25 Iyul 2021 00:40
1336
Mədəniyyət
A- A+

“Əkinçi” qəzetinin fəal müxbiri

 

Əsgər ağa Gorani 1857-ci il mayın 3-də Gəncə qəzasının Goran kəndində dünyaya göz açıb. Mənsub olduğu nəsil ondan qabaq babası, tarixçi, məşhur “Qarabağnamə” əsərinin müəllifi Mirzə Adıgözəl bəy Qarabaği ilə tanınıb. Əsgər ağanın var-dövlətli ailədə böyüdüyünü tədqiqatçı Kövsər xanım Tarıverdiyevanın onun haqqında yazdıqları da təsdiq edir. O bildirib: “Gürcüstan SSR Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan bir vəsiqədə Ə.Goraninin ictimai mənşəyi haqqında belə bir məlumat verilir: “O, mülkədar ailəsindən çıxmışdır. Onun Yelizavetpol və Cavanşir qəzalarında çoxlu kəndi və torpağı, Yelizavetpolda evi, Hacıkənddə yaylağı olmuşdur”.

 

Həsən bəy Zərdabinin istedadlı şagirdi

 

Əsgər ağa ilk təhsilini Yelizavetpol (Gəncə) şəhər məktəbində alıb. Sonra Bakıya gəlib. Bakı Realnı Gimnaziyasına daxil olub. On iki yaşlı Əsgər ağanın yeni mühitdən görüb-götürdükləri çox olub. Müxtəlif millətlərdən olan şagirdlərin oxuduğu, müəllimlərin dərs dediyi bu məktəbdə o, yalnız riyaziyyat, cəbr, coğrafiya, iqtisadiyyat kimi fənləri öyrənməyib, həm də dünyagörüşünü formalaşdırıb. Gimnaziya müəllimləri içərisində jurnalist, ictimai xadim, təbiətşünas alim Həsən bəy Zərdabinin olması isə Əsgər ağa kimi o illərdə Bakı Realnı Gimnaziyasında təhsil alan hər bir istedadlı gəncin bəxtinin gətirməsi idi. Rusiyada təhsil almış, o dövrün bır sıra qabaqcıl şəxsləri ilə dostluq edən Həsən bəyi şagirdləri çox sevir, onu dinləməkdən, ondan öyrənməkdən zövq alırdılar.

Bir gün Həsən bəy Zərdabi şagirdlərinə onlar üçün unudulmaz olacaq bir xəbər verib. Dostu Mirzə Fətəli Axundzadənin öz əsərlərini göndərdiyini, birini seçib səhnəyə çıxarmağı rica etdiyini söyləyib. Şagirdlər əsərləri böyük maraqla oxuyublar. Müəllimləri ilə birlikdə qərara gəliblər ki, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Hacı Qara” əsərlərini səhnələşdirsinlər. Onlar buna nail olubar. 1873-cü il martın 10-da “Lənkəran xanının vəziri” tamaşasını göstəriblər. Beləliklə, həmin gün milli teatrımızın başlanğıc tarixi olub... Bir ay sonra isə “Hekayəti-mərdi-xəsis” tamaşasını təqdim ediblər. “Hekayəti-vəziri-xani-Lənkəran”da Teymur ağa, “Hekayəti-mərdi-xəsis”də isə Hacı Qara rollarını ifa edən Əsgər ağa ilk səhnə aktyorlarımızdan sayılır.

“Hekayəti-mərdi-xəsis” əsərinin ilk tamaşasından otuz iki il sonra, 1905-ci ildə Həsən bəy Zərdabi “Həyat” qəzetində tamaşanın ən yaxşı ifaçısı kimi onun aktyorluq bacarığından da bəhs edib: “Oynayanlar yaxşı oynadılar, ələlxüsus da Əsgər ağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu tamaşaçıların xoşuna gəldi”.

Gimnaziya şagirdi Nəcəf bəy Vəzirov həmin günləri sonralar belə xatırlayıb: “Bu əsəri (Hacı Qaranı) biz dərsdən kənar vaxtlarımızda gimnaziyanın yeməkxanasında hazırlayırdıq. Hacı Qara rolunu sabiq Gəncə şəhər qlavası (bələdiyyə rəisi) mərhum Əsgər bəy Adıgözəlov Gorani oynayırdı. Mən isə özümə arvad rolunu götürmüşdüm, tamaşa günü cox adam var idi”.

Müəllimləri Həsən bəy Zərdabinin təşəbbüsü ilə tamaşalar hazırlamaları, Mirzə Fətəli Axundzadənin komediyalarında baş rolları ifa etməsi Əsgər ağanın yaradıcılığına da təsir göstərib. O, bir müddətdən sonra dram əsərləri yazıb. Əsgər ağa Goraninin “Qocalıqda yorğalıq” dramı Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da dönə-dönə teatrlarımızda səhnələşdirilib. Digər əsəri - “Qara yel” 20-dən artıq dilə tərcümə olunub.

