06:48 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dirçəliş və yüksəliş salnaməsi

ANA SƏHİFƏ / SİYASƏT
00:54 05.08.2021

 

Prezident İlham Əliyev ən modern texnologiyalarla Qarabağı yenidən qurur - özü də daha möhtəşəm, daha əzəmətli

 

Azərbaycan postmüharibə dövründə keyfiyyətcə yeni strateji mərhələyə daxil olub. İkinci Qarabağ müharibəsində qazandığımız şanlı qələbədən sonra ölkəmizdə mahiyyət etibarilə tam yeni dövr başlayıb.

Dünya iqtisadiyyatına hələ də ciddi təsir etməkdə olan qlobal pandemiya ilə mübarizə tədbirləri iqtisadiyyatımıza təsirsiz ötüşməsə də, dövlətin qüdrəti imkan verir ki, həm işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri, həm pandemiyaya qarşı mübarizə tədbirləri, həm də qarşıdakı dövr üçün yeni mütərəqqi islahatları reallığa çevirmək mümkün olsun.

Artıq Qarabağ münaqişəsi tarixə qovuşub və qarşıya qoyulan birnömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə, Qarabağı yenidən cənnətməkana çevirməkdir.

 

Yeni strateji mərhələ

 

XXI əsrin innovativ müharibəsini apararaq torpaqlarımızı düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün yeni minilliyin texnologiyaları ilə Qarabağı yenidən qurur. Özü də daha möhtəşəm, daha əzəmətli. İlham Əliyevin “dəmir yumruq” əməliyyatı ilə işğaldan azad edilmiş torpaqlarımız hazırda dəmir iradə ilə müasir formada bərpa olunur.

Azərbaycan dövləti böyük tikinti-quruculuq işlərinin geniş miqyası ilə dünyaya göstərir ki, vandal ermənilərin 30 ildə darmadağın etdikləri Qarabağı qısa müddətdə yenidən dirçəltmək gücündədir. Özü də kimdənsə maliyyə dəstəyi almadan.

Hər zaman düşünülmüş addımlar atan, qətiyyətli qərarlar qəbul edən Prezident İlham Əliyev məhz bu dövr üçün qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən edib. İndi həyata keçirilən bütün proseslər bu hədəflərin uğurla reallaşmasına yönəlib.

Bütün bu işlər dövlət başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında da aydın şəkildə öz əksini tapıb. Belə ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılacaq beş milli prioritet müəyyənləşdirilib. Bu prioritetlər, əlbəttə ki, Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın gələcək yüksəlişinə hədəflənib.

Bu gün Qarabağda böyük tikinti bumu yaşanır. Tezliklə azad olunmuş ərazilərimiz “yaşıl enerji” zonasına çevriləcək. Çünki işğaldan azad edilmiş ərazilərdə yüksək texnologiyaların və “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının tətbiqi Azərbaycana dünyada misli görünməmiş dəyişikliklər həyata keçirməyə imkan verəcək.

Həmçinin tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanın bölgədəki rolunu daha da gücləndirəcək.

 

İlk baş plan - Ağdamda qoyulan təməl daşı

 

Ötən il tarixi zəfər yaşadıq və 30 illik Qarabağ həsrətimizə son qoyuldu. Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi, Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu savaş zamanı geri qaytarılan ərazilərimizlə yanaşı, heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam, Laçın və Kəlbəcərə də daxil oldu. 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandan ön cəbhədə əldə olunan qələbəni diplomatik masada da rəsmiləşdirdi.

Noyabrın 20-də Ağdamın azad edilməsindən cəmi 3 gün sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərinə səfər etmələri  ictimaiyyət və ağdamlılar tərəfindən yüksək sevinc və coşqu ilə qarşılandı. Bu dəfə Müzəffər Ali Baş Komandan Ağdama Qalib Sərkərdə kimi gəlmişdi və xalqa müraciətində də bəyan etdi ki, Ağdam rayonu tezliklə əvvəlki şöhrətini yenidən özünə qaytaracaq, Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

Bu səfərin səhəri günü, noyabrın 24-də Prezident işğaldan azad edilmiş ərazilərdə başlanacaq tikinti-quruculuq işləri və “Böyük Qayıdış” konsepsiyasına əsasən, həyata keçiriləcək işlərin tərkib hissəsi olaraq 2 sərəncam imzaladı. İlk sərəncama əsasən, noyabrın 10-da imzalanan Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə işğaldan azad edilmiş ərazilərimizdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradıldı.

İkinci sənədə əsasən, ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq beş milyon manat vəsait ayrıldı. Bu, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək ilk layihələrdən biri oldu.

Onu da xatırladaq ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva müharibədən öncə də hər zaman Ağdamın sosial-iqtisadi inkişafını diqqətdə saxlayıblar. Prezidentin göstəriş və tapşırıqlarına əsasən, rayonun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülüb, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, digər mühüm layihələr həyata keçirilib.

Prezidentin 24 noyabr tarixli sərəncamı bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədi ilə imzalanıb.

Elə Prezidentin işğaldan azad edilmiş ərazilərlə bağlı təsdiqlədiyi ilk Baş plan da Ağdam şəhəri ilə bağlı oldu. Mayın 28-də - Respublika Günündə Ağdamda tarixi hadisə baş verdi. 27 ildən sonra düşmən tapdağından qurtulmuş qədim Ağdam şəhərinin yerində yeni, möhtəşəm şəhərin təməlqoyma mərasimi keçirildi. Bu təməl daşı, əslində, Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan yeni bir qat, yeni bir mərhələnin başlanğıcı idi. Bərpa gününün, təməlqoyma mərasiminin 28 May - Respublika Günü keçirilməsi təsadüfi deyildi, tarixi qələbəmizin müstəqilliyimizlə bağlılığının təcəssümü idi.

 

Qarabağa, Şərqi Zəngəzura aparan yollar, böyük tikinti bumu...

 

Düşməndən təmizlənmiş yurd yerlərimizə ilk növbədə abad yollar çəkilməyə başlandı. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə inşa olunan mühüm yol infrastrukturlarına nəzər yetirək: “Zəfər” yolu, Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu, Zəngilan-Qubadlı-Laçın yolu, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları, Bərdə-Ağdam yolu. Həmçinin Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı istiqamətindən və Kəlbəcər, Laçın rayonlarının ərazilərindən hərbi əhəmiyyətli yollar çəkilir.

İyulun 28-də Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayaraq 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən 10 milyon manat ayırıb.

Füzuli, Zəngilan və Laçında beynəlxalq aeroportlar inşa edilir. Füzulinin, Cəbrayılın Baş planlarının ilkin versiyası Prezidentə təqdim edilib. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin Baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin Baş planının hazırlanması prosesinə artıq başlanılıb. Qısa müddətdə Qarabağda müasir şəhərsalmanın ən son nailiyyətlərini özündə birləşdirən şəhərlər, qəsəbələr, kəndlər salınacaq.

Hazırda tikinti prosesi sürətlə davam edən Ağdam şəhərinin Baş planına əsasən, şəhər iki dəfə böyüdüləcək. Şəhərin əhalisinin 100 min nəfər olması nəzərdə tutulur. Bu da Ağdama Qarabağın ən böyük, Azərbaycanın isə 6-cı böyük şəhəri statusunu qazandıracaq.

Prezident İlham Əliyevin söylədiyi kimi, bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Günəş elektrik stansiyası, yeni ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları tikiləcək.

Prezident İlham Əliyevin Qarabağda reallaşdırdığı smart layihələr 4-cü sənaye inqilabının tərkib hissəsi sayılır.

Onu da vurğulayaq ki, Azərbaycan bütün bu işləri heç kimdən yardım almadan, öz hesabına həyata keçirir. Xarici şirkətlər bu işlərə cəlb edilib, amma podratçı qismində. Bütün vəsait Azərbaycanın dövlət büdcəsindən xərclənir.

 

Zəngəzur dəhlizi mütləq açılmalıdır

 

Yaşadığımız postmüharibə dövründə kifayət qədər çağırışlar mövcuddur. Azərbaycan regionda postmüharibə dövrünün gündəliyinin böyük qismini müəyyən edib. Prezident İlham Əliyevin hücum siyasəti, vaxtında atılmış addımlar sayəsində ölkəmiz müharibədən sonrakı vəziyyətə də tam nəzarət edir və bütün işlər uğurla aparılır. Bununla yanaşı, Ermənistanın özündə belə siyasi gündəliyin müəyyən hissəsi məhz Azərbaycan tərəfindən formalaşdırılır. Bu gün nəinki regionda, hətta artıq dünya miqyasında ən çox danışılan mövzulardan biri də Zəngəzur dəhlizinin açılması məsələsidir.

Prezident İlham Əliyev konkret olaraq bəyan edib ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır.

Əlbəttə ki, bu dəhlizin açılması Ermənistan da daxil olmaqla bölgənin inkişafına, region xalqlarının maraqlarına xidmət edəcək. Həmçinin yeni regional əməkdaşlıq formatı üçün əlverişli zəmin yaradacaq. Ona görə də bu dəhlizin və digər kommunikasiyaların açılması Ermənistandakı hazırkı ağır və acınacaqlı vəziyyətdən yeganə çıxış yoludur. Təəssüf ki, Ermənistan rəhbərliyi və bəzi qüvvələr hələ də bunu dərk etmək istəmirlər.

Təbii ki, müharibədən sonra sülh danışıqlarının başlanması, kommunikasiyaların açılması gözlənilən idi. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə buna hazır olduğunu bəyan etmişdi. Lakin hələ də yeni reallıqlarla barışmaqda çətinlik çəkən Ermənistan müxtəlif bəhanələrlə bu prosesdən yayınır. Ancaq yaxşı anlayır ki, tarixi zərurətə çevrilən bu yeni reallığı və onun şərtlərini qəbul etmədən uzun illər ərzində düşdüyü bataqlıqdan heç vaxt çıxa bilməyəcək.

Zəngəzur dəhlizinin açılması, əlbəttə ki, tarixi zərurətdir. Yəni bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla İrana, Rusiyaya və bütün dünyaya çıxa, beləliklə, özləri özlərini saldıqları blokadadan xilas edə biləcəklər.

Görünən odur ki, Qarabağın iqtisadi imkanlarından əldə ediləcək dividendlər ölkənin qüdrətinin daha da yüksəlişi üçün real zəmin yaradacaq. Yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması isə ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli təkan verəcək.

Hər birimiz tarixi günlər yaşadıq və yaşamaqdayıq. Prezidentin söylədiyi kimi, çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Tezliklə Qarabağ yenidən cənnətməkana çeviriləndə daha əzəmətli, qüdrətli Azərbaycan vətəndaşları kimi qürur hissi keçirəcəyik və bu günləri bizə yaşadan Prezidentimizə alqış edəcəyik. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyevin adı isə tariximizə müdrik lider, böyük strateq, qalib sərkərdə kimi qızıl hərflərlə yazılacaq. Çünki tarix göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində xalqın maraqlarını ən ali məqsəd kimi görən, bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi qətiyyətli liderdir.

 

Vasif HƏSƏNOV,

YAP Ağdam Rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM