08 Iyun 2019 00:44
1858
İQTİSADİYYAT
A- A+

DOST-ların sayı artacaq


İlham ƏLİYEV: "DOST mərkəzləri müasir Azərbaycanın simasını əks etdirir”


2019-cu ilin əhalinin sosial müdafiəsi baxımından fərqli dövr olacağını bildirən Prezident İlham Əliyev real islahatlarla bu əminliyin əməli müstəvidə reallaşmasını təmin edir. Cari ilin elə ilk aylarından dövlət başçısının ölkədə rifah halının yüksəlməsi üçün atdığı addımlar, konkret desək, 3 milyon insanın, onların ailələrinin həyatını dəyişən sərəncamları bunun əyani təsdiqidir. Sosial güvənliyi artıran bu qərarlar eyni zamanda ölkəmizin dövlət sosial xidmətləri sahəsində də mühüm yeniliklər edir. Və belə innovativ tədbirlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) yaradılması və ilk DOST mərkəzinin istifadəyə verilməsidir.

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə reallaşan və bununla vətəndaş məmnuniyyətinə doğru keyfiyyətcə yeni mərhələ açan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüdür. Bu layihə dövlət sosial xidmətlərinin innovativ təqdimat üzərindən, vahid platformadan, bir pəncərədən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında göstərilməsinə xidmət edir.

Cari ilin ötən dövründə Azərbaycanda minimum əməkhaqqının və pensiyanın 40 faizədək, sosial müavinət və təqaüdlərin orta hesabla 100, məcburi köçkünlərin müavinətlərinin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını, 800 mindən çox insanın problemli kreditlərinin həllini çox ciddi tədbirlər kimi hətta siyasi mövqeyinə görə bundan məmnun olmayanlar da etiraf edirlər. Amma bunlar da hələ hamısı deyil. Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə əlilləri üçün mənzillə təminat proqramı güclənib, ötən il onlara nəzərdə tutulandan 3 dəfə çox olmaqla 626, ümumilikdə bu vaxta qədər 6654 mənzil verilib. 2018-ci ildə, həmçinin müharibə əlillərinə 265, bu ilin ötən dövründə 50 (indiyədək cəmi 6200) avtomobil hədiyyə edilib. Cari il isə bu qəbildən olan daha 800 nəfərə mənzil, 600 nəfərə avtomobil verilməsi nəzərdə tutulur.

İlk DOST mərkəzinin açılışında Prezident İlham Əliyev sosial sahənin Azərbaycan dövləti üçün prioritet olduğunu, bu sahəyə çox böyük diqqət göstərildiyini, aparılan islahatların artıq real nəticələr verdiyini qeyd edərək eyniadlı agentliyin yaradılmasının həmin istiqamətdə çox önəmli islahat olduğunu vurğulamış və növbəti illərdə agentliyin fəaliyyətinin genişləndirilməsinin vətəndaşlar tərəfindən yüksək qiymətləndiriləcəyinə əminliyini bildirmişdir: "Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir.

Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

Yeri gəlmişkən qeyd edək ki, 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 DOST mərkəzi istifadəyə verilməsi hədəflənib. Artıq gələn ildən bölgələrdə belə mərkəzlərin qurulmasına başlanacaq. 31 mərkəz ümumən "bir pəncərə” prinsipi üzrə 2,8 milyon şəxsə əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərəcək.

