07 Sentyabr 2011 12:09
591
SİYASƏT
A- A+

Dövlət müstəqilliyinin bərpası xalqımızın tarixi nailiyyətidir

 

Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamına əsasən, respublikamızın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü dövlət səviyyəsində təntənəli surətdə qeyd olunacaq.

Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq və bu illərdə respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədilə imzaladığı sərəncam bu sözlərlə başlayır: "2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir".

Bəli, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Lakin xalqımızın müstəqil dövlət quruculuğu yolu heç də hamar olmamışdır. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu. Amma digər ölkələrdən fərqli olaraq, respublikamızı bu müstəqilliyə, azadlığa aparan yollarda qanlar töküldü, şəhidlər verildi. Digər ölkələrdən fərqimiz həm də onda idi ki, Azərbaycan xalqı müstəqilliyin nə demək olduğunu daha yaxşı bilirdi. Çünki xalqımız XX əsrin əvvəllərində müstəqilliyin sevincini bir dəfə yaşamışdı və nail olduğu növbəti - əbədi müstəqillik əsrin sonlarına doğru onun siyasi tarixinin möhtəşəm hadisəsi idi.

Tarixdən hər birimizə bəlli olduğu kimi, 1991-ci ildə sovetlər ittifaqına daxil olan bəzi respublikalarda mərkəzdənqaçma, müstəqilliyə qovuşmaq istəyi qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi.

Lakin hələ buna qədər - 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı muxtar respublikadan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu.  Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.

Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə təxminən 11 ay sonra hüquqi müstəvidə münasibət bildirərək dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq referendumunda xalqımız müstəqillik haqqında Konstitusiya Aktını yekdilliklə dəstəklədi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" Azərbaycan əhalisinin 95 faizi bu referendumda iştirak edərək ölkəmizin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Bununla da Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi və XX əsrin sonlarında, SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.

1991-ci il 18 oktyabr tarixdə dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Sənəddə deyilirdi: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".

Fəqət, müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Bir-birini əvəz edən A.Mütəllibov və AXC-Müsavat iqtidarları, əslində, dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə dövlət müstəqilliyinin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.

Belə bir vəziyyətdə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın böyük oğlu Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyir?!

Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu. Yalnız bundan sonra ulu öndərin "1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır" - deyərək dəyərləndirdiyi Konstitusiya Aktının prinsipləri real həyata vəsiqə qazanmağa başladı. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəlişi strategiyasına və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik keçid yoluna qədəm qoyuldu. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. İlk növbədə, hakimiyyət vakkumu aradan qaldırıldı, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi. Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi.

Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu öndərin rəhbərliyi ilə başlanan islahatlar nətisəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı.

Ölkədə azad bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi nəticəsində qısa zaman kəsiyində dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem yaradıldı. Eləcə də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi.

İnsan hüquq və azadlıqlarının qorunması ilə də davamlı demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı. Bütün insan və vətəndaş hüquqları, o cümlədən söz, mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda köklü irəliləyiş əldə olundu. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında isə bütün bunlar təsbit edildi. Xatırladaq ki, müstəqillik Aktında Konstitusiyanın hazırlanması ilə bağlı müddəanın da öz əksini tapmasına baxmayaraq, Mütəllibov və AXCP qaragüruhları bu barədə düşünmək belə istəməmişdilər.

Xalqın istək və arzusu ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarına öz adını yazmasını təmin etdi. Əsl müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bütün bunlar isə böyük tarixi nailiyyətlərdir. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda Prezident İlham Əliyevin müstəqilliyimizlə bağlı fikirləri hər birimizdə dərin qürur və fərəh hissi doğurur. "İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir. 2010-cu ildə Azərbaycanda Dövlət Bayrağı meydanının açılışı olmuş və dünyanın ən yüksək bayrağı ucaldılmışdır. Bu meydan Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun rəmzinə çevrilmişdir", - deyə cənab Prezident bildirib.

Sərəncamda dövlət müstəqilliyinə nail olduqdan sonra ötən 20 il ərzində ölkəmizdə gedən proseslərə hərtərəfli nəzər salınıb. Ən əsası, bu sərəncam Prezident İlham Əliyevin müstəqilliyimizə olan həssas münasibətini ortaya qoydu. Doğma Vətəninin müstəqilliyinin daha da sarsılmaz olması üçün dövlət başçısı kimi böyük əzmlə fədakar siyasət həyata keçirdiyini bir daha təsdiq etdi.

