21:16 26 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
18:34 26.07.2021 Hindistanda körpü çökdü
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əliyevin Avrasiya miqyaslı yeni təşəbbüsü

ANA SƏHİFƏ / SİYASƏT
02:23 21.04.2021

 

Zəngəzur dəhlizi qitənin nəqliyyat xəritəsini təkmilləşdirməklə yanaşı, Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək

 

Tarix Avrasiyaya mühüm strateji və iqtisadi faydalar gətirə biləcək yeni nəqliyyat dəhlizinin yaradılması dövrünü yaşayır. 44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurumuzun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır.

 

Hamıya faydalı

 

Razılaşdırmaya əsasən, Ermənistan Azərbaycanın qərb bölgələri ilə muxtar respublika arasında nəqliyyat əlaqəsinin qurulmasına zəmanət verir. Bəyanatın şərtinə əsasən, Zəngəzur dəhlizi Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaq.

Dəhlizin yaradılması layihəsinin birbaşa müəllifi olan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə çıxış edərkən Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin bütün türk dünyasını birləşdirəcəyini, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacağını xüsusi vurğulayıb.

Dövlət başçısı tərəfdaş ölkələrin də bu imkanlardan istifadə edəcəyinə əminliyini ifadə edib.

 

Tarixi Azərbaycan torpaqları

 

Zəngəzur dəhlizinin yaradılması Azərbaycan üçün yeni tarixin başlanğıcı olmaqla yanaşı, ədalətin də bərpasıdır. Tarixə nəzər yetirsək görərik ki, dəhlizin yaradılması üçün istifadə ediləcək Ermənistan ərazisi - Mehri və Qafan rayonları əslində tarixi Azərbaycan torpaqlarıdır.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyir ki, hələ XII-XVIII əsrlərdə bölgənin tarixi coğrafiyası üzrə aparılmış araşdırmalar Zəngəzurun taleyinin daim Azərbaycan ərazisində yaranmış dövlət və imperiyalarla birbaşa bağlı olduğunu sübut edir. Hülakülər dövlətində vəzir vəzifəsində çalışmış Fəzlullah Rəşidəddinin verdiyi məlumatlara görə, o zaman Qapan (Qafan) ərazisi (Zəngəzurun bir hissəsi) Naxçıvan tüməninə daxil olub.

XVII əsrin ortalarında - Əfşarların idarəçiliyi dövründə Zəngəzur ərazisinə daxil olan ayrı-ayrı ərazilərin adı Naxçıvan ulkasının tərkibində çəkilib. Mənbələrdə Naxçıvan ulkasının 11 mahalı sırasında Mehri, Qafan, Qarakilsə, Tatefin də adı çəkilir ki, bu mahallar məhz Zəngəzurun hissələridir.

Qarabağda doğulmuş Mirzə Yusif Qarabağinin “Tarixi-safi” əsərində verdiyi məlumatlardan aydın olur ki, Mehri və Qafan 1747-1797-ci illərdə Naxçıvan xanlığının tabeliyində olub.

 

Naxçıvandan türk dünyasına çıxış 1920-ci ildə qapadılıb

 

1920-ci il dekabrın 1-də Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Ermənistana verilib. 1929-cu ildə Azərbaycan SSR-in rəhbərliyində təmsil olunan bir neçə erməninin əli ilə Naxçıvanın daha 9 kəndi Ermənistan SSR-ə birləşdirilib. Beləliklə, Naxçıvan və Zəngilan arasındakı Azərbaycan torpaqları Ermənistan SSR-in tərkibinə keçib və türk dünyasının, o cümlədən Türkiyənin Orta Asiyaya çıxışı Naxçıvan ərazisində qapadılıb.

