23 Sentyabr 2021 00:33
1224
Mədəniyyət
A- A+

Əbədiyaşar aktyor

 

Hazırcavab, özünəməxsus zarafatları, duzlu-məzəli söhbətləri ilə seçilən, ötkəm… Xalq artisti Yaşar Nurini teatrdan, səhnədən kənar belə tanıyırdıq. Atasını minnətdarlıqla xatırlayır: “O, məndən böyük aktyor idi”, deyirdi.

Yaşar tanınmış aktyor Məmmədsadıq Nuriyevin dörd övladının biri idi. 1951-ci ilin 3 sentyabrında Bakıda dünyaya gəlmişdi. Uşaqlıq illərindən danışanda deyirdi ki, Bakının məşhur “Sovetski” məhəlləsində, çox darısqal bir evdə, aktyor Vücudun (o, da atası Məmmədsadıq Nuriyevi belə adlandırırdı) ailəsində doğulub-böyümüşəm. Evdar qadın olan anası Rəfiqə xanım, atası aktyor Məmmədsadıq Nuriyev övladlarını cəmiyyətin yaramaz alışqanlıqlarından qoruya-qoruya böyüdüblər, onlara ədəb-ərkanlı olmağı, böyük-kiçik yeri bilməyi öyrədiblər.

Uşaqlığı kimi illərin uzaqlığında qalan o məhəlləni tez-tez yada salırdı. “Sovetski”nin dolanbac küçələrində tay-tuşları ilə futbol, bakılıların təbirincə desək, kos oynamalarını, qonşu həyətdəki evin damına qalxıb məhəlləni seyr etmələrini təbəssümlə xatırlayaraq, “Mənim uşaqlığım çox maraqlı keçib”, deyirdi. O, yarızarafat-yarıciddi danışdıqca gözlərimin önündə dəcəl bir uşağın obrazını canlandırırdı. Ancaq bu uşaq həm də böyük-kiçik yeri bilən idi. Qədim Bakının o köhnə məhəlləsi həm də ədəb-ərkan məktəbi idi. Yaşar Nuri deyirdi ki, bu gün sənətdə az-çox tanınıramsa, buna görə uşaqlığıma, atama, məhəlləmizin ağsaqqal və ağbirçəklərinə borcluyam.

Bakıdakı 173 saylı orta məktəbdə oxuyub. Əlaçı şagird olduğundan üç dəfə Krımdakı “Artek” pioner düşərgəsinə göndərildiyini də məmnunluqla qeyd edirdi.

İlk dəfə səhnəyə on bir yaşında çıxıb. O gün xatirələrində belə iz salmışdı: “Atamla keçmiş “26-lar bağı”ndakı (indiki “Sahil” bağı - Z.F.) Ordubadi adına yay teatrına getmişdik. Oturub aktyorların məşqinə baxırdım. “Toy kimindir?” operettasında Qoşunun oğlunu oynayan aktyor xəstələnmişdi. Teatrın aktyoru Şünasi atamın razılığını aldıqdan sonra məni səhnəyə çağırdı. Diqqətlə baxdıqdan sonra sevincək dedi: “Vücud, bu, hazır aktyordur, mən ölüm...” Şünasi masanın arxasına keçib atamın bazarlıq edib yanına qoyduğu kağız torbanın üstünə oynayacağım rolun sözlərini yazdı. Qoşa Qala qapısından evə gələnədək rolumu əzbərlədim. Axşam yenə teatra getdim və deyilənlərə görə, rolu pis oynamadım. Çox keçməmiş, “Hacı Qara”da Hacı Qaranın oğlu Bədəl rolunu mənə verdilər”.

Məktəb illərində televiziyanın “Yelkən” verilişinin aparıcısı olub. Həm də “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Səhnə sevgisi artıq qəlbində yer tapmışdı. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına Mədəniyyət Sarayı xalq teatrının tamaşalarında oynayıb. Xoşagəlimli, çevik, aydın tələffüzlü balaca aktyorun fitri istedadını görməmək mümkünsüz idi. Artıq aktyor kimi tanınmağa başlasa da, buna görə nə məktəbdə, nə də məhəllədə qürrələnməyib. Məvacibindən isə qardaşına və bacılarına da xərclik verib.

Səhnədə, televiziya verilişlərində maraqlı rollar oynayan, şeirlər deyən balaca aktyor məktəbdə yalnız ifadəli oxudan dörd alırdı. Qalan fənlərdən  qiymətləri  beş idi. Sinifdə aktyorluq etməyə utanırdı. Şeir söyləmək üçün hətta son zəngdə iştirakdan da imtina etdi. O günləri xatırlayıb yenə yarızarafat, yarıciddi özünü qınayırdı: “Adama deyən gərəkdir ki, televiziyada ifadəli şeir deyirsən, doğmaca məktəb yoldaşlarının qarşısına çıxa bilmirsən?”

Valideynləri sənət seçimində ona sərbəstlik veriblər. Səhnə sənətini seçməsini isə Yaşar Nuri gen məsələsi ilə bağlayırdı. Bir də ki, artıq aktyor kimi rollar oynamış, səhnənin cazibəsinə düşmüşdü. Ona görə deyirdi ki, bir dəfə səhnəyə çıxırsan, daha ondan ayrıla bilmirsən.

1968-ci ildə orta məktəbi bitirib sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun (hazırda Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə verdi. İmtahanlardan keçib tələbə adını qazandı. Təhsil illərində aktyorluq sənətinin incəliklərini tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan öyrəndi.

Atası kimsəyə ağız açmağı, xahiş etməyi sevməzdi. Ancaq gənc tələbənin də ata kölgəsində, minnətlə oxumağa ehtiyacı yox idi. Tanınmış tələbə institutda bəzən müəllimlərin qoyduğu qaydalara əməl etmirdi. Buna görə hərdən problemləri yaranırdı...

İnstitutu 1972-ci ildə başa vurub. Bir il hərbi xidmətdə olub. 1974-cü il dekabrın 1-də Akademik Milli Dram Teatrına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Yaşar Nuri danışırdı: “Atam aktyor olmağımda maraqlı deyildi. Birgün teatra gəldi, tamaşaya baxdı. Dedi ki, hə, aktyor ola bilərsən”.

Akademik Milli Dram Teatrında tamaşaçı qarşısına ilk dəfə “Övlad” (“Böyük oğul”) tamaşasında Silva rolu ilə çıxıb. Sonralar “Bağlardan gələn səs”də Pərviz, “Bəşərin komediyası və yaxud Don Juan”da Sqanarel, “Quşu uçan budaqlar”da Qasım, “Dəli yığıncağı”nda Sərsəm Salman və başqa rolları oynayıb.

Yarızarafat, yarıgerçək sevgilərindən də danışırdı. Orta məktəbdə ikən sinif yoldaşı və artıq “adını unutmuşam” dediyi qıza, 6-7-ci siniflərdə oxuyanda müəlliməsinə vurulduğundan söz açırdı. Konservatoriyanın tələbəsi olan qohumları Rəhimə xanımla evlənməyini ona valideynləri məsləhət görüblər. Yenə zarafatla deyirdi: “Ata-anam ona elçi gedəndə mən başqa bir qızla görüşə tələsirdim”. Valideynlərinin məsləhəti ilə 1975-ci ilin 28 noyabrında qurulan ailə həyatından razılıq edirdi Yaşar Nuri: “Hər halda, mənim kimi adama dözmək çətindir”.

Aktyorluq bacarığı kinorejissorların diqqətindən kənarda qalmayıb. O, 50-yə yaxın bədii filmə çəkilib. Kinoaktyor kimi ilk rolu kinorejissor Şamil Mahmudbəyovun “Dörd bazar günü” filmində Seyran olub. Sonra “Əzablı yollar”da kiçik div, “Yol Əhvalatı”nda Makintoş, “Bəyin oğurlanması”nda İsrafil, “Hər şey yaxşılığa doğru”da Əbdülqəni, “Pəncərə”də Nəsib və başqa rollara ekran ömrü verib. Özünü teatrda və kinoda rejissor kimi də sınayıb. Teatrda İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsərinə quruluş verib. Kinoda isə “Spasibo” filmini çəkib.

Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasında hazırlanan yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəcikdə çıxış edib. “Yollar görüşəndə...”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Göz həkimi”, “Ac həriflər”, “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” trilogiyası və digər televiziya tamaşalarını baxımlı, unudulmaz edən həm də Yaşar Nurinin ifasıdır.

Onun sənət həyatının bir hissəsi isə dublyajlarda keçib. “Azərbaycanfilm” kinostudiyasında neçə-neçə yerli filmlərin səsləndirilməsində, əcnəbi filmlərin dublyajında iştirak edib. Radioda da bir sıra rollar Yaşar Nurinin səsi ilə təqdim olunub. “Sabahınız xeyir”, “Gülüş axşamı” yumoristik radio verilişlərində, radio tamaşalarında iştirak edib.

Səhnədə, kinoda bütün rolları “rolun böyük-kiçiyi yoxdur” düşüncəsi ilə oynayıb. Bəzən arzuladığı rolu başqasına veriblər, həm də onun daha yaxşı oynayacağını bilə-bilə... Qüssə ilə deyirdi: “Cılızlaşıb hər şey. Hamı bir-birinə badalaq vurmaqla məşğuldur. O qədər badalaq vuranlarım olub ki, sayını itirmişəm. Mənimsə paxıllıq eləməyə vaxtım yoxdur. Ola bilsin, kiməsə qibtə edəm, ancaq paxıllıq yox”.

Sənətdə xidmətləri mükafatlandırılıb. 1981-ci ildə Əməkdar artist, 1989-cu ildə Xalq artisti adına layiq görülüb. Əməyi 1984-cü ildə Azərbaycan Lenin Komsomolu mükafatı, 1991-ci ildə Dövlət mükafatı, 1992-ci ildə və 1996-cı illərdə “Qızıl dərviş” mükafatı, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatı, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 2011-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə Milli Kino mükafatı ilə qiymətləndirilib.

Haqqında söylənilən bütün təntənəli sözləri, fəxri adlarını bir kənara qoyaraq onun sənətdəki adını, yerini yalnız bu cür ifadə edə bilərik: Yaşar Nuri çox istedadlı aktyor idi. Onun hər gəlişi səhnəni canlandırırdı. Tamaşa zamanı improvizəsi ilə yalnız öz rolunu deyil, bütün tamaşanı baxımlı edirdi. Buna görə tamaşaçı alqışlarından daha çox ona pay düşürdü.

O, kiçik yaşlarından mətbuatın, radio və televiziyanın diqqət göstərdiyi sənət adamlarından biri idi. Uzun illər barəsində təqdim olunan hər xəbər tamaşaçılara, dinləyicilərə yeni bir rolun sevincini çatdırırdı. 2008-ci ildə isə aktyor barədə yayılan məlumat hamını kədərləndirdi. Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olundu. O vaxtdan xəstəliklə mücadilə etdi. Ancaq aram tapanda yenə sənəti barədə düşündü, sevənlərini ümidləndirdi. Xəstəlik isə aparılan müalicələrə rəğmən geri çəkilmədi. 2012-ci il noyabrın 22-də Yaşar Nuri  dünyadan köçdü. Xalq artisti ilə vida mərasimi Akademik Milli Dram Teatrında keçirildi. Yaşar Nuri ömrü altmış birinci ilində bitdi. Amma sevilən aktryorun  sənət ömrü Azərbaycan kino və teatrına qovuşaraq əbədiləşdi.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video