31 Dekabr 2011 02:12
348
SİYASƏT
A- A+

Dünya Azərbaycanlılarının Həmrəylik Günü xarici ölkələrdə qeyd olunmuşdur

 

Çin

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Çin Xalq Respublikasında (ÇXR) qeyd olunmuşdur. Azərbaycanın ÇXR-dəki səfirliyinin təşkil etdiyi tədbirdə əvvəlcə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriki oxunmuşdur.

Səfir Lətif Qəndilov bu bayramın müxtəlif  ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində böyük rol oynadığını bildirmişdir. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyinin təmin olunmasını, onların Vətənlə əlaqələrinin möhkəmlənməsini daim diqqətdə saxlayırdı. Məhz onun təşəbbüsü ilə dünya azərbaycanlılarının birinci qurultayı keçirilmiş, xaricdə yaşayan soydaşlarımızla bağlı fəaliyyət göstərən dövlət komitəsi yaradılmışdır.

Səfir Lətif Qəndilov bildirmişdir ki, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi və doğma vətəni, ümid və istinad yeridir. Odur ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən prosesləri diqqətlə izləyir, ölkədə həyata keçirilən inkişaf və quruculuq işlərinə sevinir, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması ilə fəxr edir.

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

 

Pekin

 

Bosniya və Herseqovina

 

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycanın  Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində tədbir keçirilmişdir.

Diplomatik nümayəndəlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, İran azərbaycanlıları, Bosniya və Herseqovina-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak etmişlər.  

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti diqqətə çatdırılmışdır.

Bayram tədbirində cari ildə Bosniya və Herseqovinada Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması, ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində diplomatik nümayəndəlik tərəfindən aparılan işlər, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilmişdir.

Bundan əlavə, tədbirdə dövlətimiz qarşısında duran mühüm vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinə töhfə vermək məqsədi ilə Bosniya və Herseqovinadakı həmyerlilərimizin və diaspor təşkilatlarının daha mütəşəkkil və fəal çalışmasının vacibliyi qeyd olunmuşdur. Vurğulanmışdır ki, həmyerlilərimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi və ölkəmiz haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəkdir. İştirakçılar bu sahədə həmişə olduğu kimi bundan sonra da dünya azərbaycanlılarının dövlət qayğısı ilə əhatə olunacağına əminlik ifadə etmişlər.

 

Türkmənistan

 

Azərbaycanın Türkmənistandakı səfirliyi Aşqabadda  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Türkmənistanda yaşayan həmvətənlərimiz, ictimai və yaradıcılıq birliklərinin üzvləri, ziyalılar, iş adamları və başqaları iştirak etmişlər.

Səfir Vəhdət Sultanzadə tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmağa başlanmış Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, xarici ölkələrdə yaşayan soydaşlarımızın birliyi naminə atılan addımlardan danışmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında ətraflı məlumat verən diplomat ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyasının beynəlxalq aləmdə yayılması üzrə qarşıda duran vəzifələr barədə danışmışdır.

Tədbirdə Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və ölkəmizin ərazi bütövlüyünün bərpası olduğunu vurğulayan səfir ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlılarının bu istiqamətdə səylərini əsirgəməmələrinin, ölkəmizin əleyhinə yönəlmiş təxribatların qarşısının alınmasında ciddi addımlar atmalarının vacibliyini qeyd etmişdir. Tədbirdə ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.

Türkmənistanda yaşayan soydaşlarımız da çıxış edərək təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu bayramın xalqımızın, eyni zamanda, bütün dünyada yaşayan soydaşlarımızın mənəvi birliyinin rəmzi olduğunu qeyd etmişlər. Çıxış edənlər Azərbaycan rəhbərliyinin ölkəmizin çiçəklənməsi və dövlətçiliyimizin inkişafı naminə gördüyü işləri yüksək iftixar hissi ilə qarşıladıqlarını bildirmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video