10 Sentyabr 2021 00:54
1377
İQTİSADİYYAT
A- A+

Əl ilə pambıq yığımı başladı

 

Pambıqçıların aylardan bəri çəkdikləri zəhmət artıq öz bəhrəsini verməyə başlayır. Tarlalar yaşıl donunu tədricən bəyaz dona dəyişir.

Hər bir fermer bu gün daha tezdən oyanıb sahəyə yollanır, yığıma nə vaxt başlayacağını müəyyənləşdirir. Bilir ki, məhsulu maşınla yığılacaq sahədə qozaların yalnız 70 faizi açıldıqdan sonra deflyasiya aparmaq olar. Odur ki, dərmanlama gedən sahələr nəzarətdə saxlanılır. 10-14 gün ərzində qozalar, demək olar ki, tam açılır və maşınlar sahəyə çıxıb məhsulu yığır. Ona kimi isə hər bir fermer seçmə üsulu ilə pambığı əllə yığıb müqavilə bağladığı təşkilata təhvil verir.

“P-Aqro” MMC-nin Salyan filialı üzrə sentyabrın 4-dən pambığın əllə yığımına başlanıb. Hələlik 90 tona yaxın məhsul toplanıb. Əvvəlki illərdə olduğu kimi, fermerlər, torpaq mülkiyyətçiləri bu mövsüm də maşınlara üstünlük verməyi, ümumi məhsulun 80-85 faizini texnika ilə yığmağı qərarlaşdırıblar. İndiyədək 230 hektarda dərmanlama aparılmışdır. Amma günlər keçdikcə deflyasiya aparılan sahələrin hektarı qat-qat çoxalacaq. Bu prosesdən ötrü “P-Aqro” MMC-nin Salyan filialında bəs deyiləcək qədər çiləyici aparatlar və dərmanlar var. Sentyabrın 15-dən maşınlar sahələrə çıxacaqdır.

Filial üzrə cari ilin əvvəlində 374 mülkiyyətçi ilə 2 min 150 hektarda pambıq əkib-becərmək üçün müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, onların hər birinə çiyid toxumu, mineral gübrələr, ziyanvericilərə qarşı mübarizədə istifadə edilən preparatlar və becərmə üçün nağd pul şəklində avans verilmişdir. Sahələrdə 4-5 dəfə kompleks becərmə həyata keçirilmişdir.

Görülən işlər bəhrəsini vermişdir. Filialın baş aqronomu Ələsgər Əliyev deyir: “Ümumilikdə hər hektardan 42 sentner məhsul gözləyirik. Yaxşı, işgüzar, torpağın dilini bilən fermerlərimiz var. Onlardan biri də Rahil Hüseynovdur. O, keçən təsərrüfat ilində hər hektardan 46 sentner pambıq götürüb. Bu il isə 21 hektarda aqrotexniki qaydalara əməl edərək yaxşı məhsul yetişdirib. Əminik ki, o, cari mövsüm daha böyük uğur əldə edəcək, hər hektardan 50 sentner məhsul götürəcək”.

Bir məsələni də qeyd edim. Pambığın hər tonunun satınalma qiymətinin 50 manat artırılması fermerləri ruhlandırmışdır. Gələn il pambıq əkib-becərənlərin sayı, heç şübhəsiz ki, daha da çoxalacaq. Bu isə növbəli əkin sisteminin tətbiqi üçün çox önəmlidir. Torpaq saflaşaraq daha çox məhsul verir, bitkilər xəstəliklərə qarşı davamlı olur və s.

Qeyd edək ki, “P-Aqro” MMC-nin Salyan filialı 2020-ci ildə 2 min 150 hektar sahənin hər hektarından 42 sentner məhsul götürərək ölkədə pambıqçılıqla məşğul olan şirkətlər arasında birinci olmuşdur. Mövcud vəziyyət deməyə əsas verir ki, müəssisə bu il də mövqeyini əldən verməyəcək.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video