İstifadəyə verilmiş DOST mərkəzi isə artıq gün ərzində təxminən 350 vətəndaşa xidmət göstərir. İlkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisi üçün nəzərdə tutulan mərkəz il ərzində 100 mindən artıq vətəndaşın qeyd olunan sahələr üzrə xidmətlərlə təminatına imkan verəcək. Bütün mərkəzlər fəaliyyətə başlayandan sonra isə onlar vətəndaşların hansı rayonda qeydiyyatından asılı olmayaraq müraciət edən hər kəslə DOST-luq edəcəklər. Yəni "Pensiya və sosial sığorta”, "Sosial müavinətlər və təqaüdlər”, "Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, "Sosial xidmətlər və övladlığagötürmə məsələləri”, "Əmək münasibətləri”, "Məşğulluq xidmətləri”, "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, "Bank və notarius xidmətləri” və s. bölmələrdə vətəndaşların müraciətlərini qəbul edəcək, eyni zamanda onlara məsləhət və məlumat verəcəklər. Telefon və ya internet vasitəsilə müraciət edənlər də cavabsız qalmayacaqlar. İstifadəyə verilmiş ilk mərkəzin fəaliyyətindən o da məlum olur ki, nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin ediləcək, hətta əlilliyi olan şəxslərin hərəkət imkanları nəzərə alınacaq. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunacaq. Mərkəzlərdə həmçinin Çağrı mərkəzi (142) fəaliyyət göstərəcək.

Başqa bir fakt: fəaliyyətə başlamış ilk DOST mərkəzində sosial agentlər və sosial işçilərlə bərabər "GƏNC DOST” könüllülər proqramı əsasında 50 könüllü də çalışır. Məlumat üçün bildirək ki, bu proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir, gənclərin əmək bazarına hazırlığına şərait yaradır. Bundan başqa, DOST Agentliyində "Gümüşü könüllü” proqramına start verilib. Həmin proqram çərçivəsində isə hətta pensiya yaşına çatmış şəxslər könüllülük fəaliyyətinə cəlb edilir ki, bu da pensiya yaşına çatmış şəxslərin fəal həyat tərzinin təmin olunmasına, asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır.

İlk mərkəzin fəaliyyətinə əsaslanıb sonda onu da bildirək ki, DOST konsepsiyası təkcə eyniadlı mərkəzlərə əyani müraciət edənlərə deyil, müxtəlif kateqoriyalı imtiyazlı şəxslərə səyyar xidmətlərin göstərilməsini də nəzərdə tutur. Hədəfdə olan həmçinin mərkəzin onlayn xidmətlərinin bazasının hər zaman genişləndirilməsidir. Söz düşmüşkən: DOST konsepsiyası üzrə yol xəritəsində mərkəzlərdə göstəriləcək 126 xidmətin 91-nin elektronlaşması proqnozlaşdırılıb və təqdir olunası faktdır ki, layihənin icrasına başlanıldığından bugünədək həmin xidmətlərdən 20-dən çoxu artıq elektronlaşdırılıb. Bu gedişlə növbəti iki ildə digərlərinin də elektronlaşdırılması və beləliklə, onlayn platformada geniş DOST xidmətləri sisteminin qurulacağı şübhəsizdir.

Onu da bildirək ki, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) ötən ay Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunun iştirakçıları - BSTA-nın prezidenti Yoakim Bröyer, xəzinədarı, Rusiya Pensiya Fondu idarə heyətinin sədr müavini Nikolay Kozlov, Almaniya Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) beynəlxalq sosial siyasət üzrə baş eksperti Karolin Könih, Fransanın Milli Tibbi Sığorta Fondunun (CNAM) prezidenti Viliam Qardey və digər qonaqlar DOST Agentliyində və ilk DOST mərkəzində olmuşlar. Onlar Azərbaycanın DOST layihəsinin uğurlu bir yenilik, təkmil bir təcrübə olduğunu etiraf etmişlər.

Hazırda dünyada "bir pəncərə” prinsipi üzrə bir sıra sosial xidmət təcrübələri olsa da, Azərbaycanın DOST layihəsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən kifayət qədər geniş xidmətlər arealını, innovativ yenilikləri özündə əhatə edən unikal bir layihə kimi diqqəti cəlb edir. Bu mənada DOST layihəsi Azərbaycanın yeni brendi kimi özünü təsdiq etməkdə qərarlıdır.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video