabarıq şəkildə göstərib və bu vətəndaşların etiraz əlaməti olaraq kütləvi surətdə seçkilərdə iştirakdan imtinaya yuvarlanmasına səbəb olub: "Əgər siyasi qüvvələr yaxın müddət ərzində strategiyalarına yenidən baxmasalar, vətəndaşların seçkiyə marağı heç qalmayacaq və onlar tamamilə nihilist əhval-ruhiyyədə olacaqlar. Bu, çox ciddi problemdir".

Bütün bunlar Ermənistanda yaşanan demoqrafik problemlər fonunda siyasi apatiyanın da dərinləşdiyini aydın büruzə verir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video