09 Iyun 2021 01:20
655
SİYASƏT
A- A+

Erməni faşizmi - terror və riyakarlıq onların siyasətidir

 

Vaxtilə işğalçını öz adı ilə çağırmayan beynəlxalq birlik indi də onun insanlıq əleyhinə cinayətlərinə göz yumur

 

“Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır... Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir. İnsanlığa qarşı törədilmiş cinayət bunu bir daha göstərir”.

İkinci Qarabağ müharibəsindəki şanlı zəfərimizdən sonra işğaldan azad edilən ərazilərimizə gedərək erməni vandalizminə şahidlik edən Prezident İlham Əliyev mənfur düşmənin bu əməllərini belə qiymətləndirmişdi.

Bu gün də Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı cinayəti və terror əməli davam edir. İkinci Qarabağ müharibəsində məğlub olaraq Azərbaycan qarşısında diz çökən Ermənistan imza atdığı kapituliyasiya aktının müddəalarında göstərilənləri icra etmək əvəzinə yenə də çirkin, məkrli oyunlar oynayır.

İşğaldan azad olunmuş ərazilərimizdə Ermənistan silahlı birləşmələri tərəfindən basdırılmış minaların xəritəsinin verilməsi barədə təkidli tələblərə baxmayaraq, məğlub ölkə bundan israrla boyun qaçırır, müraciətlərə məhəl qoymur. Bunun da nəticəsində Ermənistan tərəfindən basdırılmış minalar mülki əhalinin, hərbçilərin həlak olmasına, yaralanmasına səbəb olur. Bax, əsl faşist ideologiyası budur.

 

Sülh və sabitliyə qarşı məqsədyönlü cinayət

 

Növbəti faciəvi hadisə iyunun 4-də baş verdi və bu dəfə erməni təxribatının qurbanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlər - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayonunun Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyev oldu.

Bu hadisə Ermənistanın məqsədyönlü cinayətlərinin, qəsdlə törədilmiş terror aktının daha bir acı nəticəsidir. Bu cür terror hərəkətlər açıq-aşkar göstərir ki, Ermənistan bölgədə sülhün və sabitliyin yaranmasına davamlı olaraq maneçilik törədir. Bu, dinc insanların həyatına qəsd olmaqla yanaşı, bütün insanlığa qarşı törədilən açıq-aşkar terror aktıdır.

Son günlərdə bu ölkənin silahlı birləşmələrinin kəşfiyyat-diversiya dəstələri Ermənistan-Azərbaycan dövlət sərhədində, o cümlədən Kəlbəcər rayonu istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstərirlər. İlkin ehtimala görə, jurnalistlər həmin diversantlar tərəfindən basdırılmış minaya düşüblər. Baş verənlər Ermənistan tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdlərinin faciəvi nəticəsinə daha bir sübutdur.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində hadisə ilə bağlı etdiyi paylaşımda da qeyd edilir ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçıları tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub.

Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və ölkəmizə qarşı terror siyasəti həyata keçirməyə davam edir: “Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir! Azərbaycan xalqı müzəffər xalqdır! Onun iradəsini sındırmaq və onu qorxutmaq qeyri-mümkündür!”

 

Beynəlxalq ictimaiyyət başsağlığı verməklə kifayətlənməməli, Ermənistana təzyiq göstərməlidir

 

Əlbəttə ki, Ermənistanın israrla davam etdirdiyi mina terroru regionda qarşılıqlı etimada və sülh prosesinə təhdiddir. Digər tərəfdən beynəlxalq hüquqa və konvensiyalara görə, dinc əhaliyə təhlükə yaradan minalaşdırma hərbi cinayət sayılır. Jurnalistin istər müharibənin qızğın yerində, istərsə də ki, arxa cəbhədə işi dinc fəaliyyət olaraq dəyərləndirilir. Ona görə də belə bir hüququ təsbit edən beynəlxalq təşkilatlar bu hadisə ilə bağlı quru bəyanatla deyil, real addımlarla, səmimi mövqe ilə münasibət bildirməlidirlər.

BMT-nin aidiyyəti qurumları Azərbaycan ərazilərində qanunsuz olaraq basdırılmış minaların təmizlənməsi üçün böyük səylər göstərməli, minalı sahələrin xəritələrinin Ermənistandan alınmasını təmin etməlidirlər. Otuz il işğal altında saxlanılan Azərbaycan torpaqlarının təhlükəsiz qaydada minalardan təmizlənməsinə yardım göstərmək beynəlxalq birliyin mənəvi borcu, hüquqi öhdəliyidir.

Hadisəyə münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev vurğulayıb ki, faciə ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciət olunub, bu vəhşilik dünya ictimaiyyəti tərəfindən qınanmalıdır: “Hərbi əməliyyatlar zamanı jurnalistlərin təhlükəsizliyinin qorunması ilə əlaqədar xüsusi fəaliyyət proqramı var. Biz bütün bunların müqabilində beynəlxalq ictimaiyyətdən sadəcə, başsağlığı mesajları verilməsini gözləmirik, konkret bu hal və bunun günahkarı olan Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasət pislənməlidir”. Hikmət Hacıyev bu prosesi, minaların basdırılma əməliyyatlarını Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasət kimi qiymətləndirib.

Əlavə edək ki, Azərbaycan son vaxtlar artmaqda olan mina təhlükəsi ilə bağlı həyəcan təbili çalaraq beynəlxalq aləmə edilən müraciətlərin, çağırışların miqyasını daha da genişləndirib və məsələnin həllinin təxirə salınmadan vacib olduğunu dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırıb. Ölkə ictimaiyyətinin tələbində, eləcə də ictimai-siyasi təşkilatların yaydıqları bəyanatlarda da bildirilir ki, bu cür əməllərə son qoyulması və beynəlxalq təşkilatların, xarici dövlətlərin Ermənistana təsir göstərmələri mütləqdir. Əgər lazımi təzyiq və təsir etmirlərsə, susqunluq göstərirlərsə, bu da Ermənistanın cinayətinə şərik olmaq deməkdir. Belə olarsa, Azərbaycan lazımi addımlar atmaqda, düşməni susdurmaqda tam sərbəstdir və baş verə biləcək hadisələrə görə məsuliyyət Ermənistanın üzərinə düşəcəkdir.

Nəhayət, dünya ictimaiyyəti görməli və anlamalıdır ki, minalanmış ərazilər problemi təkcə öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üçün deyil, ümumilikdə region üçün bitib-tükənməyən faciələrin mənbəyidir. Buna görə də bölgədə sülh, əmin-amanlıq, təhlükəsizlik istəyən, iqtisadi əlaqələrin genişlənməsində maraqlı olan bütün dövlətlər Ermənistanın sərhəd tanımayan müharibə cinayətlərinə sərt mövqe nümayiş etdirməlidirlər.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video