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunur, bu əlamətdar günlə bağlı dövlətimizin başçısı xalqı təbrik edir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır.

Bu gün Azərbaycan dövlətinin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərinməzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın dövlət müstəqilliyini getdikcə möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları  Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaq.

Qeyd etdiyim kimi, müstəqilliyimizin əldə olunmasından sonra qazandığımız ən böyük uğurlardan biri hüquqi, dünyəvi və demokratik dövlət quruculuğudur. Lakin xalqımız onu da unutmur ki, müstəqilliyin ilk illərində hakimiyyətdə olanlar bu işi həyata keçirməkdə maraqlı olmadılar. Siyasi səriştəsizliklə yanaşı, dövlət idarəçilik aparatının yeni quruluşun tələblərinə cavab verməməsi nəticə etibarilə ölkəni siyasi iflicə, iqtisadi burulğana gətirib çıxardı. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uzaqgörənliklə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı.

Bu mənada, müstəqillik illərində digər hüquq-mühafizə orqanları kimi, Azərbaycan prokurorluğunun da sivil və demokratik məzmunda yenidən formalaşması, müstəqil dövlətçiliyin maraqlarına xidmət edən dövlət təsisatı kimi təkmilləşməsi Heydər Əliyevin dövlətçilik siyasəti, qayğısı nəticəsində mümkün olmuşdur. Xalq Cümhuriyyəti dövründə müstəqil dövlət orqanı kimi hərtərəfli formalaşmağa imkanı olmayan, sovetlər dövründə siyasiləşərək bolşevik ideologiyasına xidmət edən qurum kimi fəaliyyət göstərən, keçən əsrin 90-cı illərinin əvvəllərindəki anarxiya və xaos dövründə işini qanun çərçivəsində qura bilməyən Azərbaycan Prokurorluğu yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin sütunlarından hesab edilən mühüm təsisata çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri ilə keçirdiyi müşavirədə proqram xarakterli nitqindən irəli gələn tövsiyə və göstərişlərin yerinə yetirilməsi ilə əlaqədar aparılmış geniş və dərinməzmunlu islahatlar nəticəsində Azərbaycan Prokurorluğunun işi daha sivil, çevik və işlək forma almışdır. Bu islahatlar nəticəsində mövcud olmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, müasir tələblər səviyyəsində işləmək iqtidarında olan yüksək peşə hazırlıqlı, qabiliyyətli və bacarıqlı kadr tərkibinin formalaşdırılmasına, xalqın və dövlətçiliyin maraqlarına üstünlük verilməklə qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyinə, obyektivliyə, qərəzsizliyə və faktlara əsaslanmaqla prokurorluğun fəaliyyətinin digər mühüm prinsiplərinə ciddi əməl edilməsinə nail olunmuşdur.

Ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına müvafiq olaraq hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.  Belə bir bayramın təsis edilməsi milli dövlətçilik dəyərlərinə və tarixi keçmişə hörmətin, prokurorluğun cəmiyyətimizdə tutduğu yerə münasibətin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün hüquq-mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişafının məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoymuş, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır. Bu gün dövlətimizin başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, Azərbaycan Prokurorluğu yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi bazası olan, yeni mütərəqqi iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmişdir. Ədalətli prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yeniləşdirilən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmaqla ciddi tələbkarlıq şəraiti formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır.

Prokurorluq orqanlarının məzmunca yeniləşməsində və işinin müasir tələblərə uyğun tam yeni müstəvidə qurulmasında dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" müstəsna əhəmiyyət daşıyır. Milli prokurorluğun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramı ölkəmizin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün konkret tədbirləri özündə əks etdirmişdir.

Azərbaycan Prokurorluğu çox çətin və mürəkkəb, həm də şərəfli bir yol keçərək bugünkü müasir inkişaf səviyyəsinə çatmışdır. Bu gün prokurorluq orqanları insan hüquq və azadlıqlarının təmin edilməsinə, qanunçuluğun möhkəmləndirilməsinə və cinayətkarlıqla mübarizəyə, hüquq sisteminin təkmilləşdirilməsinə öz layiqli töhfələrini verməklə, həm də müstəqilliyimizin möhkəmləndirilməsinə, respublikamızın demokratik inkişafına, xalqımıza və dövlətimizə ləyaqətlə, sədaqətlə xidmət edirlər.

 

Tariyel QURBANOV,

Hacıqabul rayon prokuroru, baş ədliyyə müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video