04:12 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyada buğda qıtlığı yaranır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:29 18.09.2021

 

Bu isə, ilk növbədə, qiymət artımına səbəb olur

 

Dünyada əhali sayının sürətlə artması bir sıra qlobal problemlərin yaranmasına səbəb olur. Həmin problemlərin içərisində insanların həyatına ən çox təsir edən amil ərzaq çatışmazlığı və qiymətlərinin bahalaşmasıdır ki, bu da dövlətlər üçün ciddi sosial təhdidlər yaradır. Odur ki, ölkələr əhalisinin əlçatan qiymətlərlə ərzaq təminatına səy göstərirlər.

Ərzaq çatışmazlığı böyük risk doğurduğu üçün ərzaq ixracatçısı olan ölkələr bu növ məhsulların satışını nəzarətə alırlar. Çalışırlar ki, şirkətlər yüksək qazanc əldə etmək üçün istehsal etdikləri məhsulun hamısını satmasınlar. Bununla yanaşı, bir çox dövlətlər vəziyyətə nəzarəti əldən verməmək üçün daha çox ərzaq alaraq ehtiyat yaradırlar. Hazırda isə ölkələrin çoxu ən çox risk yaradan ərzaq məhsulu kimi buğdanı görürlər. Bu da səbəbsiz deyil. Dünya üzrə mövcud statistika göstərir ki, ən çox istifadə olunan kənd təsərrüfatı məhsulu məhz buğdadır.

Buğdanın qiymətinin artmasına təsir edən təbii faktorlarla yanaşı, insan amilindən qaynaqlanan süni müdaxilələr də mövcuddur. Belə ki, istehsalçıdan istehlakçıya çatdırılma zəncirindəki qırılmalar, satışla məşğul olan şirkətlərin daha çox qazanc əldə etmək istəyi, üstəlik hökumətlər tərəfindən ixracına qoyulan məhdudiyyətlər son nəticədə buğdanın qiymətinin bahalaşmasına səbəb olur.    

Digər tərəfdən təbii amillər də buğdanın qiymətini qaldırır. Beynəlxalq Taxıl Şurasının açıqladığı məlumata görə, cari ilin avqust ayının ortalarınadək dünyada 733 milyon ton buğda istehsal olunub. Keçən il isə həmin dövr dünya üzrə 766 milyon ton buğda istehsal edilmişdi.

Göründüyü kimi, fərq yüksəkdir. Bu il istehsalın azalmasına səbəb kimi mütəxəssislər iqlim dəyişikliyi ilə əlaqədar baş verən quraqlıqlar sayəsində yaranan su çatışmazlığını, bəzi yerlərdə isə yağan leysan yağışları göstərirlər.

Bütün bunlarsa - istər təbii, istərsə də süni amillər buğdanın satış qiymətinin kəskin şəkildə bahalaşmasına gətirib çıxarır. Məsələn, ötən ilin avqust ayında buğdanın dünya bazarında satış qiymətləri 188-238 dollar civarında olmuşdu. Lakin elə həmin ilin dekabr ayında qiymətlər 219-265 dollara qədər artdı. Mütəxəssislərin hesablamalarına görə, bu, son 4 ilin ən yüksək qiymətləri idi. Belə ki, 2017-2018-ci illərdə buğdanın tonu 174-190 dollara satılmışdı. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı statistik rəqəmlərdən aydın olur ki, ötən ilin ikinci yarısından cari ilin birinci yarısınadək dünyada buğdanın qiymət artımı müşahidə olunur ki, bunun da əsas səbəblərindən biri kimi qlobal səviyyədə təminatın azalmasıdır. Yəni tələbat artır, istehsal isə azalır.

FAO-nun qarşıdakı illər üçün açıqladığı rəqəmlər də ürəkaçan deyil. Belə ki, təşkilatın araşdırmalarına görə, buğdaya olan tələbatın artması və bunun fonunda istehsal-ixrac həcminin azalması cari ilin keçən ayları ərzində dünyanın bir çox ölkələrində buğda və çörəyin qiymətinin bahalaşmasına səbəb olmuşdur. Qeyd edildiyi kimi, cari il buğda istehsalı əhəmiyyətli dərəcədə azaldığı üçün 2021-2022-ci il mövsümündə dünyada buğda təminatında ciddi problemlərin üzə çıxacağı gözlənilir.

