23 May 2020 00:52
1547
Fərmanlar
A- A+

Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ələt azad iqtisadi zonası yaradılsın.

2. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu (bundan sonra - Azad Zona səlahiyyətli qurumu) yaradılsın.

3. Bu Fərmana 1-3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilsin.

4. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. bu Fərmana 1-3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görsün;

5.2. bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq torpaqların dövlət ehtiyacı üçün alınması yekunlaşdıqdan sonra bu Fərmana 1-3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq, Azad Zona səlahiyyətli qurumunun öz hüquq və vəzifələrini həyata keçirməsi üçün maliyyələşmə məsələlərinin həllini təmin etsin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azad Zona səlahiyyətli qurumu Azad Zona səlahiyyətli qurumunun təşkilati strukturunun müəyyən edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Azad Zona səlahiyyətli qurumuna lazımi kömək göstərilməsini təmin etsinlər.

8. "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 noyabr tarixli 861 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1709) 3-7-ci hissələri ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video