10:13 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çıxış yolu vaksinasiya və məsuliyyətdir

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:59 03.09.2021

 

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 219 milyonu, bu səbəbdən həyatını itirənlərin sayı isə 4 milyon yarımı ötüb.

Təhlükəli infeksiya hər gün yeni fəsadlar törətməkdə davam edir. Dünyanın COVID-19 mənzərəsi hələ də təşviş yaradır. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm hallarının qeydə alındığı ölkələr Rusiya, İran və Türkiyədir.

Qonşu Gürcüstanda isə bu virusla bağlı vəziyyət acınacaqlı olaraq qalır.

Azərbaycanda da son günlər koronavirusa yoluxma və bu xəstəlikdən həyatını itirənlərin sayında azalma müşahidə edilmir.

 

Koronavirusa qarşı mübarizə davam edir...

 

Dünyanın ayrı-ayrı ölkələrində mütəxəssislər araşdırmalarını davam etdirir, bu qlobal bəladan xilas yolları arayırlar. Türkiyənin Bilkent Universiteti Milli Nanotexnologiya Araşdırma Mərkəzində (UNAM) hazırlanan yeni “Diagnovir” adlı anticisim testi ilə 10 saniyə ərzində 99 faiz dəqiqliklə koronavirus aşkarlanır.

Türkiyə mətbuatının yazdığına görə, bu testi digər PCR testindən fərqləndirən üstünlük odur ki, ağız və burnun dərin hissələrindən yaxma nümunələri əvəzinə ağızdan tüpürcək götürülür. “Diagnovir”in rekord müddətdə nəticə verən dünyanın ən sürətli testi olduğu bildirilib.

Təəssüf ki, mütəxəssislərin səylə araşdırmalar apardığı bir vaxtda koronavirus dondan-dona girərək, yeni ştamlar, yeni adlarla yayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hərf sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) “Mu” adlandırıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Domikanın böyük şəhəri olan Santo Dominqoda, eləcə də ölkənin cənubunda yerləşən Bahoruko, Barahona və Asua şəhərlərində may ayından etibarən “Mu” ştammına yoluxma halları aşkarlanıb.

Böyük Britaniyada koronavirusun yeni “mü” ştammına 48 yoluxma faktı qeydə alındığı barədə “The Mirror” qəzeti məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “mü” (Mu) və ya B.1.621 ştammı hazırda 39 ölkədə yayılıb. Qeyd edək ki, “mü” ştammı ilin əvvəlində Kolumbiyada aşkarlanıb. Alimlər bu mutasiyanın COVID-19 vaksinlərinə qarşı daha davamlı olduğunu təxmin edirlər.

Koronavirusa yoluxma və ölüm hallarının artdığı bir vaxtda vaksinasiya prosesi daha böyük əhəmiyyət kəsb edir. Artıq sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, oktyabrın

1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola biləcəklər. Şahmar Mövsümov deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən etibarən isə yalnız hər iki vaksin dozasını qəbul etmiş şəxslər iri ticarət mərkəzlərinin, mehmanxanaların, kafelərin, restoranların və digər ictimai iaşə obyektlərinin xidmətlərindən yararlana biləcəklər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən,

1 oktyabr tarixinədək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə girə bilərlər.

 

Məktəblər açılacaqmı?

 

Bu gün hər kəsi maraqlandıran məsələlərdən biri də yeni tədris ilində dərslərin hansı qaydada keçirilməsi ilə bağlıdır. Bu barədə ÜST və UNICEF-in Azərbaycandakı Nümayəndəliklərinin birgə məlumatında məktəblərin açılması tövsiyə edilib. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, peyvəndlənmə, “Delta” variantı da daxil olmaqla, virusdan ən yaxşı və sürətli qorunma üsullarından biridir, müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi bu il mövcud olan bir üstünlükdür ki, bunun sayəsində məktəblər daha təhlükəsiz məkan olacaq. Hande Harmancı deyib: “İki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə çevrilib. Məktəblərin qapanması uzun müddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik”.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens qeyd etdi ki, pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi: “Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidir. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində ölkəmizdə məktəblərin sentyabrın 15-də açılmasının nəzərdə tutulduğu bildirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, monitorinqlər təhsil müəssisələrində də aparılacaq: “Əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVID pasportu olmasa, həmin təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq. Monitorinq qruplarına cəlb olunan polis əməkdaşları həm də mülki geyimdə xidmət həyata keçirəcək”.

Məktəblərin açılması, həyatımızın tədricən normala dönməsi üçün çıxış yolumuz isə məsuliyyətdən keçir. Vətəndaş məsuliyyəti ilə qaydalara riayət etməklə gözəgörünməz düşməni zəiflədə bilərik.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM