10:40 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dilçilik elminin zirvəsində olan alim
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 02.02.2012

 

Ötən əsrdə Azərbaycan dilçilik elminin M.Şirəliyev, M.Hüseynzadə, Ə.Dəmirçizadə, Ə.Abdullayev, Ə.Orucov, N.Məmmədov kimi sanballı tədqiqatçıları olub. Müasir dilçilik elmimizin əsasını məhz adlarını böyük iftixar və ehtiramla çəkdiyimiz bu unudulmaz alimlər qoyubdur. Sevindiricidir ki, belə fədakar və cəfakeş şəxsiyyətlərin min bir əzabla saldığı yolu vaxtilə onlardan dərs alan insanlar həmin ahənglə davam etdirirlər. Hərtərəfli tədqiqatları, elmi araşdırmaları, sanballı əsərləri, mükəmməl düşüncələri ilə dilçiliyin bütün sahələrində özünəməxsus xidmət göstərən Ağamusa Axundov Azərbaycan sintakmatik fonetika sahəsinin yaradıcısıdır.

AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Ağamusa Axundov təkcə respublikamızda deyil, bütün türk dünyasında istedadlı alim, yorulmaz tədqiqatçı, türkoloq kimi şöhrət qazanıb. Azərbaycan fonologiyası məktəbinin banisi Ağamusa Axundov bütün ömrünü dilçilik elmimizin inkişafına bağlayıb. Həm bir insan, həm də bir alim kimi əsl ləyaqət sahibi olan Ağamusa Axundovun 80 yaşı tamamlanır.

Dilçilik elminin zirvəsində öz halal yerinin şərafətini yaşayan Ağamusa Axundov indi ömrünün 80-ci aşırımında dayanaraq bütün olanları nikbinliklə xatırlayır. Kitab kimi vərəqlənən illərin hər birindən müxtəlif uğurlar, yuxusuz gecələr, tələbələrinin, ardıcıllarının, qolundan tutduqlarının minnətdarlıq dolu baxışları, beynəlxalq elmi simpoziumlar, müzakirələr, saysız-hesabsız elmi şuralar, müdafiələr, daha nələr, nələr boylanır... İstər-istəməz tələbəlik illərimiz yada düşür. Azərbaycan dili fənnindən bizə mühazirə oxuyan müəllimənin işi-peşəsi eləcə lirik şeirlər söyləmək idi. Çox vaxt mühazirənin əsas mövzusu yaddan çıxırdı. Belə günlərdə Ağamusa müəllimdən xəbərsiz və icazəsiz onun mühazirəsini dinləmək həvəsində olanlar çox idi. İndi o günlərdən illər keçib. Bizə dərs deyən müəllimlərin bəziləri unudulub. Çoxunun da sadəcə adı yadımızda qalıb. Unutmadıqlarımız da var, amma Ağamusa Axundov hər birimizin qəlbində yaşayan və sevilən müəllimlərdəndir. Bizə dərs deyib-deməməsindən asılı olmayaraq ləyaqəti, elmi biliyi ilə ürəyimizdə möhtəşəm yer tutub. Auditoriyanın nəbzini tutmaqda əvəzi yox idi. O, adicə mühazirə oxumurdu, hər kəlməsi, hər sözü adamın iliyinə, qanına hopurdu, uzun müddət təsirindən çıxa bilmirdin.

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmirdə anadan olub. Anası Bilqeys xanımın şirin laylaları, atası Ağası kişinin öyüdləri ömrü boyu hafizəsindən çəkilməyib. Ötən əsrin 50-ci illərindən Kürdəmirdən Bakıya gələn yeniyetmə əslində, mühəndis olmaq istəyirdi, amma zərurətdən doğan bir təsadüf onu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə gətirib. Təhsilini Nizami təqaüdü ilə başa vuran Ağamusa Axundov o günləri belə xatırlayır: "Bizim nəsildən olanların bəxti gətirmişdi. Təhsil illərimiz filologiya fakültəsinin qızıl dövrünə düşdü. Ədəbiyyatdan bizə kimlər dərs deyirdi? Əli Sultanlı, Mikayıl Rəfili, Həmid Araslı, Feyzulla Qasımzadə, Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Cəfər Xəndan, Mir Cəlal, Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə... Azərbaycan dilindən dərs deyənlər: Muxtar Hüseynzadə, Əkrəm Cəfər, Məmmədağa Şirəliyev, Hadi Mirzəzadə və qeyriləri. Filologiyamızın nəhəngləri bu kafedralarda cəmləşmişdilər və özlərinin yaratdıqları elmdən, fəndən dərs deyirdilər. Sevmədiyimiz bir nəfər də olsun müəllimimiz yox idi. Ancaq daha çox sevidyimiz, səcdə etdiyimiz də var idi, elə-belə xoşumuza gələnlər də".

O, 1958-ci ildə aspiranturanı vaxtından əvvəl bitirərək namizədlik dissertasiyasını müdafiə edəndə 26, elmlər doktoru olanda isə 32 yaşı var idi. ADU-nun Ümumi dilçilik kafedrasında müəllimliyə başlayan Ağamusa Axundov bir tərəfdən işlədiyi universitetdə qəbul imtahanları götürürdü, o biri tərəfdən də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Qərbi Avropa dilləri fakültəsinə özü qəbul imtahanı verirdi. Məqsədi ingilis dilini mükəmməl öyrənmək idi. Əlbəttə, sovet dövründə iki ali təhsil almaq o qədər də asan deyildi. Qabiliyyəti və elmi hünəri  nəticəsində Ağamusa Axundov bunu da bacardı.

Filologiya elmləri doktoru, professor Nizami Cəfərov Ağamusa müəllimin tələbəsi olub. O, öz müəllimi haqqında belə yazırdı: "Professor Ağamusa Axundov dilçi ömrünün müdhiş ağrılarına dözmüş tədqiqatçılardandır. Onun elmi-nəzəri irsi kitablardan kitaba köçürülmüş gərəksiz söz yığnağı deyil, idrak dənizindən təmkinlə yığılmış mirvarilərdir. Görkəmli türkoloqun əsərləri müasir Azərbaycan dilçiliyinin, demək olar ki, bütün sahələrini ehtiva edir: ümumi dilçilik problemləri, fonetika, leksika, qrammatika, dil tarixi, üslubiyyat və s. O, fundamental araşdırmalar müəllimi kimi tanınır. Ağamusa müəllimin tədqiqatlarında türkologiyanın ən aktual problemləri yüksək nəzəri səviyyədə şərh edilir. Təsadüfi deyil ki, "Azərbaycan dilinin fonemlər sistemi" bu gün dünya türkoloqlarının stolüstü kitabıdır".

2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən Ağamusa Axundov 2007-ci ildən həqiqi üzvüdür. O, Azərbaycan dilinin qrammatikası, tarixi fonetika, etimologiya, üslubiyyat, bədii dil, nitq mədəniyyəti, riyazi dilçilik və s. sahələrə dair əsərlərin, ali və orta məktəb dərsliklərinin müəllifidir. Ağamusa Axundovun əsərlərində Azərbaycan dilinin fonetik sisteminin elmi təhlili verilmiş, türk dillərində sıra kateqoriyasının mövcudluğu əsaslandırılmış, şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığı sübut edilmişdir. Türk dillərinin məntiqi tipinin yaradılması ideyası da Ağamusa Axundova məxsusdur. O, 10-a yaxın monoqrafiyanın, 12-dən artıq dərslik və dərs vəsaitinin, 500-ə yaxın çap edilən elmi əsərin müəllifidir. Dilçilik üzrə yüksək kadrların yetişməsində əvəzsiz xidmətləri var. Onun rəhbərliyi altında doktorluq və namizədlik dissertasiyası müdafiə olunmaqdadır. Bununla yanaşı, görkəmli Azərbaycan alimi Moskvada, Sankt-Peterburqda, Daşkənddə, Tbilisidə, Aşqabadda 100-dən artıq dissertasiya işinin müdafiəsində rəsmi opponent kimi iştirak edib.

Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun 20 ildən artıq direktoru olmuş Ağamusa Axundov elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında göstərdiyi xidmətə görə həmin il "Əməkdar elmi xadimi" fəxri adına layiq görüldü. Müxtəlif ictimai vəzifələrdə fəal çalışan Ağamusa müəllim keçmiş SSRİ-nin bir sıra respublikalarında, eləcə də dünya ölkələrində keçirilən beynəlxalq konqres və simpoziumlarda dəfələrlə elmi məruzələrlə çıxış edibdir. Beynəlxalq dostluq sahəsindəki xidmətlərinə görə o, 1987-ci ildə ABŞ-da yerləşən "Dostluq qüvvələri" təşkilatının fəxri fərmanı ilə təltif edilib. Onun dilçilik sahəsindəki böyük xidmətləri, elmi, təşkilati və pedaqoji fəaliyyəti dəfələrlə orden və medallara layiq görülüb. 2000-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilmişdir. Ağamusa Axundov hələ keçmiş SSRİ məkanında ən nüfuzlu dilçi alim kimi tanınmışdır. Onun əsərləri haqqında beynəlxalq elmi-nəzəri jurnallarda qiymətli fikirlər söylənilmişdir.

Bu gün hər birimiz böyük qürur və fərəh hissi keçiririk ki, ehtiramla adını çəkdiyimiz müəllimimiz Ağamusa Axundov dünya miqyasında tanınan alimlərdən biridir. O, Türk Dil Qurumunun fəxri üzvü, Dünya Türkoloqları Assosiasiyası Rəyasət Heyətinin, Almaniya EA-nın elmi-nəzəri jurnalının redaksiya heyətinin üzvü (1980-ci ildən həmin jurnalın beynəlxalq məsləhətəçisi), ABŞ-ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Ruy şəhərinin bələdiyyə şurasının fəxri üzvüdür. 2006-cı ildə Ümumdünya Sülh və Ümumdünya Dinlərarası və Millətlərarası Sülh Federasiyaları tərəfindən sülh səfiri adına layiq görülüb. ABŞ-ın "Friend Fors" təşkilatının Türk Dil Qurumunun fəxri fərmanları, 2004-cü ildə isə UNESCO-nun sertifikatı ilə təltif olunub. Ağamusa Axundov həm də UNESCO-da nəşr olunan "Dünya dilləri" kitabının hazırlanmasında fəal iştirak edib.

Onun bioqrafiyası həqiqətən, çox zəngindir. İstər elmi, istərsə də pedaqoji fəaliyyəti ilə də maraqlananda tanış olduğumuz faktlar, rəqəmlər bizi heyrətə gətirməyə bilmir. Azərbaycanlı alim ötən əsrin 60-cı illərində Qahirənin Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından ingilis dilində mühazirələr oxuyub. Azərbaycan dilinin və ədəbiyyatının xarici ölkələrdə təbliği sahəsində işlərin başlanğıcını qoymaq məhz Ağamusa Axundova nəsib olub. Vaxtilə Ağamusa müəllimin tələbəsi olan Məsud Mahmudov öz ustadı haqqında belə yazır: "Ağamusa Axundov Azərbaycan dilində ilk dəfə saitlərin işlənmə tezliyinə görə sırasını müəyyənləşdirmişdir". Alimin elmi tədqiqatlarında "ilk dəfə" sözü çox işlənir. Yəni, Ağamusa Axundov dilçiliyin bir çox sahələrində ilkinliyin müəllifidir. Məhz o, ilk dəfə olaraq dilçilik təlimləri ilə bağlı təhlil üsulları apararaq dünya alimlərini düşündürən dilçilik məktəbində geniş yayılmış distributiv təhlilin mahiyyətini açmışdır. Onun bəzi riyazi anlayışları Azərbaycan dialektlərinin öyrənilməsinə yönəlməsi dünya alimlərinin diqqətini çəkmişdir. Həqiqətən də, Ağamusa Axundov hərtərəfli tədqiqatçıdır. O, dilçiliyin demək olar ki, bütün sahələrində mükəmməl elmi araşdırmalar apararaq dünya dilçilik məktəbinə aşağıdakı kitabları ərməğan etdi: "Azərbaycan dilinin tarixi fonetikası", "Azərbaycan dilinin tarixi etimoloji lüğəti", "Dil və üslub", "Dilin estetikası", "Dil və mədəniyyət", "Şeir sənəti və dil", "Azərbaycan dilinin izahlı lüğəti" və s.

Azərbaycan dilçilik elminin ağsaqqalı professor Muxtar Hüseynzadə vaxtilə öz tələbəsi haqqında böyük ürəklə bu fikirləri dilə gətirmişdi: "Çoxları çalışdı ki, Ağamusa ədəbiyyatşünas olsun, gəl ki heç nə çıxmadı... Sağ olsun, görünür, mənim sözümü eşidib dilçiliyi seçdi. Özü də elə belə yox, elminə güvəniləsi dilçi oldu. Onun kimi hələ aramızda yoxdur".

Ağamusa Axundov tərcümeyi-halında yazır ki, IV sinifdə oxuyanda "Azərbaycan pioneri" qəzetində "Məktəbimiz yaşıllaşır" adlı ilk yazım dərc edildi. 1947-ci ildə isə Zaqafqaziya dairəsi dəmir yolu məktəblərinin olimpiadasında "Gözəl Bakı" adlı şeirə görə fəxri fərman aldım. Bu ilk mükafat sənədimi indi də saxlayıram". Ağamusa müəllim hələ orta məktəb illərində əlinə qələm alaraq ona təsir edən hadisələrdən yazardı. Həmkarları söyləyirlər ki, gənclik illərində gözəl hekayələri də diqqət çəkirdi. Bəzilərinə elə gəlirdi ki, Ağamusa ya şair, ya da yazıçı olacaq. Amma sonrakı fəaliyyəti bütünlüklə dilçiliyin və ədəbiyyatşünaslığın müxtəlif sahələrinə həsr edildiyindən o, Azərbaycanın çox görkəmli, dünya şöhrətli aliminə çevrildi. Unudulmaz tənqidçimiz Qulu Xəlilov yazırdı ki, bütün bunlarla deyil, ancaq yazıçılıqla məşğul olsaydı, Ağamusa Axundov bu sahədə də öncül sırada gedərdi. Çünki Tanrı ona elə bir istedad bəxş etmişdi ki, onu hansı tərəfə yönəltsəydi, böyük uğur qazanardı.

Deyirlər ki, alim olmaq asandır, insanlıq çətindir. Nə xoş ki haqqında böyük qürur və fərəhlə söz açdığımız Ağamusa Axundov, sözün həqiqi mənasında, həm insanlığın, həm də alimliyin zirvəsində dayanan ləyaqət sahibidir. Bu gün çox qürurla ağızdolusu danışırıq ki, Ağamusa Axundov bizim müəllimimiz olub. Dil hər bir insanın varlığıdır. Ona sevgi ana laylasından doğulur. Amma gəlin etiraf edək ki, ana dilinin müxtəlif sahələrinə olan maraq, diqqət Ağamusa Axundov kimi müəllimlərin təsirli mühazirəsindən, tələbindən, öyrətmək qabiliyyətindən çox asılıdır. Özü bu barədə belə deyir: "Azərbaycan dili mənim taleyimdir. Siz onu doğma dilimiz kimi sevirsizsə, o, həm də mənim sənətimdir, yuxusuz gecələrimdir, axtarışlarımdır". Bax, bu yuxusuz gecələrin, axtarışların ünvanı mütləq zirvədir. Bu möhtəşəm zirvədəki 80 yaşınız mübarək olsun, əziz müəllimimiz! Bu, hər kəsə nəsib olan səadət deyil ki, ömrü boyu pedaqoji fəaliyyətini davam etdirsin. Biz hələ də çətinə düşəndə, bir sözün dəqiq yazılışını, mənasını bilmək istəyəndə müəllifi olduğumuz "Azərbaycan dilinin izahlı lüğəti"nə üz tuturuq.

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM