11 Fevral 2020 01:25
2523
SİYASƏT
A- A+

Demokratiyanın növbəti təntənəsi


Azərbaycan Milli Məclisinə fevralın 9-da keçirilən seçkilər respublikamızın demokratik inkişafının növbəti təntənəsi oldu. O cümlədən parlament seçkilərinin əsas nəticəsi və ortaya qoyduğu başlıca reallıq Prezident İlham Əliyevin liderliyinin, rəhbərliyi altında keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq etdi.


Mütərəqqi qanunvericilik


Bu, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda keçirilən sayca altıncı parlament seçkiləri idi. Seçkinin dekabr ayından təşviqat mərhələsi Seçki Məcəlləsinin tələblərinə uyğun keçdi. Səsvermə isə 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində keçirildi. Seçici hüququna malik vətəndaşlar altıncı çağırış Milli Məclisdə deputat görmək istədikləri və layiq bildikləri namizədlərə səs verdilər.

Demokratik ölkələrin seçki təcrübəsi göstərir ki, hər bir seçkinin uğurunu təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki qanunvericiliyinin də olması vacibdir. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib. Əsas Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda seçkilərin hüquqi bazası formalaşdırılıb. Konstitusiyanın

4-cü maddəsinə görə, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.

Azərbaycanın Seçki Məcəlləsi də demokratik standartlara uyğun tərtib olunmaqla, seçkilər sahəsində bütün şəffaflıq və qanunçuluq prinsiplərini özündə əks etdirir. Qüvvəyə mindikdən sonra məcəlləyə bir sıra dəyişikliklər də edilib ki, bütün bunlar ümumilikdə seçki institutlarının daha səmərəli fəaliyyət göstərməsinə, seçki prosesi ilə bağlı şikayətlərin daha çevik, operativ araşdırılmasına, seçici siyahılarının dəqiqləşdirilməsinə, seçkiləri müşahidə prosesinin asanlaşdırılmasına, namizədlərin təbliğat-təşviqat, vətəndaşların seçki hüququnun realizəsi imkanlarını yaxşılaşdırmağa, bir sözlə, seçkilərin daha şəffaf, demokratik şəraitdə keçirilməsinə xidmət edib.

Bütövlükdə respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilib. Əlbəttə, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır. Ölkəmizdə keçirilmiş hər bir seçkinin demokratik cəmiyyətlərdə qəbul olunmuş standartlara və seçki qanunvericiliyinə uyğun olduğunu beynəlxalq təşkilatların seçkilərə dair verdikləri rəylərin müqayisəli təhlili də göstərir.


Azad, ədalətli və şəffaf seçki


Son parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün yüksək əzmkarlığın ortaya qoyulması bu mühüm siyasi kampaniyanın bütün mərhələlərində hiss olunurdu. Belə ki, seçkiöncəsi bütün namizədlərə qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan əlavə olaraq seçicilərə öz platformaları barədə məlumat vermək üçün daha geniş şərait yaradılmış, onlara öz seçiciləri ilə görüşmək və fikirlərini çatdırmaq üçün xüsusi yerlər ayrılmışdı. Bunun nəticəsidir ki, təşviqat prosesində hər hansı ciddi problem qeydə alınmamışdı.

Seçki kampaniyasının əsas mərhələsi səsvermədir. Fevralın 9-da keçirilən səsvermənin şəffaf keçirilməsi, seçicilərin öz iradələrini azad ifadə edə bilmələri bu seçkidə də müvəffəqiyyətlə təmin edildi və onlar 1314 namizəd arasından layiq bildiklərinə səs verdilər.

Azərbaycanda seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçirilməsini təmin etmək üçün hələ uzun illər əvvəldən mühüm addımlar atılıb. Bunlardan biri seçki məntəqələrinə veb-kameraların quraşdırılması və seçki günü səsvermənin gedişinin internetdən birbaşa izlənilməsidir. Altıncı çağırış Milli Məclisə seçkilərlə əlaqədar seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmışdı.

Eyni zamanda bu seçkilərdə də "exit-poll”un keçirilməsi üçün şərait yaradılmışdı. "Exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınmışdı ki, onların da ikisi öz fəaliyyətlərini xarici partnyorları ilə birgə qurmuşdu.

Belə ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc.” təşkilatı ilə, "İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondu Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, həmçinin "Rəy” Monitorinq Mərkəzi "exit poll” keçirdilər. Hər bir təşkilatın keçirdiyi sorğunun nəticəsi MSK-nın nəticələri ilə üst-üstə düşdü.

Seçkiləri 78 minə yaxın yerli, o cümlədən 883 nəfər xarici müşahidəçi izlədi. Xarici müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirdilər. Parlament seçkilərini işıqlandırmaq üçün kütləvi informasiya vasitələri üçün də hər cür şərait yaradılmışdı. Hər bir mətbuat işçisi seçkiləri işıqlandırmaq imkanına malik idi. O cümlədən 132 xarici kütləvi informasiya vasitəsinin 199 nəfər təmsilçisi seçkini işıqlandımaq üçün akkreditasiyadan keçmişdi.

Beynəlxalq və yerli müşahidəçilər də seçkidən sonra verdikləri açıqlamalarda seçkiqabağı dövrdə heç bir pozuntunun olmadığını, bütün namizədlər, siyasi partiyalar üçün lazımi şəraitin yaradıldığını bəyan etdilər. Seçkini izləmək üçün ölkəmizdə akkreditə olunan xarici kütləvi-informasiya vasitələri də parlament seçkilərinə geniş yer ayırmaqla onun demokratik və şəffaf keçirildiyini bütün dünyaya yaydılar.

Beləliklə, son parlament seçkilərinin nəticələri bütün xarici müşahidə missiyaları, xarici KİV tərəfindən yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin olduqca ədalətli və şəffaf keçirildiyi, ölkəmizin demokratik dəyərlər yolu ilə inkişaf etdiyi birmənalı şəkildə öz əksini tapdı. Bütövlükdə, bu seçkilər demokratik mühitdə, azad və şəffaf keçirildi, xalqın iradəsini ifadə etmək kimi fundamental vəzifə yerinə yetirildi, vətəndaşlar öz iradələrini növbəti dəfə ifadə etdilər.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video