12 Noyabr 2011 03:11
241
İQTİSADİYYAT
A- A+

«Doing Business-2012» hesabatında Azərbaycan əmlakın qeydiyyatına görə ilk onluqdadır

 

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 10 müxtəlif göstərici üzrə 183 ölkə arasında hazırlanan "Doing Business-2012" hesabatına əsasən, Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 9-cu yerdədir.

Hesabatda bildirilir ki, Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət və əmlakın dəyərinin 0,2 faizi qədər xərc sərf edilir. Bu, regionda ən yaxşı göstəricilərdən biridir.

Müqayisə üçün bildirək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionlarında əmlakın ötürülməsi üzrə orta göstərici 37, qonşu ölkələrdən Türkiyədə 44, Rusiyada 45, Bolqarıstanda 66, Rumıniyada 70, İranda 163, Ukraynada isə 166-dır.

Buna baxmayaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə işlər davam edir. Bura daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, əmlakın texniki pasportunun, dövlət reyestrindən çıxarışın, məhdudlaşdırmaya dair dövlət reyestrindən arayışın alınması üçün qaydaların və müddətlərin sadələşdirilməsinə dair təkliflərin hazırlanması, prosesdə süni maneələrin aradan qaldırılması aiddir.

Bu sahədə qabaqcıl dünya təcrübəsindən də istifadə olunur. 2007-ci ildən etibarən Dünya Bankının dəstəyi ilə reallaşan "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" ölkədə daşınmaz əmlakın qeydiyyatı sistemində ciddi dəyişikliklərə səbəb olacaq. Gələcəkdə isə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin elektron ərizələr şəklində qəbulu sisteminin yaradılması nəzərdə tutulur. Bunun nəticəsində daşınmaz əmlakın qeydiyyatı sistemi elektron hökumətin əhəmiyyətli bir hissəsinə çevriləcək.

Bəs, ölkəmizdə nüfuzlu beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilən əmlakın ötürülməsi prosesi hansı prosedurlardan ibarətdir?

Öncə qeyd edək ki, Azərbaycanda əmlakın ötürülməsi prosesi əmlak sahibinin bu əmlak üzərində mülkiyyət hüququnun təsdiq edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən yüklülüyün olmamağı haqqında arayışın alınması ilə başlayır. Hesabata əsasən, bu prosedurun dəyəri 90,88 AZN-dir. Bu qiymətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq, satıcının mülkiyyət hüququnun yoxlanılması, daşınmaz əmlak ilə əlaqədar texniki sənədlər (pasport və ya planlar) və yüklülüyün olmamağı haqqında şəhadətnamənin alınması üçün tələb olunan dövlət rüsumu daxildir. Prosedur adi qaydada 5 gün davam edir. Lakin 100,88 məbləğində rüsum qarşılığında sürətləndirilmiş variant tətbiq olunur və 2 gün ərzində yekunlaşır.

İkinci addım alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqidir. 1 gün müddət tələb olunan bu prosedur üçün 110 manat möhür rüsumu ödənilir. Möhür rüsumu notariusa ödənilir və o da öz növbəsində rüsum alındıqdan sonra 2 bank günü ərzində onu xəzinəyə ötürməlidir. Lakin praktik olaraq möhür rüsumu kommersiya bankında ödənilə bilər.  Tərəflər bankda ödəniş etdikləri halda ödəniş qəbzi təqdim edilməlidir.

Notariat rəsmiləşdirilməsindən sonra alıcı əmlakı qeydiyyatdan keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanunun 9.2 və 13.7-ci maddələrinə əsasən, reyestr qeydiyyatı 101,10  AZN məbləğində rüsum müqabilində 20 gün ərzində tamamlanmalıdır.   28 sentyabr 2006-cı ildən  aşağıdakı sürətləndirilmiş  variantlar  da var: 14 gün - 151,65 AZN, 7 gün isə - 202,20 AZN. Bundan başqa, 11 AZN məbləğində dövlət rüsumu da toplanır. 

Əmlakın ötürülməsi ilə bağlı sonuncu mərhələ alıcının bina və torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması sayılır. Bu prosedur yekunlaşdıqdan sonra yeni qanuni mülkiyyətçi (alıcı) Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən onun mülkiyyət hüququnu təsdiq edən adına verilmiş çıxarışı və daşınmaz əmlak ilə əlaqədar texniki sənədləri almalıdır.  Beləliklə, əmlakın ötürülməsi sürətləndirilmiş variantları da nəzərə almaqla 4 prosedur, 11 gün və 424,08 AZN-ə başa gəlir. Bu, əmlakın şərti götürülmüş qiymətinin 0,2 faizini təşkil edir.

 

Azərbaycan "Doing Business-2012"də

 

 

İndikatorlar

Renkinqdə yeri

1

Əmlakın qeydiyyatı

9

2

Biznesə başlanğıcı

18

3

İnvestorların maraqlarının qorunması

24

4

Müqavilələrin icrası

25

5

Kreditlərin alınması

48

6

Vergilərin ödənişi

81

7

Müflisləşmə prosedurları

95

8

Xarici ticarətin aparılması

170

9

Tikinti üçün icazələrin alınması

172

10

Elektrik təchizatı şəbəkələrinə qoşulma

173

Ümumi göstərici

66

 

 

Azərbaycanda əmlakın ötürülməsi prosedurları

 

Prosedurun adı

Müddəti

1.

Mülkiyyət hüququnun təsdiq edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən  yüklülüyün olmaması haqqında arayışın alınması

5 gün (adi qayda)

2 gün  (sürətli)   

2.

Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqi

1 gün

3.

Alıcı əmlakı qeydiyyatdan keçirmək üçün dövlət reyestr xidmətinə müraciət edir

1 gün

4.

Alıcının bina və torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması

20 gün (adi qayda)

14 gün (sürətli)

7 gün (sürətli)

 

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video