 

Sevindirici xəbər...

 

1874-cü ilin iyununda Əsgər ağa Gorani realnı gimnaziyanı qızıl medalla bitirib. Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasına qəbul olunub. Moskva mühiti Əsgər ağa üçün dünyaya yeni pəncərə açıb. Rus maarifçi demokratların həyatını öyrənən, onların əsərlərini oxuyan gənc tələbə vətənində baş verən hadisələri də diqqət və maraqla izləyib. Bu xəbərlər arasında onu ən çox sevindirən və ümidləndirən müəllimi Həsən bəy Zərdabinin rəhbərliyi ilə “Əkinçi” qəzetinin fəaliyyətə başlaması olub. Əsgər ağa Gorani də “Əkinçi”nin nəşrindən kənarda qalmayıb. İlk saylarını oxuduqdan sonra qəzetə abunəçi toplamaq, mətbəə xərclərinin müəyyən hissəsini öhdəsinə götürmək niyyətində olub. Əsgər ağa redaktor Həsən bəy Zərdabiyə bu məzmunda məktub yazıb: “Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib “Əkinçi”yə gətirsin. Amma çifayda, kənd əhli poşt adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar”.

Əsgər ağa Gorani “Əkinçi”nin ən fəal müxbirlərindən olub. Onun bu qəzetin 17 sayında həm özünün, həm də fərqli imzalarla 39 məqaləsi dərc edilib. Yeni məktəblərin, kitabxanaların açılmasının, elmin, maarifin inkişafının tərəfdarı və təbliğatçısı kimi çıxış edən Əsgər ağa Gorani “Əkinçi”nin 1876-cı il tarixli birinci sayında Peterburq padşahlıq kitabxanasında 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanıldığını, qiymətli nüsxələrin şüşə altında nümayiş etdirildiyini qeyd edərək yazıb: “Əgər bir kəs bilsə ki, filan kitab yoxdur, o vaxt deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona oxumağa versinlər. Hər yekşənbə günü kitabxananı hər bir kəs gəzib tamaşa edə bilər... Azərbaycanda da kitaba, kitabxanaya rəğbət oyatmaq üçün belə xəbərin necə güclü təsirə malik olduğu elə özlüyündə aydındır”.

Tədqiqatçılar “Əkinçi” qəzetinin bütün şöbələrində - elm xəbərləri, məktublar və digər şöbələrində Əsgər ağa Goraninin məktublarının dərc edildiyini bildiriblər. O, həm də rus dilində çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edərək “Əkinçi”yə göndərib. Bədii tərcümələr də edən Əsgər ağa M.Lermontovun əsərlərini dilimizə çevirib.

 

“Məyər ol Əsgəri-Gorani gələ”...

 

1878-ci il mayın 16-da Əsgər ağa Gorani Petrovski-Razumovski Akademiyasını bitirərək vətənə qayıdıb. İxtisasına uyğun - kənd təsərrüfatı sahəsində işləməyib. Bir müddət Kutaisidə və Tiflisdə, 1905-ci ildən sonra Gəncədə ədliyyə və dövlət qulluqlarında çalışıb. Yelizavetpol (Gəncə) quberniya katibi, kollec asessoru, mülki müşavir vəzifələrində işləyib. Quberniya qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, beş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yelizavetpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində çalışıb. Onun təşəbbüsü və maddi köməyi ilə Gəncədə qızlar üçün məktəb açılıb, dahi Nizaminin qəbri təmir olunub.

Əsgər ağa Əzət xanım Tağıbəyova ilə ailə həyatı qurub. Əzət xanımın vəfatından sonra isə Ziyadoğlu-Qacarın nəticəsi, Əbülfət ağanın qızı Bəyim xanımla evlənib. Onlarin yeddi uşağı dünyaya gəlib. Üçü azyaşlı ikən vəfat edib.

Həyatın çətin sınaqlarından keçən Əsgər ağa Gorani əlli üç il ömür sürüb. O, 1910-cu il martın 9-da dünyasını dəyişib.

Əsgər ağanın dəfn mərasimi böyük izdihamla keçib. Gəncənin qədim Səbzikar qəbiristanlığında torpağa tapşırılıb. Vəfatı ilə əlaqədar verilən nekroloqda yazılıb: “İllərcə bəslədiyimiz maarif tacımızın bir cəvahiri, bir dürrü düşdü, itdi”. Zaqafqaziya qəzetləri ona xatirə yazıları həsr edib.

Gəncəlilər qərar veriblər ki, Əsgər ağanın türbəsi “Səbzikar”da ən hündür olsun. Şair Seyid Əzim Şirvani Əsgər ağa Goraninin xeyirxah əməllərini yad edərək yazıb:

Məyər ol Əsgəri-Gorani gələ,

Neçə məktəb gələ dəxi əmələ.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video