Yaranmış vəziyyət dünyanın ən iri taxıl istehsalçılarının ixrac həcmlərini azaldacağından, eləcə də əlavə rüsumlar tətbiq edəcəyindən və nəticədə qlobal miqyasda taxıl tədarükünün daralacağından xəbər verir. Üstəlik buğdanın istehsalında olan azalmalar var. Məsələn, Amerika qitəsinin əsas ixracatçıları olan ABŞ və Kanada buğda yığımında azalmalara görə müxtəlif kvotlar üzrə yaxın region ölkələrinə daha az məhsul satacağını, eyni zamanda, əlavə rüsumların tətbiq olunacağı barədə xəbərdarlıq ediblər. Belə vəziyyət Avropada da baş verir. Bu qitənin iri ixracatçı ölkələrindən Macarıstan, Fransa, Rumıniya və digərləri cari mövsümdə ixrac kvotalarında və ticarət prosedurlarında yeni rejimlərin tətbiqinin anonsunu verib. Kvotaların tətbiqində başlıca məqsəd daxildəki qiymətləri sabit saxlamaqdır.

Ümumilikdə, ixrac kvotalarının, və ya qeyd edilən ticarət mexanizmlərinin tətbiqində məqsəd taxıl satışından daha çox qazanmaq və qazanılan valyutanı kənd təsərrüfatının həmin sektoruna yönəltməklə istehsalçılara əlavə maddi motivasiyalar verməkdir. Digər tərəfdən, bu tədbirlər xarici bazarlardakı qiymət dalğalanmalarının daxili bazarlara təsirinin qarşısını almaq, daxili bazarda məhsulların qiymətlərini stabilləşdirmək, xarici konyunkturadan asılılığı azaltmaq məqsədlərinə də xidmət edir.

Dünyada təxminən 27-28 ölkə özünün buğda tələbatını yerli istehsal hesabına ödəyir. Digər ölkələr isə, yəni təxminən 160-dan artıq ölkə tələbatı idxal hesabına ödəməyə məcburdur. Qardaş Türkiyədə buğda ilə özünütəminetmə səviyyəsi təxminən 70, Azərbaycanda 58 faizdir. Uzun illər Azərbaycanın ərazilərini işğalda saxlayaraq taxıl sahələrini əkib istismar edən Ermənistanda isə bu rəqəm 31 faizə bərabər olub. Olub ona görə ki, bundan sonra həmin ərazilərdən əldə edilən buğda Azərbaycanın öz tələbatı üçün istifadə ediləcəyindən Ermənistanın özünü təminetmə səviyyəsi daha da azalmış olacaq. Beləliklə, dünya ölkələrinin 80 faizinin buğdaya olan tələbatının idxaldan asılılığı və əksər istehsalçı ölkələrdə istehsal və ixracın azalması qlobal miqyasda ərzaq buğdasının istehlakında ciddi çətinliklər yaradıb.

Cari il iyulun 30-da FAO-nun Romada sammiti keçirilmişdir. Həmin sammitdə FAO-nun rəhbəri Tsuy Dunyuy dünyada ərzaq qıtlığının qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu bildirərək demişdir: “Əgər məsuliyyəti üzərimizə götürməsək və təcili tədbirlər görməsək, 2030-cu ildə görüşəndə aclığı və yoxsulluğu yox etmədiyimizi və dünyada 660 milyon insanın hələ də ac qaldığını bəyan etmək məcburiyyətində qalacağıq”.  

Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehlak edən ölkələr sırasındadır. Belə ki, dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kiloqram. Rusiyada bu göstərici 97, Bolqarıstanda 96, Fransa və Almaniyada 54, İtaliyada 52 kiloqramdır. Türkiyədə isə əhali adambaşına ildə 124 kiloqram çörək yeyir.  Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatına görə, çörək və digər məhsulların istehsalında ötən il 1 milyon 26 min 670 ton un istifadə edilib ki, bu da adambaşına 102,667 kiloqram deməkdir. 841465 ton un isə ərzaq məhsulu kimi istifadə olunub. Keçən il Azərbaycanda 1 milyon 294 min 604 ton təzə çörək istehsal edilib. Onun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub. Bu isə adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir.  Adambaşına un istehlakı isə 84,4 kiloqram olub.

Statistika göstərir ki, ölkəmiz əvəzedilməz nemət olan buğda ilə öz tələbatını 58 faizə qədər ödəmək iqtidarındadır. Belə olan halda, ilk növbədə, vətəndaş məsuliyyəti önə çıxır. Yəni, buğdadan hazırlanan bütün məhsulların istifadəsində israfçılığa yol verməməliyik. İndi hər kəs hər gün nə qədər çörəyin zibilliyə atıldığının şahididir. Bu, bizim həm milli adət-ənənəmizə, həm də dini inancımıza ziddir. Belə olan halda hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir. Hökumət isə işğaldan azad olunan bərəkətli torpaqlardan səmərəli istifadə etməklə ixracın həcmini müəyyən qədər azaltmalıdır. Hökumət öz məsuliyyətini dərk edir. İşğaldan azad olunan ərazilərdə ilk mövsümdə buğda əkilməsi hökumətin bu sahəyə göstərdiyi xüsusi diqqətin təzahürüdür.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM