25 May 2014 12:05
278
Səhiyyə
A- A+

«Dirijor» orqan

 

Hər il may ayının 25-i bütün ölkələrdə Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd olunur. Bu tarix təqvimə 2009-cu ildən qalxanabənzər vəzi və onun xəstəlikləri ilə bağlı olan sualları öyrənən Avropa Tiroid Assosiasiyasının təklifi ilə düşmüşdür. Həmin gün aparılan müzakirələrin əsas məqsədi bu endokrin orqanın xəstəlikləri haqqında insanları məlumatlandırmaq, müasir profilaktika və müalicə üsullarını təbliğ etməkdir.

Tibbi statistikaya görə, qalxanabənzər vəzinin müxtəlif xəstəlikləri Yer kürəsi əhalisinin üçdə bir hissəsində müşahidə olunur.

Bu, insan orqanizmində ən böyük daxili sekresiya vəzisi olub, qırtlaqdan aşağıda, nəfəs borusundan öndə yerləşir. İki paydan ibarət kəpənək formasında olan vəzidə iki cür yod tərkibli hormonlar  - triyodtironin (T3) və tiroksin (T4), bir peptid hormon - kalsitonin sintez olunur.

Qalxanabənzər vəzi (QV) orqanizmdə maddələr mübadiləsini, sabit bədən temperaturunu, yeni hüceyrələrin əmələ gəlməsini, köhnə hüceyrələrin məhvini tənzimləyən və hər bir orqanın işini nizamlayan, tənəffüs, ürəkdöyünmə, həzm, yuxu, hərəkət, düşünmə reaksiyalarının tezliyi, əzələ və piy kütləsinin nisbəti kimi həyati vacib funksiyaları idarə edən "dirijor" orqandır. Triyodtironini (T3) və tiroksini (T4) həm də cavanlıq, gözəllik hormonları adlandırırlar. Həyat boyu tireoid hormonlar orqanizmin əqli, psixi və fiziki inkişafına təsir göstərir. Erkən yaş dövrlərində hormonal defisit boyun inkişafdan geri qalmasına və kretinizmə (əqli zəifliyə) səbəb ola bilər.

Əsas rolu genetik amillər oynasa da, psixoemosional gərginliklər, balanslaşdırılmamış qidalanma (yod defisiti, mikroelementlərin və ya vitaminlərin çatışmazlığı), əlverişsiz ekoloji və radiasiyalı şərait, xroniki xəstəliklər, infeksiyalar və s. QV xəstəliklərinin inkişafına zəmin yaradan xarici stress faktorlarıdır.

Qalxanabənzər vəzi xəstəlikləri üç qrupda təsnif edilir:

I. Vəzinin funksiyasının artması, tireotoksikoz zamanı tireoid hormonların qanda yüksəlməsi orqanizmdə bütün metabolik proseslərin sürətlənməsinə gətirib çıxarır. Klassik əlamətlərə əsəbilik, bədən kütləsinin (iştahanın olmasına rəğmən) azalması, taxikardiya (ürək döyüntülərinin sayının artması), yuxunun pozulması, tərləmə, əllərin titrəməsi daxildir.

II. Vəzinin funksiyasının azalması - hipotireoz zamanı xəstəlik özünü yorğunluq, bədən kütləsinin artması, bradikardiya (ürək döyüntülərinin sayının azalması), üşütmə, qəbizlik, dərinin quruluğu, əllərdə və üzdə şişkinlik, yaddaşın pisləşməsi, saçların tökülməsi, depressiya kimi əlamətlərlə büruzə verir. Qan zərdabında QV hormonlarının azalması müşahidə olunur, TTH-nin miqdarı isə artır.

III. Qalxanabənzər vəzinin funksiyasında dəyişiklik baş vermir, yalnız quruluşunda morfoloji dəyişikliklər xarakterik olur (zobun, düyünlərin əmələ gəlməsi və s.).

Müasir müayinə metodları - ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası, termoqrafiya və ssintoqrafiya vasitəsilə QV-nin ölçüləri haqqında düzgün informasiya əldə etmək mümkündür. USM-in köməyi ilə həkim hər bir payın uzunluğu, eni və qalınlığını ölçüb xüsusi formulla orqanın həcmini hesablayaraq vəzinin ölçülərini mütləq dəqiqliklə təyin edir.

Əksər insanlar QV-də düyünlərdən xəbərdar olanda, ilk növbədə onlarda onkoloji xəstəliyin olması haqqında pessimist düşüncəyə qapılırlar. Qalxanabənzər vəzinin onkoloji xəstəliyindən isə əhalinin cəmi 0,004 faizi əziyyət çəkir. Bu və digər əlamətləri özündə müşahidə edən şəxslər təlaşlanmadan həkimə müraciət etməli, əhatəli müayinədən keçməlidirlər. Dəqiq diaqnoz qoyulduqdan sonra həkim-endokrinoloq tərəfindən fərdi dozada əvəzedici hormonal və kompleks müalicə təyin edilir. Müalicədən 1 ay sonra, həmçinin 2-3 ayda bir dəfə qanda hormonların səviyyəsinin yoxlanılması məsləhət görülür.

Qalxanabənzər vəzinin xəstəliklərindən qorunmanın vacib profilaktikası yodlaşdırılmış süfrə duzundan istifadə etməkdir. Təmiz havada piyada və velosipedlə gəzinti,  üzgüçülük, tennis və digər idman oyunları orqanizmə müsbət təsir edir. Sağlam həyat tərzi, balanslaşdırılmış normal qidalanma təkcə QV-nin deyil, ümumiyyətlə, sağlamlığın rəhnidir. 

 

Ülviyyə QƏNBƏRLİ

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video