10 Sentyabr 2011 12:09
463
SİYASƏT
A- A+

Düşünülmüş, sürətli və davamlı inkişaf

 

"Bizim enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql edən 3 neft və 4 qaz boru kəmərimiz vardır. Biz nəhəng qaz yataqlarını aşkar etmişik. Onlar bizə böyük qaz ixracatçısı olmağa imkan verir. Hazırda biz təbii qazı qonşu ölkələrə ixrac edirik. Hasilatın artırılması və yeni bazarların tapılması ilə bağlı böyük planlarımız vardır".

İlham ƏLİYEV

 

Azərbaycan qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısıdır

 

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycanın enerji resurslarını dünya bazarına çıxaracaq  marşrutlar və onların alternativliyinə nail olmaq idi. Çünki neft marşrutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi asılılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinin təminatı baxımından da olduqca vacib əhəmiyyət kəsb edirdi. Heydər Əliyev bu sahədə də möhtəşəm nailiyyətlərin müəllifi kimi çıxış etdi, məhz onun gərgin zəhməti, həyata keçirdiyi uğurlu diplomatiya sayəsində Azərbaycan enerji resurslarının ixracında diversifikasiyalaşmış  marşrutlar əldə etdi, Bakı-Tbilisi-Ceyhan kimi böyük bir layihə ərsəyə gəldi.   

Ancaq  Bakı-Tbilisi-Ceyhan reallaşana qədər 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri digər marşrutlarla neft ehtiyatlarını dünya bazarlarına çıxarmaq idi. Özü də həmin marşrutların inşa və istifadəyə verilməsi kifayət qədər tez həyata keçirilməli idi. Bu xüsusda da Heydər Əliyevin dahiliyi bir daha özünü büruzə verdi. İlkin neftin hasil olunmasından sonra onun dünya bazarlarına çatdırılması üçün 1996-cı ilin əvvəllərində Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə hökumətlərarası saziş imzalandı. ABƏŞ, ARDNŞ və "Transneft" arasında imzalanan üçtərəfli sazişdə  Azərbaycan neftinin RF ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması nəzərdə tutulurdu. Sazişin əsas cəhətlərindən biri də burada bütün hüquqi və texniki məsələlərin öz əksini tapması idi. Rusiya bu müqavilədə öz mövqeyini obyektivləşdirərək müqavilənin 2-ci bəndində qəbul edirdi ki, Azərbaycan neftinin mülkiyyət hüququ bu neftin istehsalçısına məxsusdur. Bu, Azərbaycanın yeni neft strategiyasının əldə etdiyi mühüm nailiyyəti kimi qiymətləndirilirdi. Şimal İxrac Marşrutu da adlandırılan Bakı-Novorossiysk  1997-ci il oktyabrın 25-də istifadəyə verildi. Həmin dövrdən etibarən fasiləsiz olaraq istismar edilən Bakı-Novorossiysk əvvəllər ABƏŞ tərəfindən idarə olunsa da, sonradan kəmərin operatorluğunu ARDNŞ həyata keçirməyə başladı. Ümumi uzunluğu 1330 kilometr olan Bakı-Novorossiyskin 231 kilometri Azərbaycan ərazisindən keçir. Kəmərin diametri 720 millimetr, gündəlik ötürmə qabiliyyəti 115 000 barel, yaxud 15750 tondur.

Ancaq hələ Bakı-Novorossiyskin reallaşması istiqamətində işlər görülən zaman Heydər Əliyev neft marşrutlarının alternativliyinə nail olmağın vacibliyini əvvəlcədən görürdü və bununla bağlı konkret addımlar atırdı. Neft marşrutlarının alternativliyi isə Azərbaycana ilk növbədə ona görə lazım idi ki, ölkə perspektivdə hər hansı bir dövlətdən iqtisadi cəhətdən asılı vəziyyətə düşməsin. Bütün bu amilləri nəzərə alan ümummilli lider 1996-cı ilin martında gürcü həmkarı Eduard Şevardnadze ilə Tbilisidə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılıq əldə etdi. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış üçtərəfli müqavilələr əvvəlcə "Çıraq" yatağının mənimsənilməsini həyata keçiriləcək "İlkin hasilat" layihəsində neft ixracı üçün nəzərdə tutulmuşdu.

1999-cu il aprelin 17-də istifadəyə verilən və Qərb İxrac Marşrutu kimi də adlandırılan Bakı-Supsa kəməri Səngəçal terminalından Azərbaycan ərazisi ilə keçərək Gürcüstanın Qara dəniz sahillərində yerləşən Supsa terminalınadək uzanır. Uzunluğu 837 kilometr olan bu kəmərin diametri 530 millimetrdir. Bakı-Supsanın da gündəlik ötürücülük qabiliyyəti 115 000 barel, yaxud 15750 tondur. Onun inşası zamanı keçmiş SSRİ dövründə istifadə olunan Bakı-Batumi kəmərindən istifadə olunub. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azəri light" markası ilə dünya bazarına çıxarılmasıdır. Bununla yanaşı, kəmərin digər üstünlüyü neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır.

Hər iki kəmərin müsbət və mənfi cəhətlərinə baxmayaraq, ümummilli lider sonradan zamanın göstərdiyi kimi, müdrik və yeganə düzgün qərar qəbul edərək hər iki kəmərlə neftin ixracını lazım bildi. Çünki Azərbaycanın malik olduğu neft potensialı ölkəmizə qarşıdakı illərdə sözügedən kəmərlərin daşıya bilməyəcəyi həcmdə neft istehsal etməyə imkan verirdi. Bu da neftin nəqli əsas ixrac boru kəmərinin çəkilməsini zəruri edirdi. Qazaxıstan və Türkmənistanın öz neft ehtiyatlarını Azərbaycan vasitəsilə nəql etmək perspektivi də nəzərə alındıqda bu zərurət daha da artmış olurdu. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev əsas ixrac kəməri olan Bakı-Tbilisi-Ceyhan layihəsini reallaşdırmaq sahəsində fəaliyyətə başladı. Həmin vaxt layihənin əleyhdarları bunu əfsanə kimi qələmə verir, reallıqdan tamamilə uzaq olduğunu iddia edirdilər. Lakin Heydər Əliyev bunun siyasi və iqtisadi baxımdan ən optimal qərar olduğunu sübuta yetirdi. Həmin dövrdə cənab İlham Əliyevin söylədiyi bu fikirlər də Azərbaycanın prinsipial mövqeyini əks etdirirdi: "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü, müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir".

 

Xəzər neftini dünya bazarına çıxaran əsas marşrut

 

Əgər "Əsrin müqaviləsi" kimi nəhəng müqavilənin imzalanması müstəqillik illərinin enerji tarixinin ilk əsas səhifəsini təşkil edirsə, Bakı-Tbilisi-Ceyhanın inşası da bu tarixin əsas hərəkətverici qüvvəsi sayılır. Çünki "Əsrin müqaviləsi"nin imzalanmasından sonra  gündəlikdə duran əsas məsələ  Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil olunacaq milyonlarla ton xam neftin dünya bazarlarına hansı ixrac boru kəməri ilə nəql olunacağı idi. Həmin dövrdə isə Heydər Əliyevin uzaqgörənliyi və prinsipiallığı nəticəsində bu problem də Azərbaycanın milli mənafelərinə, maraqlarına uyğun həllini tapdı. Onun baş memarı və ideya müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri strateji və siyasi baxımdan ən optimal variant oldu. Lakin qeyd edildiyi kimi, Bakı-Tbilisi-Ceyhan ideyası gündəmə gəldikdən dərhal sonra bəzi dövlətlər, təşkilatlar tərəfindən onun əleyhinə böyük bir kampaniya başladı, hətta bunu reallaşdırılması mümkün olmayan əfsanə kimi qiymətləndirənlər də tapıldı. Lakin Azərbaycan əfsanəni reallığa çevirmək iqtidarında olduğunu bütün dünyaya sübut edə bildi.

İlk dəfə Bakı-Tbilisi-Ceyhanın əsas ixrac neft boru kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Hər üç ölkənin prezidentləri aydın şəkildə bildirdilər ki, əsas ixrac kəməri Bakı-Tbilisi-Ceyhan olmalıdır. Bununla da kəmərin reallaşmasının siyasi qərarı verildi. 1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə əsas ixrac kəmərinin çəkilməsini müdafiə edən "Ankara Bəyannaməsi"nin imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olundu.

Bütün bunların nəticəsi olaraq ATƏT-in 18 noyabr 1999-cu il tarixdə İstanbulda keçirilən zirvə toplantısında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" sazişi imzaladılar. Həmin sazişə eyni zamanda ABŞ və Qazaxıstan dövlət başçıları da imza atmaqla üzərlərinə müəyyən hüquqi və siyasi öhdəliklər götürmüş oldular. 2002-ci ilin avqustunda Londonda kəmərin tikintisini və gələcək istismarını aparmaq üçün "BTC Ko" şirkəti yaradıldı.

Ümummilli liderin iştirakı ilə 18 sentyabr 2002-ci il tarixdə isə Azərbaycan paytaxtında Bakı-Tbilisi-Ceyhanın təntənəli təməlqoyma mərasimi keçirildi və inşasına start verildi.

Proseslərin sonrakı gedişində yaranan maneələrin aradan qaldırılmasında əsas rol oynayan Prezident İlham Əliyev bununla ümummilli liderin neft strategiyasında varisliyi inamla təmin edərək Bakı-Tbilisi-Ceyhanın ərsəyə gəlməsində nöqtəni qoydu. 2004-cü ilin əvvəllərində kəmərin maliyyələşməsi ilə bağlı yaranmış müəyyən anlaşılmazlığın da tez bir zamanda aradan qaldırılmasına məhz Prezident İlham Əliyev müvəffəq oldu. Həmin ilin fevral ayının 3-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı sənədlərin imzalanması mərasimi əfsanənin gerçəyə çevrilməsində bütün tərəddüdlərə son qoydu. Dövlət başçısı həmin mərasimdəki çıxışında keçilən yolda qarşılaşdıqları çətinlikləri xatırladaraq bildirmişdi: "Azərbaycan rəhbərliyinin və şəxsən Heydər Əliyevin qətiyyəti, beynəlxalq neft şirkətlərinin inamı və dünya ictimaiyyətinin dəstəyi bizə imkan verdi ki, bütün bu çətinliklərə baxmayaraq, istədiyimizə nail ola bilək. Bir daha bütün dünyaya sübut edək ki, Azərbaycan öz siyasətini müstəqil şəkildə aparır. Azərbaycan xalqının milli maraqları qorunur və heç kim, heç bir qüvvə bizi bu yoldan döndərə bilməz".

2005-ci il mayın 25-də kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və Səngəçal terminalından boru xəttinə ilk neft vuruldu. Elə həmin ilin oktyabrında kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. Nəhayət, 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. Bu tarixi hadisənin əlamətdar bir günə təsadüf etməsinə toxunan Prezident İlham Əliyev xalqa müraciətində bildirirdi: "Çox əlamətdar haldır ki, Azərbaycan nefti Ceyhan limanına Müstəqillik Günündə çatdı. Bu, rəmzi xarakter daşıyır. Çünki Bakı-Tbilisi-Ceyhan Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirəcək. Azərbaycan nəinki özünün enerji təhlükəsizliyi məsələlərini həll edir, həm də dünya üçün önəmli dövlətə çevrilir. Azərbaycan nefti, sonra isə qazı dünya bazarına çıxacaq, iqtisadi vəziyyətimiz yaxşılaşacaq, eyni zamanda, tərəfdaşlarımız üçün yeni imkanlar açılacaq". 

Həmin il iyunun 4-də Xəzər nefti ilə yüklənmiş ilk tanker Ceyhan limanından Avropaya yola salındı. Yenə də 2006-cı il iyulun 13-də Ceyhanda sözügedən kəmərin təntənəli açılış mərasimi keçirildi. Ancaq Azərbaycan rəhbərliyi bu kəmərin gələcək perspektivini artırmaq üçün sadalananlarla kifayətlənmədi. Orta Asiyanın karbohidrogen ehtiyatlarının da bu kəmər vasitəsilə ixrac edilməsi istiqamətində konkret addımlar atılmağa başladı. Bu mənada 2006-cı il iyunun 16-da Qazaxıstanın paytaxtı Astanada "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" imzalanan müqavilə xüsusi əhəmiyyət kəsb edir. Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və onun qazax həmkarı Nursultan Nazarbayev imzalamışdı.

Tarix isə bir daha əyani şəkildə göstərdi ki, ümummilli liderin adını daşıyan Bakı-Tbilisi-Ceyhan yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq miqyasda enerji təhlükəsizliyi baxımından vacib əhəmiyyət kəsb edir. Mühüm texniki-iqtisadi göstəriciləri olan bu kəmərin siyasi çəkisi də olduqca böyükdür. İlk növbədə ona görə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verdi, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratdı.

 

"Mavi yanacağ"ın idxalçısından ixracatçısına çevrilən ölkə

 

Enerji təhlükəsizliyini təmin edən, qlobal enerji məkanında xüsusi çəkisini davamlı surətdə artıran Azərbaycan öz təbii qaz ehtiyatları və ondan səmərəli istifadə baxımından da beynəlxalq aləmdə diqqət mərkəzindədir. Azərbaycanın qaz ehtiyatlarından ölkənin "mavi yanacağ"a olan tələbatının tam ödənilməsi, eyni zamanda ixrac potensialının inkişaf etdirilməsi, bununla ölkənin tərəqqisinə yeni töhfələr verilməsinə xidmət edən strategiyanın müəllifi yenə ulu öndər Heydər Əliyevdir.

1996-cı ildə, "Əsrin müqaviləsi"nin imzalanmasından iki il sonra "Şahdəniz" qaz yatağı üzrə də xarici şirkətlərlə müqavilə imzalandı və beləliklə, Azərbaycanın böyük qaz potensialına malik olduğu dünya miqyasında təsdiq edildi. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng "Şahdəniz" qaz-kondensat yatağı aşkar edildi. 2010-cu ilin sonlarına kimi Azərbaycanda minimal, yəni təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetr qiymətləndirilsə də, sonradan "Ümid"də aşkar olunmuş nəhəng qaz yatağı bu sahədə yeni vəziyyət yaratdı. Yalnız Azərbaycanın öz maliyyə imkanları və mütəxəssisləri hesabına "Ümid"də aparılmış kəşfiyyat işləri hesabına əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələrinə əsasən burada böyük yataq olduğu aşkarlandı. Kəşfiyyat zamanı təkcə qazılmış beşinci quyuda 250 milyard kubmetr qaz ehtiyatı olduğu üzə çıxdı. Həmçinin "Abşeron", "Naxçıvan", "Babək" kimi perspektivli strukturlar mövcuddur ki, onlar ölkənin qaz ehtiyatlarının həcmini xeyli artırmağa imkan verir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti və bp şirkəti arasında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında yeni Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. Eyni zamanda, "Şəfəq-Asiman" dəniz bloku üzrə HPBS-in əsas kommersiya prinsiplərini müəyyən edən "Sazişin Əsas Prinsipləri" razılaşdırılıb və imzalanıb. HPBS-in müddəti 30 ildir və sazişə əsasən, "bp Exploration Caspian Sea" şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya, ARDNŞ isə qalan 50 faiz paya malikdir.

Bütün bunların kontekstində Azərbaycan neftlə yanaşı, təbii qazın ixrac marşrutlarının diversifikasiya və formasını davamlı olaraq genişləndirir. Təbii qazın mövcud ixrac marşrutları sırasında ilk növbədə Bakı-Tbilisi-Ərzurum kəməri qeyd edilməlidir. Bu boru kəməri Azərbaycan qazının "Şahdəniz" yatağından Türkiyə vasitəsilə Avropa bazarlarına nəqli üçün yaradılıb. "Şahdəniz" yatağının və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin səhmdarları ARDNŞ (10 faiz), Statoyl (25,5 faiz), bp (25,5 faiz), TotalFinaElf (10 faiz), LukAcip (10 faiz), OLİK (10 faiz), TPAO (9 faiz) şirkətləridir. Məhz "Şahdəniz" qaz-kondensat yatağının aşkar edilməsi ilə əlaqədar XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və respublikamızın neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. 2001-ci il martın 12-də ulu öndər Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə respublikaları arasında təbii qazın satışı və alışı haqqında Müqavilə" imzalandı. Həmin il sentyabrın 29-da Gürcüstan Respublikasının o vaxtkı prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan respublikaları arasında Saziş"ə imza atıldı.

2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Uzunluğu 690 kilometrə çatan kəmərin 442 kilometri Azərbaycandan, 248 kilometri isə Gürcüstandan keçib daha sonra Ərzurum qaz kəmərinə birləşir. Azərbaycan və Gürcüstan ərazisində bu qaz kəməri Bakı-Tbilisi-Ceyhana paralel olaraq çəkilib. Kəmərin maksimal ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetrdir. 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum ehtiyatlarına görə dünyanın ən iri qaz-kondensat yataqlarından sayılan "Şahdəniz"dən hasil olunan "mavi yanacağ"ı Türkiyəyə, eləcə də Avropaya çatdırır. Perspektivdə isə "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində Bakı-Tbilisi-Ərzurumla daha böyük miqdarda qaz ixracı həyata keçiriləcək. O da mühüm faktdır ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycan, Gürcüstan və Türkiyəni, bu ölkələrin xalqlarını bir-birinə daha da yaxınlaşdırır, bölgəyə sülh və sabitlik gətirir, təhlükəsizliyi, ölkələrimizin dünyada mövqeyini möhkəmləndirir.

Azərbaycanın malik olduğu daha bir təbii qaz ixrac marşrutu isə hələ sovetlər dönəmində inşa olunan Qazıməmməd-Mozdok boru kəməridir. Azərbaycan qazının 2010-cu ildən Rusiyaya ixracına başlanılmasına imkan verən boru kəmərinin infrastrukturu yeniləndikdən sonra artıq onun vasitəsilə hər il təxminən yeddi milyard kubmetr qaz ötürmək olar, əvvəllər isə bu göstərici beş milyard kubmetr təşkil edib. 2009-cu ildə Bakıda ARDNŞ və "Qazprom" şirkəti arasında Azərbaycan qazının Rusiyaya tədarükü barədə ortamüddətli müqavilə imzalanıb. Müqavilənin şərtləri 2010-cu ildən ildə 500 milyon kubmetrdən az olmayan qaz həcminin Rusiyaya tədarükünü nəzərdə tutsa da, sonradan bu göstərici 1 milyard, bunun ardınca isə 2 milyard kubmetrə çatdırılıb. Lakin ehtiyac yarandığı təqdirdə Rusiyaya ixrac olunan qazın miqdarı ən azı 7 milyard kubmetrə qədər artırıla bilər. Bu ixrac marşrutunun bir sıra mühüm üstünlükləri də var. Belə ki, Rusiya ilə Azərbaycan arasında heç bir başqa tranzit ölkə yoxdur, yəni bu marşrutdan istifadə əlavə tranzit haqları tələb etmir. Azərbaycanın özünü təbii qazla tam təmin etməsinə qədər ölkə bu kəmərlə Rusiyadan "mavi yanacaq" idxal edib. Lakin idxal qazının bir sıra hallarda dayandırılması və ya müxtəlif vaxtlarda bahalaşdırılması zaman-zaman Azərbaycan üçün müəyyən problemlər yaradıb. Eyni zamanda, bu hal enerji asılılığının hansı mənfi fəsadlar doğura biləcəyini də üzə çıxarıb. Lakin sonradan ulu öndər tərəfindən həyata keçirilən və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmizin Rusiyadan olan təbii qaz asılılığına son qoyulub və qeyd edildiyi kimi, artıq Azərbaycan şimal qonşumuza "mavi yanacaq" satan ölkəyə çevrilib.  

Bununla yanaşı, Azərbaycan İrana da qaz ixrac etmək üçün lazımi potensiala və hazır kəmərə malikdir. Azərbaycan və İranı Hacıqabul-Astara-Bənd-Biand qaz kəməri bağlayır. Onun ümumi uzunluğu 1474,5 kilometr, Azərbaycandakı hissəsi 296,5 kilometrdir. Buraxılış gücü ildə 10 milyard kubmetrdir. Bu marşrut 1971-ci ildə istifadəyə verilmiş Qazax-Astara-İran boru kəmərinin bir qoludur. Onun trasında üç kompressor stansiyası tikilib - Hacıqabul, Ağdaş və Qazax. Qaz nəqli sistemi 55 dərəcəli atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 millimetrdir. 2011-ci il yanvarın 12-də Azərbaycanın Dövlət Neft Şirkəti və İranın Milli Qaz İxracı Şirkəti arasında təbii qazın alqı-satqısı sazişinin əsas şərtləri imzalanıb.

Sənəd 5 illik müddəti əhatə edir və 2011-ci il fevralın 1-dən Azərbaycan İrana qaz ixrac etməyə başlayıb. 2011-ci ildə müqavilə ilə İrana 1 milyard kubmetr qaz ixrac edilməsi nəzərdə tutulub, növbəti illərdə isə qazın həcmi yenidən razılaşdırılacaq.

Azərbaycanın malik olduğu daha bir qaz kəməri yenə də sovetlər dönəmində inşa olunan və Gürcüstan istiqamətində uzanan kəmərdir. Hazırda təbii qaza olan ehtiyacını Gürcüstan məhz bu kəmər vasitəsilə təmin edir və Azərbaycan indi "mavi yanacaq"la Gürcüstanı təmin edən əsas ölkədir. Beləliklə, Azərbaycan dörd istiqamətdə - Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətlərində qaz ixrac etmək iqtidarındadır və həmin istiqamətlərdə artıq qaz nəql olunur. Perspektivdə isə bu marşrutlar üzrə "mavi yanacağ"ın nəql həcminin artırılması üçün Azərbaycanın kifayət qədər böyük qaz ehtiyatları var.

 

Azərbaycan dünya təbii qaz bazarının əsas iştirakçılarından birinə çevrilir

 

Azərbaycanın qarşısında ixrac məsələsində yeni və olduqca perspektivli layihələr də durur. Onlardan biri məşhur "Nabukko" layihəsidir. Bu kəmər qazın Türkiyədən Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyaya, eləcə də bütün Avropaya çatdırılmasını nəzərdə tutur. Kəmərin uzunluğu 3.300 kilometr, ilkin qaz nəqli gücünün 8-10 milyard kubmetr olacağı gözlənilir. 2020-ci ilə qədər isə bu kəmərin ildə Avropaya 31 milyard kubmetr qaz daşıyacağı proqnozlaşdırılır. Əsas mənbələr kimi Xəzər, Orta Asiya və Yaxın Şərqin yataqları nəzərdə tutulur. "Nabukko" kəməri layihəsinə Avstriyanın neft-qaz şirkəti olan OMV rəhbərlik edir. Konsorsiuma Macarıstanın MOL, Türkiyənin BOTAŞ, Bolqarıstanın "Bolqarqaz", Rumıniyanın "Transqaz" və Almaniyanın RWE şirkətləri daxildir.

Hazırda "Nabukko"nun reallaşması üçün Avropanın əsas ümid yeri kimi məhz Azərbaycan qəbul olunur.

Bu kontekstdə Azərbaycanın böyük müvəffəqiyyətlə reallaşdırılan enerji siyasətində artıq növbəti bir mərhələ başlamaq üzrədir. Buna səbəb "Cənub enerji dəhlizi" layihəsinin inkişaf etdirilməsi və bu məsələdə Avropanın ölkəmizə əsas ümid yerlərindən biri kimi baxmasıdır. Qeyd edilən layihə gündəmə gəldiyi vaxtdan etibarən Azərbaycan onu fəal şəkildə dəstəkləyən ölkələr sırasında yer alıb. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Azərbaycan əvvəldən "Cənub enerji dəhlizi"nə dəstək vermişdir. Əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olmuşdur. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir".

"Cənub enerji dəhlizi"nin reallaşması istiqamətində atılan daha bir önəmli addım 2011-ci ilin yanvarında Bakıda imzalanan birgə bəyannamədir. Yanvarın 13-də Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalayıblar. Birgə bəyannamə həm də Avropa İttifaqı, Avropa təsisatları ilə Azərbaycan arasında olan uğurlu əməkdaşlığın daha bir konkret təzahürü kimi çıxış edir. Digər tərəfdən, qeyd olunan sənəd Azərbaycanın müxtəlif marşrutlarla enerji ehtiyatlarının, xüsusən də təbii qaz resurslarının dünya bazarlarına çıxarlıması sahəsində həyata keçirdiyi diversifikasiya siyasətində növbəti uğura imza atmasının göstəricisidir. 

Proseslərin gedişi "Cənub enerji dəhlizi"nin həyata keçirilməsi istiqamətində artıq praktiki mərhələnin başlandığını göstərir və bu məsələdə əsas həlledici tərəflərdən birinin məhz Azərbaycan olduğu da aydın görünür. 2009-cu ilin mayında Praqada Avropa İttifaqının elan etdiyi "Cənub enerji dəhlizi" layihəsində Xəzər regionundan Avropaya qaz nəql edəcək bir neçə kəmər nəzərdə tutulur. Onların ən vaciblərindən biri "Nabukko" kəməridir və onun çəkilişinin 2016-cı ildə başa çatdırılması gözlənilir. Bu kəmərlə ildə 31 milyard kubmetr qazın Avropaya nəqli planlaşdırılır. "Cənub enerji dəhlizi"ndə ikinci mühüm layihə isə Türkiyə-Yunanıstan-İtaliya qaz kəməridir. Bu layihə reallaşsa, onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilə biləcək. Hələlik ideya şəklində olan Transadriatik kəmər isə Yunanıstan ərazisi ilə Albaniya, Adriatik dənizin altı ilə İtaliyaya çıxmalıdır. Bu kəmərlə də ilə 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. "Cənub enerji dəhlizi"ndə "Bəyaz axın" adlı başqa bir kəmərin isə Qara dənizin altı ilə Rumıniyaya, ya da Ukraynaya, oradan da Mərkəzi Avropaya çıxması nəzərdə tutulur. Hər dörd kəmər layihəsində əsas iştirakçılardan biri qismində məhz Azərbaycan nəzərdə tutulur və bu, bir daha ölkəmizin qlobal enerji təhlükəsizliyinin təminatında nə qədər vacib əhəmiyyətə malik olduğunu nümayiş etdirir.

Yeni enerji bazarlarına Azərbaycanın neft-qaz ehtiyatlarının nəqli istiqamətində atılan vacib addımlardan biri 2010-cu  ilin may ayında Gürcüstanda imzalanan üçtərəfli protokol oldu. Protokolda Azərbaycanın sıxılmış qazının Gürcüstana, oradan Rumıniyaya və daha sonra digər Avropa ölkələrinə nəqli nəzərdə tutulub.

Lakin Azərbaycan öz enerji ehtiyatlarını təkcə Qərb istiqamətində nəql etmir. Son illərdə ərəb ölkələri də Azərbaycandan təbii qaz almaq məqsədilə ölkəmizlə bu sahədə əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirməkdədirlər. 2010-cu ildə Azərbaycan qazının Türkiyə ərazisindən tranziti üzrə imzalanmış sənəd də bu istiqamətdə yeni perspektivlər açır. Həmin sənədə əsasən, Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya və İordaniyaya, oradan isə digər istiqamətlərə nəqlinə şərait yaranır. Bundan əvvəl Suriya 20 il ərzində 1-1,5 milyard kubmetr Azərbaycan qazının alınması barədə təkliflə çıxış edib. Suriyaya qaz nəql etməklə Azərbaycanın Panərəb qaz kəmərinə qoşulması da gözlənilir. Aralıq dənizi boyunca Türkiyəyə kimi uzanan bu kəmər ərəb ölkələrinə qaz ixrac etməyə geniş imkanlar yaradır. Perspektivdə Azərbaycan qazının bir istiqamətinin Asiyaya yönləndirilməsi də gözlənilir. Bundan sonra ölkəmizdən  "mavi yanacaq" almaq istəyən ərəb və digər Şərq dövlətlərinin sayı daha da arta bilər.

Azərbaycanın enerji ehtiyatlarını uğurla reallaşdırması indi beynəlxalq miqyasda da açıq etiraf olunur, təqdir edilir. Bunu dünyanın nüfuzlu qurumlarından olan Beynəlxalq Enerji Agentliyinin "World Energy Outlook 2010" adlı illik hesabatından da aydın görmək mümkündür. Londonda təqdim edilən hesabatda dünyanın enerji bazarında vəziyyətin təhlili ilə yanaşı, bu sahədə 2035-ci ilə qədər mümkün tendensiyalar haqqında proqnozlar verilir. Hesabatda böyük karbohidrogen ehtiyatlarına malik Xəzər hövzəsinə, o cümlədən də Azərbaycana geniş diqqət ayrılıb. Bildirilir ki, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi dünyanın enerji təhlükəsizliyini gücləndirir. Növbəti iki onillik ərzində hasilat və ixracı artırmaq üçün dənizdə kifayət qədər neft və qaz resurslarının olduğu qeyd edilir.

O da bildirilir ki, Azərbaycanda neft hasilatı qarşıdakı bir neçə ildə gündə 1,3 milyon barelə çatacaq və 2014-cü ildə hasilat özünün ən yüksək həddinə  yüksələcək. Sənədə görə, Azərbaycan 2020-ci ildən sonra Qazaxıstandan Avropaya neft nəqlində əsas tranzit ölkəyə çevriləcək. Əksər ekspertlər isə Azərbaycanın hələ qarşıdakı onillər ərzində əsas neft hasil edən ölkələrdən biri kimi qalacağını düşünür. Buna konkret misal olaraq xatırlanır ki, hətta ehtiyatının tükəndiyi gözlənən yataqlar da hazırda neft verməkdə davam edir. Məsələn, xatırlanır ki, 1949-cu ildə istismara verilən Neft Daşları yatağının ehtiyatları, hesablamalara görə, 1997-ci ildə tükənməli idi. Amma bu yataq hələ də ilə bir milyon ton neft verir. İndi verilən proqnoza görə isə, Neft Daşları hələ 2028-ci ilə qədər də neft verməkdə davam edəcək.

O da mühüm faktdır ki, Azərbaycan təkcə müxtəlif ixrac neft-qaz kəmərlərinə malik olması ilə seçilmir. Ölkənin tranzit əhəmiyyəti də olduqca böyükdür. Bu gün Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının alternativ marşrutlarla dünya bazarlarına çıxarılmasında əsas tranzit ölkələrdən biri statusunu məhz Azərbaycan daşımaqdadır. Bütün bunlar bir daha Azərbaycanın dünya enerji məkanında nə qədər vacib ölkə olduğunu göstərməklə yanaşı, həm də bu sahədə kifayət qədər uğurlu bir siyasət həyata keçirdiyini göstərir.

 

(ardı var)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video