12 Noyabr 2021 01:20
1204
SİYASƏT
A- A+

Dövlət quruculuğunun hüquqi istinadı

 

26 il əvvəl qəbul edilən Azərbaycan Konstitusiyasının artıq Qarabağ və Şərqi Zəngəzurda da aliliyi təmin olunub

 

Bu gün müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbulunun 26-cı ili tamam olur.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Ana Qanunumuz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğunun  mühüm və həm də əsas hüquqi mərhələlərindən biri kimi müstəqillik tariximizə həkk olunub. 1996-cı ildən noyabrın 12-i ölkəmizdə Konstitusiya günü kimi qeyd olunur.

Tarixə nəzər salsaq görərik ki, 30 il əvvəl - 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 32-ci maddəsində Konstitusiya aktının Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsas olduğu yazılıb. 1978-ci il Konstitusiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalsa da, müstəqil dövlətimizin öz Konstitusiyası mütləq qəbul olunmalı idi. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi bütün sahələrdə dərin problemlərin baş qaldırmasına səbəb olduğu kimi, hüquqi sferada da ciddi boşluqların yaranmasına gətirib çıxardı. Elə buna görə o illərdə yeni Konsitusiyanın qəbulu heç təşəbbüs olaraq da irəli sürülmədi.

Yalnız Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni Konstitusiyanın qəbulu məsələsi gündəmə gəldi. Heydər Əliyev təcrübəli dövlət xadimi idi və çox yaxşı bilirdi ki, yeni siyasi-ictimai formasiyada dövlətimizin təməl prinsiplərini, cəmiyyətimizdəki hüquqi və siyasi münasibətlərin əsaslarını təsbit edən Konstitusiyanın qəbulu dövlət quruculuğunun, bütün sahələrdə islahatların həyata keçirilməsi, ölkənin yeni qanunvericilik bazasının yaradılması üçün təxirə salınmadan reallaşdırılmalıdır. Ona görə müstəqilliyimizə yaranan təhlükələri və vətəndaş qarşıdurmasını aradan qaldıran, Azərbaycanı parçalanmaqdan xilas edən, ictimai-siyasi sabitliyə nail olan Ulu Öndər Heydər Əliyev Konstitusiyanın qəbul edilməsini xüsusi diqqətdə saxlayırdı. Yeni Konstitusiya isə müstəqil dövlətçiliyin tələblərinə, dövrün çağırışlarına, demokratik ideallara cavab verməli, xalqımızın milli maraq və mənafelərini, respublikamızın identifik cəhətlərini, milli-mənəvi dəyərlərimizi özündə əks etdirməli idi. 

Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi komissiyanın gərgin əməyi nəticəsində bütün bu məsələlər nəzərə alınmaqla yeni Konstitusiyanın layihəsi hazırlandı. Heydər Əliyevin bir neçə dəfə layihənin açıq müzakirəsini təşkil etməkdə məqsədi ictimai rəyi nəzərə almaq idi. Bütün bunlar onu göstərirdi ki, Heydər Əliyev Azərbaycanın inkişafının təmin edilməsi, dövlətimizin gələcəyi  baxımından Konstitusiyanın hər bir müddəasına son dərəcə diqqətlə yanaşır.

1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda Azərbaycan xalqı yeni Konstitusiyanın qəbuluna səs verdi. Bu hadisə həm də xalqımızın öz xilaskarı Heydər Əliyevə və böyük şəxsiyyətin milli maraq və mənafelərimizi layiqincə təmin edən siyasi kursuna verdiyi dəstəyin təcəssümü idi.

Azərbaycan Konstitusiyasına əsasən hakimiyyətin yeganə mənbəyi kimi xalqımız tanınıb. Ana Qanunumuzun əsasında hüquqi dövlət və vətəndaş cəmiyyətinə yol açan ideyalar dayanıb. Ölkəmizin bütövlüyünün qorunması ali məqsəd kimi bəyan edilib. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən və 158 maddədən ibarət Azərbaycan Konstitusiyasının bütün maddələri, bəndləri dövlətimizin hüquqi və demokratik məzmunundan xəbər verir. O cümlədən insan hüquq və azadlıqlarının Ana Qanunumuzda əsas yerlərdən birini tutması respublikamızın demokratiya yoluna sadiqliyinin təcəssümüdür. Belə ki, Konstitusiyamızda insan hüquq və azadlıqları dövlətin ali məqsədi kimi bəyan edilib.

Konstitusiyanın qəbulundan bir il sonra - Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrikində Ulu Öndər Heydər Əliyev deyirdi: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.

Əlbəttə, ölkənin inkişafı, yeni çağırışların meydana çıxması, cəmiyyət həyatında baş verən yeniliklər hüquqi müstəvidə də dəyişiklikləri zərurətə çevirir. O cümlədən Konsitusiya da bu yeniliklərə mütənasib olmalı, zamanın nəbzini tutmalıdır. 2003-cü ildən Azərbaycanın keçdiyi inkişaf yolu müstəqillik tariximizin əsas reallıqlarından biridır. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlar, sosial-iqtisadi islahatların dərinləşdirilməsinin, idarəetmənin təkmilləşdirilməsinin zəruriliyi, cəmiyyətimizdəki pozitiv yeniliklər səbəbilə indiyədək Azərbaycanda bir neçə konstitusion islahatlar həyata keçirilib. Bununla bağlı referendumlarda ölkə vətəndaşlarının yüksək etimadı həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatlara xalqımız tərəfindən göstərilən yüksək dəstək kimi tarixə həkk olunub. Xüsusilə qeyd edilməlidir ki, Konstitusiyaya edilən dəyişikliklər dövlət idarəetməsinin daha  keyfiyyətli və səmərəli həyata keçirilməsinə yönəlib, respublikamızın konstitusion əsaslarının möhkəmləndirilməsinə xidmət edib, o cümlədən demokratik meyarları özündə əks etdirib.

Ötən il Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycan xalqı tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu qələbənin memarı olan Prezident İlham Əliyev  müdrik və uzaqgörən siyasəti ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Bu zəfərlə Prezident İlham Əliyev həm də işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın Ermənistan tərəfindən pozulmuş konstitusion hüquqlarını bərpa etdi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bütün bərpa və yenidənqurma işləri həm də xalqımızın Azərbaycan Konstitusiyasına uyğun olaraq hüquqlarının yoluna qoyulmasına xidmət edir.

 

Cəbi QULİYEV,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video