12 Yanvar 2012 12:01
339
SİYASƏT
A- A+

Demokratiya yolunda

 

Qazaxıstanı ikipartiyalı parlament gözləyir

 

Qazaxıstanda parlamentin buraxılması barədə söz-söhbət hələ ötən ilin yazında, növbədənkənar prezident seçkilərindən dərhal sonra başlamışdı. Məclisin - parlamentin aşağı palatasının 107 deputatından 53-nün müraciəti noyabrın 10-da səslənmişdi. Məclis üzvləri bu qərarı yaxınlaşan maliyyə-iqtisadi böhranla - miqyası məlum olmayan və Qazaxıstan iqtisadiyyatını da vura biləcək böhranla izah edirdilər. Parlamentin aşağı palatasında bütün yerləri tutan prezidentpərəst "Nur Otan" partiyasının hakimiyyət üzərində inhisarının tez-tez tənqid edilməsi də öz işini gördü. Hər halda, növbədənkənar seçkilərin vaxtı artıq məlumdur - 15 yanvar 2012-ci il.

Fəal surətdə inkişaf edən müasir dövlət imicinin formalaşdırılması son illər Qazaxıstanın diplomatik brendlərindən biri olmuşdur. Amma respublikada azad seçkilərin keçirilməsi sahəsində vəziyyət sosial-iqtisadi sahədə uğurlara həmişə mane olur. 

Qazaxıstanın özündə də siyasi dəyişikliklərin zəruri olduğunu dərk edirlər. Respublika Prezidenti Nursultan Nazarbayev deyir: "Parlamentin yeniləşdirilməsi ölkədə gedən genişmiqyaslı modernləşdirmə üçün lazımdır. Bundan başqa, növbəti böhran baş versə, onun elektoral kampaniya ilə üst-üstə düşməsi ölkə rəhbərliyinin, hökumətin və bölgələrin bu sahədə işini mürəkkəbləşdirər... Cəmiyyət çoxpartiyalı parlamentə ehtiyac duyur". Prezident əlavə etmişdir ki, Qazaxıstan siyasətinin demokratik inkişaf vektoru ardıcıl olaraq reallaşdırılmalıdır. İqtidarın fikrincə, belə bir addım Qazaxıstanın Qərbdə imicinin yaxşılaşdırılmasına imkan verər.

Konstitusiyaya edilmiş son dəyişikliklərə görə, parlamentin aşağı palatasında ən azı iki siyasi partiya təmsil olunmalıdır. Bunun üçün respublikanın siyasi sistemində islahat keçirilmiş, o cümlədən deputatların partiya siyahıları ilə seçilməsi qaydası tətbiq edilmişdir. Məclis buraxılmazdan əvvəl orada bütün seçkili yerləri Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyasının nümayəndələri tuturdular. 2007-ci ildə keçirilmiş son parlament seçkilərində iştirak etmiş qalan partiyalar isə parlamentə düşmək üçün zəruri olan 7 faizlik baryeri keçə bilməmişdi. Bu yaxınlarda qəbul olunmuş düzəlişləri nəzərə almaqla yeni çağırış parlamentdə minimum iki partiyanın yer almasına zəmanət verilir - hətta partiyalardan biri zəruri olan 7 faiz səs toplamasa belə. Qazaxıstan hakimiyyət orqanlarının fikrincə, qanunvericiliyə bu cür düzəlişlərin edilməsi beynəlxalq ekspertlərin Qazaxıstanda keçirilən seçkilərin qeyri-demokratikliyi barədə təsəvvürünü dəyişdirməyə imkan verəcək.

