18 Avqust 2020 00:37
5632
CƏMİYYƏT
A- A+

Dövlət sərhədləri etibarlı qorunur


"Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Çünki hər bir ölkənin ərazisi onun sərhədindən başlayır. Bizim sərhədlərimiz dost üçün açıq, düşmən üçün bağlı olmalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda sülhün, sabitliyin, təhlükəsizliyin daha da möhkəmlənməsi üçün sərhəd nəzarəti ən yüksək səviyyədə olmalıdır... Sərhəd bölgələrində olarkən daim sərhəd dəstələrinə baş çəkirəm, vəziyyətlə tanış oluram, sərhədçilərlə görüşürəm. Hər dəfə mən inkişafı görəndə, yeni texnikanı, yeni avadanlığı görəndə bir daha əmin oluram ki, bizim sərhədlərimiz etibarlı şəkildə qorunur.”

İlham ƏLİYEV


XX əsrin əvvəllərində Azərbaycanın sərhəd mühafizə qüvvələrinin formalaşdırılması Şərqdə ilk demokratik respublikanın adı ilə bağlıdır. Milli parlament 1919-cu il avqustun 18-də 99 sərhəd mühafizə postunun yaradılmasını nəzərdə tutan "Azərbaycan Respublikasının sərhəd mühafizəsinin təsis edilməsi haqqında” Qanun qəbul etdi. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu ilə sərhəd mühafizəsi istiqamətində görülən işlər yarımçıq qaldı. Lakin qısa müddətli fəaliyyət nəticəsində sərhəd və sərhədçi anlayışı dövlət müstəqilliyinin vacib atributu kimi şüurlara həkk olundu.

Azərbaycanın sərhəd mühafizəsinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı, müasir Azərbaycan dövlətinin qurucusu, dövlətimizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

16 avqust 2000-ci il tarixli sərəncamla əbədiyaşar Lider şanlı yubileyimizin təməlini qoydu: milli Sərhəd Qoşunlarının tarixini kökündən, himindən başladı. Məhz həmin tarixdən başlayaraq 18 avqust - respublikamızda sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Bu qərar tarixi varislik prinsipini və milli sərhədçilik yaddaşını bərpa etmişdir. Milli maraqlarımızı daim önə çəkən böyük dövlət xadimi bununla Azərbaycanda dövlətçilik ənənələrinin dərin kökləri olduğunu bir daha göstərdi.

Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir. Milli sərhəd mühafizəsini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti keçmişinə ehtiram, gələcəyinə inam hissi ilə yanaşır, bu günündən qürur duyur. Bu hisslərin təməlində dövlət sərhədlərinin mühafizəsinə ən yüksək səviyyədə verilən önəm durur. Ulu Öndər Heydər Əliyev sərhədlərimizin toxunulmazlığının təmin edilməsini dövlətimizin mühüm vəzifəsi kimi dəyərləndirmiş, sərhəd mühafizəsinin qarşısında duran vəzifələri, sərhəd siyasətinin konseptual müddəalarını müəyyənləşdirmiş, milli sərhəd strategiyasını yaratmış, bu strategiyanın əməli surətdə həyata keçirilməsini təmin edən konkret fəaliyyət istiqamətlərini göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycan Sərhəd Mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurum səviyyəsinə yüksəlmişdir.

Dövlət sərhədimizin Azərbaycan sərhədçiləri tərəfindən qorunması milli dövlətçiliyin mühüm atributlarından olaraq xalqımızın əmin-amanlıq şəraitində yaşaması üçün əsas təminatlardan biridir.

Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, hərbi hissələrin və bölmələrin peşəkar heyətlə komplektləşməsindən asılıdır. Kadr hazırlığı Dövlət Sərhəd Xidmətinin fəaliyyətində çox əhəmiyyətli və xüsusi diqqət yetirilən sahədir. Bu da təbiidir. Peşəkar, bacarıqlı, savadlı kadrlar olmadan həyatın heç bir sahəsində uğur qazanmaq olmaz. Azərbaycan sərhəd mühafizəsi müstəqilliyimizin ilk illərində bu sahədə ciddi çətinliklərlə üzləşmişdi. Sovet dövründə ölkəmizin yalnız cənub sərhədlərində sərhəd infrastrukturu var idi. Həmin sərhədləri isə sovet qoşunları mühafizə edirdi və sərhədçi kadrlar arasında azərbaycanlılar çox az idi. Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hələ sovet dövründə milli hərbçi kadrların yetişdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Respublikamızda C.Naxçıvanski adına hərbi liseyin yaradılması və hər il yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsilə göndərilməsi müstəqillik dövrünə hesablanmış böyük strateji addımlar olmuşdur. Ulu Öndər sovet ordusunda, o cümlədən sərhəd qoşunlarında azərbaycanlı zabitlərin irəli çəkilməsinə, onlara yüksək hərbi rütbələrin verilməsinə xüsusi diqqət yetirmişdir ki, bütün bunlar da müstəqilliyimizin bərpasından sonra ölkəmizin təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Uzaqgörən dövlət xadiminin diqqət və qayğısı sayəsində sovet dövründə hazırlanmış hərbçilər müstəqillik illərində kadrların hazırlanmasında böyük rol oynadılar. Əgər Ulu Öndər tərəfindən sovet dövründə bu addımlar atılmasaydı, müstəqillik illərində ölkəmizin müdafiəsinin, sərhədlərin mühafizəsinin təmin edilməsi bəlkə də mümkün olmayacaqdı.

Kadr hazırlığı məsələləri müstəqillik illərində də böyük dövlət xadiminin daim diqqət mərkəzində idi. 1993-cü ildə xalqımızın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin müdrikliyi sayəsində dövlət sərhədinin mühafizəsində də yeni mərhələ başlandı. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində respublikanın cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin 2-ci yarısından etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildilər və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı.

Keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmət edən azərbaycanlı zabitlərin başqa millətlərlə müqayisədə azlıq təşkil etməsi səbəbindən yeni yaradılmış sərhəd mühafizəsinin sərhədçi zabitlərlə komplektləşdirilməsi çox böyük problemə çevrilmişdi. Bu işdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yetirmələri köməyə çatdılar. Bunlarla bərabər, SSRİ Sərhəd Qoşunlarında xidmət edən azərbaycanlı zabit və gizirlərin, demək olar ki, hamısı könüllü olaraq Azərbaycan sərhəd mühafizəsində xidmətə daxil oldular. Lakin bu, mövcud tələbatı tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər, eləcə də digər hərbi mükəlləfiyyətli vətəndaşlar könüllü olaraq xidmət etmək üçün sərhəd mühafizəsində həqiqi hərbi xidmətə qəbul edildilər.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin noyabr ayının 2-də radio və televiziya ilə xalqa tarixi müraciəti sərhəd mühafizəsinin möhkəmlənməsi və inkişafı üçün də əhəmiyyətli oldu. Xalqın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumaq üçün müraciət etdilər. İlk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmaması müəyyən çətinliklər törətsə də, mülki həyatdan gəlmiş zabit və gizirlər qısa müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Tədricən qoşunların kadr potensialı yaranmağa başladı.

1992-ci ildən Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində sərhədçi zabitlərin hazırlanmasına başlanıldı. Məktəbin tədris prosesində sərhəd mühafizəsinin spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi-psixoloji hazırlıqlarının lazımi səviyyədə olmaması son nəticədə dövlət sərhədinin etibarlı mühafizəsinə mənfi təsir göstərirdi. Bunları nəzərə alaraq, Ulu Öndər 1998-ci ilin dekabr ayının 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi. Akademiyada yaradılmış "Sərhəd Qoşunları” fakültəsi Dövlət Sərhəd Xidmətinin peşəkar kadrlarla təmin edilməsində mühüm rol oynadı.

Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədilə sərhəd mühafizəsinin tərkibində 1994-cü ilin avqust ayında kadrların hazırlanması və təkmilləşdirilməsi kursları təşkil edildi. 2005-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin tədris mərkəzi, gizirlər məktəbi, həmçinin sahil mühafizəsinin tədris mərkəzi fəaliyyətə başladı. Xarici dil və nəzarətçi heyətin hazırlanması kurslarında miqrasiya sahəsində qanunvericilik, sərhəd nəzarəti üzrə normativ-hüquqi aktlar, müasir informasiya texnologiyaları, sərhəd keçid məntəqələrində pasport nəzarətinin həyata keçirilməsi qaydaları və xarici dillər tədris olunur.

Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2007-ci il iyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə sərəncam imzaladı. 2008-ci ilin avqust ayında ilk kursantlar akademiyaya qəbul olundular. 2008-ci il noyabr ayının 27-də akademiyanın səhra təlim mərkəzi istifadəyə verildi. Həmin mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.

2010-cu il avqust ayının 10-da Dövlət Sərhəd Xidmətinin akademiya kompleksi istifadəyə verildi və açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdi. Akademiyada kursantların sərhədçi peşəsinə yiyələnmələri, fiziki hazırlıqlarının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün şərait yaradılmışdır.

Milli sərhədçi kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması mühüm yer tutur. Heydər Əliyev fondu tərəfindən yenidən qurulmuş məktəb 2011-ci ildə istifadəyə verilmiş və açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan xüsusi məktəbin məzunları artıq Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alırlar. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanmışdır. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş ən yüksək standartlara cavab verən tədris kor-pusunun cari ilin mart ayının 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaratmışdır.

Ümumiyyətlə, uğurla həyata keçirilən kadr hazırlığı prosesi deməyə əsas verir ki, ölkəmizdə savadlı, intizamlı, məsuliyyətli, Vətəni və onun sərhədlərini sevən, sərhədlərin mühafizəsi işini peşəkarlıqla təşkil edə bilən yeni sərhədçi nəsil yetişməkdədir. Əgər əvvəllər əməkdaşlarımızın xaricdə təhsil almalarına və həmkarlarımızın təcrübəsindən yararlanmağa çalışırdıqsa, son illər ərzində xarici dövlətlərin sərhəd mühafizə orqanlarının əməkdaşları üçün tədrisin təşkili barədə müraciətlərin edilməsi Dövlət Sərhəd Xidmətinin beynəlxalq nüfuzunun göstəricisidir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd təhlükəsizliyi strategiyasının Azər-baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında həyata keçirilməsi sayəsində xidməti-döyüş fəaliyyətində ciddi uğurlar əldə olunmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Sərhəd Mühafizəsi bu gün şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti-döyüş fəaliyyətin göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqeyə yüksəlmişdir.

Azərbaycan Sərhəd Mühafizəsinin sürətli inkişafını görmək üçün hər il keçirilən müxtəlif mövzulu təlimlərə nəzər yetirmək kifayətdir. Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində böyük rol oynayan taktiki təlimlərin keçirilməsi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət edir. Keçirilən taktiki təlimlərin əsas məqsədi şəxsi heyətə Vətənə məhəbbət və qələbəyə inam hisslərinin aşılanması, bölmələr arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsidir.

İllər keçdikcə təlimlərin məqsədi, miqyası və xarakteri dəyişir, qarşıya daha mürəkkəb vəzifələr qoyulur. Döyüş atışı ilə keçirilən irimiqyaslı əməliyyat-taktiki təlimlər zamanı ən müasir silah və texnikadan istifadə edən sərhədçilər sübut edirlər ki, qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. 2016-cı ildən başlayaraq Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi və yenə də, ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən taktiki təlimlərin əsas məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin mükəmməlləşdirilməsidir.

Elmi-texniki tərəqqi sərhəd təhlükəsizliyinin təminatında da insan faktorunun azalmasını qaçılmaz edir. Ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitələr komplekslərinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.

Bununla yanaşı, ölkəmizin MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Cənubi Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaratmışdır.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, göyərtəsinə helikopterin enməsi mümkün olan yeni gəmilərdən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, neft-qaz ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı uğurla istifadə edilir.

Dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin özünün gəmi inşa etməsi bir neçə il öncə qeyri-real görünsə də, artıq günümüzün reallığıdır. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dəniz sərhədlərinin mühafizəsi sistemində əsaslı islahatlar keçirildi. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə DSX-nin Sahil Mühafizəsi yaradıldı. 2008-ci ilin noyabr ayında Azərbaycan Res-publikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi. Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmətin təşkili və aparılması təmin olundu, Astara şəhərində müasir tələblərə cavab verən Cənub katerlər divizionu yaradıldı. Hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Xəzər dənizində nəzarət imkanlarının artırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2014-cü ilin iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinin açılışını etməsi, 2015-2019-cu illərdə altı dəfə həmin mərkəzdə inşası yekunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə tanış olması dəniz sərhədlərimizin muhafizəsinə göstərilən ali diqqət və qayğının təzahürüdür.

