03:06 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Düşünülmüş, sürətli və davamlı inkişaf
ANA SƏHİFƏ / SİYASƏT
12:09 15.09.2011

 

"Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlığın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi qaydada görüşürəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına çox güclü dəstək vardır. Bütün dövlət qurumları - həm mərkəzi dövlət orqanları, həm yerli icra orqanları bu sahədə sahibkarlara kömək göstərməlidirlər. Sahibkarların normal biznes mühitində fəaliyyəti ölkəmizin gələcək inkişafını təmin edəcəkdir".

 

İlham ƏLİYEV

 

Sahibkarlıq iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi

 

Bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, konkret halda götürülmüş müəyyən toplumun və ya fərdin inkişafında özünəməxsus mühüm rol oynayır. İlk növbədə ona görə ki, sahibkarlıq insan şəxsiyyətinin ifadə forması və inkişafı, onun qabiliyyət və tələbatları, əmək potensialının realizasiyası kimi mühüm məqamları da özündə ehtiva edir. Eyni zamanda sahibkarlıq ümumi inkişafda mühüm çəkiyə malik olaraq iqtisadi tərəqqinin daha sürətli xarakter almasına kifayət qədər önəmli sayılan, bəzi hallarda isə bu tərəqqinin əsasına çevrilən möhtəşəm töhfələr verir. Bu mənada iqtisadi tərəqqi yolunu azad bazar münasibətləri şəraitində həyata keçirən hər bir dövlət üçün sahibkarlıq institutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir, iqtisadi siyasət strategiyasının ən önəmli hissələrindən birinə çevrilir.

Təqdirəlayiq haldır ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxil məhsul istehsalında artıq özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin rol və mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında həyata keçirilən islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb.

Bütün bunlar Azərbaycanın iqtisadi inkişaf strategiyasında sahibkarlığın rol və yerinin nə qədər uzaqgörənliklə və düzgün bir şəkildə müəyyən olunduğunu qabarıq şəkildə nümayiş etdirir. Ölkənin yeni müstəqillik tarixinin təhlil və mənzərəsi belə bir reallığı ortaya qoyur ki, digər mühüm sahələrdə olduğu kimi, sahibkarlıq institutunun formalaşıb inkişaf etməsinin müəllifi də ümummilli lider Heydər Əliyevdir. Ölkəmiz yeni dövlət müstəqilliyini əldə etdikdən sonra ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışına qədər olan dövr ərzində iqtisadi sferada həyata keçirilən yanlış siyasət  və bunun nəticəsində formalaşmış mühit sahibkarlığın, onun maddi əsasının yaranmasına qətiyyən imkan vermirdi. Çünki yeni iqtisadi şəraitin tələblərinə uyğun islahatların həyata keçirilməsində gecikmələrə yol verilir, həyata keçirilən tədbirlər isə epizodik olurdu, sistemsiz bir xarakterə malik idi. Belə vəziyyət inkişaf göstəricilərinin aşağı düşməsinə, maliyyə və istehsal sahələrində qeyri-sabitliyin hökm sürməsinə, ümumi daxili məhsulun ötən illərlə müqayisədə azalmasına rəvac verirdi. Özəlləşdirmənin aparılmaması, qiymətlərin liberallaşdırılmaması sahibkarlığın yaranıb inkişaf etməsinin qarşısında başlıca maneə olaraq qalırdı. Beləliklə, dövlət müstəqilliyinin qazanılmasından sonra 1993-cü ilə qədər  olan dövrdə sahibkarlıq institutunun formalaşması mümkünsüz oldu.

Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm digər mühüm əməli tədbirlər görüldü, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Ulu öndərin gördüyü işlər sayəsində sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi.

 Sahibkarlığın təşəkkülü istiqamətində atılan ilkin addımlar qısa zaman kəsiyində öz bəhrəsini verərək ölkənin iqtisadi potensilanın daha dolğun şəkildə reallaşması ilə xarakterizə olundu.  Ümummilli liderin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar Azərbaycan iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlığın inkişafına güclü təkan verdi.

Sahibkarlar sinfinin yaranmasına Heydər Əliyevin xüsusi diqqət və qayğı göstərməsi isə səbəbsiz deyildi. Belə ki, keçmiş SSRİ-nin dağılması ilə yeni yaranan müstəqil dövlətlərin, o cümlədən Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial problemlərin uğurlu həllinə nail olmaq mümkün deyil. Bu reallığı aydın görən Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin əsas qayələrindən biri də məhz sahibkarlığın inkişafının təmin edilməsi idi.