E.Kəlbizadə qeyd edir ki, ermənilər digər tarixi Azərbaycan torpaqları kimi, Zəngəzura da kütləvi şəkildə XIX əsrin 30-cu illərindən sonra köçürülərək məskunlaşdırılıblar. Zəngəzurun Azərbaycana məxsusluğu, lakin sovetləşmə dövründə onun Moskvanın təsiri ilə Ermənistana verilməsi fikri təkcə Nəriman Nərimanovun bəyanatında deyil, eyni iclasda çıxış edən digər şəxslərin çıxışlarında da qeyd edilir: “Məsələn, Orconikidze çıxışında Zəngəzurun verilməsindən danışarkən deyirdi: “Sovet Azərbaycanı artıq yükdən azad olur” (“Kommunist” qəzeti, 6 dekabr 1920-ci il, № 181). Deməli, Zəngəzur “yükü” həqiqətən Azərbaycanın olub ki, Orconikidze məsələni bu cür təsvir edib. Bütün bunları nəzərə aldıqda demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibədə qazanılmış böyük zəfərdən sonra imzaladığı bəyanata Naxçıvana dəhliz məsələsinin daxil edilməsi və Zəngəzur dəhlizi məsələsinin ən qısa zamanda həlli üçün addımların atılması ilk növbədə tarixi nöqteyi-nəzərdən əhəmiyyətlidir”.

 

Qazanc nə olacaq?

 

Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına səbəb olacaq.

Hazırda Naxçıvan ilə hava və quru əlaqəsi yalnız İran və ya Türkiyə vasitəsilə mümkündür. Zəngəzur dəhlizi açıldıqdan sonra isə Azərbaycan onun vasitəsilə öz dəmiryolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq.

Dəhlizin açılması ilə təcrid şəraitindən azad olunduğu üçün ölkə iqtisadiyyatına tam inteqrasiya oluna biləcək Naxçıvanın iqtisadı inkişafına hərtərəfli dəstək olacaq. Bu dəhliz sayəsində Naxçıvan dövlət büdcəsinə maliyyə baxımından baha başa gələn hava yolu ilə yükdaşımaları dəmiryolu ilə həyata keçirə biləcək.

Kifayət qədər zəngin faydalı qazıntı yataqlarına sahib olan muxtar respublikadan dəhlizin açılması oradakı yataqların işlənməsi üçün yeni emal komplekslərinin yaradılmasına imkan verəcək.

Dəhliz təkcə faydalı qazıntıların işlənməsində deyil, iqtisadiyyatın digər sahələrində də çoxşaxəli inteqrasiyanı təmin edəcək. Naxçıvanda yaradılan yeni iqtisadi imkanlar azad edilmiş rayonlarımızın iqtisadiyyatının qurulmasına, ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələnməsinə töhfə verəcək.

 

Ermənistan nə əldə edəcək?

 

ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxış edən dövlət başçısı bu dəhlizin Ermənistan üçün çox faydalı olacağını xatırladaraq deyib ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmiryolu əlaqəsi yoxdur. Bu dəmiryolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər.

“Ermənistanın onun qonşusu olan İranla dəmiryolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmiryolu təmin edilə bilər. Ermənistanın dəmiryolu ilə Rusiyaya, İrana və potensial olaraq Türkiyəyə çıxışı olacaq. Bu, əlbəttə ki, ölkənin inkişafı üçün əlavə imkanlar yaradacaq”  deyən Prezident əlavə edib ki, əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq, tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirsə, onları bununla yalnız Türkiyə təmin edə bilər.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan da bir müddət əvvəl verdiyi açıqlamasında Naxçıvan dəhlizinin onlar üçün çox əhəmiyyətli olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, Azərbaycana yük gətirmək üçün Gürcüstan ərazisindən keçməklə 900 km-ə yaxın məsafə qət edən Türkiyə dəhliz açıldıqdan sonra Bakıya gələn yolunu xeyli qısaldacaq. Türkiyə ilə Azərbaycanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə müqayisədə Naxçıvan dəhlizindən keçən yol 340 km daha qısa olacaq.

 

Zəngəzur dəhlizi regionun sülh qarantına çevriləcək

 

E.Kəlbizadə qeyd edir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanın beynəlxalq ticarətdə rolu əhəmiyyətli dərəcədə yüksələcək. Başqa sözlə desək, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi, Naxçıvana Zəngəzur üzərindən dəhlizin açılması həm də tarixi İpək yolunun ən mühüm marşrutlarından birinin işləkliyinin təmin edilməsi deməkdir.

Alim hesab edir ki, Zəngəzur dəhlizi həm də region üçün sülh, sabitlik, inteqrasiya qarantına çevriləcək. Dəhliz nəinki Azərbaycan və Türkiyəyə, ümumilikdə bütün region dövlətlərinə iqtisadi fayda gətirəcək: “Əslində, Ermənistanda da başa düşməlidirlər və artıq başa da düşürlər ki, Zəngəzur dəhlizi bu ölkənin illər boyunca yoluxdurulduğu ultra-milliyətçilik və dağıdıcılıq xəstəliyindən qurtulmasında, aclıq və səfalətdən xilas olmasında xüsusi rol oynayacaq. Dəhlizin açılması həm də vaxtilə bu ərazilərdə yaşamış azərbaycanlı əhalinin yenidən qayıdışı üçün imkanlar yarada bilər”.

 

Regionun nəqliyyat xəritəsi dəyişəcək

 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu bu fikirdədir ki, Naxçıvanla Azərbaycan arasında Zəngəzur üzərindən dəmiryolu əlaqəsinin yaradılması hər şeydən əvvəl böyük mənəvi əhəmiyyət kəsb edəcək.

Belə ki, Azərbaycan xalqı öz əzəli tarixi torpağı olan Zəngəzurdan faydalanmaq imkanı qazanacaq: “Təbii ki, praktiki baxımdan Zəngəzur dəhlizinin yaradılması regionun bütövlükdə nəqliyyat xəritəsini dəyişəcək. Ölkəmiz üçün ən önəmlisi qardaş Türkiyə ilə birbaşa dəmiryolu əlaqəsinin yaradılmasıdır. Belə əlaqənin yaradılması türk dünyasında çoxvektorlu inteqrasiyanı təmin edəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin ilkin seqmentlərinin yaradılması ilə bağlı artıq təlimatlarını verib”.

 

Azad olmuş ərazilərin dirçəlişi üçün unikal imkanlar yaranacaq

 

Politoloqun qənaətincə, Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin yaradılması ümumilikdə işğaldan azad olmuş ərazilərimizin dirçəlişi üçün unikal imkanlar açacaq: “Belə nəticəyə gəlmək olur ki, Zəngəzur dəhlizi regionda təkcə yeni geosiyasi reallıqlar yaratmır, həm də azad edilmiş ərazilərdə bərpa quruculuq işlərinin qısa zaman kəsiyində həyata keçirilməsi imkanlarını genişləndirir. Effektiv nəqliyyat infrastrukturu xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Nəzərə almaq lazımdır ki, ölkə Prezidentinin azad olmuş ərazilərimizdə hava limanlarının inşası ilə bağlı göstərişləri artıq yerinə yetirilməkdədir”.

 

Türkiyə, Rusiya, Çin, İran, Avropa İttifaqı dəhlizin açılmasında maraqlıdır

 

Elşad Mirbəşir oğlu hesab edir ki, gələcəkdə Zəngəzur dəhlizi də keçmiş münaqişə bölgəsinin çox imkanlı nəqliyyat-tranzit “hab”ına çevrilməsində təsirli rol oynayacaq. Azərbaycanla Naxçıvan arasında yaradılacaq dəmiryolu əlaqəsi həm də ümumilikdə Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin əsas elementlərini yaradacaq.

Belə ki, bu dəhlizin yaradılması təkcə Azərbaycanın və Türkiyənin geosiyasi və geoiqtisadi maraqlarına cavab vermir. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması strateji əhəmiyyət kəsb edir. Belə ki, Rusiya birbaşa münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğu Türkiyə ilə daha etibarlı və rahat nəqliyyat əlaqəsi qurmaq imkanı qazanır: “Təbii ki, ayrıca olaraq, İran və Ermənistanla quru əlaqələrinin Rusiya üçün ciddi əhəmiyyət kəsb etdiyini də unutmamaq lazımdır. Xatırlatmaq istərdim ki, Rusiyanın ciddi maraqları dairəsində olan “Şimal-cənub nəqliyyat dəhlizi”nin Zəngəzur dəhlizi hesabına ötürücülük imkanları əhəmiyyətli dərəcədə genişlənəcək”.

 

Rusiya amili

 

Deputat əlavə edir ki, SSRİ-nin süqutundan sonra ilk dəfə olaraq Ermənistanla davamlı nəqliyyat əlaqəsi yaratmaq imkanı qazanan Rusiya layihənin həyata keçirilməsi və gələcək istifadəsi üçün qarşısındakı istənilən maneənin aradan qaldırılmasında maraqlı olacaq.

Deməli, dolayısı ilə əlavə təhlükəsizlik təminatı meydana çıxacaq: “Xüsusilə vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizi tarixi İpək yolunun mühüm seqmentini təşkil edə bilər. Bu da Çin və Avropa dövlətləri üçün çox əhəmiyyətlidir. Müvafiq olaraq həm Çin, həm də Avropa dövlətləri dəhlizin yaradılmasında və təhlükəsizliyinin təmin olunmasında maraqlı olacaqlar. Təbii ki, bu da ümumilikdə regionun təhlükəsizlik mühitindən birbaşa asılıdır. Beləliklə, Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq imkanları açmaqla yanaşı, həm də regional təhlükəsizliyin təmin olunmasının unikal komponentlərini formalaşdıracaq”.

 

Ölkə üzərindən daşınan yüklərin həcmi 20 faiz artacaq

 

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının “hab”ına çevirəcək.

Bu dəhliz türk dünyasının ümumi daxili məhsulunun həcminin artmasına səbəb olacaq: “Nəzərə alaq ki, Zəngəzur dəhlizi 1,1 trilyon dollar nominal ümumi daxili məhsulu olan türk dünyasını birləşdirəcək. Dəhlizin açılması Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranması deməkdir”.

Deputat hesab edir ki, bu amil daha çox beynəlxalq yükün Azərbaycan üzərindən daşınmasına səbəb olacaq, ölkəmizin ərazisindən daşınan yükdaşımaların həcminin artmasına təsir göstərəcək.

Artımın nə qədər olacağına gəldikdə, iqtisadçı deyir ki, bununla bağlı rəsmi qiymətləndirmələr hələ yoxdur. Amma ekspert qiymətləndirmələrinə görə, ölkə üzərindən daşınan yüklərin həcmi 20 faizə yaxın arta bilər.

V.Bayramov deyir ki, qiymətləndirmələrə əsasən, dəhlizin açılması Azərbaycana qeyri-neft sektorundan gələn gəlirlərin artmasına təsir göstərəcək:

“Naxçıvanda istehsal edilən xeyli sayda emaledici məhsulların Azərbaycanın qərb bölgəsinə dəmiryolu ilə daşınmasına, digər ölkələrə ixrac edilməsinə ehtiyac var. Yeni dəhliz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya olunduğuna görə həmin məhsulların xaricə ixrac imkanları artacaq. Məhsulların daha geniş bazarlara çıxması daxili bazarı inkişaf etdirəcək. Nəzərə alaq ki, pandemiyadan əvvəl Azərbaycan üzərindən qeyri-neft məhsullarının daşınma həcmində 65 faiz artım müşahidə edilib. Eyni zamanda respublikaya daxil olan yüklərin təxminən 87 faizi tranzit ölkələrə aparılır. Bu baxımdan dəhliz qeyri-neft məhsullarının ölkə üzərindən daşınma həcmini artıracaq. Yalnız Türkiyədən deyil, Orta Asiyadan da daşınan yüklərin həcmində artımlar olacaq”.

 

İqtisadi layhənin sülh təzahürü

 

Fakt odur ki, dəhliz yalnız Azərbaycanın deyil, həm də digər iştirakçı ölkələrin, ümumilikdə regionun inkişafına xidmət edir. Dəhlizin əhəmiyyətini dərk edən Türkiyə, İran və digər ölkələr prosesdə iştirak etməkdə maraqlı olduqlarını artıq açıqlayıblar.

Bəyanatda Ermənistan Azərbaycanın qərb bölgələri ilə muxtar respublika arasında nəqliyyat əlaqəsinin qurulmasına zəmanət verdiyindən, bütün tərəflərin bəyanata sadiq qalması sənəddə öz əksini tapdığından dəhlizin açılması üçün texniki problemlərin olmayacağına ümid etmək olar.

Nəzərə almaq lazımdır ki, kommunikasiya xəttinin yaradılması ölkələrə yalnız iqtisadi fayda gətirməyəcək. O həm də regionda dayanıqlı sülhün təmininə xüsusi töhfələr verəcək. Bu baxımdan gözləmək olar ki, Azərbaycan kimi Ermənistan da dəhlizin faydalarını başa düşərək onun daha tez bir zamanda reallığa çevrilməsinə çalışacaq. Nəqliyyat əlaqələrinin yaradılması özünü ayaq üstə saxlaya bilməyən Ermənistanın batmış iqtisadiyyatını dirçəldə bilər.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM