08 Oktyabr 2021 00:31
883
İQTİSADİYYAT
A- A+

“Dəmir yumruq” qələbənin, “dəmir iradə” dirçəlişin rəmzidir

 

Xəbər verildiyi kimi, bu günlər Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoymuşdur.

Cəbrayıl rayonunda yaradılacaq sənaye parkının 200 hektarlıq ərazisində kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonaları  fəaliyyət göstərəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələri qurulacaq.

Sənaye parkının yaxınlığındakı sosial zonada isə 150 nəfərlik konteyner şəhərciyi salınacaq. Şəhərcikdə parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və lazım olan bütün digər infrastruktur yaradılacaq.

Cəbrayılın işğaldan azad olunmasının birinci ildönümündə “Araz Vadisi İqtisadi Zonası”nın təməlinin qoyulması rəmzi məna daşımaqla yanaşı, həm də dövlətimizin işğaldan azad edilmiş ərazilərin dirçəlişini sürətlə və dünyanın müasir tələbləri səviyyəsində aparmağa qadir olduğunu təsdiq edən nümunədir. “Dəmir yumruq” qələbəni necə təmin etmişsə, indi biz “dəmir iradə”nin 30 illik erməni işğalı zamanı yerləyeksən edilmiş əraziləri necə sürətlə dirçəltməsinin şahidiyik.

Bütün bunların fonunda erməni mətbuatı “yeni müharibə”yə kimin hansı tərzdə qoşulacağını araşdırır, Azərbaycan üçün “yaranan təhlükələr”dən dəm vurur.

Bu ərpimiş təbliğat işğalçı dövlətin daxilində maraq doğursa da, onun hüdudlarından kənarda heç bir əhəmiyyət kəsb etmir. Çünki Azərbaycan müharibədə qələbəsini elan etdiyi gündən üzü bəri işğaldan azad olunmuş ərazilərdə yalnız quruculuq işlərinə, iqtisadi islahatların davamlı tətbiqinə köklənmişdir. Götürək Prezidentin bu günlər səfər etdiyi Cəbrayıl rayonunu.

Ərazisi  qum-çınqıl, mişar daşı, kərpic gili, sement xammalı, gəc, əhəng və yəşəm kimi faydalı qazıntılarla zəngin olan Cəbrayılın işğaldan əvvəlki dövrdə  iqtisadiyyatının əsas sahələri üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıq olmuş, rayonda qaramal kökəltmə, quşçuluq və baramaçılıq təsərrüfatları, xalçaçılıq müəssisəsi, üzüm emalı, çörək zavodları, kənd təsərrüfatı texnikasının təmiri müəssisələri fəaliyyət göstərmişdir. Bu gün isə Cəbrayılın bərpası, əhalinin yurduna qayıtması bütün dövlət qurumları qarşısında duran ən vacib məsələdir. Ona görə də nəinki Cəbrayılın, həmçinin işğaldan azad edilmiş digər rayonların tam bərpası üçün dövlət səviyyəsində nəhəng addımlar atılır.

O da aydındır ki, erməni işğalçılarının 30 il ərzində dağıtdıqları və məhv etdikləri əraziləri dirçəltmək üçün dəmir nizam-intizam və böyük iqtisadi potensial lazımdır. Dövlət başçısı qeyd edir ki, biz bütün gücləri və imkanları səfərbər etmişik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən qurub bərpa edək: “İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna sadəcə olaraq biganə qalırdılar, göz yumurdular. Amma bu gün bütün dünya bunu görür”.

Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası”nın təməlinin qoyulması sülhə sədaqətini nümayiş etdirən Azərbaycanla işğalçılıq niyyətlərindən hələ də əl çəkə bilməyən Ermənistanın hansı müxtəlif məqsədlərə qulluq etdiklərini aydın göstərir. Artıq “Araz Vadisinə” ilkin maliyyə vəsaiti ayrılmış, ilk investorlar müəyyən olunmuşdur. “KamAZ” şirkətinin vitse-prezidenti və Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini xüsusi olaraq Azərbaycana gəlmiş və Azərbaycan Prezidenti ilə birlikdə “KamAZ” regional xidmət mərkəzinin açılışında iştirak etmişdir.

Azərbaycan Prezidenti qətiyyətli iradə ilə işğaldan azad olunmuş rayonları ayağa qaldırmaq üçün mümkün olan bütün resursları hərəkətə gətirir, o cümlədən qonşu ölkələrə əməkdaşlıq platforması təklif edir: “Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam. Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni bizə bu format kifayətdir”.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video