18 Aprel 2019 01:04
1515
SİYASƏT
A- A+

Doğrulan vədlər


İlham Əliyev xalqa və dövlətə sədaqət andına sadiq qalaraq ləyaqətli xidmət missiyasını uğurla davam etdirir


"Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.

Bir il öncə, aprelin 11-də keçirilən prezident seçkilərində xalqdan növbəti dəfə etimad mandatı alan İlham Əliyev bir həftə sonra, aprelin 18-də Milli Məclisdə Vətənə, xalqa və dövlətə sədaqət andına bu sözlərlə başladı. Hər zaman xalqın dəstəyindən güc alan, Azərbaycanı möhtəşəm zəfərlərə, qələbələrə doğru aparan lider olduğunu sübut edən İlham Əliyev ləyaqətli xidmət missiyasını şərəflə davam etdirəcəyinə söz verdi, and içdi və növbəti 7 il üçün səlahiyyətlərinin icrasına başladı.


Uğurlar yeni hədəflər üçün açardır


Dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir.

Bu bir həqiqətdir ki, xalqın dəstəyi ilə böyük tarixi uğurlara imza atan cənab İlham Əliyev liderlik qabiliyyəti, uzaqgörənliyi ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. Bütün addımlarında vətəndaş marağını hər şeydən üstün tutması, vədinə, sözünə sadiqlik Prezidentin siyasi alternativsizliyini bir daha sübuta yetirib. Elə bütün bunların səbəbidir ki, bu gün Azərbaycanda Prezident xalqına, xalq isə öz liderinə inanır. Hər bir addımını xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb.

Uğurlar isə yeni hədəflər üçün açardır deyirlər. Bəs, görəsən, ötən bir il ərzində verilən vədlər necə doğruldu? İlham Əliyev birillik prezidentlik dövründə Azərbaycanın sosial-iqtisadi yüksəlişi, əhalinin rifah halının yaxşılaşdırılması, regionların inkişafı istiqamətində hansı addımları atdı?


Ölkənin sosial həyatında atılan inqilabi addımlar


Prezident seçkilərindən ötən bir ilə nəzər yetirsək görərik ki, iqtisadi sahədə qazanılan uğurlar ölkənin daha da inkişaf etməsi üçün yeni perspektivlər açıb və praktiki olaraq bunun nəticələri sosial sahədə islahatların aparılması üçün real zəmin yaradıb və bu da Prezidentin böyük sosial islahatlar paketinin reallaşmasını şərtləndirib.

Seçkilərdən sonra Prezidentin imzaladığı ilk fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı oldu. 2019-cu il 28 yanvar tarixli daha bir fərmanla isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi daha da genişləndirildi. Şəhid ailələri ilə keçirilən görüş isə dövlət başçısının bu kateqoriyaya aid insanlara münasibətinin real təzahürü idi.

Prezidentin sosial sahə ilə bağlı imzaladığı digər fərman və sərəncamları - əhalinin aztəminatlı təbəqəsi, xüsusən də şəhid ailələri, əlil və müharibə veteranları, qaçqın və məcburi köçkünlər, pensiyaçı və təqaüdçülərin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən sənədləri sosial sahədə böyük nailiyyətlər adlandırmaq olar.

İlk növbədə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin durumunu diqqətdə saxlayan Prezident bu kateqoriyaya aid insanlara öz dəstəyini göstərir. Şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz qaldırılması bunun əyani təzahürüdür.

Minimum əməkhaqqının 38 faiz artaraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi dövlətin iqtisadi qüdrətinin daha da yüksəldiyini bir daha təsdiqləyir.

Aprelin 1-dən etibarən isə dövlət başçısının "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı qüvvəyə mindi və 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırıldı.

Böyük sosial islahatlar paketi çərçivəsində imzalanan bu sənədlər 3 milyona yaxın insana sevinc payı bəxş etdi.


Problemli mənzillərin, kreditlərin həlli yolları tapıldı


Dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində reallaşan mühüm addımlardan biri də uzun müddətdir ölkə əhalisini narahat edən problemli kreditlərin həlli məsələsi oldu. Həqiqətən də xalq bu qərarı çox yüksək dəyərləndirdi.

Bu qərar bir milyona yaxın insanın problemini həll etmiş oldu, məhkəmə çəkişmələrinə son qoyuldu. Prezident devalvasiyadan əziyyət çəkən insanlara misilsiz dəstək verdi və bununla da dövlət növbəti dəfə vətəndaşın yanında olduğunu sübut etdi.

Həmçinin Prezidentin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı fərman da təsdiq etdi ki, əhalini narahat edən bütün məsələlər onun diqqət mərkəzindədir. Bu fərmanlar sosialyönümlülük və humanizm prinsiplərinin əsas götürülərək, əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına yüksək diqqət yetirildiyini bir daha göstərdi.

Birmənalı demək olar ki, ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır.


Müstəqillik dövrünün ən böyük əfv sərəncamı


Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev hər zaman mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutaraq bayram günlərində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır. Dövlət başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtması, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşması, bir daha cinayət əməli törətməməsi üçün lazımi tədbirlər görür, minlərlə məhkuma yenidən azadlıq bəxş edir.

Cənab İlham Əliyevin mayın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamı isə digərlərindən fərqləndi. Çünki müstəqillik dövrünün ən böyük əfv sərəncamı ilə 634 nəfər azadlığa qovuşdu.