Hakim "Nur Otan" partiyasının nümayəndələrinin yeni Məclisdə yerlərin əksəriyyətini tutacağı heç kimdə şübhə doğurmur. Nursultan Nazarbayev partiyanın XIV qurultayında çıxış edərkən demişdir: "Əminəm ki, bu seçkilərdə iştirak edəcək bütün siyasi partiyalar xalq qarşısında, ölkə qarşısında, dünya tarixində mürəkkəb dövr qarşısında, böhranlar qarşısında yüksək məsuliyyəti rəhbər tutacaq, cəmiyyətimizdə sabitliyi, sakitliyi qoruyub saxlamaq üçün həmrəylik nümayiş etdirəcək, siyasi mübarizədə konkret və nəzakətli olacaqlar. Prezident kimi həm yeni parlamentdə təmsil olunan, həm də ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələrlə işləyəcəyəm". O həmçinin qeyd etmişdir ki, respublikada lider partiya kimi "Nur Otan" ölkənin gələcəyinə, cəmiyyətin sabitliyinə və qarşıdakı onilliklərdə siyasi xəttin varisliyinə görə məsuliyyəti öz üzərinə götürür: "Seçkiqabağı mübarizədə ümumi vəzifəmiz partiyamızın məqsədlərinin dərin mənasını hər bir seçiciyə, hər bir qazaxıstanlıya çatdırmaqdır... Qazaxıstanlıların partiyamıza - "Nur Otan"a ümumxalq dəstəyi verəcəyinə əminəm".

"Qazaxıstanın partiya sisteminin formalaşması" kitabının müəllifi Riko Ayzeks müsahibələrinin birində qeyd etmişdir ki, "Qazaxıstan rəhbərliyi ikipartiyalı sistem bərqərar etməyi arzulayır - söhbət həmişə məhz bu barədə gedir, lakin bu halda loyal müxalifət ola biləcək partiya axtarıb tapmaq zərurəti ortaya çıxır".

Bununla bərabər, hakim "Nur Otan" partiyasının hökmranlığının əsas amillərindən biri müxalifətin dağınıq olmasıdır.

Bir çox analitiklərin fikrincə, yeni Məclisdə təmsilçilik qazanacaq ikinci partiya kiçik və orta biznesin maraqlarını müdafiə edən "Ak jol" olacaq. Gözlənildiyinə görə, seçkiqabağı mübarizədə "Azat" ümummilli sosial-demokrat partiyası və "Tabiqat" partiyası da iştirak edəcək. Fəaliyyəti bu ilin aprelinədək dayandırılmış Qazaxıstan Kommunist Partiyası növbədənkənar seçkilərə qatıla bilməyəcək.

ATƏT-in milli azlıqların işləri üzrə ali komissarı Knut Vollebekin dediyinə görə, "...seçkilər gələcəkdə baş verə biləcək böhranın hansısa səbəbi deyil, Qazaxıstan Respublikasında seçimin olması və seçkilərin keçirilməsinin mümkünlüyü sağlamlıq əlamətidir". Qazaxıstanın siyasi sistemində baş verən dəyişikliklərə ATƏT tərəfindən belə bir yüksək qiymət verilməsi beynəlxalq ekspertlərin respublikada aparılan islahatlara etibar etdiyini göstərir. Knut Vollebek ümidvar olduğunu bildirmişdir ki, seçkilərdən sonra qanunvericilik hakimiyyətinə gələnlərlə öz istiqamətimizdə uğurla işləyə, həmçinin Qazaxıstan hökuməti ilə işi davam etdirə biləcəyik.

Aydındır ki, parlamentin aşağı palatasına növbədənkənar seçkilərin nəticəsi necə olursa-olsun, Qazaxıstan Qərbdə təqdir ediləcək. Özünün xüsusi inkişaf yolunu seçmiş ölkə demokratiya yolunda yavaş, amma inamla irəliləyir. Demək olmaz ki, birpartiyalı parlament xalq arasında etibarını tamamilə itirmişdir. Bununla belə, siyasi sistemdə əhəmiyyətli dəyişikliklər bu gün siyasi təmsilçilikdən məhrum olmuş ayrı-ayrı təbəqələrin narazılığını azaltmağa imkan verəcək.

 

Vahid SÜLEYMANOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video