08:25 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanı dəyişdirən yabanı bitki

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:23 20.06.2021

 

Dənli bitki olan buğda təxminən 10 min il əvvələ qədər Yaxın Şərqdə bitən yabanı ot idi. Zaman ötdükcə bu ot bəşəriyyətin təkamülünə verdiyi töhfələrə görə dünyada ehtiyac duyulan əsas bitkilərdən birinə çevrildi və Yer kürəsinin bir çox yerlərində əkilməyə başladı. Bəs bu yabanı ot dünyanın ən strateji bitkilərindən birinə necə çevrildi?

Buğda buna Homo sapinens vasitəsilə nail oldu. Buğda yetişdirmək Homo sapiensə daha çox qida əldə etmək və çoxalmaq imkanı verdi.  İsrail tarixçisi Yuval Noy Harari “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabında yazır ki, yabanı toxumları ələmədən, arıtlamadan və bişirmədən yemək mümkün olmadığı üçün insanlar onları toplayıb, istifadəyə hazırlamaq məqsədilə müvəqqəti düşərgələrə daşıyırdılar. Buğda toxumları kiçik və çox sayda olduğundan düşərgələrə daşındıqda yolda yerə səpilirdi. Bu səbəbdən tədricən insanların gediş-gəliş yollarının və düşərgələrin ətrafında daha çox buğda cücərməyə başladı.

İnsanların sıx cəngəllikləri və meşələri yandırması da buğdanın inkişafına kömək etdi.  Od ağac və kolluqları təmizləyərək buğda və digər yabanı otların gün işığını, suyu və qida maddələrini təkbaşına istismar etməsi üçün şərait yaratdı. Buğdanın bol olduğu yerlərdə ov heyvanları və digər qida mənbələri də çox olduğundan insanlar köçəri həyat tərzindən tədricən əl çəkib mövsümi və daimi düşərgələrə yerləşdilər.

Ehtimal var ki, ilk vaxtlar insanlar yalnız məhsul yığımı zamanı bir neçə həftəliyə düşərgə salırdılar. Nəsillər dəyişdikcə buğda da çoxalıb yayıldı və məhsul yığımı 5-6 həftə davam etdi. Nəticədə müvəqqəti düşərgələr daimi yaşayış yerlərinə - kəndlərə çevrildi.

Bu cür məskənlərin varlığına dair sübutlar bütün Yaxın Şərqdə, xüsusilə də Natuf mədəniyyətinin e.ə. 12500-9500-cü illər arasında inkişaf etdiyi Levant bölgəsində (Aralıq dənizinin şərq sahili) aşkar edilib. Natuflar daşdan evlər və anbarlar tikər, qıtlıq dövrləri üçün toxum saxlayardılar. Yabanı buğdanı toplamaq üçün daş oraq, döymək üçün daş həvəng-dəstə kimi alətlər icad etmişdilər.

E.ə. 9500-cü ildən sonrakı dövrdə Natufların övladları taxıl yığımına və tədarükünə davam etdilər. Amma taxılı daha da inkişaf etmiş üsullarla yetişdirməyə başladılar. Yabanı toxumları yığarkən məhsulun bir qismini növbəti mövsümdə əkmək üçün ayırıb saxladılar. Toxumları necə gəldi səpmək yerinə onu torpağa basdıranda daha yaxşı nəticə əldə etdiklərini gördülər. Buna görə də toxa və kotanı icad etdilər. Sonra tədricən tarlaları otlardan təmizləmək, parazitlərdən qorumaq, əkin sahələrini sulamaq və münbitləşdirmək kimi üsulları tətbiq etməyə başladılar. Taxılı yetişdirməyə daha çox diqqət yetirdikcə, digər yabanı bitkiləri toplamağa və heyvanları ovlamağa daha az vaxt və enerji sərf etməyə başladılar. Beləcə, ovçu-toplayıcılar fermerlərə çevrildilər.

Zamanla icmalar arasında ünsiyyət quruldu. Onlar istehsal etdikləri məhsulun artığını özlərində olmayan məhsullarla mübadilə edib ticarət əlaqələri yaratdılar. İnsanlar istehsal etdiyi və satdığı məhsulu hesablaya bilsin deyə daş, gil lövhələrə və dəri parçalarına xətt çəkməyə başladılar. Bu xətlər zamanla inkişaf etdi və səsləri ifadə etməyə çevrildi. Beləliklə, insanlar yazının kəşfi ilə tarixin qaranlığından çıxdılar. Buna görə buğda sivilizasiyaya keçidin əsas dinamikası hesab olunur.

Mesopotamiya sivilizasiyalarından qalan yazılı qaynaqlarda buğdanın əsas ticarət məhsullarından biri olduğu təsdiqlənib. “Gilqameş” dastanında buğda motivi tez-tez işlənib və təsvirlərdə istifadə edilib. Buğda Mesopotamiyadan Ərəbistan səhralarına və Asiyaya, dəniz yolu ilə körfəzə daşınan əsas məhsul olub. Qədim Misirdə və Finikiyada buğdadan vergi tutulub.

Bu gün dünyada elə bir ölkə yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı hansısa əlamətlərə rast gəlinməsin. Arxeoloji mənbələr əsasında buğdanın ana vətəninin Mesopotamiya olduğu təxmin edilir. Buğda əkininin Anadoluda, Azərbaycanda, Qərbi İran və Cənubi Qafqazda da aparıldığı bildirilir. Anadoluda və Misirdə aparılan arxeoloji qazıntılar zamanı daşlaşmış buğda dənələri tapılıb.

Eramızdan əvvəl 10 mininci illərə aid olan Türkiyədəki Göbəkli təpənin ətəklərində də  qədim buğda növü aşkarlanıb.  Türkiyənin Anadolu bölgəsi  buğdanın minilliklər boyu Avropa qitəsinə yayılmasında əsas rol oynayıb.

Tarixi mənbələrdə İraqın şimalında tapılan ilk mədəni buğdanın e.ə. 10-cu minilliyin ikinci yarısına aid olması göstərilir. Eramızdan əvvəl II-III minillikdə Misirdə 3 buğda növünün əkildiyi də qeyd olunur. Azərbaycanda aparılan arxeoloji qazıntılara əsasən daşlaşmış buğda növləri e.ə. VI-VII minilliyə aid edilir.

 

Dünyadakı buğda sahələri Britaniyanın ərazisindən 10 dəfə böyükdür

 

E.ə. 9-cu minillikdə yabanı bitkilər yerini buğda sahələrinə veriblər. Hazırda bütün dünya üzrə buğdanın tutduğu ərazilər 2,25 milyon kvadratkilometrə yaxındır. Bu isə Britaniyanın ərazisindən demək olar ki, 10 dəfə böyükdür.

Ən çox becərilən taxıl dünyadakı ümumi əkin sahələrinin 17 faizini təşkil edir. Buğda dünya əhalisinin 35 faizinin əsas qidasıdır. O, digər məhsullarla müqayisədə daha çox kalori və protein verir.

Buğda təxminən 70 ölkədə yetişdirilsə də (cəmi 690 milyon ton), onun böyük hissəsi ABŞ-ın, Kanadanın, Argentinanın, Rusiyanın, Qazaxıstanın, Ukraynanın çöllərində və digər əlverişli ərazilərində yığılır. Bu ölkələrdə ixtisaslaşdırılmış buğda təsərrüfatları dünyanın taxıl mənbəyi sayılır. Buğda istehsalına görə Çin birinci yerdə dayanır. 2020-ci ilədək Çində buğda istehsalı 134 milyon 250 min ton idi ki, bu da dünya buğda istehsalının  20,65 faizinə bərabər idi. Buğda istehsalına görə ilk beşlikdə yer alan ölkələr sırasında Hindistan, Rusiya, Amerika Birləşmiş Ştatları və Kanada yer alıb.

Dünyada ən iri taxıl ixracatçıları Rusiya, ABŞ, Kanada, Avstraliya, Ukrayna, Argentina, Almaniyadır.  Buğdanın yarıdan çoxunu Afrika, Asiya və Latın Amerikası ölkələri ərzaq məqsədi ilə idxal edir. Qərbi Avropa və Yaponiya əsasən yem taxılı idxal edir.

 

30 mindən çox buğda növü mövcuddur

 

Dünyada hər il 2 milyard ton taxıl istehsal edilir. Onun 70 faizi insanlar tərəfindən istifadə edilir. Taxılın 20 faizi heyvan yemi, 9 faizi toxumluq, 1 faizi sənaye məqsədilə istifadə edilir.

Yer üzündə  buğda və düyüdən sonra ən çox istifadə edilən bitki qarğıdalı, daha sonra isə arpadır. Dünyada altı əsas bitkinin hibridləşdirilməsi nəticəsində istehsal olunan 30 mindən çox buğda növü var. Buğdanın ölçüsü sortdan asılıdır.

Bir buğda dənəsinin çəkisi 0,065 milliqramdır. Təxminən yarım kilo buğdada 7-8 min buğda dənəsi olur. Dünya əhalisinin 1 faizi  çölyak xəstəliyinə görə buğda əsaslı məhsullar istehlak edə bilmir. Bu narahatlıq qluten adlı buğda zülalına qarşı dözümsüzlükdən qaynaqlanır.

Kondisionerlər, bədən losyonları və dodaq balzamlarında da buğda zülallarından istifadə edilir. Buğdadan araq və viski kimi alkoqollu içkilər hazırlanır, spirt istehsal edilir. Buğdadan istehsal olunan etanol bioyanacaq kimi istifadə edilə bilər.

Norveçin Svalbard adalarında “Qiyamət anbarı” adlandırılan toxum anbarında 980 min çeşid toxum saxlanılır. Toxumlar mənfi 18 dərəcə temperaturda qorunur. Bu temperatur toxumların ömrünün uzanmasına gətirib çıxarır. Bu anbarda təbii buğda toxumları da olur.

 

Mayalı xəmirdən çörəyin hazırlanması təsadüfən olub

 

İlk çörəyin hazırlanma tarixi 5-6 min ildir. Un çörəyi yalnız 19-cu əsrdə populyarlaşmağa başlayıb.

Məlumatlara görə, mayalı xəmirdən çörəyin hazırlanması təsadüfən baş tutub. Belə ki, qədim insanlar yetişdirdikləri yabanı bitkilərin dənini suda islatmaqla yeyirmişlər. Daş alətlər və od meydana çıxdıqdan sonra dəni əzərək onu yuxa kimi bişirib yeyirmişlər. Lakin bu zaman kündələr çox quru olurmuş.

Bir gün bir qadın gecə suya qoyduğu taxılın həcmcə böyüdüyünü və tamının turşməzə olduğunu hiss edir. O, bundan çörək hazırlayır. Çörək isə çox dadlı olur. Beləliklə, insan təsadüfən xəmirin qıcqırmasını və qıcqırmış xəmirdən  çörək bişirməyi öyrənir. Keçmişdə çörəkdən müalicə vasitəsi kimi də istifadə edirmişlər.

 

2 milyarda yaxın insanın qidasının yarısını düyü təşkil edir

 

Düyünün becərilmə tarixi 7-9 min il arasındadır. Onun vətəni Çin və Hindistan olub. Orta Asiyada dənli bitkilərin tarixi bizim eradan əvvəlki 6-5-ci minilliklərə təsadüf edir.  Belə güman edilir ki, həmin dövrlərdə Orta Asiyada düyü əkilirmiş və ondan xörək hazrlanarmış.

2 milyarda yaxın əhalinin qidasının yarısını düyü təşkil edir. Düyünün mənşəyi haqqında çoxlu rəvayətlər var. Yava adasında, İndoneziyada, Malayziyada və digər ölkələrdə güman edilir ki, guya düyü ölmüş cavan qızın və ya uşağın bədənindən əmələ gəlib.

Cənub Şərqi Asiya ölkələrində düyü əkiləndə qurban kəsilərdi ki, məhsul çox olsun.

 

Ən bahalı çörəklər

 

Dünyada ən bahalı çörək İspaniyada qızıl, gümüş və çiçəklərdən hazırlanıb. Onun qiyməti 1380 avro olub.

Onun hazırlanmasının iki versiyasını təqdim edən Moreno ustanın hazırladığı ilk çörəyin çəkisi 400 qram imiş. Usta bu çörəyə sadəcə əllə çıxarılan, tərkibində orqanizmə zərər göstərməyən qiymətli  metalların olduğu qaya duzunu  əlavə edib. Usta istehlakçıları maraqlandırmaq üçün çörəyə bundan əlavə 20 qram “düşüncə” də daxil etdiyini bildirib.

Moreno ikinci bahalı çörəyi çövdar unundan hazırlayıb. O, hər iki çörəyi çiçəklərlə bəzəyib. 

İspaniyada hazırlanan qızıl yarpaq çörəyi də dünyanın ən bahalı çörəkləri sırasındadır. Onun qiyməti təxminən 120 dollardır.

 

İlk avtomatlaşdırılmış dəyirman

 

Taxılın üyüdülməsi üçün istifadə edilən dəyirman yaradılanadək böyük inkişaf yolu keçib.

Qədim zamanlarda dən daş həvəngdəstədə əzib üyüdülürdü.  E.ə. II minillikdə əl dəyirmanı meydana çıxıb. Sadə dən daşlarından əl dəyirmanına keçid təkcə texniki tərəqqi olmayıb, həm də əkinçiliyin inkişafı ilə bağlıdır. Quldarlıq quruluşu dövründə, xüsusilə feodalizmdə əkinçiliyin əsas təsərrüfat sahəsi kimi inkişafı ilə əlaqədar əl dəyirmanı dən üyütmədə ikinci dərəcəli əhəmiyyət kəsb edib. Daha sonra su ilə işləyən və ya başqa quruluşlu dəyirmanlar yaranıb. Orta əsrlərdə su dəyirmanı ilə eyni quruluşda olan yel dəyirmanı da işlədilib. XIX əsrin əvvəllərində buxar mühərriki ilə işləyən dəyirmanlar meydana çıxıb.

Dünyada ilk avtomatlaşdırılmış un dəyirmanını təxminən 1785-ci ildə amerikalı ixtiraçı Oliver Evans yaradıb.

Müasir dəyirmanlarda dənin qəbulu müxtəlif mexaniki və pnevmatik qurğularla yerinə yetirilir. Un üyütmə prosesinə dənin üyüdülməyə hazırlanması (qarışıqlardan ayrılması, dənin sulu və ya quru üsulla təmizlənməsi, unun keyfiyyətini yaxşılaşdırmaq üçün dənin su və istiliklə emalı və s), üyüdülməsi və unun kisələrə doldurulub avtomatik çəkilməsi əməliyyatları daxildir. İstehsal prosesində 30-a qədər müxtəlif tipli maşın iştirak edir.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM