04:40 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünya sual qarşısında

ANA SƏHİFƏ / DÜNYA
00:15 18.09.2021

 

İntiharların qarşısını necə almalı

 

Dünya ekspertlərinin qənaətinə əsasən, lokdaunlar intiharlara yol açır. Statistika dəhşətlidir: bir çox tədqiqatlar koronavirusun müxtəlif yaşlı insanların, xüsusilə  yeniyetmələrin və  gənclərin psixikasına mənfi təsirini sübut edir. Sosial təcrid durumu intiharın adi hala çevrilməsinə səbəb olmuşdur. Bəs nə etməli? Yeniyetmə uşaqları bundan necə qorumaq olar?

Psixiatrlar həyəcan təbili çalırlar: psixi sağlamlığa laqeyd yanaşmaq olmaz! Uşaqlar təcrid, qorxu və çaşqınlıq vəziyyətindədir. Onlayn dərslərə, dostlarla videozənglərə, sosial şəbəkələrdə forum və ya xəbər lentlərinə dalma - pandemiya günlərində yeniyetmələrin həyatı belə keçir.  Uzun müddətdir virtual reallıq əsl həyat tərzini əvəz edir və bunun nəticələri fəlakətlidir. Lokdaunlar qorxuların güclənməsinə və nəticədə intihara gətirib çıxarır.

Dünyada təxminən hər 12 saatdan bir intihar hadisəsi baş verir. 2021-ci ilin əvvəlindən avqustun 31-nə qədər hesablamalar aparılıb: təkcə İtaliyada 413 intihar və 348 intihara cəhd hadisəsi baş verib. Bu, Elmi-Tədqiqat Psixiatriya və Neyroelmlər İnstitutu nəzdində BRF Fondunun  İntiharların Monitorinqi Mərkəzinin məlumatıdır.

COVID-19 müxtəlif yaşlarda olan insanların psixi sağlamlığına əhəmiyyətli təsir göstərməklə yanaşı, səhiyyə sahəsində çoxsaylı boşluqları da üzə çıxarmışdır. Bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hökumətləri investisiyaları artırmaqla bu sektora dövlət yardımını yaxşılaşdırmağı və möhkəmləndirməyi tələb edən mühüm qətnamə qəbul etmişdir.

ÜST-ün məlumatına görə, intihar halları daha çox Avropa ölkələrində qeydə alınır. Əhalinin, əsasən, ən gənc təbəqəsi əziyyət çəkir. Böyüklər tərəfindən onların üzərinə qoyulan böyük gözləntilər, həddindən artıq rəqabət, tamamilə reallıqdan uzaq olan  standartlara uyğun gəlmək arzusu və s. bu kimi intihar səbəbləri bir çox amillərdən doğur  və pandemiya bu kədərli vəziyyəti yalnız mürəkkəbləşdirir.

ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri P. Klügenin dediyinə görə, indiyə qədər bir çox ölkələrdə dövlət psixiatriya klinikaları mövcuddur: “Buna görə də psixi sağlamlıq sahəsinə daha çox investisiya qoymaq, onu ilkin təcili yardım sahəsinə inteqrasiya etmək lazımdır”. O həmçinin bildirmişdir ki, Avropa İttifaqına üzv olan bütün ölkələr bu problemlər barədə məlumatların yayılması, xidmətlərə bərabər çıxış əldə edilməsi, həmçinin adekvat səhiyyə siyasətinin inkişafı məqsədilə psixiatriyanın təbliğinə dair öhdəlik götürməlidirlər.

“Biz məktəblərin bağlanması, insanların təcrid edilməsi, işsizlik, qorxu və rahatsızlıqların dağıdıcı təsirlərinin şahidi olduq. Aydındır ki, bu məsələdə başqa mövqe ola bilməz və bu mövzular diqqət mərkəzində olmalıdır”. Bu sözləri isə ÜST-ün Avropa regionunda səhiyyə strategiyaları və sistemləri şöbəsinin direktoru Nataşa Azzopardi-Muskat demişdir.

Yeri gəlmişkən qeyd edək ki, “Tik Tok” kimi bəzi sosial şəbəkələr yeni funksiyaları inteqrasiya etmək və bu cür problemlərlə mübarizə aparan insanların dəstəyini genişləndirmək qərarına gəlib. Yeniliklərə  psixi sağlamlıq haqqında təlimatlar daxildir və “intihar” kimi sözlər axtaran istifadəçilər dəstək əldə etmək üçün həmin resurslara  yönləndirilir.

Amerika Onkologiya Cəmiyyətinin alimi Korin Liç  tərəfindən aparılan bir araşdırma insanların sağlamlığı və zehni vəziyyətinin pandemiya şəraitində pisləşdiyini sübut edib. Bu, xüsusilə  ən həssas insanlara aiddir. Rahatsızlıqlar, depressiv pozuntular, həddindən artıq stres - bu yük daim  insanların üzərindədir və yaranmış mövcud vəziyyət onu daha da ağırlaşdırır.

Ümumiyyətlə, koronavirusun, xüsusilə, lokdaun zamanı, sosial təcrid vəziyyətində   insanların psixi sağlamlığına mənfi təsirini sübut edən bir çox tədqiqatlar var. Bununla əlaqədar sentyabrın sonunda ÜST psixi sağlamlıq məsələləri üzrə yeni Pan-Avropa Koalisiyası yaradacaq. O, mövzu üzrə laboratoriyanın yaradılması və inkişafı üçün platforma olacaq.

ABŞ-dakı Ohayo Universitetinin Psixoloji məsləhət və yardım xidməti isə psixi sağlamlıq haqqında məlumat yaymaq üçün müasir texnologiyalara müraciət etmək qərarına gəlib. Belə ki, “Koqnito” adlı interaktiv proqram layihəsi yaradılıb ki, onun da məqsədi intiharların qarşısının alınması və istifadəçilərin informasiya modulları vasitəsilə maarifləndirilməsidir. Məlumat üçün bildirək ki, “Koqnito” - həyatda asanlıqla tətbiq edilən müxtəlif informasiya kitabçalarını təklif edən aktual  interaktiv proqramdır. Bu model tələbələr üçün həmyaşıdlarında pozuntuların əlamətlərini tanımaq və söhbət zamanı onlara mürəkkəb mövzulara toxunmağı öyrətmək üçün yaradılmışdır.

Azərbaycan Tibb Universitetininin rektoru, Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru Gəray Gəraybəyli müsahibələrindən birində deyib ki, intiharla bağlı məsələdə Azərbaycanı digər ölkələrdən ayırmaq olmaz və intiharların bütün dünyada artması qabaqcadan proqnozlaşdırılıb. Bir çox ölkələrlə müqayisədə Azərbaycanda intiharların sayı azdır. İntiharın artması ümumi psixoloji əsəb gərginliyi ilə əlaqəlidir. Elmi tərəqqi, məlumatların, işin çoxalması, insanların asudə vaxtının, yaxınlarla ünsiyyət üçün imkanın az olması, gərginlik, maliyyə və sosial problemlərin artması intihara səbəb olur.

 İndi bütün bunlara daha bir bəla - koronavirus pandemiyası əlavə olunub və təəssüf ki, son illər ölkəmizdə də intihar və intihara cəhd hadisələrinin sayı artır. Bir müddət əvvəl Baş Prokurorluğun mətbuat xidməti ictimaiyyətə növbəti videomüraciət təqdim etmişdir. Müraciətdə deyilir: “Müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji və ya sosial problemlərin nəticəsi olaraq hər il minlərlə insan öz istəyi ilə həyatına son qoyur. Təəssüf ki, təkcə 2021-ci ilin 6 ayı ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər həyatını itirib. Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanlara  laqeyd yanaşmamalıyıq. Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır! Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!”

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM