30 Dekabr 2020 03:11
1124
Təhsil
A- A+

“COVID-19: reallıqlar və profilaktika” adlı vebinar təşkil olunub


Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən "COVID-19: reallıqlar və profilaktika” adlı vebinar "Webex” platformasında və universitetin "Facebook” (ndu.edu.az) sosial şəbəkəsində rəsmi səhifəsi vasitəsilə canlı yayımlanıb. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Tibb fakültəsinin V kurs tələbəsi Nərgiz Babayeva "COVID-19: mənşəyi, etiologiyası, yayılması” mövzusu ilə bağlı ətraflı məruzə edib. Bildirib ki, koronavirus adi soyuqdəymə əlamətlərindən Yaxın Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromu (SARS) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. Səthlərində çubuqşəkilli çıxıntılara malikdirlər. Bu çıxıntılar latınca "tac” mənasını verən "corona” sözü ilə adlandırılaraq viruslara "koronavirus” (taclı virus) adı verilib.

Universitetin həkim-rezidenti Səidə Novruzova "COVID-19: kliniki əlamətləri və differensial diaqnostikası” adlı çıxışında qeyd edib ki, infeksiyanın əsas göstəriciləri tənəffüs simptomları, hərarət, öskürək və təngnəfəslikdir. Bu yoluxma hadisələri qızdırma, təngnəfəslik və ikitərəfli ağciyər pnevmoniya infiltrasiyası ilə müşahidə edilib və indiyə qədər bilinən ölüm halları daha çox yaşlı şəxslərdə olub.

Təcili Tibb Mərkəzinin baş həkimi Vüsal Əliyev "Koronavirusun laborator diaqnostikası” adlı məruzəsində vurğulayıb ki, COVID-19 xəstələrinin dəyərləndirilməsində klinik və laborator parametrlər daha həssasdır. Ağciyərlərin kompüter tomoqrafiyası (KT) testi neqativ COVID-19 xəstələrində erkən dövrdə həssas radioloji müayinə metodudur. Təsdiqlənmiş COVID-19 yüngül simptomları olan, ağırlaşma riski olmayan xəstələrə və COVID-19 testi neqativ olan yüngül simptomlu xəstələrə KT müayinəsi məsləhət görülmür. Klinik simptomlarda ağırlaşma, COVID-19-un proqressiyası, pulmonar emboliya və ya əlavə olaraq bakterial pnevmoniya kimi ikincil kardiopulmonar anormallıqlar və ya COVID-19-un miokardı zədələməsinə bağlı olaraq ürək çatışmazlığını dəyərləndirmək üçün KT müayinəsi məsləhət görülür.

"COVID-19: şüa diaqnostikası” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkim radioloqu Aysel Quliyeva koronavirusa yoluxan şəxslərdə rast gəlinən əlamətlər, xəstəliyin simptomsuz gedişi, nisbətən yaşlı və yanaşı xəstəliyi olan şəxslərdə baş verə biləcək ağırlaşmalar haqqında məlumat verib. COVID-19 virusunun diaqnostikası, aparılan testlərin yoluxma haqqında informativlik dərəcəsi və digər bu kimi vacib məsələlər haqqında danışan həkim koronavirusa yoluxan şəxslərdə rast gəlinən ağciyər əlamətləri, xəstəliyin gedişində hansı instrumental diaqnostika vasitələrindən istifadə edilməsi, "buzlu şüşə” görüntüsü, protokola uyğun olmayan formada özünü evdə müalicə edərək ağırlaşan şəxslərdə rast gəlinən ağırlaşmalar zamanı ağciyərdə baş verən dəyişikliklər haqda ətraflı məlumat verib.

NDU-nun həkim-rezidenti Şölə Quliyeva "COVID-19: ambulator müalicəsi” adlı məruzəsində qeyd edib ki, COVID-19 diaqnozlu xəstələrin müalicəsi hazırda ölkəmizdə iki istiqamətdə həyata keçirilir - ambulator və stasionar şəraitdə. Ambulator xəstələrin müraciətlərində əsasən yüksək hərarət, öskürək, boğazda qıcıqlanma, əzələ-oynaq ağrıları, ümumi halsızlıq qeyd edilir. Xəstəliyin 2-ci həftəsi daha ciddi diqqət edilməsi lazım olan həftədir. Bildirilib ki, test nəticələri müsbət çıxan xəstələrin siyahıları tutulur. Bu xəstələrlə daha sonra telefonla əlaqə saxlanılır və mövcud vəziyyətləri ilə bağlı sorğular həyata keçirilir. Qeyd etmək lazımdır ki, reseptlə təchiz olunmuş dərmanlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır. Pasiyentlər onları 15-20 gün ərzində qəbul edir. Sahə həkimləri gündə iki dəfə onlarla əlaqə saxlayıb, dərman qəbuluna nəzarət edirlər. Yuxarıda sadalanan, bu günə qədər görülmüş bütün tədbirlər xəstəliyi evdə asanlıqla keçirən və tibb müəssisələrinə baş çəkməyən pasiyentlərin tezliklə sağalması üçün zəruri şərait yaradıb və bununla digərlərin yoluxma təhlükəsini azaldıb. İndi biz COVID-19 diaqnozlu pasiyentlərin xəstəxanalara yerləşdirilmə sayında ciddi azalma müşahidə edirik, ağır xəstələrin sayı azalmaqdadır.

Naxçıvan Muxtar Respublikası Xəstəxanası Pulmonologiya şöbəsinin müdiri Dilarə Baxşəliyeva "COVID-19: stasionar müalicə”si adlı məruzə ilə çıxış edib. Bildirib ki, daha ciddi simptomları, məsələn, hərəkətlə artan və ya sakitlik zamanı yaranmış təngnəfəslik, boğulma, saturasiyanın düşməsi halları qeyd edilən xəstələr stasionar müşahidəyə alınır. Xəstəliyin xüsusilə virus infeksiyası olduğu unudulmamalıdır. Viruslar antibiotiklərlə müalicə edilmir. Əgər koronavirusun müalicəsi antibiotiklərlə mümkün olsaydı, bu gün pandemiya qorxulu xəstəlik olmaqdan çıxardı. Ehtiyac və göstəriş olmadan antibiotiklərlə müalicəyə başlanması, profilaktik məqsəd adı altında qəbulu yolverilməzdir. Virus infeksiyaları antiviral preparatlarla müalicə olunur. Xəstənin günlük izlənməsi, yaranmış hər bir kiçik simptomun araşdırılması, immun cavabının balanslaşdırılması ən önəmli müalicə taktikasıdır.

NDU-nun Müalicə işi ixtisası üzrə IV kurs tələbəsi Suada Vahabova "COVID-19: profilaktikası, vaksinasiya” adlı məruzəsində bildirib ki, vaksinin yaradılması ancaq başlanğıcdır və indi əsas məsələ onun uğurla tətbiq edilməsidir. Vaksinin yüksək effektivliyi 80-90 faizdir. Heç bir vaksin 100 faizli mütləq nəticəyə zəmanət vermir. Vaksinə qoyulan tələblər yalnız onun effektivliyini deyil, həm də maksimum təhlükəsizliyini təmin etməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video