Sərhədçilər hər zaman hərbi, mənəvi-psixoloji, fiziki hazırlıqlarının yüksək səviyyədə olması ilə seçiliblər. Romantik peşə sahibi olan sərhədçilər Vətənə daha çox bağlı olurlar. Sərhədçilər sərhədin müqəddəsliyinə zərrə qədər xələl gəlməsinə yol verməzlər və bu yolda hər an canlarından keçməyə hazırdılar. Qoruduqlarının qədrini bilən sərhədçilər həm də Vətənin daxilində sabitliyin, asayişin, inkişafın, tərəqqinin olmasını daim arzulayırlar. Məhz buna görə də sərhədçilər həm Vətənin müdafiəsində, həm də dövlətçiliyin qorunub saxlanılmasında qəhrəmanlıq nümunələrini göstəriblər və bu gün də hər bir təhlükənin qarşısnı almağa hazırdırlar. Bu hisslərlə yaşayan sərhədçilər döyüş hazırlığına xüsusi fikir verirlər. Hər bir sərhədçi tam şəkildə dərk edir ki, Vətən sevgisi sözlə deyil, əməllə sübut olunur və bunun üçün yüksək hərbi hazırlıq, peşəkarlıq çox vacibdir. Əldə silah gecə-gündüz sərhədi mühafizə edən sərhədçilər daim döyüş tapşırığını yerinə yetirirlər və bu zaman hər cür gözlənilməz hadisəyə, eləcə də fədakarlığa hazırdırlar. Döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlıq vəhdət təşkil edir və hər bir sərhədçidə cəsurluq hissi yaradır.

Sərhədçilərimizin göstərdiyi qəhrəmanlıq və cəsurluq nümunələri çoxdur. Torpaqlarımızın erməni təcavüzündən müdafiəsində, müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında, dövlət təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat və terrorçuluq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsində xüsusi xidmətlərinə, göstərdikləri şəxsi igidlik və şücaətə görə onlarla sərhədçi yüksək təltiflərə layiq görülmüşdür. Ötən əsrin 90-cı illərində baş leytenant Eldar Məmmədov, gizir Faiq Cəfərov, polkovnik İntiqam Atakişiyev, baş leytenant Əmiraslan Əliyev, sərhədçi kursant Bəhruz Mansurov "Azərbaycanın Milli Qəhrəmanı” adına, leytenant Tahir Bədəlov "Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşlər.

Zaqatala Sərhəd Dəstəsinin Qubek istiqamətində Hacı Maqomedovun və onun başçılıq etdiyi cinayətkar dəstənin zərərsizləşdirilməsində göstərdikləri şücaətə görə əsgər Anar İsmayılov (ölümündən sonra) və ağır yaralanan Təbriz Quliyev "Azərbaycan Bayrağı” ordeninə, əsgərlər Cabir Murtuzov və Pərvin Rüstəmov "İgidliyə görə” medalına layiq görülmüşlər. 2008-ci ildə sərhəd pozucuları ilə döyüşdə həlak olmuş və ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş leytenant Qorxmaz Həşimovun fədakarlığı, 2009-cu ildə terrorçularla döyüşdə öz həyatı bahasına əsgər yoldaşlarının və komandirlərinin həyatını xilas etmiş, ölümündən sonra XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı adına layiq görülmüş əsgər Eltun İsgəndərovun igidliyi əsl vətənpərvərlik örnəyi, vətəndaşlıq nümunəsidir.

Ölkəmizə gələn qonaqların ilk qarşılaşdığı şəxslər sərhədçilər olduğundan respublikamız və onun vətəndaşları haqqında ilk təəssürat da məhz bu görüş zamanı yaranır. Dövlət Sərhəd Xidmətinin bütün əməkdaşları, hər bir sərhədçi bunun məsuliyyətini dərindən dərk edir.

Bu səbəbdən də dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin yüksək səviyyədə təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətinin ən yüksək tələblər səviyyəsində təşkil olunması, dövlət sərhədindən keçən şəxs-lərin sənədlərinin yoxlanılması və viza prosedurlarının optimallaşdırılması, əcnəbilərin ölkəyə gəlmə və ölkədən getmə proseslərinin daha təkmil səviyyədə tənzimlənilməsinə nail olunması, xidmətdə ən müasir texniki vasitələrin tətbiqi, şəxsi heyətin peşəkarlığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın təşkil olunması sərhəd nəzarətinin etibarlığını daha da artırmışdır.

Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsi, ölkə iqtisadiyyatının qüdrətlənməsi ilə əlaqədar sərhəd təhlükəsizliyi məsələlərinin ön plana keçdiyi şəraitdə dövlət sərhədində dövləti maraqları əzmlə müdafiə edən Azərbaycan sərhədçiləri onlara göstərilən ali diqqətə görə qürur hissi keçirirlər.

Çünki şəxsi heyət üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə Ali Baş Komandan qarşısında qaldırılan bütün məsələlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşmışdır. Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artmış, 17 hərbi hissə və struktur qurum, o cümlədən bütün sərhəd dəstələrinin qarnizonları, "Sərhədçi” idman olimpiya kompleksi, Abşeron rayonunun Görədil qəsəbəsində və Lənkəran rayonunun Vel qəsəbəsində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası inşa olunmuş, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilmişdir. Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 312 mənzilli yaşayış binaları inşa olunmuş, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunmuşdur. 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilmişdir.

Bu müddət ərzində 115 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilmiş yaxud əsaslı təmir olunmuşdur. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 757 xidməti bina istifadəyə verilmişdir.

Böyük fəxrlə qeyd edirəm ki, bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev DSX-nin hərbi hissələrinə 37 dəfə səfər etmişdir. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymətdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2017-ci il iyun ayının 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar verməsi, bununla əlaqədar idarəetmə sisteminin təkmilləşdirilməsi, aparatın yeni struktur qurumlarının, silahlı birləşmələrinin idarəetmə orqanlarının fəaliyyətinin təşkil olunması və şəxsi heyətlə komplektləşdirilməsi Azərbaycan Sərhəd Mühafizəsinə ən yüksək etimadının göstəricisidir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, 2005-ci ildə DSX aparatının inzibati binasında - Azərbaycan xalqına qarşı uzun illər repressiyalar törədilmiş məkanda - sərhəd dəstələrinə və hərbi hissələrə döyüş bayraqlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəxsən təqdim edilməsi biz sərhədçilərə diqqətin və qayğının təcəssümü olmaqla yanaşı, həm də müstəqil Azərbaycan naminə əqidələri uğrunda savaşmış Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi repressiya qurbanlarının ruhuna ehtiramın ifadəsi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərhədçilərlə həmin görüşdə vurğuladığı kimi - "Azərbaycan yanar regionda təhlükəsizlik adasıdır və bu adanın təhlükəsizliyi sərhədçilərə həvalə olunmuşdur”. Bu ifadə Ali Baş Komandanın sərhəd təhlükəsizliyinə verdiyi önəmin ali təzahür forması olaraq dövlət sərhədinin mühafizəsi sahəsində islahatların əsas mahiyyətini təşkil etmişdir.

XXI əsrdə Azərbaycan Sərhəd Mühafizəsinin çətin və mürəkkəb olduğu qədər də şərəfli inkişaf yolu xəyalların gerçəkləşməsi, mümkün olmayanın reallaşması yoludur. Çünki vaxtilə uzaq gələcək kimi qəbul etdiyimiz müasir sərhəd mühafizə infrastrukturunun, sərhəd aviasiyasının və sahil mühafizəsinin yaradılması, dövlət sərhədinin mühafizəsində peyk texnologiyalarının tətbiqi, sərhəd məntəqələrində radiolokasiya sistemlərinin, səyyar və stasionar müşahidə və elektron-optik vasitələrin istifadəsi, rəqəmsal informasiya sisteminin yaradılması, sərhədçilərin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması - artıq günümüzün reallığıdır.

Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə inkişaf etməkdədir. Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni silah-sursat, texnika və vasitələrin alınaraq xidmətdə tətbiqini müvəffəqiyyətlə həyata keçirir, Vətən sərhədlərinin toxunulmazlığını təmin etməklə, dövləti maraqlara sədaqətlə xidmət edir.

Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır. Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 11 min 557 sərhəd pozucusu, 160 min 870 nəfər rejim pozucusu, 40 min 779 nəfər axtarışda olan şəxs saxlanılmış, təxmini dəyəri 196 milyon 815 min 551 manat olan qaçaqmalın, o cümlədən 9 ton 281 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 19 nəfər və əlaqədə şübhəli bilinən 93 nəfər Azərbaycan, 28 nəfər xarici vətəndaş aşkar olunmuş, terrorçuluğa qarşı mübarizə çərçivəsində 98 şəxs saxlanılmış, 409 nəfərin şəxsiyyəti müəyyən edilmişdir. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 173 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir. Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur.

Təməli Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi strategiyasının uğurlu davamı Dövlət Sərhəd Xidmətini dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir bir quruma çevirmişdir. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Bu gün əsas hədəfimiz işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır. Bu, hər bir Azərbaycan sərhədçisinin müqəddəs vəzifəsi və şərəf işidir!

2016-cı ilin aprelində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ən müasir silah və texnika ilə təchizatlanmış Silahlı Qüvvələrimiz tərəfindən düşmənin təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqeləri, dislokasiya yerləri, komanda-dayaq məntəqələri, qərargahları dəqiq zərbələrlə darmadağın edilmiş, bununla da hərbi qüdrətimiz bütün dünyaya nümayiş etdirilmişdir!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını, hərbi qulluqçularının peşəkarlığını, Azərbaycan dövlətçiliyinə sadiqliyini nəzərə alaraq Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etməklə bizim üçün ciddi tapşırıqlar müəyyən etmişdir. Azərbaycan sərhədçisinə ali inamın ifadəsi olan bu tapşırıqların icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimizdir!

Səngərdə və sərhəddə Ermənistanla dövlət sərhədlərinin mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyası fəaliyyət göstərdiyi dövr ərzində formalaşaraq hərbi intizamı və döyüş qabiliyyətinin yüksək olması ilə fərqlənən hərbi birləşməyə çevrilmiş, qısa müddət ərzində dövlət sərhədinin mühafizəsində və müdafiəsində yüksək nəticələr əldə etmişdir.

Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, 4 hərbi hissə kompleksi tikilərək istifadəyə verilmişdir, bir hərbi hissə kompleksi və 3 sərhəd məntəqəsində isə tamamlama işləri aparılır.

Xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Bu tədbirlər sırasında bütün xidməti ərazi boyu döyüş postlarına aparan və onlar arasında yolların, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün yol boyu qoruyucu sədlərin çəkilməsi, bütün sərhəd döyüş məntəqələrinin xüsusi radiorabitə vasitələri ilə təmin edilməsi, xətti rabitə sisteminin yenilənməsi, sərhəd döyüş məntəqələrində yüzlərlə videomüşahidə kameralarının və günəş paneli sistemlərinin quraşdırılması xüsusi qeyd edilməlidir.

Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır.

Cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə 2000 metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1500-1700 m irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan vermişdir. Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılmışdır.

Mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilmiş, atəş nöqtələri susdurulmuş, hərbçiləri məhv edilmiş, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunmuşdur.

Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Lələtəpədən başlamış zəfər yürüşünün davamıdır.

Cari ilin iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı, əsgər və zabitlərimizin qəhrəmanlığı mənfur düşməni itki verərək geri çəkilməyə məcbur etdi.

14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü Azərbaycan xalqının sarsılmaz iradəsini, xalqın öz Prezidentinə və Silahlı Qüvvələrinə inamını və sədaqətini, onların yanında olduğunu bir daha ən yüksək səviyyədə nümayiş etdirdi.

Ali Baş Komandanımızın göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənən Silahlı Qüvvələrimiz və xalqımızın mübariz ruhu Azərbaycan torpaqlarının tezliklə azad olunmasına gətirib çıxaracaqdır.

Bu gün hər bir sərhədçimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürurludur və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəflə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən yaxın müddətdə dövlətimizin ərazi bütövlüyünun təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminliyimiz gündən-günə artır, qələbəmiz anbaan yaxınlaşır! Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də bu vəzifələrin icrasında şərəflə iştirak etməyə həmişə hazırdır!

Elçin QULİYEV,

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video