18 Mart 2012 02:03
390
Mədəniyyət
A- A+

Elmə və təhsilə həsr edilmiş ömür

 

Həyatını bütünlüklə elmə və təhsilə həsr edən, əməkdar elm xadimi, professor Akif  Ələkbər oğlu Quliyevin 70 yaşı tamamlanır. 1942-ci il mart ayının 20-də Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə şəhərində 4 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olaraq 1961-ci ilədək orada oxumuş, sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsində davam etdirmişdir. Hələ tələbəlik illərində özünü bacarıqlı gənc kimi göstərən Akif Quliyev təkcə oxuduğu fakültənin yox, universitetin də elmi və ictimai həyatında fəal iştirak etmişdir. Bu xüsusiyyətlərini nəzərə alaraq universitet rəhbərliyi V kursda oxuyanda onu  biologiya fakültəsinin Bitki fiziologiyası kafedrasına laborant vəzifəsinə işə götürmüşdür.

Akif Quliyev 1964-cü ildə BDU-da təhsilini başa vurandan sonra fakültə elmi şurasının zəmanəti ilə aspiranturaya daxil olmuş, 1966-cı ildə elmi-tədqiqat işlərini yerinə yetirmək üçün Avropanın aparıcı universiteti olan Karlov Universitetinə göndərilmiş, dissertasiya işini yekunlaşdıraraq 1967-ci ilin sonlarında Bakıya qayıtmış, Bitki fiziologiyası kafedrasına assistent vəzifəsinə təyin edilmiş, 1968-ci ilin fevral ayında namizədlik dissertasiyası müdafiə etmişdir.

A.Quliyev 1968-ci ildə biologiya fakültəsinin dekan müavini  vəzifəsinə  təyin olunmuş və 1973-cü ilə qədər bu vəzifədə çalışmışdır. Bitki fiziologiyası kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirən A.Quliyev burada assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Bu müddət ərzində Akif Quliyev çalışdığı Bitki fiziologiyası kafedrasında biokimya yönümlü problem laboratoriyası yaratmış və bu laboratoriyaya bir qrup istedadlı gənci cəlb etmişdir. Onlar alimin 1972-ci ildə yaratdığı Biokimya kafedrasının özəyini təşkil etmişlər. Akif müəllim Biokimya kafedrasının müdiri seçiləndə  30 yaşı vardı. O vaxtdan da bu kafedraya rəhbərlik edir. Yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin rəhbərliyi onu 1969-1970-ci illər ərzində universitetdə Tələbə Qəbulu Komissiyasının məsul katibi vəzifəsinə təyin etmişlər. Akif Quliyev bu dövrdə tələbə qəbulu imtahanlarının daha obyektiv  aparılması üçün böyük səy göstərərək ona göstərilən etimadı yüksək səviyyədə doğrultmuşdur.

Akif Quliyev Biokimya kafedrasının istər maddi-texniki bazasının genişləndirilməsi, istərsə də elmi-pedaqoji kadrların ixtisaslara yiyələnmələri istiqamətində çox iş görmüşdür. Kafedranın elmi tədris laboratoriyalarına müasir avadanlıqlar alınmış və laboratoriya məşğələlərinin, kafedrada həyata keçirilən elmi-tədqiqat işlərinin keyfiyyətinin zamanın tələbləri ilə uyğunlaşdırılmasını təmin etmişdir. Rusiyanın aparıcı elmi mərkəzləri ilə, o cümlədən REA-nın A.Bax adına Biokimya İnstitutu ilə, Moskva Dövlət Universiteti, Çexiya Respublikasının Karlov Universiteti ilə əlaqələr qurmuş,  kafedranın gənc əməkdaşlarının həmin elm ocaqlarına ezam olunmalarına, onların tədqiqatçı alim və bacarıqlı pedaqoq kimi formalaşmalarına hər cür şərait yaratmışdır. 

1988-ci ildə biologiya fakültəsinə dekan vəzifəsinə seçilən Akif Quliyevin yüksək təşkilatçılıq qabiliyyəti daha çox öz bəhrəsini vermiş və burada dərin islahatlar həyata keçirilmişdir. 1989-cu ildə respublikada ilk dəfə olaraq biologiya fakültəsinin nəzdində tibbi biologiya ixtisası yaradılmışdır. Bu işlərin məntiqi nəticəsi kimi 1990-cı ildə o, Bakı Dövlət Universitetinin I prorektoru vəzifəsinə təyin edilmişdir. 1992-ci ilə qədər bu vəzifədə çalışan Akif Quliyev həmin dövrdə 8 ay universitetin rektoru vəzifəsini də icra etmişdir. Onun təşəbbüsü və iştirakı ilə həmin dövrdə BDU-da Sosial elmlər və psixologiya, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq, ilahiyyat fakültələri yaradılmışdır.

1989-cu ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib biologiya elmləri doktoru adına layiq görülən Akif müəllim 1990-cı ildən professordur.

A.Quliyev 200-ə qədər elmi əsərin, 5 dərsliyin, monoqrafiyanın və 3 müəlliflik şəhadətnaməsinin (patent) müəllifidir. Onun məqalələri Almaniya, Fransa, Cənubi Afrika Respublikası, Çexiya, Bolqarıstan, Misir Ərəb Respublikası, Rusiya, Ukrayna, Gürcüstan və s. kimi ölkələrin məşhur A, B və C kateqoriyalı jurnallarında çap olunmuşdur. O, Polşa, Macarıstan, Çexiya, Almaniya, Fransa, Belçika kimi dövlətlərdə elmi ezamiyyətlərdə olmuş və müasir biokimya və biotexnologiya elmlərinin aktual problemləri ilə bağlı maraqlı elmi məruzələrlə çıxış etmişdir.

Alimin rəhbərliyi altında 1 doktorluq və 11 namizədlik dissertasiyası müdafiə edilmişdir. Onun yetirmələri arasında Almaniya, Suriya və Misir Ərəb Respublikasının vətəndaşları da olmuşdur. Hazırda o, 1 doktorluq və 3 namizədlik dissertasiyalarına rəhbərlik edir. Aspirantlardan biri İran İslam Respublikasının, digəri Misir Ərəb Respublikasının vətəndaşıdır.

Respublikada meyvələrin yetişməsi və saxlanılmasının  biokimya və fiziologiyası sahələrində yeni istiqamətin yaradıcısı olan professor A.Quliyev ilk dəfə olaraq etilenprodusentlərlə işlənmiş meyvələrin yetişməsinin tənzimlənməsinin fizioloji və biokimyəvi mexanizmlərini şərh etmişdir. Sintetik etilenprodusentlərdən biri - hidrel əməkdaşlarla birlikdə bilavasitə onun iştirakı ilə sintez olunmuşdur. İş prosesində onun tərəfindən müxtəlif metabolik yolların qarşılıqlı əlaqələrinin elmi əsaslandırılmış sxemi təklif olunmuşdur. Bu metabolik yollar meyvələrin yetişməsinin genetik proqramının həyata keçməsində və hormonal tənzimlənməsində iştirak edir.

O, rəhbərlik etdiyi kafedrada daha bir elmi istiqamətin əsasını qoymuşdur. Belə ki, ənənəvi turş süd məhsullarından antimikrob təbiətli təbii qida qoruyucuları (bakteriosin) sintez edən süd turşusu bakteriyalarının izolə edilməsi və onların tətbiqi perspektivlərinin araşdırılması məhz Biokimya və biotexnologiya kafedrasında həyata keçirilir. Bu sahədə aparılan elmi-tədqiqat işlərinin ən müasir səviyyədə yerinə yetirilməsi üçün A.Quliyev Fransanın məşhur Milli Aqronomik Araşdırmalar Mərkəzinin aparıcı laboratoriyaları ilə əməkdaşlıq edərək son ildə kafedranın müəllimlərini, aspirant və gənc tədqiqatçılarını adıçəkilən laboratoriyalara ezamiyyətə göndərmiş və uğurlu nəticələr əldə etmişdir. Dünyanın öncül elmi mətbu orqanlarında bu tədqiqatlarla bağlı 40-a qədər məqalə nəşr etdirilmişdir.

Biokimya və biotexnologiya kafedrası TEMPUS xətti ilə 2003-2005-ci illərdə Londonun Vestminster Universiteti ilə birlikdə İmmunologiya üzrə qrantın, 2006-2008-ci illərdə "Ekologiya üzrə magistrlərin hazırlanması",  2007-2010-cu illərdə isə NATO-nun "Elm sülhün keşiyində", 2010-cu ildən hal-hazıradək TEMPUS proqramı üzrə "Cənubi Qafqazda tibbi molekulyar biologiya sahəsində distant və elektron təhsilin inkişaf etdirilməsi" adlı qrant layihələrinin iştirakçısı, professorun özü isə bu layihələrin koordinatoru olmuşdur. Bu layihələr xarici universitetlərdə kafedranın magistr və müəllim kadrlarının təkmilləşdirilməsinə imkan yaratmışdır. 

A.Quliyev 2010-cu ildə yenidən biologiya faküləsinin dekanı seçiləndən sonra fakültədə yeni cərrahiyyə laboratoriyası yaratmış, Bitki fiziologiyası, Biokimya və biotexnologiya, Mikrobiologiya, Genetika və təkamül təlimi, Biofizika kafedralarının müasir avadanlıqlarla təmininə nail olmuşdur. Bundan başqa, Tempus proqramının və universitetin birgə maliyyə dəstəyi sayəsində Biokimya və biotexnologiya kafedrasının nəzdində ən müasir avadanlıqlarla təchiz edilmiş, İmmunologiya laboratoriyası da yaradılmışdır. Fakültənin nəzdində fəaliyyət göstərən iki laboratoriyanı birləşdirib onların bazasında Biotexnologiya Mərkəzinin yaradılmasına nail olmuşdur.

Professor A.Quliyev 1990-cı ildən Ümumdünya Sülhü Müdafiə Komitəsi Azərbaycan bölməsinin də sədr müavinidir. Bu fəaliyyəti dövründə professor A.Quliyev Azərbaycanın nümayəndə heyəti tərkibində Yaponiyada və Çində müvafiq toplantılarda görüşlər keçirmiş,  Nyu-Yorkda adıçəkilən komitənin xətti ilə BMT-nin iclasında iştirak etmişdir.

Akif Quliyev 2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülmüş, 2009-cu ildə ona əməkdar elm xadimi fəxri adı verilmiş, 2011-ci ildə BMT-nin Beynəlxalq Mükafat Komitəsinin "Şöhrət və Vicdan" Avropa ordeninə layiq görülmüşür.

Akif Quliyevi anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə təbrik edir, ona cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının rektoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video