Prezidentin martın 16-da Novruz bayramı münasibətilə imzaladığı sərəncam isə 431 nəfərə şamil edildi. İmzalanan əfv sərəncamları demokratiyanın inkişafına xidmət edən mühüm addım hesab edilir və ümumilikdə atılan hər bir addım insan amilinə verilən dəyərin aydın ifadəsidir.


Regional inkişafın yeni mərhələsi


Hər zaman regionların sosial-iqtisadi inkişafına diqqət edən Prezidentin seçkilərdən sonrakı müddət ərzində bölgələrə səfərləri, xalqla səmimi, protokoldan kənar görüşləri, hər kəsi səbirlə dinləməsi, əhalinin problemləri ilə maraqlanması xalqın liderinə sevgisini daha da artırdı.

Seçkilərdən sonra Prezident bütün səfərlərində vətəndaşlarla görüşüb məktublar da qəbul edirdi və götürülən məktubların hər birinə baxılacağını diqqətə çatdırırdı. Beyləqan rayonuna səfəri zamanı isə Prezidentin yerli müğənninin ifa etdiyi "Azərbaycan” mahnısını vətəndaşlarla birgə ifa etməsi ən xoş anlar kimi yaddaşlara yazıldı.

Ümumiyyətlə, prezident seçkilərindən sonra İlham Əliyev 22 şəhər və rayona 27 dəfə səfər edib, 100-ə yaxın yeni obyektin açılış mərasimində xeyir-duasını verib. Bu obyektlər isə yeni-yeni iş yerlərinin açılmasını şərtləndirib.

Bu il Prezidentin fərmanı ilə regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı təsdiq edilib. İlkin hesablamalara görə, IV Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir.


Çətin durumda olan vətəndaşa arxa-dayaq Prezident


Fevralın 5-6-da şimal bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində Prezidentin atdığı addımlar bir daha təsdiq etdi ki, İlham Əliyev hər zaman çətin vəziyyətə düşən vətəndaşa arxa durur, ona dəstək verib dövlətin hər zaman onun yanında olduğunu söyləyir. Zəlzələdən dərhal sonra Prezidentin Şamaxıya, Ağsuya səfərləri, insanlara təskinlik verməsi və qəzalı duruma düşən bütün mənzillərin sökülərək yeni mənzillərin tikilməsi ilə bağlı tapşırıq verməsi əsl liderlik örnəyi idi.

Şamaxıda evi dağılmış 92 yaşlı Saray nənəyə baş çəkib ona təskinlik verən, evinin tamamən sökülüb yenidən tikilməsini tapşıran Prezident cəmi 1 aydan sonra ağbirçək ana ilə yeni mənzilində görüşdü. Yəni dövlət başçısı verdiyi vədə bir daha sadiq qalaraq 1 ay müddətində Saray nənəyə əvvəlkindən daha möhtəşəm ev tikdirdi. Onu da əlavə edək ki, yeni mənzil yaşamaq üçün bütün avadanlıqlarla da təchiz edilib.

Bu gün də respublikanın şimal bölgəsində yeni mənzillərin tikintisi davam edir. Evi qəzalı duruma düşən bütün vətəndaşlara yeni mənzillər tikilir. Aparılan bütün işlər Prezidentin diqqət mərkəzindədir.


Rəy sorğusu: Prezident vədlərini yerinə yetiribmi?


Bütün deyilənlər bir daha təsdiq edir ki, Azərbaycanda xalq liderinə, lider isə öz xalqına güvənir. Dar gündə də, şad gündə də xalqın yanında olan İlham Əliyev, özünün də dediyi kimi, hər zaman bu dəstəkdən güc alıb.

Bu həqiqətlər ölkədə keçirilən rəy sorğularında da öz əksini taparaq əsl reallığı ortaya çıxarıb. Belə ki, Fransanın "Opinion Way” şirkətinin 2019-cu ilin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusunun yekunlarına əsasən ölkənin bütün bölgələrində apardığı sorğularda respondentlərin 85,1 faizi İlham Əliyevin son bir ildə gördüyü işləri müsbət qiymətləndirdiyini bildirib.

"Opinion Way”in "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi müsbət cavab verib. Rəyi soruşulanların mütləq əksəriyyəti, 80 faizə qədəri Prezidentin öz seçkiqabağı vədlərini tam yerinə yetirdiyi qənaətindədir.


Yeni uğurlara doğru qələbələr yolu ilə...


Göründüyü kimi, verdiyi vədləri hər zaman yerinə yetirən Prezident xalq tərəfindən bütün zamanlarda dəstəklənib. Bir il ərzində ölkənin sosial həyatında baş verən hadisələrə nəzər yetirsək görərik ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən İlham Əliyevin atdığı addımlar xalqın Prezidentinə olan etimadını daha da artırıb. Xalq inanır ki, Azərbaycan İlham Əliyevlə daha möhtəşəm, qüdrətli dövlətə çevriləcək.

Elə aprelin 18-də keçirilən andiçmə mərasimində İlham Əliyev qazanılan uğurları dəyərləndirib, qarşıdakı hədəfləri açıqlayarkən vurğulamışdı ki, bütün bu uğurlar ancaq müstəqillik dövründə qazanılıb və xalq müstəqilliyin üstünlüyünün nədən ibarət olduğunu görür. Ona görə də müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük nemətdir. Azərbaycan bundan sonra da yeni-yeni uğurlara doğru müstəqillik və qələbələr yolu ilə gedəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video