06 Oktyabr 2021 00:21
880
DÜNYA
A- A+

ÇXAO Tayvanda güc nümayiş etdirir

 

Çin Tayvan ərazisinə raket zərbələri üzərində aktiv iş aparır. Bu, aviasiyadan istifadə etməklə döyüş əməliyyatlarının hazırlanmasından xəbər verir.

Bu barədə xəbər yayan Avia.Pro portalının məlumatına görə, oktyabrın 2-də Çin Xalq Azadlığı Ordusu (ÇXAO) 24 qırıcı və bombardmançılarla, habelə radioelektron mübarizəsinin (REM) bir təyyarəsi ilə təlim hücumu həyata keçirib. Bir qədər sonra hücum təkrarlanıb, lakin bu dəfə 38 təyyarədən istifadə edilib.

Yazı müəllifləri izah edirlər ki, hər iki halda istifadə olunan REM təyyarəsi Tayvanın hava hücumundan müdafiə sistemlərini susduraraq bombardmançı və qırıcı təyyarələrin adanın hava məkanına maneəsiz daxil olmasını təmin edib.

38 döyüş təyyarəsinin iştirak etdiyi əməliyyat zamanı radioelektron hücum pərdəsi altında təlim zərbələri üçün Tayvan sərhədi  iki dəfə pozulub. Çin bu taktikadan ilk dəfə istifadə edib. Ekspertlərin fikrincə, bu, Pekinin hücum üçün müxtəlif variantlar üzərində çalışdığını və hücum əməliyyatına başlaya biləcəyini göstərir.

Öz növbəsində, mignews.com saytı xəbər verir ki, Tayvan hərbi təyyarələrini havaya qaldırıb və raket sistemlərini  döyüş hazırlığı vəziyyətinə gətirib. Tayvanın Baş naziri Su Tszen-Çan bildirib ki, “Çin regionda sülhü pozur və əsassız olaraq hərbi təcavüz aparır”. “Global Times” portalının xəbərinə görə isə Pekinin bu addımı Tayvanda müstəqillik planları quran qüvvələrə və onları dəstəkləyən xarici ölkələrə ciddi siqnaldır.

Bu arada Ağ Evin mətbuat katibi Cen Psaki son hadisələrlə bağlı bəyanat verib: “Çin Xalq Respublikasının Tayvan yaxınlığındakı təxribatçı hərbi hərəkətlərindən, vəziyyəti pozmaqdan, yanlışlıqlar riski yaratmaqdan, regionda sülhü və sabitliyi pozmasından hələ də narahatıq”.

C.Psakinin sözlərinə görə Pekin Tayvana münasibətdə hərbi, diplomatik və iqtisadi təzyiqlərdən və gücdən imtina etməlidir. O bildirib ki, ABŞ Tayvana yardımını davam etdirəcək: “Biz Tayvan boğazında sülh və sabitliyə dərin maraq göstəririk. Məhz buna görə də biz özünü müdafiə üçün Tayvana yardım göstərməyə davam edəcəyik”.

Gözlənildiyi kimi, Çin tərəfi bu bəyanata dərhal reaksiya verib. Xarici İşlər Nazirliyinin rəsmisi Xua Çunyin Bazar  bəyan edib ki, Pekin Tayvanın özünümüdafiə potensialına dəstək verdiyi üçün Vaşinqtona qəti etirazını bildirir.

Xatırladaq ki, ABŞ 1979-cu ildə Taybeylə diplomatik əlaqələri kəsərək Pekinlə qurub. Buna baxmayaraq, “bir Çin” siyasətini tanıyan Vaşinqton özünü idarə edən adanı dəstəkləməkdə davam edir və ona silah-sursat verir. Tayvan Çin ərazisinin ayrılmaz hissəsi hesab edildiyinə görə bu, ÇXR-də etirazlara səbəb olur.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video