06 Avqust 2021 01:10
533
SİYASƏT
A- A+

Dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi olur

 

Artıq neçə gündür ki, qardaş Türkiyənin bir sıra vilayətlərində tüğyan edən meşə yanğınları Azərbaycanda da haqlı olaraq narahatlıqla qarşılanmaqdadır. Təsadüfi deyil ki, yanğına həssas münasibət ortaya qoyan və söndürülməsində Türkiyəyə kömək etməyə tələsən ilk ölkə Azərbaycan oldu.

İyulun 30-da cənab Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda şiddətli yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına  başsağlığı verməsi, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy və onun yanında olmasını bildirməsi qardaşlığın ifadəsi idi.

Prezident İlham Əliyevin tapşırığına əsasən, baş verən meşə yanğınları ilə mübarizə aparmaq üçün Azərbaycan  Fövqəladə Hallar Nazirliyinin yanğın, xilasetmə, aviasiya və tibb xidməti əməkdaşları artıq bir neçə gündür ki, qardaş ölkədədirlər. Meşə yanğınlarının geniş vüsət aldığı bölgələrdə peşəkarlıqla fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınır. Havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz mətinliklə mübarizə aparırlar.

Ötən il Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsində olduğu kimi, bu gün hər iki dövlətin və onların xalqlarının nəbzi bir vurur. 44 gün davam edən savaş günlərində xalqımız kimi Türkiyə ictimaiyyəti də Qələbəyə köklənmişdi. Müharibə günlərinin ən möhtəşəm mənzərələrindən biri hər yerdə Azərbaycanla yanaşı, Türkiyə bayraqlarının dalğalanması idi. Binaların eyvanlarını, avtomobilləri, ümumiyyətlə, hər yeri ay-ulduzlu bayraqlar bəzəmişdi. Bu müharibədə Azərbaycan-Türkiyə münasibətləri bir daha tarixi sınaqdan çıxdı. Bu müharibə qardaşlığımızı daha da möhkəmləndirdi, sarsılmaz etdi. Türk dünyasının öndərləri olan Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları bir daha öz təsdiqini tapdı.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsində olduğu kimi, Türkiyənin dağlıq və turizm bölgələrində yayılan meşə yanğınlarının söndürülməsi zamanı da bütün dünya polad kimi möhkəm birliyimizin və qardaşlığımızın şahidi oldu. Sosial şəbəkələrdə, Türkiyə KİV-in reportajlarında Azərbaycan yanğınsöndürənlərinin qardaş ölkəyə gəlişi ilə, yanğınların söndürülməsində göstərdikləri fədakarlıqlarla bağlı yayılan görüntülər hər birimizi qürurlandırır. Bu günlərdə Türkiyə ictimaiyyəti dost və qardaş Azərbaycanın dəstəyindən danışır, yanğınsöndürənlərimizin qəhrəmanlıqları ilə fəxr edir.

Əlbəttə, Azərbaycanın qardaş Türkiyəyə göstərdiyi yüksək dəstəyin təməlində həm də ölkəmizdə fövqəladə hallara hazırlıq sahəsində görülən yüksək işlər dayanır.  Fövqəladə hallara qarşı daha səmərəli mübarizə, ölkəmizin, vətəndaşlarımızın və ətraf mühitin təhlükəsizliyinin təminatı Prezident İlham Əliyevin inkişaf siyasətinin əsas leytmotivlərindən biridir. Bu siyasətin nəticəsi kimi fövqəladə hallar orqanları ötən illərdə böyük inkişaf yolu keçib, maddi-texniki bazası möhkəmləndirilib, qurumların və əməkdaşların peşəkarlığı yüksəldilib. Bu gün Azərbaycanın qardaş Türkiyəyə yanğınların söndürülməsi ilə bağlı göstərdiyi dəstəyin kökündə də respublikamızda bu sahədə mükəmməl maddi-texniki imkanların olması dayanır.

Əminik ki, qardaş Türkiyədə baş verən yanğınların qarşısı böyük itkilər olmadan tezliklə alınacaq və yanğınsöndürənlərimiz Vətənə şərəflə dönəcəklər. Bu hadisə Azərbaycan -Türkiyə birliyinin növbəti təcəssümü kimi tarixə həkk olunacaq.

 

Cavid OSMANOV,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü:

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video