23 Oktyabr 2011 12:10
508
İQTİSADİYYAT
A- A+

Dünən kolxozçu olmuş Azərbaycan kəndlisi bu gün fermer və sahibkardır

 

Müstəqilliyin ilk illərində mövcud problemlərlə əlaqədar ümumi daxili məhsul 70 faizdən çox aşağı düşmüşdü. Ölkə iqtisadiyyatında aparıcı yer tutan aqrar sektorda da vəziyyət acınacaqlı idi. Əhalinin ərzaq məhsullarına olan tələbatı taxılla cəmi 51, kartofla 33, meyvələrlə 56, tərəvəzlə 62, bostan məhsulları ilə 40, ət və ət məhsulları ilə 29,6, süd və süd məhsulları ilə isə 33,9 faiz təmin olunurdu.

1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra aqrar sahənin problemlərinə də xüsusi diqqət yönəldərək kənd təsərrüfatının böhrandan çıxarılması yolunu ancaq islahatların aparılmasında olduğuna qərar verdi. 1995-ci il fevralın 18-də qəbul olunmuş "Aqrar islahatın əsasları haqqında" qanun aqrar islahatın məqsəd və vəzifələrini, əsas istiqamətlərini və prinsiplərini müəyyən etdi. Bu qanunla aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması və müxtəlif növlü təsərrüfat subyektlərinin yaradılması, eyni zamanda, aqrar bölməyə dövlətin himayəsinin istiqamətləri və aqrar bazarın dövlət tənzimlənməsinin hüquqi əsasları qoyuldu. Aqrar islahatın ilk ili olan 1995-ci illə müqayisədə 2000-ci ildə taxıl istehsalı 1,7, kartof istehsalı 3, bostan məhsulları 6,2, tərəvəz istehsalı 1,8, ət və süd istehsalı 1,3, yumurta istehsalı 1,2 dəfə artdı.

Ulu öndərdən sonra aqrar sahənin inkişafına yönəldilmiş əsaslı tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, indiyə qədər aqrar sektorda iqtisadi siyasətin icrası üçün "Ərzaq təhlükəsizliyi proqramı", "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)", "2003-2005-ci illərdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı", eləcə də "Sovxoz və kolxozların islahatı haqqında", "Torpaq islahatı haqqında" və "Aqrar islahatların əsasları haqqında" qanunlar qəbul olunub.

Hazırda əhalinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsinin əsasını təşkil edən toxumçuluq və tingçiliyin inkişaf etdirilməsi, əkinəyararlı torpaq sahələrinin qorunub saxlanması, münbitliyin artırılması, qabaqcıl aqrotexniki tədbirlərin, o cümlədən müasir tələblərə cavab verən səpin, becərmə və suvarma texnologiyasının tətbiqi, aqrokimyəvi preparatlardan istifadə, heyvandarlığın intensiv inkişafının təşkili qarşıda duran prioritet vəzifələrdəndir. Ölkədə dənli və dənli paxlalıların toxumçuluğunda, eləcə də tingçilikdə xeyli irəliləyişlər var və bu vacib iş davam etdirilir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üçün əkinəyararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınmaqla, hər hektardan yüksək məhsuldarlıq əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Ölkə rəhbəri tərəfindən 2004-2010-cu illər ərzində imzalanmış fərman və sərəncamların icrası kənd təsərrüfatı və emal sənayesinin dinamik inkişafına təkan vermişdir. 2010-cu ildə 2004-cü illə müqayisədə tərəvəz 1,2, bostan məhsulları 1,22, meyvə-giləmeyvə 1,7, şəkər çuğunduru 4,5, ət 1,76, süd 1,26 dəfə artmışdır. Hazırda əhalinin adambaşına istehlak tələbatı kartof, tərəvəz, bostan və meyvə məhsullarına görə daxili istehsal hesabına ödənilir. Ət, süd, yumurta, taxıl məhsulları üzrə istehlakçılara düşən payın xüsusi çəkisi ilbəil artmağa başlamışdır. Bunun nəticəsidir ki, 1995-ci ildə idxal olunan məhsulların 41,6 faizini ərzaq məhsulları təşkil edirdisə, 2002-ci ildə bu göstərici 13 faizə enmişdir. Respublikada istehsal olunmuş kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə əhalinin bu məhsullara olan tələbatından 1,5-1,7 dəfədən çox olduğu üçün onların ixrac imkanları ildən-ilə artır.

Ölkə əhalisinin ilboyu meyvə-tərəvəz məhsulları ilə davamlı təminatı, bu məhsulların ixrac müddətinin uzadılması məqsədilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Bakı şəhərində, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran-Astara və Aran iqtisadi rayonlarında topdansatış və soyuducu anbarların tikintisi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkənin 35 rayon və şəhərində, o cümlədən "Aqrolizinq" ASC tərəfindən 21 rayonda ümumi tutumu 44,9 min ton olan soyuducu anbar, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 27 yerdə illik istehsal gücü 200 min ton olan soyuducu anbarlar tikilmiş və bu istiqamətdə işlər davam etdirilir.

Hazırda meyvə-tərəvəz məhsullarının emalı ilə 80 müəssisə məşğuldur. Mövcud emal müəssisələrinin gücü ildə 750 milyon şərti banka meyvə-tərəvəz konservlərinin istehsalına imkan verir. Meyvə-tərəvəz konservlərinin istehsalı üzrə Azərbaycan özünü tam təmin edir və məhsulların 70 faizini MDB və Avropa ölkələrinə ixrac edir.

Qəbələ rayonunda "Gilan Holdinq" şirkətinin konserv və fındıq emalı zavodu, Quba-Xaçmaz bölgəsində "Azərsun Holdinq" şirkətlər qrupunun "Qafqaz" tərəvəz-konserv zavodu, Oğuz konserv zavodu, Göyçay nar emalı zavodu ən müasir texnologiyalarla təchiz olunmuş müəssisələrdir. "BAKFEM" MMC İSO 9001 və 2000 sertifikatlarını almış yeganə fındıq emalı müəssisəsidir.

Respublikada nar və feyxoa şirələri, zeytun yağı və qoz-fındıq məhsullarının emalı sahələri də inkişaf etdirilir. Öz məhsullarını Azərbaycan bayrağı altında nümayiş etdirən "Sun tea" çay fabrikinin istehsal etdiyi çaylar 2006-cı ilin may ayında Moskva şəhərində keçirilmiş 3-cü Ümumdünya Çay və Qəhvə festivalında dünyanın 52 ölkəsindən 60-a yaxın müəssisəsi arasında rekord göstəriciyə nail olmuşdur. Bu müəssisənin istehsal etdiyi çayların 4-ü qızıl, 5-i gümüş, 4-ü bürünc medallara layiq görülmüşdür.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar sektorda aparılan islahatlar, qəbul edilmiş hüquqi-normativ sənədlər, kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi nəticəsində dənli-paxlalı bitkilərin, kartofun, tərəvəz və bostan, həmçinin heyvandarlıq məhsullarının istehsalında dinamik inkişafa nail olunmuşdur. 2010-cu ilin statistikasına görə, ölkədə 1308,8 min ton buğda, 953,7 min ton kartof, 1614,5 min ton tərəvəz-bostan məhsulları, 729,3 min ton meyvə istehsal edilmişdir.

Əhalinin tələbatından artıq bəzi növ kənd təsərrüfatı məhsulları istehsal edildiyindən onların ixracına şərait yaranmışdır. Bunun nəticəsində 2010-cu ildə 400,4 milyon ABŞ dolları məbləğində kənd təsərrüfatı və emal-sənaye məhsulları ixrac edilmişdir.

İqtisadiyyatın digər sahələrindən fərqli olaraq, aqrar sektorun inkişafı təbii şəraitlə bağlı olduğuna görə burada məhsuldar qüvvələrin tam formalaşdırılmasında çətinliklər yaranır. Aqrar sahədə əmək məhsuldarlığının səviyyəsi digər sahələrlə müqayisədə aşağı olur. Bunun da başlıca səbəblərindən biri aqrar sahənin inkişafının təbii amillərin təsirinə məruz qalmasıdır. Elə buna görə də kənd təsərrüfatının inkişafının tənzimlənməsi dövlətin köməyi ilə inkişaf etdirilərək formalaşdırılır.

Prezidentin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında", "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamlarının icrası ilə bağlı da bir sıra tədbirlər görülmüşdür. Ümumilikdə 2007-2010-cu illər ərzində kənd təsərrüfatı məhsulları  istehsalçılarına bu məqsədlə 307,5 milyon manat məbləğində subsidiya verilmişdir. Bununla yanaşı, toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsinin vəsaiti hesabına toxumçuluq və tingçilik təsərrüfatlarına ümumilikdə 15 milyon manatdan çox subsidiya ayrılmışdır. Eyni zamanda, 2007-ci ilədək "Aqrolizinq" ASC, eləcə də  digər hüquqi və fiziki şəxslərə ölkəyə idxal etdikləri mineral gübrələri istehsalçılara orta hesabla 50 və 70 faizi güzəştlə satdıqları üçün dövlət tərəfindən 40 milyon manat vəsait ödənilmişdir.

Bunlardan əlavə, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına və əvvəlki illərdə verilmiş kreditlərin təkrar istifadəsindən fermer və sahibkarlara 41 milyon manat güzəştli kreditlər verilmişdir. Həmçinin aqrar sahənin davamlı inkişafını təmin etmək məqsədilə İqtsiadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu aqrar sahənin inkişafı ilə bağlı yeni infrastruktur sahələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 3794 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,7 milyon manat güzəştli kreditlər vermişdir. "Aqrolizinq" ASC tərəfindən aqrosənaye kompleksinin bütün sahələrində istifadə edilən maşın, mexanizm və müxtəlif təyinatlı  aqreqatların gətirilməsi, satılması, lizinqə verilməsi, onlara məxsus texnikalara xidmətlərin və nizamlama işlərinin görülməsi, texnikalardan səmərəli istifadənin öyrənilməsi isə ölkəmizdə maşın-traktor parkının işinin səviyyəsini xeyli yüksəltmişdir.

Əhalinin ərzaq mallarına, xüsusən heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsi üçün onun intensiv inkişaf etdirilməsində xüsusi rol oynayan damazlıq işi də ildən-ilə genişləndirilir. Respublikada fəaliyyətdə olan suni mayalanma mərkəzi vasitəsilə texniklər hazırlanır və onlar müvafiq avadanlıq, cihaz və nəqliyyat vasitələri ilə təmin edilir. Bu gün süni mayalanma vasitəsilə alınmış heyvanların hər birindən orta hesabla 3 min kiloqram süd sağılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisinin təhlükəli epizootik xəstəliklərdən qorunması, heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməsinin qarşısının alınması, ölkəyə gətirilən heyvan və heyvan mənşəli  məhsulların sanitar keyfiyyətinin yoxlanılması istiqamətində geniş profilaktiki iş aparılır. Bunun nəticəsidir ki, dünyada yayılan bir çox qorxulu yoluxucu xəstəliklərin ölkə ərazisinə yayılmasının qarşısı alınmışdır.

Heyvandarlıq kənd təsərrüfatının əsas sahəsi olmaqla əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət daşıyır. Son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş müvafiq işlər və mal-qaranın baş sayının artması da məhsul istehsalına müsbət təsir göstərmişdir. Belə ki, ev təsərrüfatlarında aparılan araşdırmalar əsasında adambaşına ət istehsalı üzrə göstəricilər nəzərə alınmaqla diri çəkidə 440 min ton ət, 1529,2 min ton süd, 1178,6 milyon yumurta və 15,6 min ton yun istehsal edilmişdir. Ət istehsalı 6,7, yun istehsalı 2,4 faiz artmışdır. Bu ilin əvvəlindən qaramalın sayı 2637,4 min, qoyun və keçilərin sayı 8463,1 min başa çatmış, qaramal sürüsündə məhsuldar inək və camışların xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir.

Qida məhsullarına gəldikdə isə qeyd edək ki, marqarin istehsalı 30,2 faiz artaraq 20,2 min, pendir və kəsmik istehsalı 2 faiz artaraq 43,3 min, ət 4 faiz artaraq 246,6 min, süd 2,9 faiz artaraq 635,3 min, kərə yağı 0,9 faiz artaraq 20,9 min, duru bitki yağları 16 faiz artaraq 43,2 min ton olmuşdur. Beləliklə, son illər ölkəmiz bir sıra ərzaq məhsulları ilə özünü təmin etmişdir. Eyni zamanda, buğdanın qiymət artımının mənfi təsirinin azaldılması üçün Dövlət Taxıl Fonduna tədarük olan taxılın həcmi 500 min tonadək artırılmış, idxal edilən buğda və un əlavə dəyər vergisindən azad olunmuşdur. Əvvəlki illərdə olduğu kimi, aqrar sektora subsidiyaların və güzəştli kreditlərin verilməsi, vergi güzəştlərinin tətbiqi də davam etdirilmiş, aqrolizinq və aqroservis xidmətlərinin şəbəkəsi genişləndirilmişdir. Aqrar bölmədə aparılan köklü islahatlar isə bu sahənin inkişafına əlverişli zəmin yaratmışdır.

Göründüyü kimi, ölkəmizin kənd təsərrüfatı son 20 ildə böyük inkişaf yolu keçmişdir. MDB məkanında ilk dəfə həyata keçirilən torpaq islahatı nəticəsində Azərbaycan kəndlisi əsl torpaq sahibinə, fermerə, sahibkara çevrilmişdir. Ümummilli liderin başlamış olduğu islahatları onun siyasi varisi, dövlət başçısı İlham Əliyev uğurla davam etdirmiş və beləliklə, ölkədə aqrar sahənin dinamik inkişafına nail olunmuşdur. Məhz dövlət başçısının ardıcıl diqqət və qayğısı, qəbul olunan proqramlar, imzalanan fərman və sərəncamlar sayəsində ölkənin  ərzaq təhlükəsizliyi bu gün uğurla təmin edilir.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video