04 Noyabr 2021 00:27
981
Səhiyyə
A- A+

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı artıb

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusdan ölənlərin sayının 5 milyonu ötdüyü barədə məlumat verib.

Təşkilatın yeni növ koronavirusla bağlı təəssüf doğuran məlumatları bununla məhdudlaşmır. Belə ki, ÜST-dən bildirildiyinə görə, ötən həftə dünyada 3 milyon nəfər koronavirus infeksiyasına yoluxub, 50 mindən çox insan isə həyatını itirib. Nəticədə yeddi gün ərzində COVID-19 infeksiyasına yoluxma halları 3 faiz, ölüm halları isə 8 faiz artıb.

ÜST-ün məlumatına görə, keçən həftə ərzində koronavirusa ən çox yoluxma Birləşmiş Ştatlarda qeydə alınıb. COVID-19-a yoluxma sayına görə ABŞ-dan sonrakı yerləri ardıcıl olaraq Böyük Britaniya, Rusiya, Türkiyə və Ukrayna  tutub.

Məlumatda o da bildirilib ki, yoluxma hallarının demək olar ki, 60 faizi Avropada qeydə alınıb. Ötən həftə ərzində Avropada koronavirusa yoluxanların sayı 6 faiz çoxalıb. Amerika ölkələrində bu göstərici 3 faiz, Qərbi Sakit okean regionunda isə 2 faiz təşkil edib. Şərqi Aralıq dənizi regionunda 12 faiz, Cənub-Şərqi Asiya regionunda 9 faiz, Afrikada isə 9 faiz azalma müşahidə olunub.

Koronavirus səbəbindən ölüm hallarında ən böyük artım isə Cənub-Şərqi Asiyada baş verib - 50 faiz. Avropada bu göstərici 12 faiz, Qərbi Sakit okean regionunda 10 faiz olub. ÜST tərəfindən yoluxanlar arasında “Delta” ştamının dominantlıq etdiyi açıqlanıb. Belə ki, son 60 gün ərzində analizlərin 99,5 faizində bu ştam aşkarlanıb.

           

Koronavirus yeni adlarla yayılmaqda davam edir

 

Təhlükəli infeksiya yeni adlarla da yayılmaqda, bütün bəşəriyyət üçün problemlər yaratmaqda davam edir. Bunlardan biri də “AY.4.2” adı ilə gündəmə gəlib.

Ancaq Rusiya “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktoru Vasili Akimkin koronavirusun “Delta” ştamının alt növü olan “AY.4.2”nin xəstəliyin daha ağır gedişatına səbəb olması barədə heç bir sübutun olmadığını açıqlayıb. O deyib: “Yeni virusun xəstəliyin daha ağır gedişinə, onun anticisimlərin fəaliyyətinə davamlı olmasına dair heç bir sübut yoxdur”.

V.Akimkin qeyd edib ki, bunu Böyük Britaniyanın səhiyyə orqanlarının ilkin təhlilinin nəticələrinə dair nəşri də sübut edir. Epidemioloq bildirib: “Onlar müəyyən edilmiş yeni gen variantı ilə “Delta” gen variantının bazası arasında xəstəxanaya yerləşdirmədə və ya ölüm riskində fərqin qəti sübutunu göstərmir”.

Qeyd edək ki, “AY.4.2” variantı Böyük Britaniyada aşkar edilib. Britaniyalı alimlər “AY.4.2”-nin “Delta” ştamının 45 alt növündən biri olduğu qənaətinə gəliblər. London Universitet Kolleci Genetik İnstitutunun direktoru Fransua Ballu  “AY.4.2”nin “Delta”dan 10-15 faiz daha sürətli yayıla biləcəyini diqqətə çatdırıb. Fransua Ballu  açıqlamasına əlavə edib ki, bu fərziyyəni təsdiq etmək üçün çoxlu məlumatlara sahib olmaq lazımdır.

 

Mütəxəssislər koronavirusa qarşı peyvənd olunmanın vacibliyini xüsusilə diqqətə çatdırırlar

 

Bu arada koronavirus infeksiyasından ən çox əziyyət çəkən ölkələrdən biri olan Rusiyada yeni ştamların tapıldığı açıqlanıb. Belə ki, Rusiya “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktoru Vasili Akimkin bildirib ki, adıçəkilən ölkədə bir nəfərdə koronavirusun “lambda” ştamına, üç nəfərdə isə “mü” variantına yoluxma halı aşkar edilib.

Vasili Akimkinin açıqlamasına görə, koronavirusun “Delta” ştamı dünyada olduğu kimi, Rusiyada da dominant olaraq qalır.

Onu da qeyd edək ki, koronavirusun “lambda” və “mü” ştamları ilk dəfə Cənubi Amerikada aşkarlanıb.

Koronavirusa qarşı peyvənd olunmayanların vaksin qəbul edənlərlə müqayisədə bu virusdan ölüm ehtimalı barədə də məlumat verilib. Britaniyanın Milli Statistika Ofisi (ONS) tərəfindən aparılan hesablamaya görə, həmin şəxslərin ölüm ehtimalı tam vaksinasiyadan keçənlərlə müqayisədə 32 dəfə yüksəkdir.

Bu gün hər kəsi maraqlandıran məsələlərdən biri də immunitet yaranması üçün neçə doza vaksin lazım olmasıdır.

Ukraynalı həkim Yevgeniy Komarovski yaşı 65-dən aşağı olan sağlam insana 2 doza vaksinin kifayət etdiyi qənaətindədir. Ancaq yaşlı və müxtəlif xroniki xəstəlikləri olan insanlara

3 doza lazımdır.

Tanınmış həkim vurğulayıb ki,  hamı 3 doza vurdursa, daha yaxşıdır. O, qeyd edib ki, vaksin ziyansızdır, az hallarda yanaşı təsirlərə səbəb olur.  

Mütəxəssis vaksindən gələn hipotetik təhlükənin koronavirusun təhlükəsindən qat-qat aşağı olduğunu söyləyib.

 

“Koronavirusun antibiotiklə müalicəsi mənasızdır”

 

COVID-19-dan müalicə məqsədilə antibiotiklərdən istifadə məsələsinə  mütəxəssis fikri diqqəti çəkib. Belə ki, Rusiya səhiyyə nazirliyinin baş ştatdankənar infeksionisti, professor Vladimir Çulanov koronavirusun antibiotiklərlə müalicəsini tənqid edib.

Rusiyalı professorun bildirdiyinə görə, çox vaxt “sətəlcəm” sözü həkimləri COVID-19 xəstələrinə müalicənin ambulator mərhələsində antibiotiklər yazmağa məcbur edir ki, bunun da heç bir mənası yoxdur.

Mütəxəssis, bu cür dərmanların təyin edilməsinin yalnız sətəlcəm bakterial infeksiyası ilə əlaqəli olduqda əsaslandırıla biləcəyini nəzərə çatdırıb. Bu, daha tez-tez xəstəxana mərhələsində, reanimasiya şöbələrində, xəstə süni tənəffüs cihazında olduqda baş verir. Vladimir Çulanov deyib: “Ancaq “viral pnevmoniya” və ya “pnevmonit” antibiotiklər təyin etmək üçün səbəb deyil”.

Rusiyalı professor antibiotiklərin həddindən artıq istifadəsinin virusun antibiotiklərə davamlı ştamların sayının artmasına səbəb olduğunu vurğulayıb. Bu da öz növbəsində xəstəliyin müalicəsini getdikcə çətinləşdirə bilər.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video