Ölkədə sahibkarlığın inkişafına təkan verən mühüm məqamlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda  "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda keçirilən beynəlxalq konfrans oldu. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər ölkədə sahibkarlığın inkişafı üçün müvafiq şərait yaradıldığını və bunun artıq konkret əməli nəticələr verdiyini bildirərək Azərbaycanda bu sahənin inkişafında xarici investorları fəal iştiraka dəvət etdi. Xarici investorların həm hüquqlarının, həm də yatırdıqları sərmayələrin təhlükəsizliyinin qanunvericiliklə qorunduğunu bəyan edən ümummilli lider sahibkarlığın inkişafında Qərb təcrübəsindən istifadə olunacağını da diqqətə çatdırdı: "İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var".

Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atdı. Bu xüsusda 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Çünki həmin proqramlar sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilməsində müstəsna rol oynadı və onlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edildi.

Sahibkarlığın inkişafında Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də sözügedən sahəyə dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və bununla əlaqədar qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi oldu. Həmin vaxta qədər isə iqtisadiyyata nəzarət işlərini həyata keçirən dövlət orqanlarının çoxluğu və fəaliyyəti bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni əngəllər törədirdi. Yaranmış vəziyyəti ən xırda detallarına qədər düzgün qiymətləndirən Heydər Əliyev qeyd olunan istiqamət üzrə problemlərin aradan qaldırılması üçün qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə nail oldu. Bu kontekstdə ən vacib addımlardan biri kimi ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərmanın imzalanması qeyd edilməlidir. Həmin fərmanda əsas məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, bu nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüldü. İqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər həyata keçirildi.

 

Sahibkarlığın sürətli tərəqqisinin əsasını yaradan dövlət proqramları və qanunvericilik bazası

 

1997-ci ilin 24 iyun tarixində isə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" qəbul olundu. Bu proqramın hazırlanması mühüm bir zərurətdən irəli gəlirdi. Çünki ölkədə  sahibkarlığın inkişafını nəzərdə tutan və  1993-1995-ci illəri əhatə edən dövlət proqramında  nəzərdə tutulmuş tədbirlərin yalnız bir qismi həyata keçirilmişdi. Düzdür, yeni proqramın qəbuluna qədər sahibkarlığın hüquqi bazasının yaradılmasında zəruri səviyyəyə nail olunmuş, cəmiyyət üzvlərinin sahibkarlıq fəaliyyəti hüququ Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit edilmişdi. Sahibkarlıq mühitinin formalaşması üçün vacib olan "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası haqqında", "Lizinq xidməti haqqında" qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olunmuşdu. Eyni zamanda sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və həvəsləndirilməsi üçün zəruri normativ sənədlər hazırlanmış, sahibkarlığın bazar infrastrukturunun formalaşdırılması, təhsil sisteminin və informasiya təminatlarının yaradılması istiqamətində müəyyən nəticələr əldə edilmişdi. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradılmışdı. Amma yeni proqramın qəbuluna kimi əhalinin sahibkarlıq potensialının gerçəkləşməsi məhdud, sahibkarların ölkə iqtisadiyyatının inkişafında təsiri zəif xarakter daşıyırdı. Formalaşan sahibkarlıq strukturları isə on illər boyu yaradılmış intellektual potensialı əks etdirmir, həmin potensialdan səmərəli istifadəyə və sağlam rəqabət tələblərinə uyğun fəaliyyətə istiqamətləndirilmirdi. Halbuki ölkədə etibarlı siyasi sabitliyə nail olunması və dünyanın məşhur neft şirkətləri ilə Azərbaycanda neft hasilatı barəsində müqavilələrin bağlanması sahibkarlığın inkişafına əlverişli imkanlar açırdı. Belə bir şəraitdə sahibkarlığın inkişafını nəzərdə tutan yeni dövlət proqramının hazırlanaraq icraya yönəldilməsi böyük zərurət kəsb edən məsələyə çevrilmişdi.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" adlı sənəddə də vurğulanırdı ki, kiçik və orta sahibkarlığın sürətlə formalaşması Azərbaycan cəmiyyətinin iqtisadi, sosial və siyasi problemlərinin həllinin vacib amillərindən biridir. Azərbaycan Konstitusiyasına və "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanan yeni proqramın məqsədi sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən dünya iqtisadiyyatına inteqrasiya olunması üçün əlverişli mühitin formalaşdırılmasından ibarət idi. Proqramın üstün sayılan mühüm istiqamətləri isə aşağıdakılar idi: ölkənin insan amilinin, təbii ehtiyatlarının və texniki potensialının daxili bazarın formalaşmasında iştirakının gücləndirilməsi; sahibkarlığın iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq amilinə çevrilməsi; yaradıcılıq qabiliyyəti olan işsizlərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi imkanlarını genişləndirməklə ölkədə əhalinin işlə təmin olunması prosesinin gücləndirilməsi; gənclərin sahibkarlıq fəaliyyətinə ardıcıl cəlb olunması imkanlarının genişləndirilməsi; sahibkarlığın etibarlı müdafiə sisteminin yaradılması. Sahibkarlığın ardıcıl inkişafını təmin etmək üçün proqrama əsasən,   bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi, təşkilati şərtlərin, bazar infrastrukturunun təkmilləşdirilməsi,  səmərəli iqtisadi-maliyyə mexanizminin yaradılması, işlək müdafiə sisteminin formalaşdırılması əsas vəzifələr kimi qarşıya qoyulurdu.

Beləliklə, yeni proqramda vacib məqamlar milli iqtisadiyyatda kiçik və orta sahibkarlığın yerinin və rolunun müəyyən edilməsi, bu sahədə qanunvericiliyin möhkəmlənməsi, iş adamları üçün maliyyə-kredit sisteminin formalaşması, biznesin elmi-metodiki bazasının yaradılması üçün müvafiq zəmin formalaşdırması idi. Proqramda müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi, kiçik sahibkarlığın idarəolunma və maliyyə mexanizminin müəyyən edilməsi, vergi sisteminin xeyli təkmilləşdirilməsi və digər köklü tədbirlər sahibkarlığın inkişafını sürətləndirdi. Bu inkişafı daha da gücləndirmək məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Sözügedən layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilərək, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. barədə ulu öndərin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına zəmin yaratdı. 1 yanvar 2001-ci il tarixdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu.

Bundan öncə isə vergi münasibətlərini tənzimləyən bir sıra qanunların, məsələn, "Mədən vergisi haqqında" (1995-ci il), "Əmlak vergisi haqqında" (1995-ci il), "Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında" (1996-cı il) qanunların qəbul edilməsi, qüvvədə olan "Əlavə dəyər vergisi haqqında", "Fiziki şəxslərin gəlirlərindən vergi haqqında" və s. qanunlarda əlavə və dəyişikliklər edilməsi sahibkarlar sinfinin formalaşıb inkişaf etməsində mühüm əhəmiyyət kəsb etdi. Ulu öndərin sahibkarlara birbaşa qayğısı sayəsində vergi dərəcələrinin mütəmadi olaraq endirilməsi də özəl sektorun ümumi iqtisadiyyatda çəkisinin artmasında özünəməxsus rol oynadı. Xüsusən də müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35 faizdən 24 faizə endirilməsi, ƏDV-nin dərəcəsinin 28 faizdən 18 faizədək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, sosial sığorta ayırmalarının 40 faizdən 22 faizədək aşağı salınması, eləcə də vergilərin ümumi sayının 15-dən 9-dək azaldılması, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların 2014-cü ilədək torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi sahibkarların maddi gəlirlərinin artmasını təmin etməklə yanaşı, onların fəaliyyətinin stimullaşmasında da əsas təkanverici amillərdən biri oldu.

Lakin qeyd edilənlərlə yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmaması və iqtisadiyyatın inkişafı dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Ümumiyyətlə, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və vəzifədən digər sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi kimi məsələlər daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olurdu. Bu məqsədlə ulu öndərin 1999-cu il yanvarın 7-də "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında", 2002-ci il sentyabrın 28-də "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanları göstərilən istiqamətdə vacib rol oynadı.

Tarixi əhəmiyyət kəsb edən bu fərmanlarda dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında olan problemlər tam təsvir olunur və onların aradan qaldırılmasının konkret istiqamətləri müəyyənləşdirilirdi. Sonuncu fərmana əsasən, Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin ləğv edilməsi və məhkəmənin qərarı olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin qadağan edilməsi isə sahibkarların müdafiəsi istiqamətində vacib xarakter daşıyırdı. Prezidentin tapşırığına əsasən, şəhər və rayon icra hakimiyyətləri başçıları öz səlahiyyətləri daxilində nəzarət və yoxlama funksiyalarını həyata keçirən müxtəlif qurumları 10 gün müddətində ləğv etdilər.

Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və iş adamlarını hansı məsələlərin narahat etməsini birbaşa öz dillərindən eşitməyə də xüsusi diqqət yetirirdi. Buna bariz nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla görüşünü, onların hər birinə şifahi və ya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni iqtisadiyyatın inkişaf etdirilməsinin, yeni dövlət idarəçilik metodlarından istifadə olunmasının ən gözəl və səmərəli forması idi.

Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq olundu. Bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəlki proqramın bir növ məntiqi davamı sayılırdı. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" adlı sənədin uğurlu icrası nəticəsində  sahibkarlığın  hüquqi bazası inkişaf etdirilmiş, bu institutun tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdu. Kiçik və orta sahibkarlığa (KOS) təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənərək onların fəaliyyəti xeyli güclənmişdi. Eyni zamanda KOS-lara maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdı. Bununla yanaşı, sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər görülmüşdü. Həmçinin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədi ilə "Nəzarət kitabçası"nın tətbiqinə başlanılmışdı. KOS-ların regional infrastrukturlarının fəaliyyəti genişlənmiş, sahibkarların ictimai və peşə birliklərinin formalaşması istiqamətində əhəmiyyətli nəticələr qazanılmış, onların inkişafı sahəsində beynəlxalq, regional və xarici dövlətlərin milli təşkilatları ilə əməkdaşlıq əlaqələri genişlənmişdi.

Bununla yanaşı, yeni proqramın qəbuluna qədər artıq dövlət əmlakının özəlləşdirilməsi və KOS-ların inkişafı sahəsində həyata keçirilən dövlət köməyi tədbirləri nəticəsində özəl sektor ölkə iqtisadiyyatında payına görə hakim mövqeyə yiyələnmişdi. Artıq 2001-ci ilin yekunlarına görə ümumi daxil məhsulda qeyri-dövlət sektorunun payı 71 faiz təşkil edirdi.

Lakin ölkədə formalaşmış siyasi və makroiqtisadi sabitliyin yaratdığı imkanlardan KOS-ların inkişafının bir qədər də sürətləndirilməsi zəruri şərt kimi çıxış edirdi. Digər tərəfdən özəl sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisi yüksəlsə də, bu bölmədə strateji cəhətdən mühüm olan, struktur formalaşdırıcı potensiala malik müəssisələr zəif inkişaf etmişdi. Eləcə də sahibkarlığın regional inkişafının səviyyəsi ölkənin mövcud potensialına uyğun gəlmirdi. Belə ki, həmin vaxt KOS müəssisələrinin 70 faizi Bakı şəhəri və onun ətrafında cəmləşmişdi. 2002-2005-ci illər ərzində ölkədə kiçik və orta sahibkarlığın inkişafına dair Dövlət Proqramının  məqsədi də ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, KOS-un insan resursunun inkişafı, texniki, maliyyə köməyi mexanizmlərinin dərinləşdirilməsi, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması əsasında KOS-un inkişafını təmin etmək idi.

Proqramın məqsədlərinin həyata keçirilməsi üçün aşağıdakı vəzifələrin həlli nəzərdə tutulurdu: sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının, lisenziyalaşdırılmasının və KOS məhsullarının sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi; müasir informasiya texnologiyasının geniş tətbiqi əsasında KOS-ların bilgi (informasiya) təminatının yaxşılaşdırılması; gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması sisteminin formalaşması; KOS-ların beynəlxalq işgüzar əlaqələrinin yaradılmasına və genişləndirilməsinə kömək göstərilməsi; KOS-ların rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı üçün texniki, maddi və maliyyə köməyi mexanizmlərinin hazırlanması; KOS-ların istehsal yönümlü fəaliyyətinə maliyyə-kredit və investisiya köməyi mexanizmlərinin genişləndirilməsi; sahibkarlığın regional inkişafının təmin edilməsi; daxili istehsalçılar arasında kooperasiya əlaqələrinin inkişafının stimullaşdırılması; KOS sferasında texnoloji inkişafın dəstəklənməsi; sahibkarların hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi.

Bu proqramın icrası nəticəsində ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi çərçivəsi genişləndirildi, sahibkarlıq fəaliyyəti struktur, regional və texnoloji baxımdan təkmilləşdirildi,  ölkə iqtisadiyyatının strukturunun yenidən qurulmasında, rəqabət potensialının artırılmasında və iqtisadi qloballaşma şəraitinə uyğunlaşmasında KOS-ların rolu gücləndirildi. Bundan başqa, Azərbaycan cəmiyyətinin sosial problemlərinin həllində KOS-ların fəaliyyəti yüksəldildi, istehsal sferasında yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq strukturu təkmilləşdirildi, ölkə ixracında sahibkarların payı artdı, iqtisadi fəaliyyətin regional strukturu daha da təkmilləşdirildi.

 

(ardı var)



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM