23 Sentyabr 2021 00:44
823
İQTİSADİYYAT
A- A+

“Equinor” Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirmək niyyətindədir

 

Bunu şirkətin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri də vurğulayıb

 

Norveçin enerji şirkəti “Equinor”un Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub. Stiq Otland (Stig Aatland) öz yeni vəzifəsinin icrasına bu ilin sentyabr ayından etibarən “Equinor”un Bakıdakı ofisində başlayacaq. Stiq bu vəzifədə şirkətin Azərbaycandakı fəaliyyətinə 2017-ci ildən rəhbərlik edən Favad Quraişini əvəz edəcək.

Xatırladaq ki, “Equinor” neft-qaz və ixrac layihələrində etibarlı və ən iri tərəfdaşlarımızdandır. 2018-ci ilədək “Statoil” adlanan “Equinor” Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (7,27 faiz) və Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin (8,71 faiz) iştirakçısıdır.

2018-ci ilin may ayında SOCAR və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi və “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında saziş imzalamışlar. Sazişlərə əsasən, şirkətlər bərabər paya malikdir.

Bir sözlə, “Equinor”la əməkdaşlıq və tərəfdaşlığımız uğurla davam edir. Şirkətin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunmuş Stiq Otland bu əməkdaşlığın daha da dərinləşəcəyini vurğulayıb.

Qeyd edək ki, Stiq Otland neft və qaz sənayesində 15 ildən artıq peşəkar iş təcrübəsinə malikdir. O, 2006-cı ildən “Equinor” şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışır. Yeni təyinatına başlamazdan əvvəl Stiq Qlobal Kəşfiyyat və Qazma İşləri üzrə vitse-prezident, Norveç kontinental şelfində üçüncü ən böyük neft yatağı olan “Yohan Sverdrup” layihəsində qazma və quyular üzrə vitse-prezident, “Stavanger” mobil qazma qurğuları üzrə vitse-prezident və “Equinor”un Norveç kontinental şelfində bütün mobil qazma qurğuların əməliyyatları üzrə rəhbər vəzifələrində işləyib. Hazırda o, həmçinin Beynəlxalq Kəşfiyyat və Hasilat üzrə vitse-prezident vəzifəsini tutur.

“Əsrin müqaviləsi”nin 27-ci ildönümü ərəfəsində “Equinor”un Azərbaycan üzrə rəhbəri təyin olunan Stiq Otland demişdir: “Equinor”un Azərbaycan üzrə rəhbəri vəzifəsinə təyin olunduğum üçün çox məmnunam. “Equinor” şirkəti Azərbaycanda 30 ilə yaxındır ki, fəaliyyət göstərir, bu bizim ən böyük və ən uzunmüddətli beynəlxalq öhdəliklərimizdən biridir. AÇG və BTC layihələrinin hələ ilk günlərindən iştirakçısı olmağımızdan qürur duyuruq. 1994-cü ildən bəri AÇG layihəsindəki tərəfdaşlarımızla birlikdə möhtəşəm nailiyyətlər əldə etmişik və bundan sonra da Azərbaycana olan möhkəm bağlılığımızı göstərməkdə davam edəcəyik. Hazırda AÇG yatağındakı mövqeyimizlə yanaşı, Xəzər dənizinin Azərbaycana aid sektorunda yeni imkanları dəyərləndiririk və SOCAR-la olan əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik”.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video