08 Fevral 2012 12:02
371
Mədəniyyət
A- A+

Eldar Qasımov və Nigar Camala «2011-ci ilin adamı» mükafatı təqdim olunmuşdur

 

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana qələbə sevincini yaşatmış Eldar Qasımov və Nigar Camalı "2011-ci ilin adamı" elan etmişlər.

AzərTAc xəbər verir ki, fevralın 7-də "Park İNN-Azərbaycan" mehmanxanasında mükafatın təqdim edilməsi mərasimi keçirilmişdir.

Mərasimi ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev açaraq demişdir ki, bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülürlər. Bu sırada Eldar Qasımov və Nigar Camalın da  özünəməxsus yeri vardır. Onlar bu ada ötən il bütün Avropada bayrağımızı qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərdiklərinə, Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdıqlarına, ölkəmizin müsbət imicinin formalaşması baxımından əhəmiyyətli addım atdıqlarına, mədəniyyətimizin yüksək səviyyədə təbliğinə, nüfuzlu mahnı müsabiqəsinin Bakıya gətirilməsi ilə vətənimizə marağın artmasına səbəb olduqlarına və bununla da respublikamızın ümumi inkişafına sanballı töhfə verdiklərinə görə layiq görülmüşlər.

"İlin adamı" mükafatının artıq 11-ci dəfə təqdim edildiyini diqqətə çatdıran ANS şirkətlər qrupunun vitse-prezidenti Seyfulla Mustafayev bildirmişdir ki, ilk dəfədir mükafat bir deyil, iki nəfərə verilir.

S.Mustafayev demişdir ki, Eldar və Nigarın qələbəsi uzun illər erməni diasporunun daha möhkəm, daha güclü olması barədə rəyə sarsıdıcı zərbə vurmuşdur. Bu, Avropanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın birliyinin nəticəsi idi. Qalib gələn təkcə iki gəncin səsi deyildi. Bu uğur hamımızın verdiyi səslərin cəmi idi. Biz yarışa qədər çox ciddi təşkilati işlər görən, nailiyyətə etibarlı zəmin hazırlamaqla uğurun möhkəm təməlini qoyan ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun və İctimai Televiziyanın zəhmətini xüsusi qiymətləndirməliyik.

ANS şirkətlər qrupunun vitse-prezidenti demişdir ki, bu qələbə Avropanın birincisi olan Azərbaycanı ildırım sürəti ilə məşhur etdi. İndi Avropanın elə bir ölkəsi tapılmaz ki, orada bu emosional duyğuların əks olunduğu səmimi sevgi mahnısı səslənməsin.

Milli Məclis deputatlarının, ölkəmizdə fəaliyyət göstərən səfirlərin və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin, ziyalılar və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə "Eurovision-2011" qaliblərinin uğurlarını əks etdirən videoçarx nümayiş olunmuşdur.

Qaliblərə "İlin adamı" diplomları və məşhur "Raymond weil" saat şirkəti tərəfindən xüsusi hazırlanmış dəyərli qol saatları hədiyyə olunmuşdur.

Ənənəyə uyğun olaraq Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu adından qaliblərə həmçinin 4 min manat məbləğində pul mükafatı da təqdim edilmişdir.

Bütün tədbir iştirakçılarını salamlayan Eldar Qasımov və Nigar Camal mükafatlara görə ANS şirkətlər qrupuna və Çingiz Mustafayev Fonduna minnətdarlıqlarını bildirmişlər.

Mərasimdə "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Azərbaycana qalibiyyət gətirən "Running Scared" mahnısını ifa etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video